Xoşbəxt olmaq şansı

 

Xoşbəxtlik hadisə deyil, xoşbəxtlik sənətdir.

Cim Ron

 

İnsan dünyaya göz açır: biri kasıb olur, biri dövlətli, biri ağıllı olur, o biri ağıldan kasad, biri firavan həyat sürür, o biri faciələrin caynağında əzab çəkir. Niyə? Axı, bizi yaradan ədalətlidir və adil olan Allah insanları bərabər xəlq edib. Tanrımız boyu balaca olana, gücsüzə iti ağıl, qabiliyyət verib. Birinə iti göz veribsə, o birinə darı dələn qulaq bəxş edib. Gözəl rəssam eyni zamanda, həm də istedadlı riyaziyyatçı, üstəlik, boks üzrə dünya çempionu ola bilməz. İnsanlar yalnız bir sahədə qeyri-adi istedad sahibi olurlar. Əgər Allahımız birinə bir neçə qabiliyyət veribsə, hərəsindən bir  az verib. Yəni kimsə babat şair, həm də babat rəssam və ya babat idmançı ola bilər. Allahın bölgüsü belədir.

Alnımıza yazılanlar bir-birindən o qədər də fərqlənmir. Talelərimiz  ən azı, doğulmağımız və dünyadan köçməyimizlə bir-birinə bənzəyir.

Yaradan parlaq həyat sürənə, kef-damaq içində yaşayana adətən uzun ömür verməz. Uzun ömür sakit və sadə həyat sürənindir. Özündən güclüyə yarınan adamla sözü üzə deyənin taleyi bir-birinə bənzəməz. Azadlıqsevər, həqiqətpərəst, haqsızlığa tab gətirməyən insanın ömrü, günü, güzəranı müti və üzüyola insanlarınkından fərqlənər. Böyrəyi və qaraciyəri xəstə adamın şüuru aydın, yaddaşı iti ola bilməz. Ağciyəri xəstə olanın qanı daima qara olar. Mədə xorası insanda müəyyən xasiyyət formalaşdırır. Öd kisəsində daş olanların da çöhrəsində oxşar cizgilər tapmaq çətin deyil.

Uzun sözün qısası, taleyimiz ağlımızın, xasiyyətimizin, iradəmizin, genetik yaddaşımızın, fiziki, maddi-mənəvi imkanlarımızın, ətrafda baş verən təsadüfi və qanunauyğun hadisələrin təsiri ilə formalaşır. Hətta ən adi keyfiyyətlərimizin, xırda görünən xüsusiyyətlərimizin belə, taleyimizdə yeri var.

İnsanın həyatında yaddaşın meydanı daha genişdir. Yaddaşla taleyimizin arasındakı bağlılıq bilirsiniz özünü nədə göstərir, yaddaşımız taleyimizdə nədən önəmli yer tutur?

Hafizəsi güclü olan şəxs heç nəyi nəzərindən qaçırmır. Həyat isə bir şahmat taxtasıdır. Piyadanı unutsan, vəzirin əldən gedə bilər. Vəzir gedərsə, şahın mat olar.

Əsən küləyin, yağan yağışın da taleyimizdə yeri var. Biz də ağaclar kimiyik. Planetlərin, ulduzların hərəkəti, ulduz dumanlıqları, yeni ulduzların yaranması və digər hadisələr münasibətlərimizi, davranışımızı, fəaliyyətimizi yönləndirir. Biz nəhəng bir mexanizmin gözə görünməyəcək dərəcədə kiçik bir hissəsiyik.

Başınız ağrayırsa, səhər güclü külək əsə, köhnə yaranız sancırsa, yağış yağa bilər. Bərkdən qışqırmayın, Günəşdə nüvə reaksiyasını gücləndirərsiniz!.. Bizim bir xoş sözümüzün təsirindən dünyanın o başında bir çiçəyin, gülün bir saat, bir dəqiqə və ya bir saniyə tez açması mümkündür.

Biz bir kompleksin - özü-özünü tənzimləyən, hərəkətə gətirən, yaşadan, parçalayan, birləşdirən bir sistemin sonsuz dərəcədə kiçik zərrəsiyik. Kiçik olduğumuz üçün ətrafa, kainata təsirimiz də gözəgörünməzdir. Amma 4-5 milyard insan oksigeni alıb karbon qazını buraxırsa, milyonlarla adam eyni vaxtda gülürsə, bunun təsirindən, əlbəttə, yay isti keçə biər və ya əksinə...

