Şair
Mahir də mahir şairdi...
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
Ana
anadı. Şair təbi olan anaların laylaları
sözü də səs bilən südəmər körpələrin
ruhunu şeiriyyətə kökləyir. Mahir Allahverdi oğlu
Cavadov belə böyüyüb...
Oxuyub
həkim, mühəndis, alim olmaq mümkündür. Kimsə
oxuyub şair ola bilməyib. Sonralar şair olanlar şair
doğulur; şair doğulanların ilk nəfəsi
şairliyin başlanğıcıdı...
Şair
gördüklərini fərqli görür, şair fərqli
düşünür, şairin ruhu xalqın ruhuna
çataqlı olur...
Şairlər
yağan yağışa ovuc açmağı da şeirləşdirə
bilir, daşan selin yarğan uçurmasını da,
çaxan şimşəyin yüz ilin palıdını
paralamasını da, ... Mahir Cavadlı belə duyğuları
yaşayanların sırasındadı - şairdi. Duyduğunu
yazır - şeirləşdirir, düşündüklərini
yazır - şeirləşdirir; Mahir Cavadlı şairdi...
Əli
qələm tanıyalı şeirlər yazıb: Vətəndən,
el-obadan, təbiətin ecazkarlığından, sevgidən,
müharibədən, Zəngilan ağrılarından,
işğaldan, dağılan tifaqlardan, söndürülən
ocaqlardan yazıb...
Şair
Mahir Cavadlının vətəndaş Mahir Allahverdi
oğlunun düşündüklərini, duyduqlarını
yazması poetik sədaqətdir - vətəndaşın
özünə sədaqəti kimi...
"27
fevral - doğum günüm" şeiri ilk baxışda adi
təqdimat təsirindədir. Oxuyursan, düşünürsən,
görürsən ki, belə deyil, misraların fikir
yükü düşündürücüdür - gözəl
şeirdir.
Bu
gün sevincimi boğur qəhərim
Bu
yaşın o yaşa köçü olacaq, -
deyən
şair "bu yaşın" bəlkə də
unudulacağını, "o yaşın" xalqın qəhər
yaşı olduğunu xatırladır; bu xatırlatma haray
gücündədir. L.Sobolevin yazdığı, M.Maqomayevin bəstələdiyi
"Osvensim harayı" var, bu haray faşizmə, vandalizmə
üsyan kimi yazılıb, ifa edilir və sonrakı dövrlərdə
yazılanlar da bu harayın cığırdaşıdır.
Mahir Cavadlının "Xocalı harayı" bildiyim bu
şeiri səssiz-küysüz söz harayıdı - şair
harayıdı. "Dünən qan içində ölən
şəhərin, Sabah matəminin üçü olacaq"
- deyib və bu matəmdə dəfn edilən doğum
gününü yasaqlayıb. Bu, həyata, yaşantılara
şair münasibətidir.
Onun
"Bilmirəm" şeiri
...
Şair Mahir kimi düşdüm sevdaya,
Mahir
şairimi tapa bulmirəm,
-
beyti ilə tamamlanır. Mahir Cavadlı mahir şairini tapa
bilmir (dərdləşməyə, Vətənin (bu anlamda
işğalın, Zəngilanın işğalının)
ağrılarından danışmağa həmsöhbət
kimi, dərd anlayan rəfiq kimi). Şair dostum Mahir Cavadlıya
yardımçı olmaq istərdim: axtardığın mahir
şair Mahir Allahverdi oğlunun şair ruhudu, Mahir Cavadlı.
Onu şeirlərində axtar, ürəyinin gözüylə
bax öz şeirlərinə, onları ürəyinin
gözüylə oxu, görəcəksən, salam verib salam
alacaqsan. Şair Mahirin mahir şairə salamını da
şeirləşdirəcəksən, şübhəsiz...
Mahir
Cavadlının şeirləri deyir ki, zamanın bətnindən
doğulan şair qəmə, dərdə söykənir, əqidəsi
yolunda bəzən Həllac Mənsur taleyi yaşayır, bəzən
Nəimi taleyi. Bəlkə də bu səbəbdən
gerçək həyatdan ruhi həyata yaranana meyl poetik merac
olur.
