Multidissiplinar dilçilik"
kitabına ön söz
Bu
günlərdə "Elm və təhsil" nəşriyyatında
akademik Nizami Cəfərovun universitet tələbələri
üçün "Multidissiplinar dilçilik" dərs vəsaiti
çapdan çıxıb. Vəsaitin elmi redaktorları
dosent İsmayıl Temiroğlu və professor Nadir Məmmədli,
redaktoru Dəyanət Osmanlıdır. Müəllifin
"Ön söz"ünü təqdim edirik.
Keçən
əsrin ortalarından başlayaraq dilə (əslində, nitq
fəaliyyətinə) müxtəlif elmlərin ardıcıl
maraq göstərməsi müşahidə olunur ki, bunun da nəticəsində
klassik dilçiliyin tənəzzülü kimi səciyyələndirilən
multidissiplinar dilçilik dövrü başlayır. Dili istər
təbii mövcudluğunda, istərsə də sxematik olaraq
araşdıran müxtəlif elmlərin dilçiliklə əməkdaşlığı,
doğrudur, heç də həmişə məhsuldar
olmamış, bununla belə, qazandığı elmi nüfuzu
(və populyarlığı) vaxtaşırı olaraq
mübahisə predmeti olsa da, etnolinqvistikanın ardınca tarix
səhnəsinə çıxan sosiolinqvistika, psixolinqvistika,
praqmalinqvistika, linqvokulturologiya kimi multidissiplinar sahə və
ya istiqamətlər artıq müstəqil inkişaf yoluna
düşmüşdür.
Multidissiplinar
dilçilik özünün müxtəlif təzahürlərində
nə qədər geniş bir intellektual məkana çevrilsə
də, dahi Ferdinand de Sössür tərəfindən XX əsrin
əvvəllərində hüdudları müəyyənləşdirilmiş
"əsl dilçiliy"i nəinki əvəz etmək, hətta
sıxışdırmaq belə iqtidarında deyil. Hər
şeydən əvvəl ona görə ki, həmin "əsl
dilçiliy"in dərslərini almadan multidissiplinar
dilçiliyin meydanına girmək çətindir. Onun elə
bir sahəsi və ya istiqaməti yoxdur ki, bir-birindən fərqli
mülahizələri bu qədər həvəslə ehtiva
etməmiş olsun.
Müşahidələr
göstərir ki, multidissiplinar dilçilik interdissiplinar (məsələn:
dilçilik - fəlsəfə, dilçilik - riyaziyyat ,
dilçilik - sosiologiya, dilçilik - psixologiya və s.)
maraqları gözləməklə yanaşı,
özünün müxtəlif təzahürləri
arasında qarşılıqlı əlaqələrin
güclənməsini də təmin edir (məsələn:
etnolinqvistika - sosiolinqvistika, sosiolinqvistika - psixolinqvistika,
psixolinqvistika - koqnitiv dilçilik, psixolinqvistika - koqnitiv
dilçilik - praqmalinqvistika və s.). Və
görünür, interdissiplinarlıqdan (iki fənn arası əlaqələrdən)
multidissiplinarlığa (çox fənn arası əlaqələrə)
keçidi müasir multidissiplinar dilçilikdə yalnız kəmiyyət
deyil, həm də keyfiyyət göstəricisi saymaq olar.
Bir
mühüm məqam isə ondan ibarətdir ki, XX əsrin
ortalarından sonra meydana çıxan əsas dilçilik nəzəriyyələri
(məsələn, Noam Xomskinin törədici qrammatikası)
dilçiliyin multidissiplinar sahələri ilə bu və ya
digər səviyyədə həm hesablaşmalı, həm də
əməkdaşlıq etməlidir ki, bu, bir tərəfdən,
yeni nəzəriyyənin daha geniş yayılmasına kömək
edirsə, digər tərəfdən, multidissiplinar təzahürlərə
yeni mövzular verməklə onların həmin mövzular ətrafında
təmərküzləşməsinə gətirib
çıxarır.
Oxuculara
təqdim olunan kitabda multidissiplinar dilçiliyin ən populyar
sahə və ya istiqamətlərindən bəhs edən
beş oçerk verilmişdir.
Nizami CƏFƏROV
525-ci qəzet.- 2021.-
25 fevral. S. 9.