Tez-tez xəstələnirik. Tanrı bizi xəstəliklərin köməyi ilə də idarə edir. Xəstəlik təkcə enerjimizi, iş qabiliyyətimizi azaltmır, xasiyyətimizi də dəyişə bilir. Bəzən qəzəbli, əsəbi adamlar hipertoniya xəstəliyinə tutulur. Paxıl adamın həzm orqanı tez-tez korlanır, mədə xorasından əziyyət çəkir. Cavabsız məhəbbət bronxial astmaya səbəb olur. Həzm prosesi zəifləyir, insanda tez-tez ishal baş verir.

Kimin bəxti Londonda, Tokiodakı və ya Moskvadakı kimi gətirir?! Bakıda bəxti gətirən adam Gəncədə uğursuzluğa düçar ola bilər. Şəkidə əli gətirən, Lerikdə uduzar. Bəxtimiz, udduğumuz hava ilə, içdiyimiz su ilə yazılır.

Nə üçün insanlar qocalarkən doğulduqları, boya-başa çatdıqları torpağa, elə-obaya üz tuturlar, son günlərini doğma yurdda keçirmək istəyirlər? Bu, nədir? Xatirələrin çağırışı, ya yurd həsrəti? Qərib ölkədə qocalıb əldən düşənlər Vətənin suyunu içməyə, havasını udmağa can atırlar. Bununla onların zəifləmiş canları az-çox rahatlıq tapmaq istəyir.

Göz açdığımız, boya-başa çatdığımız torpaqda içdiyimiz su, udduğumuz hava dünyanın o başında da bizi rahat buraxmır, öz çevrəsində dolandırır, özünə çəkir. Əgər övladınız Bakıda nadinclik edib, Qəbələdə və ya Qubada, Lerikdə və ya Lənkəranda sakit gəzirsə, bunun bir səbəbi də onun içdiyi su, udduğu havadır. Bəzən deyirlər ki, filan yerin havası mənə düşmür. Elə olur ki, bir adam bir ölkədən başqa ölkəyə, bir şəhərdən başqa şəhərə gedən kimi xəstələnir. Belə adamlar həmin yerin suyunu, havasını götürmürlər. Hava və suyun təsiri ilə insan xəstələnir və ya sağalır. İnsanın vücudu elə mürəkkəb və dərkolunmazdır ki, əcdadlarımızdan qalma xüsusiyyətləri belə özündə əks etdirir. Odur ki, hava, su və yeməklə daxilimizə düşən, canımıza, qanımıza yayılan maddələrin, molekul və atomların ayrı-ayrı orqanlara təsir edərək bizi hansı hərəkətlərə təhrik edəcəyini söyləmək çətindir.

Biz iradəmizin gücü ilə özümüzü çox xətalardan qoruya bilirik. Lakin elə də olur ki, ağlımız, iradəmiz tamamilə içdiyimiz sudan, udduğumuz havadan, yediyimiz yeməkdən asılı olur.

Səhərlər qaymaq, şokolad, yağ-bal, kərə yağı ilə qara kürü yeyənlə bəxti şor-çörək yeyib, üstündən bir stəkan acı çay içənin sözü-söhbəti, hərəkəti bir ola bilməz. Yağ-bal, qaymaq, kürü insanın içində nə varsa, onun üzünə-gözünə çıxarır, ağlında nə varsa dilinə gətirir. Gündə şor yeyən deyəcəyi sözü udar, səbrli olar, risk etməkdən çəkinər, xasiyyətinin, arzusunun çoxunu içində gizlədər. Dadlı, kalorili qidalar insanın daxili imkanlarını, qabiliyyətini çiçəkləndirir, ona qol-qanad verir. İnsan da ağac kimidir. Yaxşı bəslənsə, tez böyüyər, qol-budaq atar, bəhrə verər. İnsan bədəni üçün lazım olan qidaları qəbul etməyəndə avitaminoz xəstəliyinə tutulur. Bəzi qidalari qəbul edən insanlar sağalmaz bəlalara düçar olurlar.

Hərdən yeməkdən sonra bəzilərinin arterial təzyiqi yüksəlir. Biz özümüz də bilmədən spirtli içkilərlə içimizdəki enerjini artırırıq. Cəsarətli oluruq, utancaqlığımızdan əsər-əlamət qalmır. Bəzən özümüzdən qat-qat güclü adamlara qarşı çıxırıq. Davranışımız yediklərimiz və içdiklərimizin köməyi ilə tənzimlənir. Odur ki, görüşə gedərkən, işgüzar söhbət etmək istədiyiniz zaman, taleyüklü problemlərin həll olunduğu məqamda yeyib-içdiyinizə fikir verin. Əlinizə keçəni qarnınıza doldurmayın. Xüsusilə dərman içib iş dalınca, işgüzar söhbətə getdiyiniz zaman ehtiyatlı olun. İşləri korlaya bilərsiniz.

