Şəmsi Bədəlbəylinin
anadan olmasının
110-cu ildönümü tamam
oldu
Mənsub
olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin
inkişafı naminə yorulmadan çalışan Şəmsi
Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində
silinməz iz qoyub.
BAKI, 23 fevral — Sputnik. Bu gün
mədəniyyət tariximizdə
mühüm yeri olan görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan
olmasından 110 il ötür.
Sputnik Azərbaycan xəbər
verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının qurucusu kimi tanınan
Şəmsi Bədəlbəylinin
teatr sənətimizin
inkişafı naminə
gördüyü işlər
bu gün də böyük hörmət və ehtiram hissi ilə
anılır.
O, 1911-ci il fevralın
23-də Azərbaycanın dilbər
guşəsi Şuşada
anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə
həvəs göstərən
Şəmsi qardaşı
Əfrasiyabın məsləhəti
ilə Azərbaycan Dövlət Konservatoriyasında
Üzeyir Hacıbəylinin
sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu,
onların teatrla, musiqi ilə bağlı söhbətləri
Şəmsini də özünə çəkib.
O, evlərində dövrün tanınmış
ziyalılarını, mədəniyyət
xadimlərini tez-tez görərdi. 1932-ci ildən
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə
başlayan Şəmsi
Bədəlbəyli bu
teatrda on il rejissor vəzifəsində
çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə
göndərilərək Malıy
Teatrda Şillerin
"Don Karlos" əsərinin hazırlanmasında
assistent kimi təcrübə keçib.
O, sonradan doğma şəhərə qayıdaraq
fəaliyyətini davam
etdirib. Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyası olub. Sənətkarın 1939-cu ildə
quruluş verdiyi "Ölülər" komediyası
da ona olduqca
şöhrət gətirib.
Eyni zamanda, sənətkarın Sabit Rəhmanın "Xoşbəxtlər"
əsərinə verdiyi
quruluş da uğurlu alınıb. Sənətkar bu tamaşanı Adil İsgəndərovla müştərək
hazırlamışdı. Sənətşünaslıq
doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir edir. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin "Kral Lir" pyesi olub. İkinci Dünya
müharibəsinin başlanması
ilə bir çox məsələləri
yarımçıq qoyan
Ş.Bədəlbəyli hərbi
müxbir kimi İrana ezam edilib.
Sənətkar burada öz həmkarları ilə birlikdə "Vətən
uğrunda" qəzetində
ədəbi işçi
kimi çalışıb,
həm mədəniyyət
mövzusunda məqalələr
yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin "Arşın
mal alan", Zülfüqar Hacıbəylinin
"Əlli yaşında
cavan", "Evli ikən subay" əsərlərini tamaşaya
qoyub.
1943-cü ildə Bakıda
Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli
geri çağırılaraq
həmin teatra rejissor təyin edilir. O, əsası dahi
bəstəkar Ü.Hacıbəyli
tərəfindən qoyulmuş
Musiqili Teatrın yenidən yaradılmasında,
inkişaf etdirilməsində
böyük zəhmət
çəkib. Bir rejissor
kimi o, ilk növbədə
teatrın repertuar məsələsinə, seçiminə,
truppanın istedadlı
insanlardan təşkil
olunmasına çalışır.
Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa
da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox
sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu
gülüş, əsl
yumor olardı.
O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın
musiqisini, aktyorun ifasını səhnədə
təcəssüm etdirə
bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində
müxtəlif illərdə
və fasilələrlə
çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün
sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində
də səmərəli
fəaliyyət göstərib.
Onun hərtərəfli rejissor
kimi geniş yaradıcılıq imkanları
və potensialı var idi. Rejissor Opera və Balet Teatrında "Koroğlu", "Əsli
və Kərəm",
"Sevilya bərbəri"
kimi operalara da quruluş verib. Hətta
1957-ci ildə onu Türkmənistan Opera və
Balet Teatrına dəvət ediblər.
O, burada "Koroğlu"
operasını tamaşaya
qoyub. Keçmiş sovet məkanında
o həqiqətən çox
məşhur idi.
Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış
teatrşünaslar yüksək
fikirlər söyləyirdilər.
Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə
xidmət edən Ş.Bədəlbəyli kino
sənətinin də
inkişafında öz
əməyini əsirgəməyib. Hətta bir
sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak
edib. Bu gün də həmin filmlərə ("O qızı
tapın", "Axırıncı
aşırım", "Xatirələr sahili" və s.) baxanda Şəmsi Bədəlbəylinin
həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl
bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.
Ş.Bədəlbəylinin tamaşaları əlvanlığı,
cazibədarlığı, koloritliyi, forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. Musiqili Teatrın formalaşmasında,
aktyor truppasının
təkmilləşməsində Ş.Bədəlbəylinin xidmətləri
böyükdür. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların
yeni-yeni yaradıcılıq
keyfiyyətlərinin üzə
çıxıb formalaşmasında
Ş.Bədəlbəyli rejissor-pedaqoq
kimi müstəsna rol oynayıb. Bir rejissor kimi quruluş
verdiyi tamaşalarda tamaşaçıları güldürməyi,
düşündürməyi, bəzən də kədərləndirməyi bacaran
Şəmsi Bədəlbəyli
aktyor kimi də çox inandırıcı və
dərin təsir bağışlayırdı.
Mənsub olduğu millətin mədəniyyətinin, teatr
və musiqi sənətinin inkişafı
naminə yorulmadan çalışan Şəmsi
Bədəlbəyli Azərbaycan
mədəniyyət tarixində
silinməz iz qoyub. Bu səbəbdən də onun işıqlı
xatirəsi hər zaman xalqımızın qəlbində əbədi
yaşayacaq.
525-ci qəzet.- 2021.- 24 fevral.- S.9.