Gənc
qızcığazın harayı: "Nəfəs almaq
çətindir..."
Bir
ailəyə aid və sahib olmaq dünyanın ən
böyük sərvətidir. Kim buna etiraz edə bilər,
axı? İsti bir ev, qaynayan qazan, oynayan,
qışqırışan uşaqlar, yorğun, amma səbirli,
sevgi dolu iki yetkin fərd. Hələ o evdə nənə-baba
da varsa, vəssalam, xoşbəxtliyin ən gözəl tablosu
tamamlanıb, deməli. Bəs hər ailə
görünüşdə yox, öz içində bir
xoşbəxtlik tablosu olmağı, bir-birini tamamlayan rəng
keçidlərinə sahib olmağı bacarırmı?
Əgər bacarsaydı, ölkəmizdə bu qədər
böyük duyğusal böhran yaşanardımı?
Təəssüf
ki, yazıçı bu məsələdə çox
haqlıdır. Bütün xoşbəxt ailələr
hamısı bir-birinə bənzəyir, bədbəxt ailələrin
isə hərəsi bir cür bədbəxtdir. Çünki
xoşbəxtliyin formulu hər ailədə eynidir. O, sevgi, sədaqət,
mərhəmət, səbr və əməkdir. Bədbəxtlik
isə hər cür olur. Ən əsası da, bu yuxarıda
sadaladıqlarımızın olmadığı ailələrdə
hər cür bədbəxtlik üz verə bilir.
Sevil
Atakişiyevanın ölümünün ardından
yayılan yazışmaları və əgər başına
bir iş gələrsə, bundan valideynlərini məsul
tutması çox ağrılı haldır. Həm də ona
görə ki, biz bilirik ki, o, tək deyil. Bu cəmiyyətdə
ailəsiylə yaşayan gənclərin
qızlı-oğlanlı əksəriyyətinin
yaşadığı duyğusal, psixoloji boğulma
halını Sevil səssizcə öz mesajında belə təsvir
edir: "Nəfəs almaq çətindir".
Bir
ailədə onun gənc fərdləri üçün nəfəs
almaq niyə çətinləşir? Keçdiyimiz günlərdə
vəfat edən türk psixoloq və akademik professor Doğan
Cücəloğlu bir məqaləsində bunun əsas səbəbinin
sürətlə dəyişən dövrlə ayaqlaşa
bilməyən, yeni dönəmdə hələ də
köhnə tərbiyə üsullarını təkidlə tətbiq
etməyə çalışan valideynlərdə olduğunu
yazıb. O deyir: "Birinin digərini idarə etməsi mənasına
gələn "güc" anlayışından başqa
heç nə ifadə etməyən qorxu mədəniyyətində
uşaq tərbiyəsi uşağın güclülər tərəfindən
utandırılmasına və döyülməsinə əsaslanır.
Belə tərbiyə üsulu ya "arsız", ya da
"qorxaq" insanlar yetişdirir".
Fikir
verin, nəsillər boyu qorxu mədəniyyəti ilə
mayalanmış, "mən-sən" davasıyla
böyüyən valideynlər indi texnoloji mühitdə
böyüyən yeni nəsil yetişdirməyə
çalışırlar. "Hakimiyyət" anlayışının
tərifi elmi düşüncə və demokratiyanın
inkişafı ilə dəyişdi. Bu gün davamlı
gücün təməli yalnız insan ağlına və
yaradıcılığına hörmətdən keçir.
Bəs
valideynlər bu cür gücü öz həyatlarına və
ailələrinə gətirə biləcəklərmi?
Buna
nail olan bacarıqlı analar və atalar əlbəttə,
var. Onlar əvvəlki nəsildən miras qalan qorxu
üstünə qurulmuş "mən-sən" mədəniyyətinin
yanlış olduğunu görən və bunlardan
qurtulmağa, yeni perspektivlər qazanmağa
çalışan, "biz" deməyi bacaran valideynlərdir.
Heç şübhəsiz, bu valideynlər şüurlu şəkildə
mübarizə aparan, şəxsiyyət bərabərliyinə
inanan və övladlarını da bu istiqamətdə
böyüdən, onların sağlam düşüncəli
fərdlər olmasına çalışan insanlardır. Digər
tərəfdə isə bu qorxu mədəniyyətinin qəliblərindən
xəbərsiz, insanları təbii bir hal kimi vasitə olaraq
görən və özlərinə də övladları qədər
hörmət etməyən valideynlər toplumu var. Sanki onlar
üçün yalnız iki seçim var: ya
uşaqlarını adam yerinə qoymurlar, ya da daima onlara nəzarət
etmək istəyirlər. Uşaq yetkinlik yaşına
çatanda və bir az güclənəndə onları
sözə baxmamaqda, özbaşınalıq və əxlaqsızlığa
meyillilikdə günahlandırırlar.
Əxlaqlı,
nə etdiyini bilən, tərbiyəli uşaq böyütməyin
tək yolu gənclərə sərt məhdudiyyətlər
qoymaq, bu qadağalardan kənara çıxanda onlara
qarşı sərt cəza tədbirləri görməkdənmi
keçir? Məgər bu, psixoloqun da qeyd etdiyi kimi, insan ləyaqətini,
şəxsiyyətini alçaldan addım deyilmi? Bu, insan
psixologiyasını pozmurmı? Quldarlıq dövründə
sahiblər sözə baxmadıqlarına görə öz
qullarını bərk kötəkləyir, amma mərhəmət
göstəricisi kimi sonra onlara bir qab yemək və təmiz
paltar verirdilər. Sosial şəbəkələrdə
valideynin övladını döyməsinin düzgün tərbiyə
üsulu olduğu fikrinə haqq qazandırmağa
çalışan, uşağı, gənci fərd olaraq
görməyən insanların sahib olduqları təfəkkürün
həmin dövrə nə qədər yaxın olduğunu
müşahidə etmək o qədər də çətin
deyil. Bu insanlar üçün dəyişən dünya
sistemində doğru tərbiyə üsulunu mənimsəmək,
sağlam fərd kimi uşaq yetişdirmək də çətinləşir.