Mahir
Cavadlının ictimai-siyasi şeirləri reallığın
poeziyasıdır. Belə şeirlər keçmiş
SSRİ dövründə siyasi rejimin gerçəkliklərini
poeziyaya gətirməklə tarixi gerçəkliyi əks
etdirmək istəyindən yaranıb. Mahir Cavadlının
poeziyasında da bu qəbildən olan dəyərli şeirlər
var.
"Vətəndən
uzaqda seyrəngahı olmayan", yəni könlüm Vətəndən
qıraqda gözəllik görməyən ("Yox"),
"uğuru baxtda deyil, səbrdə, dözümdə
görən" ("İstəmirəm") şair
üçün Vətən ucalığı, Vətən
müqəddəsliyi əsasdır. Şairə görə,
bu ucalığı, bu müqəddəsliyi
torpaqlarımızı işğldan azad edəcək Zəfərin
bayrağı dalğalandıracaq. Bu dalğalanma ürəklərimizi
riqqətə gətirəcək:
Ən
duyğulu tablo, ən xoş mənzərə
Zəfər
bayrağımın seyrini verməz!
("Üçrəngli
ay - ulduz")
Şeir
döyüşə - qələbəyə
çağırış qüdrətində oxunur. Vətəndaş
şair Zəfər bayrağını ruhunun (ruhumuzun)
adaşı bilir və bu ruhun qalibiyyətini görür, ona
inanır, yüksək bədii dəyərə malik olan
misraları ilə oxucunu da bunlara inandıra bilir.
Torpaqlarımız işğal olunmuşdu. Söz (həm də
poetik söz) bu işğalın sonlandırılması
mücahidləri sırasındaydı. Poetik sözün
döyüşü mahiyyəti etibarilə səfərbəredici
döyüşlər olur; şair yüksək bədii dəyərə
malik olan misraları ilə müharibə şəraitində,
müharibədə (həm də Vətən müharibəsində!)
səfərbəredici missiyanın icraçısı olur - Vətən
naminə!
Bağanıs
Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələri
hər birimizin ürəyini dərdlə sillələdi. Bu dərd,
əslində, bəşəri dərd idi və bu bəşəri
dərd bəşəriyyətin yaxasından yapışsa
da, bu faciələri törədənlər bəşəri
qanunlarla qınanmadı. Sonra Şuşa işğal olundu. Bu
işğal dərdlə silələnmiş ürəklərin
ağrısına döndü. O ağrı-acı
çağdaş şeirimizdən boy göstərdi. Mahir
Cavadlının Şuşanın işğalına
yazdığı şeirə təəssüfün poetik
ifadəsi deyərdim; "...Kirs dağı sinəmdə
dağım" misrasının poetik yozumu deyir ki,
dağın sinə dağına dönməsi ağır dərddir.
Bu poetik yozum onu da deyir ki, dərdi dərdə salmadan bu
ağrılardan qurtuluş yoxdu. Elə bu səbəbdən də
şair sözü haraya (doğmaya da, yada da), xatırlatmaya
(doğmalara. doğmalaşanlara), ricaya (doğmalara, bəşəri
duyğularla yaşayanlara) dönür;
ağrıya-ağrıya yazan, yaza-yaza ağrıyan, bu
ağrıların "məlhəmini" Azərbaycan
ordusunun qazanacağı qələbədə görən
şair Mahir Cavadlı "Dumanı kədər tək
başına çəkən" Şuşaya xitabən
"Şuşa, can Şuşa" yazır:
Yox
Cıdır düzündə çadır oylağım,
Daşaltı,
Kirs dağı sinəmdə dağım.
Suyu
şəfa olan İsa bulağım
Gözündən
qaynaya, sinədən daşa,
Şuşa,
can Şuşa!
Torpaqlarımızın
işğal edilməsi hamımızın heysiyyətini silkələyirdi.
