Gənclərə qarşı laqeydlik olanda onlar sınırlar"

 

GƏNC AKTYOR HÜSEYNAĞA ASLANOV: "DUBLYAJDA 20 YAŞLI OBRAZI 60 YAŞLI ADAM SƏSLƏNDİRİRSƏ, DEMƏK, BU İŞDƏ BİR PROBLEM VAR"

 

İstedadlı gəncləri dövrümüzün ən gərəkli, seçilən və ölkənin işıqlı gələcəyinə təminat yaradan şəxsləri hesab etmək olar.

İncəsənət duyumu və bacarığı ilə seçilən belə gənclərdən biri də 24 yaşlı aktyor və qiraətçi Hüseynağa Aslanovdur.

Gənclərə və gələcəyə böyük ümidlər bəsləyən müsahibimiz mədəniyyət sahəsində gördüyü çatışmazlıqlara tənqidi yanaşmaqdan da yan keçmədi.

Aktyorluq sənəti üzrə magistr təhsilli, eyni zamanda, musiqi təhsili olan Hüseynağa Aslanovla müsahibəni təqdim edirik.

- İncəsənətin müxtəlif sahələri ilə - bədii qiraətlə, dublyaj və radio aparıcılığı ilə məşğulsan. Bunlardan hansı səni daha çox tamamlayır?

- Bəli, hər üçü ilə də məşğul oluram. Lap əvvələ getsək, məktəb vaxtlarından qiraətlə məşğul oluram. Dublyaj sahəsində peşəkar deyiləm. Sadəcə universitet vaxtlarından təcrübə üçün müəyyən televiziya kanallarına gedib öyrənməyə çalışırdım. İndi təqribən bir ilə yaxındır ki, bu işlə məşğulam. Amma özümü tapmağım yəqin ki, qiraətlə bağlıdır. Təvəzökarlıqdan uzaq olsa da, deyim ki, qiraətə illərimi vermişəm, həm də onun içində poeziya, söz, sənət var. Son 3 ildir isə fəaliyyətim radio ilə əlaqəlidir. Hazırda Azərbaycan Dövlət Radiosunda diktor vəzifəsində çalışıram, xəbərlər oxuyuram, bədii və uşaq verilişlərinin aparıcısıyam, həmçinin, beynəlxalq radioda Cənubi Azərbaycana səsim gedir. Orada mənim üzərimdə böyük əziyyəti olan insanlar var. Məni dövlət radiosu formatına uyğun yetişdirdiyinə görə müdirim, radionun baş diktoru, Əməkdar artist Ofeliya Sabirqızına minnətdaram. Məni orada radio sahəsində rəndələyən o xanım olub. Özəl radioların birində çalışarkən isə aparıcı Sona Rəsulova həmkarım idi. O, bütün komplekslərimdən azad olmaqda mənə yardımçı oldu. Sərbəstliyə alışmağım, işimdəki hazırcavablığımı bu iki xanıma borcluyam.

- Bir gənc olaraq, müasir gəncliyin incəsənətə, mədəniyyətə yanaşma tərzi səni qane edirmi?

- Gənc olduğum üçün qane etmir deməyim doğru çıxmaz. Burada yanaşmalar fərqlidir. Mənim bəyəndiyim şey kiməsə xoş getməyə bilər. Eynilə əksi də keçərlidir. Mənim klassik ədəbiyyata marağım çox böyükdür. Misal üçün, mən Sədi Şirazinin "Gülüstan" əsərini götürüb layihə şəklində səsli kitab kimi hazırlasam, ya da şeirlərindən konsertdə çıxış etsəm, başqa bir gənc deyə bilər ki, bu nədir, sənin yaşın üçün deyil və s. Yəni başqası bir işi bəyənməyə bilər, lakin o demək deyil ki, işi görən səhv edir. Mənim üçün bu məsələdə yanaşma əlli əlliyədir. Bəzən elə şeylər olur ki, incəsənətə gəlməməlidir. Yaxud gəldisə, çox qabardılmamalıdır. Elə şeylər də var ki, deyirsən gəlsə, daha yaxşı olardı. Mən yeniliklərə açıq biriyəm.

- Kifayət qədər mədəniyyət yönümlü birisən və fəaliyyət sahələrində ənənələri qoruyub saxladığın duyulur. Necə düşünürsən, müasir dövrün tələbatı ilə ayaqlaşa bilirsənmi?

- Kobud səslənsə də, deyim ki, mənim üçün dövrün tələbləri və müasir insanların fikirləri o qədər də önəmli deyil. Tutaq ki, mən bu gün dahi Nizami Gəncəvinın "Xəmsə"sindən nəsə hazırlamışam, ancaq müasir dediyimiz insanlar bunu bəyənmir, yaxud qəbul etmirsə, bu, onun öz fikridir. Mən ona etiraz edə bilmərəm. Amma 100 nəfərin içindən hər hansı bir gənc, yetkin insan, yaxud bir nəfər ağsaqqal işimi bəyənirsə, mən ondan zövq alıram və bu, mənə stimul verir ki, işlərin davam etdirim. Mən onsuz da bilirəm ki, müasir gənclik dediyimiz şəxslərin klassikaya, əsasən də Azərbaycan klassikasına marağı azdır. Etiraf etmək lazımdır ki, gənclər arasında klassikaya hədsiz biganəlik var.

