Kamikadze
USTAD
JURNALİST ŞAKİR YAQUBOVUN 70 YAŞINA
Şakir
Hənifə oğlu Yaqubov 1951-ci il fevralın 25-də
Astaranın Balaca Şahağac kəndində doğulub.
İndiki Bakı Dövlət Universitetini, Azərbaycan
Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında
Marksizm-Leninizm Universitetini bitirib.
"Azərbaycan
gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"),
"Həyat" (indiki "Azərbaycan"),
"Sirdaş", "Səhər", "AFFA news",
"Panorama" qəzetlərində xüsusi müxbirlikdən
baş redaktorun birinci müavini və baş redaktoracan ən
müxtəlif vəzifələrdə
çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat
şöbəsinin müdiri, "İqtisadiyyat və
audit" elmi-praktik jurnalının məsul redaktoru olub.
"Mən
şahidəm ki...", "Qətiyyətin təntənəsi",
"Hakim mərkəzi göstərər", "Bizim səfər
haçandı?!", "Banişevski olduğu kimi",
"Taleyimdən keçənlər",
"Yaddaşımın küncündən...", "Bir az
da futbol(umuz)dan" kitablarının müəllifi, "Vətən
bizim şöhrətimiz…", "Bizim müasirimiz",
"On ikinci şeyxülislam" və "Qanlı Yanvar
dialoqu" kitablarının həmmüəllifi, bir neçə
kitabın tərcüməçisi, publisistik və
elmi-kütləvi nəşrlərin redaktorudur.
1989-cu
və 2005-ci illərdə əməkdar mədəniyyət
işçisi fəxri adına, Azərbaycan Mətbuat
Şurasının Ali Media Mükafatına, habelə
"Qızıl qələm" və Həsən bəy Zərdabi
mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin
mükafatlarına layiq görülüb. "Azərbaycan
Respublikasının fəxri auditoru" adını
almış ilk və yeganə peşəkar jurnalistdir.
Kamikadzelik
təkcə hədəfi məhv etməkdən ötrü
canlı bombaya çevrilib həyatını qurban vermək
deyil, həm də haqq yolunda özünü çox şeydən
məhrum eləməyi bacarmaqdır...
Proloq əvəzi
1993-cü
ilin payızı. "Azərbaycan" nəşriyyatının
metranpajı (mürəttibi) Əbdül axşam "Səhər"in
növbəti nömrəsini yığır, mən də
növbətçiyəm. Cəmi dörd səhifəlik
gündəlik informasiya qəzetinin son səhifəsində
Şakir müəllimin üç yazısı gedir. Bu
yazıların biri üç nöqtə ilə
başlayır, ikisi isə üç nöqtə ilə
bitir. İşinin peşəkarı olan Əbdül dayı
bir taxta çərçivədə qurğuşunda tərsinə
yığdığı səhifəyə, bir də
üzümə baxır: "A kişi, bir səhifədə
nə qədər üç nöqtə olar e?
Üçüncü yazıda onun adını elə
üç nöqtə qoyacam". Və sərlövhədəki
üç nöqtəni kəsib, imzadakı adı onunla əvəzləyir.
"Hə, indi oldu düppədüz: üç nöqtə
...Yaqubov". Elə bu dəm yığım sexinin o
başında qəfildən Şakir müəllim
görünür və zarafatını az qala ciddi
sandığım Əbdül kişinin kəsib dəyişdiyi
qurğuşunları yerinə qaytarmağı bir saniyə
belə çəkmir.
Şaquli redaktə
Əlahəzrət
Fakta və möhtərəm Sözə məsuliyyətlə
yanaşmaq vərdişini ilk redaktorum olan bu peşəkar qəzetçidən
əxz eləmişəm. Bu, gənc müxbirdən
ötrü bir növ sintetik proses idi. Yəni redaktorumu tanıya-tanıya
öyrənir, həm də öyrənə-öyrənə
tanıyırdım.
Deyəsən,
bir az yekə çıxdı axı. "Şakir Yaqubovu
axıra kimi tanıya bildinmi" sualına cavab verməyə
bu gün də çətinlik çəkirəm. Onun
timsalında gördüyüm və əmin olduğum həqiqət
budur ki, ensiklopedik biliyə malik ustad titanik enerjili
yaradıcılığı boyu sözü zərgər dəqiqliyi
ilə pardaqlayan, onun tutumunu, çəkisini dəqiq bilən
və yazdıqları ilə oxucunu düşündürə-düşündürə
ruhuna qida verən bənzərsiz qəzetçi-jurnalist,
publisist, qüdrətli qələm sahibidir. Bu mənada
Şakir Yaqubovun "Banişevski olduğu kimi"
kitabını futbol publisistikamızın zirvəsi hesab edən
"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli
ilə tam razıyam.