Bu silkələnmə öz əksini ədəbiyyatımızda
da (poeziyamızda da) tapırdı. Ədəbiyyat (poeziya) tam
müsəlləh əsgər ola bilməsə də,
ayrı-ayrı yazıçıların, şairlərin
yaradıcılığı müharibəyə, bu
baxımdan qələbə ruhuna köklənmişdi.
Şair Mahir Cavadlı da onların sırasında olub.
Müharibə
ancaq torpaqlarımızın işğaldan azad edilməsi ilə
başa çatacaqdı, yəni müharibənin
sonlanması üçün hamı döyüşə səfərbər
edilməli idi. Hamı Ali Baş Komandanın döyüş əmrini
gözləyirdi. Yazılan poetik əsərlər (şeirlər,
poemalar) bu missiyanı böyük məsuliyyətlə yerinə
yetirirdi. Mahir Cavadlının "Dözəcəm"
şeiri bu baxımdan xarakterikdir.
Şeirdə
"qara geyinmək" ifadəsi rəmzi mənada işlədilib,
yəni dərd çəkmək dərdə çarə
deyil, mübarizlik lazımdı.
Vətənpərvərlik
mübarizliyin ilkin şərtidi, bu şərt Ali Baş
Komandanın döyüş əmri ilə gerçəkləşəcək.
Onda hamı kimi şeirin bədii "mən"i də
Tufan
olub, alov geyib gəzəcəm,
-
deyir.
Şeirin
poetik ricəti təhkiyənin ümumiləşdirilməsini
təmin edir və oxucunu inandırır ki, "yurdsuz,
ev-eşiksiz dərd yumaq-yumaq" olduğuna görə
"tufan olub, alov geyib gəzmək niyyətlilərin"
sayı "Mən azərbaycanlıyam!" deyənlərin
sayı qədərdir. 2020-ci ilin 27 sentyabrında əks-hücum
əməliyyatı kimi başlayan, Vətən müharibəsi
kimi davam edən döyüşlər Zəfərlə nəticələndi;
şeir, şeiriyyət arzuladığı günün
işığı ilə daha da nurlandı...
Azərbaycan
Yazışılar və Jurnalistlər Birliklərinin
üzvü Mahir Cavadlının şeir
yaradıcılığı (Mahir peşəkar jurnalistdir,
"Azad Azərbaycan", "Yeni fikir", "Fəryad",
"Sərhəd" qəzetlərində işləyib)
oxucu qəlbinə yol tapan yaradıcılıqdır. O,
"Bir ovuc Vətən torpağı", "Ürəyimi
misra-misra yazıram", "Riad", "Sərhədə
sərhədsiz sevgilərlə" kitablarının müəllifidir...
Torpaqlarımızın
işğaldan azad edilməsi, Zəngilana
dönüşü ilə
yaradıcılığının poetik coşqunluq məqamını
yaşayan şair ilk təəssüratlarını, qələbə
sorağından qaynaqlanan sevincini:
Cənab
Ali Baş Komandan,
müjdən
mübarək,
Azərbaycan
candır, Qarabağ ürək!
-
xitabı ilə yazdığı "Alqış"
şeirində büruzə verir. Təsadüfi deyil ki, Zabitə
Zibanın bu şeirə bəstələdiyi mahnı Azərbaycan
Televiziyası xorunun ifasında səslənərək
qısa müddətdə xeyli dinləyici rəğbəti
qazanıb. M.Cavadlının son günlər
yazdığı "Şanlı ordum", "Daha
köçkün deyiləm", "Bayrağıma təzim
eylə" və sair şeirləri, aparıcı respublika mətbu
orqanlarında dərc olunan məqalələri onun yaxın gələcəkdəki
daha coşqun, həm də sevincli, xoş müjdəli
yaradıcılıq fəaliyyətindən xəbər verir.
Şair ömrü yaşaya-yaşaya vətəndaş
ömrü yaşayan Mahir Cavadlıya bu yolda uğurlar
arzulayıram.
1992
Bayram MƏMMƏDOV
525-ci qəzet.- 2021.-
26 fevral. S. 13.