- Nizami Gəncəvinin poemalarından kiçik hissələr səsləndirmisən. Bunu geniş bir layihə kimi nəzərdə tutursanmı?

- "Nizami Gəncəvi ili" ilə bağlı maraqlı fikirlərim, layihələrim var. Elə bu müsahibə vasitəsilə əlaqədar qurumlara səslənmək istəyərəm ki, məsələyə biganə qalmasınlar. Misal üçün, mən "Yeddi gözəl" poemasından "Xeyir və Şər" hissəsini təqribən 35 dəqiqəlik səsləndirmə edib videomaterial halına salmışam. Bacardığım qədər sosial şəbəkələrdə paylaşmışam. Ancaq bu, nə qədər effektivdir? Ola bilər ki, video müəyyən kütləyə çatsın, lakin çox istəyərdim ki, mənim bu işim müvafiq dövlət qurumları səviyyəsində dəyərləndirilsin. Bunun kimi o qədər işlər həyata keçirmək mümkündür ki... Əlaqədar şəxslər bizim kimi gəncləri dəvət edib, təkliflərimizi dəyərləndirsə, kifayət qədər faydalı işlər ərsəyə gətirmək olar. Bu illə bağlı istər şairin əsərləri olsun, istərsə də şəxsiyyəti ilə bağlı təkcə teatral formada bir çox layihələr ərsəyə gətirmək olar.

- Film dublyajları zamanı müəyyən aktyorlar var ki, biz yalnız onların səsləndirməsini eşidirik. Həvəskar da olsa, dublyajla məşğul olan biri kimi boşluqları nədə görürsən? Bu sahəyə yetəri qədər diqqət, yoxsa maraq yoxdur?

- Əvvəla onu qeyd edim ki, bu sənətin dərinliyindən danışmağa ixtiyarım yoxdur. Sadəcə aktyor sənəti üzrə oxuduğum üçün məndə bu sahəyə maraq yarandı. Başlanğıcda mənə maraqlı gəlirdi ki, rus, türk, yaxud digər xarici ölkə filmlərində bir filmin bir neçə ayrı aktyorlar səsləndirən formaları var. Yaxud da onlarda filmləri məşhur modellər, müğənnilər səsləndirir. Bizdə isə belə hal demək olar ki, yoxdur. Mən və iş yoldaşım Məmmədbağır Eyvazov əvvəlcə həvəskar dublyaja başladıq. Şəxsi marağımız üçün hər hansı filmdən bir hissə götürüb, tərcümə edib özümüzküləşdirirdik ki, süni alınmasın. Çünki bizdə elə sözlər var ki, çox az işlənir. Ona görə də, obraz dilində qəribə səslənir. Bir neçə dəfə səsləndirib paylaşdıq, gördük ki, bəyənilir. Sonra başladıq bu işi geniş kütlə üçün görməyə.

O ki qaldı boşluqlara, burada hər iki tərəfi də anlamaq lazımdır. Əvvəla, dublyaja ayrılan vəsait sadəcə faciədir. Bir aktyor ancaq dublyajla dolanırsa, bu insan məcburdur ki, bütün kanalları gəzib aylıq gəlir əldə edə bilsin. Gənclər tərəfindən düşünəndə məsələ bir başqadır. Deyirlər ki, gənc səslərə ehtiyac var, biz də durub gedirik, məşq edib çalışmaq istəyirik. Lakin bizə deyirlər ki, tapşırılıb ki, filmi bu gün, yaxud bu həftə içində təhvil verməliyik. Ona görə də, hazır aktyorlarla işləməliyik, sizə vaxt yoxdur. Hər dəfə bu söhbətlər təkrarlanır. Gənclərə ehtiyac var, sadəcə ikitərəfli problemlər imkan vermir. Burada həm maddiyyat nəzərə alınmalı, həm də yeni gənclər yığılmalıdır. Təsəvvür edin, dublyajda hələ də 20 yaşlı obrazın səsini 60 yaşlı adam çıxarırsa, demək, bu quruluşda problem var. Vəziyyət teatrımızda da belədir. Elə obraz var ki, 13 yaşı var. Bir aktrisa onu 20 yaşından 40 yaşına kimi özü oynayır. Səsində və fiziki görüntüsündə dəyişiklik olsa da. Yenə də iş düşür əlaqədar qurumların üzərinə ki, bu işləri nizamlayıb gənclərə yer ayırsınlar.

- İstənilən adam dublyaj edə bilərmi?