O, həm
də mətndə sözün yerini və məqamını
çox gözəl duyan redaktordur. Universitetin jurnalistika
fakültəsində sevib-seçdiyim peşənin nəzəriyyəsini
yaxşı mənimsəmişdim, intəhası, adi xəbəri,
zarisovkanı, korrespondensiyanı, müsahibəni
yazmağın qaydasını, üslubunu, sözü-sözə,
cümləni-cümləyə cilalamağı, beynin məhsulunu
oxucuya təqdim etməyin üsullarını məhz Şakir
Yaqubovdan öyrəndim. "Səhər"in siyasi
müxbiri kimi Prezident Aparatından, Milli Məclisdən, Xarici
İşlər Nazirliyindən, xarici ölkə səfirliklərindən
yazdığım "bir cümlə - bir xəbər"i,
informasiyaları, zarisovkaları, qısa müsahibələri
kuratorum soldan-sağa deyil, yuxarıdan aşağı redaktə
edirdi. Həmin redaktədən sonra mətndəki cümlələrin
məntiqinə, təhkiyəsinə, sözlərin
yapışqanlı və zəncirvarı
ardıcıllığına heyran qalırdım.
Sadəcə
heyran qalmırdım, həm də öyrənirdim. Sonrakı
on ildə qəzet jurnalisti kimi
çalışdığım redaksiyaların heç
birində o səviyyədə və miqyasda redaktora rast gəlmədim.
Dördüncü sual
Nədən
yazırsan? Necə yazırsan? Niyə yazırsan? "Səhər"də
çalışdığım informasiya şöbəsinin
lal divarına iri qara hərflərlə bu üç sual
cümləsinin yazıldığı vərəq
yapışdırılmışdı. Bu, qəzetin baş
redaktor müavininin sütül yazarlara özünəməxsus
ismarışı idi. Neçə vaxt idi bu üç sual
beynimdə tapmacaya dönmüşdü, üstəlik,
onların arxasından boy vermiş dördüncü sual da
cavab tələb edirdi. Düşünürdüm ki, niyə
redaktor, mənim məntiqimlə, ən vacib sayılan
sualı axırıncı sıraya qoyub. Axı yazmaq
stixiyasından doğan təbii "niyə" sualı
"nədən"dən və "necə"dən əvvəl
verilməlidir. Cürətimi toplayıb sualımı layihə
müəllifinə ünvanlayanda, o, əvvəlcə gülümsədi,
sonra sualımdan məmnunluğunu duyduğum gözlərini
üzümə zillədi: "Düzdür, "niyə"
ana sualdır, amma ona aparan yol "nədən"dən və
"necə"dən keçir. Niyənin cavabı tam
aydınlaşsın deyə həmin yolun hər cür əziyyətini
çəkməlisən".
Mükəmməl
cavab idi və həmin an bəlkə də ilk dəfə
redaktorumun gözünün içinə dik baxdım. Və
o iri, ifadəli gözlərin dərinliyində
narahatlığa bələnmiş kədərin və
nisgilin izlərini sezdim. Bunun səbəbini sonralar
anlayacaqdım.
...
Onun haqqında ən yaxın çevrəsindən, eləcə
də yaşlı-cavan həmkarlarımızın
çoxunun dilindən bu sözləri eşitmişəm:
"Çətin adamdır".
Çətin adam?!
"Mən
bütün həyatımı - öncə də
sağlamlığımı, ailə xoşbəxtliyimi,
ata-ana və bacı-qardaş qarşısındakı borcumu
jurnalistikaya qurban verdim: həm bütövlükdə jurnalistikaya,
həm də onun həmişə üzdə olan yaramaz
nümayəndələrini qəzet səhifələrindən
adam görkəmində təqdim eləməyə. Onlar adam
olub adamlar sırasına qoşuldular, dövləti vəzifə
və hökumət mükafatları aldılar, amma hətta
güzgü önündə özlərinə hesabat verəndə
də bu mərtəbəyə gəlib çatmalarında
Şakir Yaqubov adlı bir insanın da xırdaca əməyi
olduğunu etiraf eləməyə kişilikləri və
qadınlıqları yetmədi!"
