Xocalı
faciəsi ADMİU rəssamlarının gözüylə
"Bütövlükdə
Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım,
eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir"- demişdi Ümummilli
liderimiz Heydər Əliyev.
Bəli,
tarix boyu başına çox müsibətlər gətirilmiş
Azərbaycan xalqının yaxın keçmişində
"Xocalı" adlı bir yarası, ağrısı da
var. O yara ki, ilin təkcə bir günü deyil, hər dəfə
xatırlananda damarlarında azərbaycanlı qanı axan hər
kəsin dünyası qaralır, o əzabı, o utancı
iliklərinə qədər hiss edir. Yüzlərlə
günahsız, əliyalın insanın yalnız türk, azərbaycanlı
olduqları üçün şaxtalı qış gecəsində
yerindən-yurdundan didərgin düşməsi, başına
olmazın əzablar gətirilməsi təkcə bir millətin,
bir dövlətin deyil, bütün dünyanın
ayıbı idi. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə baş verən Xocalı soyqırımı 30 ildir bu
boyda faciəyə susan, göz yuman dünyanın üzünə
endirilmiş tərs sillə idi. Nə yazıq ki, o sillə
belə oyatmadı ölüm yuxusuna qərq
olmuşları...
Xocalı
- tarixin sağalmaz yarası...
Xocalı
- unudulmaz ağrı...
Xocalı
- itkin həyatlar...
Xocalı
- yarımçıq talelər...
***
1992-ci
il fevralın 26-da Ermənistan hərbi birləşmələri
7 min əhalisi olan Xocalı şəhərində genosid
aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin
şəhərə hücumu zamanı burada yalnız 3 minə
yaxın insan qalmışdı. Çünki mühasirədə
qaldığı 4 aydan artıq zaman ərzində blokadada
olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən
çıxmağa məcbur olmuşdu. Bu dəhşətli
soyqırımda 613 nəfər öldürüldü, 1000 nəfər
müxtəlif yaşlı dinc sakin aldığı güllə
yarasından əlil oldu. 106 nəfər qadın, 63
azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər
valideynlərindən birini itirdi. Faciə baş verən gecə
1275 nəfər dinc sakin girov götürüldü,
onların 150-sinin taleyi indi də məlum deyil.
Xocalı
soyqırımını bu qədər dəhşətli edən
əsas səbəblərdən biri də bütün bu qətllərin
mənfur erməni qaniçənləri tərəfindən
xüsusi amansızlıq və ağlasığmaz vəhşiliklə
həyata keçirilməsidir. Gözü dönən
düşmən bu xalqın kökünü kəsməyə
o qədər qərarlı olub ki, insanların yurdlarından
qaçıb getməsi bəs eləməyib, onları məhz
zorakılıqla qətlə yetirmək üçün
öncədən pusqular hazırlayıblar. Onlarla, yüzlərlə
şəhər əhalisi məhz bu pusqularda
zorakılığa məruz qalaraq öldürülüb.
***
Xocalı
soyqırımı 30 ilə yaxındır ki, Azərbaycan və
bütün türk incəsənətinin, ədəbiyyatının
əsas mövzularından biridir. Tarixi həqiqətlərin
dünyaya çatdırılmasının ən əlverişli
yollarından biri kimi incəsənət, ədəbiyyat azərbaycanlı
sənətkarın haqq səsinin əsas ifadəçisinə
çevrildi. Bu mövzuda şeirlər yazıldı, filmlər
çəkildi, kitablar çap olundu, rəsm əsərləri
sərgi salonlarında nümayiş edildi. Bu, təkcə Azərbaycan
sərhədləri daxilində deyil, xarici ölkələrdə
də illər boyunca dilə gətirildi, təbliğ edildi,
tanıdıldı. Bu sayədə dünya az da olsa, həqiqətlərə
gözünü açdı, gerçəkləri öyrəndi.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti (ADMİU) də bütün tarixi hadisələr,
önəmli günlər kimi Xocalı
soyqırımını da heç zaman diqqətdən kənarda
qoymayıb. İstər həmin tarixi günlərin universitet
daxilində yad edilməsi, istərsə də müəllim və
tələbələrin yaradıcılıqlarındakı əksi
baxımından ADMİU təbliğat işində hər
zaman fərqlənib.