Bugünkü mənzərə onu göstərir ki, belə
düşüncəyə sahib valideynlər dəyişən
dünya ilə, içərisində olduqları sosial şərtlərlə
ayaqlaşa bilmir və bunun qəzəbini uşaqlardan
çıxırlar.
Professor
Doğan Cücəloğlu bir ailədə uşağın
sağlam böyüməsi, elə ailənin digər fərdlərinin
də psixoloji olaraq güclü qala bilməsi
üçün altı əsas hissi ehtiyacdan bəhs edir,
bunların insan psixologiyası üçün ən təməl
ehtiyaclar olduğunu xüsusi vurğulayır. O yazır ki,
insan daima ünsiyyət prosesində olduğunun fərqinə
varmalıdır. Yəni uşaq doğulduğu andan etibarən
daima bir ünsiyyət prosesi içində olur. Davamlı olan
bu ünsiyyət prosesində insanın, yəni şüurlu
canlının altı əsas ehtiyacı var ki, bu, mütləq
təmin olunmalıdır. Bu ehtiyaclar qaşılanmadıqda,
insanın daxilində yaradılışıyla,
varlığıyla bağlı qəzəb yaranır.
Psixoloq vurğuladığı bu "var olmaq qəzəbi"ni
insanı və onun aid olduğu ailəni,
yaşadığı cəmiyyəti parçalayan
ildırım kimi təsvir edir. Bu, həqiqətən də
belədir. Gənc Sevil Atakişiyevanın ölümü ilə
ailəsinin evinə düşən ildırım kimi.
Professorun
qeyd elədiyi bu əsas hissi ehtiyaclardan birincisi balansdır.
Uşaq hiss etməlidir ki, o, həm ailəsinə aiddir, həm
də müstəqil bir fərdir. Əlbəttə, körpələr
üçün, hətta yetkinlik yaşına çatmayanlar
üçün ailəyə aid olma hissi daha güclü
olur. Burda aidlik hissi uşaqda zorakı aidlik yox, qorunmaq,
mühafizə olunmaq ehtiyacından yaranır. Bəslənmə,
qorunma baxımından təbiətin ən aciz canlısı
insan övladıdır. Körpə doğulduğu andan
etibarən şüurlu şəkildə yox, hissi səviyyəsində
bunun fərqində olur. Buna görə qorxanda, diqqətdən
kənar qalanda qəzəblə ağlıyar. Çünki
körpədə başlıca instinkt olaraq aid olmaq istəyi,
hissi var.
No
description available.
İkincisi
qayğı görmək, üçüncüsü isə
qəbul olunmaq istəyidir. Görünüşüylə,
cinsiyyətiylə, olduğu kimi ailə tərəfindən qəbul
olunub qayğı və sevgi ilə əhatə olunduğunu
hiss etmək istəyir uşaq.
Dördüncüsü
dəyərli olmaq hissidir. Psixoloq bunu izah edərkən
vurğulayır ki, dəyərli olmaq hissi əslində, ailənin
bir parçası kimi qəbul olunub sevilmək deməkdir. Yəni
hər səhvində ailənin sənin üçün təhdid
ünsürü olduğunu hiss etmədən, canına zərər
vermədən sənə o ailənin həqiqi bir fərdi
olduğunun hiss etdirilməsidir.
Beşincisi
ailədən motivasiya almaqdır. "Sənə güvənirəm,
sən bacararsan" sözlərini eşitmək ailədən
güc almaqdır. Bu, uşaqda "mən bacararam, mən
özümə güvənirəm" duyğusunu
formalaşdırır. Yalnız bu cür dəyər görən
uşaqlar qorxmadan, çəkinmədən öz
potensiallarını reallaşdıra bilirlər.
Altıncısı
isə "sən sevilməyə layiqsən, sənin
inkişafın üçün əmək və zaman verirəm"
hissini uşağa ötürməkdir. Uşaq bunu valideynin
davranışlarından hiss edərək ürəklənir.
Bütün
bunlar hamısı ailə içində davranışlarla,
xitab şəkli, ünsiyyət üslubu ilə uşağa,
gəncə hiss etdirilərsə, o ailədə yetişən
uşaq da bu əsas altı müsbət, bərpaedici hissi
duya bilər. Yəni bu elementlər bir insanın bütün
şərtlərdə sağlam psixologiyada yetişə bilməsi
üçün ona verilməli olan ruhun qidasıdır.
Çox
təəssüf ki, cəmiyyətimizdəki əksər
valideynlər uşağın ruhunu məhz bu cür
qidalandıra bilmədikləri üçün, onların
gözdən kənarda qalan kimi əxlaqsızlığa meyl
edəcəklərini düşünürlər. Onlar əslində,
uşaqlarından yox, onlara verə bilmədikləri mənəvi
dəyərlərə görə xof içində olurlar.
Valideynlər
anlamalıdırlar ki, qucaqlarında tutduqları can, təkcə
onların öz övladları deyil, həm də ölkənin
və insanlığın gələcəyidir.
Çağdaş, mədəni ailə olmadan,
çağdaş, mədəni ölkə də ola bilməz.
Bu, mümkün deyil. Azərbaycanda sağlam bir cəmiyyətin
bərqərar olmasının təməlində
uşaqların sağlam ailələrdə yetişməsi
amili dayanır.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.-
25 fevral. S. 11.