Bu,
ömrünün qırx ilindən çoxunu məsləyinə
təmənnasız xidmətə həsr eləmiş peşəkar
bir qəzetçi-jurnalistin acı etirafıdır. Həm də
təkcə şəxsinə qarşı deyil, canını
və qanını qoyduğu sahədə, eləcə də
bütövlükdə cəmiyyətdə xıltın,
çirkabın təmizliyi üstələməsinə,
söz peşəkarlarının halal haqqının
tapdanmasına, çərxi-fələyin mizan-tərəzisinin
allahsızcasına pozulmasına çılpaq
üsyanıdır. Az qala hər gün üzləşdiyimiz
haqsızlıq və ədalətsizliklə
gönümüzün qalın yerinə salıb
barışan, özünü çətinə salmamağa,
az aşım, ağrımaz başım deyib asan
yaşamağa üstünlük verən əksəriyyətimizdən
fərqli olaraq o, məhz çətin adam olmaq yolunu tutdu. Bu
yol nə qədər ləngərli, məhrumiyyətlərlə
minalanmış olsa da, Şah ağacı tək məğrur
Şakir Yaqubovun xarakterinə və prinsiplərinə tən
gələn yeganə yol idi. Və mən bu yolçunun
müqəddəratını hədəfini canı
bahasına məhv eləməyə hazır olan kamikadze aqibəti
ilə müqayisə edərdim. Bəli, o,
haqsızlığın üzərinə yeriyən kamikadze
cürətli söz cəngavəri, bununla da çətin
adam olmamağı bacarmayan güzəştsiz peşəkar,
təmiz, dürüst və vicdanlı insandır.
Monoloqun davamı olacaq
Hələ
on il əvvəl Mediaforum.az saytının suallarını
cavablandıran yubilyarımız "Bu gün mən heç
vaxt 60 yaşa çatmayacaq atamdan da, anamdan da yaşlıyam və
bunun məhz belə olduğunu təsəvvür də edə
bilmirəm" deyirdi...
Milli
jurnalistikanı Sovet dövrünün qəzetçiliyi ilə
müqayisə edən altmış yaşlı Şakir
Yaqubovun qənaətinə diqqət yetirin: "O
dövrün başlıca xüsusiyyəti yazarın həm
sözə görə və həm də fərd olaraq cəmiyyət
qarşısında ciddi məsuliyyət hiss etməsi
olub". "Günü bu gün də sənədsiz-sübutsuz
bir kəlmə də yazmaram yox ey, sadəcə olaraq yaza bilmərəm.
"Azad söz", "müstəqil media" uğrunda
yaxa yırtdığımız bu günlərdən fərqli
olaraq həmin o mənfur Sovet dövründə "reket
jurnalistikası" mövcud deyildi. İndi isə məhz
bunun hesabına Azərbaycanda jurnalistika dünyanın ən qədim
peşələri ilə yanaşı tutulur".
Haqlısınız,
ustad, on il bundan əvvəllə müqayisədə bu
gün elə də çox şey dəyişməyib.
Amma...
Artıq
müdriklik yaşına çatmış ustad sənətkar
daha on, on beş il əvvəlki kimi püskürmür, xeyli
yumşalıb. Bunun Şakir Yaqubovun səhhəti və ailə
qayğıları ilə bağlı problemlərdən, həyatın
acı reallığından doğan səbəbləri var.
Amma bir məsələdə ustadın şəyirdi ilə
razılaşması gərəkdir: sabiq çekist
olmadığı kimi jurnalistin də pensiyaçısı
olmaz. O, hər cür çətinliklərə rəğmən
və bütün ədalətsizliklərin acığına
yazmalıdır.
İyirmi
il əvvəl 50 illiyi münasibətilə "Avropa" qəzetindəki
müsahibəyə belə bir başlıq
seçilmişdi: "Professionalın monoloqu".
Bilirəm,
neçə illərdir sözüylə ürəyi bir vuran
ustadın monoloqu içində davam edir. Arzu edirik ki, bu monoloq
yazıya çevrilsin, bizləri qürurlandıran yubiley məqamı
isə onun ürəyinə təpər, qələminə
yeni nəfəs versin və o, Şakir Yaqubov imzası
üçün qəribsəmiş oxucularını
sevindirsin.
Epiloq əvəzi
Şakir
müəllimin üç nöqtəyə olan pünhan
sevgisinin arxasında onun oxucusuna "mabədi var", "qələmimin
mürəkkəbi tükənməyib", "hələ
çox yazacağam" kimi mesajları dayanır. Bu
xüsusda ustadıma on il əvvəl dediyi sözləri
xatırlatmağım yerinə düşər: "Ürəyimi
deşən onlarca mövzu var ki, hamının hər şeydən
yazmağa cəhd elədiyi bizim bu günlərdə kimsənin
ağlına da gəlmir. Sağlıq olsun..."
İndi
isə özünün izni ilə Şakir müəllimə
ilk dəfə ikinci şəxsin təkində (yaşı əllini
ötmüş bəndənizin bu ərkini qınamaz yəqin)
müraciət edirəm: A kişi, iki nöqtəni qoymusan,
amma sonuncu, ən çox sevdiyin üçüncü
nöqtə hələ də qələminin mürəkkəbini
gözləyir. Tənbəllik eləmə. Sənə
söz verirəm, onda o üç nöqtənin hər birinə
ayrıca oçerk həsr edəcəm...
İmran
BƏDİRXANLI
525-ci qəzet.- 2021.-
25 fevral. S. 7.