Kəklikotu, andız, sumaq, qarağat, badam canımızdakı soyuqdəyməni çıxarır. Ağ tut mədə-bağırsaq xəstəliyinin qarşısını alır. Zirə, cəfəri, kök də mədə xorasının sağalmasına kömək edir.

Əgər cavan bir oğlan özündə cəsarət tapıb qəşəng bir qızla tanış olursa, əgər tələbə müəllimin söylədiklərini daha yaxşı yadında saxlayırsa, əgər uşaq daha ağlamır, öz-özünə oynayır və şirin-şirin yatırsa, bunun bir səbəbi də onun yediyi, udduğu, parçalanaraq bütün bədəninə, canına, qanına yayılan qidanın tərkibi ilə bağlıdır. Qida var insanları aqressivləşdirir, yemək var adamı passivləşdirir. Çoxumuz sulu xəngəl yeyəndən sonra mürgüləyirik. Adam var tünd kofe içəndən sonra gözünə yuxu getmir. Eləsi də var ki, ac olanda üz-gözündən zəhrimar yağır, tox olanda şənlənir, deyib-gülür.

Çoxumuz potensial imkanlarımıza uyğun yaşaya, ömür sürə, xoşbəxt ola bilmirik. Bir çox hallarda qabiliyyətimiz, istedadımız, insanlığımız içimizdəcə ölüb gedir. Canımızdakını, olanımızı göstərmək, olduğumuz kimi olmaq üçün bizim havamız, suyumuz, qidamız çatmır. Bomboş şar kimi yaşayırıq, yetişməmiş meyvə kimi çürüyüb gedirik. Hər birimiz  oxunmamış kitab, qapısı qıfıllı xəzinə kimiyik. Dözüm, səbir və itaət bizi içimizdən asır.

Tanrımız xoşbəxt olmaq üçün bizə hər şey verib. Qalanı hər kəsin öz əlindədir. İstəyirsən xoşbəxt ol, istəyirsən səbirli, dözümlü və itaətkar ol - nə din, nə danış, öz rəyini bildirmə, dilinə gələn sözü ud, ağlına gələn fikri unut...

Taleyindən razı deyilsənsə, evini, işini, peşəni dəyiş! Üzgüçülüklə məşğul ol. Üzgüçülük olmasın, gimnastika olsun, fərqi yoxdur. Təki idman olsun, təki sağlam bədən olsun. Xoşbəxtliyə xəstə canla getməzlər. İdman insanın içində olanını üzə çıxarır. İdman adamı xəstəlikdən qoruyur. Xəstəlik isə elə şeydir ki, adamın imkanlarını qəfəsə salır, içindəki çiçəkləri, gülləri soldurur, arzuları qanad açmağa qoymur. İdman insanı güclü edir. Güclü insan məqsədinə tez çatar, sağlam insan aydın düşünər, aydın düşənən insan uğur qazanar.

Çoxumuz həyatda baş girləyir, birtəhər ömür sürürük. Sən özünü tapmısansa, dövran səninki deyil, dövran səninkidirsə, məkan özgəninkidir. Bəlkə bir yol tapıb məkanını dəyişəsən? Bəlkə xoşbəxtliyini özgə diyarlarda axtarasan? Məsləhət sənindir, özün bilərsən... Amma unutma: qürbətdə də başqa dərdlərin olacaq. Düşün, qürbətə hazırsanmı, qürbətdə sənə yer varmı? Bəlkə hara getsən, çağırılmamış qonaqsan.

Həyatımız başdan-başa həll olunası riyazi məsələlərdən ibarətdir. Bu məsələləri həll etməyin yüzlərlə yolu var. Uğur qazanmaq, məqsədə tez yetişmək üçün ən optimal variantı seçmək çox vaxt heç ağlımıza da gəlmir. Bəs ən optimal variant hansıdır? Bunu kim bilir? Bəlkə taleyimizin riyazi modelini quraq?

Problemdən qaçmayın, problemin üstünə yeriyin! Taleyinizi falçıların ixtiyarına verməyin! Falınıza baxdırırsınızsa, deməli, çıxılmaz vəziyyətdə olduğunuzu düşünürsünüz. Yaddan çıxarmayın: bu dünyada çıxış yolu olmayan, həlli mümkünsüz problem yoxdur!..

 

Arif QULİYEV

525-ci qəzet.- 2021.- 25 fevral. S. 8.