- Xeyr. Baxın, bizdə dublyaj üçün universitetlərdə dərslər varmı, yoxmu, bilinmir. Mən magistr təhsili alarkən dublyaj dərsi keçmişdim. Lakin universitetdəki şəraitsizlik səbəbindən biz ancaq kompüterdə filmə baxıb ağzımızı tərpətməklə kifayətlənməli olmuşduq. Şərait yaradılsa və maddi vəsait ayrılsa, hər şey etmək olar. Gənclərə başqa nə lazımdır ki? Onlar işləmək və bunun müqabilində normal pul qazanmaq istəyirlər.

- Müqayisə etməyi və tənqidi yanaşmanı sevən cəmiyyətik. Necə düşünürsən, müqayisələrin subyekti ilə kəmiyyət doğru götürülürmü?

- Elə şeylər var ki, onlar qəbul edilmir. Misal üçün, əgər sən bilirsən ki, hansısa tanınmış şairdən daha yaxşı yazırsan, onu dilə gətirməmək yaxşı olardı. Mən də qəzəl yazıram, ancaq desəm ki, Əliağa Vahiddən yaxşı yazıram, doğru olmaz. Belə deyim var ki, bir də Nizami, Füzuli dünyaya gəlməyəcək. Bəli, onsuz da gəlməyəcək, bunu hamımız bilirik. Bizə heç ikincisinin gəlməsi də lazım deyil. Ancaq onlardan yaxşısı niyə də gəlməsin ki? Hər şeyə bu qədər pessimist yanaşmamalıyıq. Bütün dövrlərdə belə idi, on nəfərdən hökmən bir yaxşısı, dahisi çıxırdı. Bizim xalq sevir ki, keçmişlə indini müqayisə etsin. Adətən yaşlı nəslin bəzi nümayəndələri belə fikirləşir ki, filankəsdən sonra bu sənət yoxdur, öldü, daha olmayacaq. Bizdə müəyyən şəxsləri bütləşdirib, müqəddəsləşdirirlər. Bir çox gənc var ki, onların adını mütləq qeyd etmək istəyirəm. Misal üçün, qiraət dinləmək istəyirlərsə, Xəzər Süleymanlı, Sabirə Abdullayeva, eləcə də mən və mənim kimi bir çox işinə həssas yanaşan qiraətçilər var. Əgər dinləmədən qərar verirlərsə, bu, ədalətli deyil. Gözəl xalçaçı rəssamlarımız, musiqiçilərimiz var. Tarzənlərdən İsmayıl Zülfiqarov, Atabəy İsmayılov var. Gənc şairlər, yazıçılar, ədəbiyyatçılar var. Gənclərimiz oxusun, maraqlansın. Böyüklərimiz deyir bəstəkarlıq ölüb. Tutalım, gənc bir bəstəkarı öz dövrünün bəstəkarı ilə deyil, Qara Qarayevlə müqayisə edirlər. Çünki izləmirlər, gedib dinləmirlər. Getsinlər İlahə Qismət, Aysel Əzizova, Vəfa Bağırzadə, Saleh Bağırov kimi gənc, istedadlı bəstəkarlarımızın əsərlərini dinləsinlər. Heykəltəraşlıqdan danışanda deyirlər ki, nə var idi, o vaxt var idi. Onlar yəqin İmran Mehdiyevin yaradıcılığı ilə tanış olmayıblar. Mənim üçün o, bu gün Azərbaycan heykəltəraşlığında ən peşəkar insandır. Yəni saymaqla bitməz. Sözümün canı odur ki, böyüklərimiz bilməlidir ki, bu yetişən gənclik sizin düşməniniz deyil. Bu gənclik bəzən sizdən özlərinə qarşı nifrət və aqressiyadan başqa bir şey görmürlər. Təəssüf... Ümid edirəm, biz gələcək nəsilə qənim kəsilməyəcəyik. Amma bizə yol göstərən, qayğı ilə yanaşan, haqqımızın tapdanmağına göz yummayan böyüklərimizə də öz təşəkkürümü bildirirəm. Sizləri sözün yaxşı mənasında sevirik və dəyər veririk. Arzum odur ki, pensiyaların məbləği o qədər artırılsın ki, təqaüdçülər evdə oturub pulu rahat xərcləyə bilsinlər, başları nəvə-nəticəyə qarışsın. Gənclər də istədikləri yerdə iş tapıb, işləsinlər. Unutmayaq ki, insan həyata bir dəfə gəlir.

Gənclərə isə demək istəyirəm ki, heç nəyə görə ruhdan düşməsinlər. Çünki elə gənclər tanıyıram ki, çox istedadlıdır, lakin illərlə onu kəşf edən olmur. Biz nə istədiyimizi və necə istədiyimiz bilsək, hər şey düzələcək. İncəsənətdə nəsə iş görmək olduqca çətindir. Gənclərə qarşı laqeydlik olanda, onlar sınırlar. Əgər yeniliyə açıqıq deyiriksə, hər il bütün layihələrdə mütləq gənclərə yer verilməlidir.

 

Afaq RZA

525-ci qəzet.- 2021.- 25 fevral. S. 10.