ADMİU-nun
Rəssamlıq fakültəsinin müəllim-tələbə
kollektivi də bu məşum hadisəyə qarşı
heç zaman biganə qalmayıb, öz
yaradıcılıqlarında zaman-zaman Xocalı faciəsinə
müraciət edib, rənglərin, fırçanın diliylə
xalqımızın bu ağrılı səhifəsini
dünyanın diqqətinə çatdırıb. Ağ kətan
üzərində cilvələnən rənglər təkcə
bir faciənin kiçik epizodu deyil, böyük bir xalqın
XX əsrin sonlarında dünyanın gözü
qarşısında uğradığı
haqsızlığın silinməz ifadəsidir.
Rəssamlıq
fakültəsinin Təsviri sənət kafedrasının
müəllim və tələbə kollektivi də bu gün
29-cu ildönümü olan tarixi hadisəyə öz töhfələrini
veriblər. Həmin kafedranın müəllimlərindən
Samir Qafarov, Asim Babayev, Elçin Cabarov, Şəhla Abbasova, Rəvanə
Atakişizadə, tələbələrdən Fidan Abidova, Zəminə
Qəmbərova, Ayan Xanlarova, Nadir Kərimov, Fidan Həsənova,
Pərvanə Qarayusubova, Gülşən Əliyeva, Nigar
Qurbanova yaratdıqları sənət əsərləriylə
"Xocalı soyqırımı"nın ən dəhşətli
gerçəklərini kətan üzərinə həkk ediblər.
Bəzilərinin "Yaddaş", "Fəryad",
"Çarəsiz" və sair adlandırdıqları əsərlərində
faciədən ən böyük ağrıları
almış uşaqların qanla çirkləndirilmiş məsum
dünyası, günahsız insanların sonsuz iztirabları
boylanır. Bu əsərlər təkcə bir rəssamın
əl işi deyil, həm də yaxın keçmişdə
xalqı böyük ədalətsizliklə üzləşmiş
sənətkarın hayqırışları, ədalət
axtarışlarıdır. Bu rəsmlərin hər zərrəsində,
hər nöqtəsində bir azərbaycanlının ürək
çırpıntıları, üsyanı yer alıb. O
üsyan ki, əsərə baxan hər kəsin damarında
qanını dondurur.
Balası
gözləri önündə öldürülən
ananın naləsi, gözlərini yumsa, heç nə
görməsə, sanki qurtulacağını zənn edən
körpənin tükürpədici qorxusu, qarın,
çovğunun içərisində
başıaçıq, ayağıyalın hara getdiyini bilmədən
yollara düşən insanların çarəsizliyi,
qarın tərtəmiz bəyazına ləkə kimi
hopmuş qanın alqırmızısı bu rəsm əsərlərindən
dil açıb danışır, "bizi görün",
"bizi anlayın", "bizi unutmayın" deyir sanki...
Lakin
bu xalq və bu xalqın sənət nümayəndələri
nə o məşum günü, nə də o günün
günahsız qurbanlarını unutdu. Onları şeirlərinə
qəhrəman, əsərlərinə mövzu seçdi, dərdlərinə
ağladı, intiqamına and içdi... Və nəhayət,
ayağa qalxdı, 2020-ci ilin sentyabrından noyabrına kimi 44
gün davam edən Vətən müharibəsində
keçmişin intiqamını, şəhidlərinin
qanını aldı. Tarixi zəfərlə təkcə
Qarabağı azad etmədi, bir xalqın ölmüş
ruhunu dirçəltdi. Sübut etdi ki, Xocalı və onun kimi
faciələr unudulmur, unudulmayacaq!
Yaxın
gələcəkdə o torpaqlarda ADMİU rəssamlarının,
sənət nümayəndələrinin əsərlərinin
sərgisinin keçirilməsi, bu faciələrin Azərbaycan
tarixinin keçmişdəki qanlı səhifəsi olaraq
qalması ümidilə...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 26
fevral. S. 16.