"Əjdər Olun vətənpərvərliyi,
Azərbaycan sevgisi misilsizdir"
ƏMƏKDAR
ARTİST AĞALAR BAYRAMOV: "BUNU YARADICILIĞINDA
XÜSUSİ YER TUTAN GÖZƏL
VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ DƏ
SÜBUT EDİR"
Dəyərli
bədii qiraət ustası, Əməkdar artist, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti Ağalar Bayramov müasir ədəbiyyatımızın
tanınmış nümayəndəsi, dəyərli şair
və nasir Əjdər Olun şəxsiyyətinə və
yaradıcılığına yaxından bələd olan sənətkarımızdır.
O, uzun illərdən
bəri mədəni tədbirlərdə, poeziya gecələrində
Əjdər Olun şeirlərini ürəklə, hərarətlə
səsləndirməklə həm öz ifasına, həm də
şairin yaradıcılığına böyük rəğbət
qazandırıb. A.Bayramov bizimlə söhbətində
sənətkar dostu ilə tanışlığından, onun
insani məziyyətlərindən və
yaradıcılığının özəlliklərindən
söz açdı.
- 1988-ci ildə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
Teatr sənəti fakültəsinin dekan müavini vəzifəsində
çalışırdım. Demək olar ki, hər
gün də efirlərdə idim. Bir
gün zəng gəldi, danışan Əjdər Ol idi.
Onun imzasıyla, publisistik yazılarıyla qiyabi şəkildə
tanış idim. Onda Əjdər
müəllim Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
işləyirdi. İş yerlərimiz
bir-birinə çox yaxın idi. İş
yerinə dəvət etdi, getdim. Çox səmimi
görüşdük, söhbət elədik, imzalı
kitabını verdi və əlyazma şəklində
şeirini çıxartdı. Dedi ki, mən sizi çoxdan
izləyirəm, sizin bədii qiraət sənətində
öz üslubunuz var. Sizin repertuarınız üçün
bir şeir yazmışam. Şeirin adı
"Hamı sənə can deyir". İlk
tanışlığımız bununla başladı və həmin
şeir çox sevildi, dillər əzbərinə
çevrildi. Bundan sonra biz Əjdər müəllimlə
dostlaşdıq, bu gün də dostuq, ölənə qədər
də dost qalacağıq. O şeirlə mən 2004-cü ildə
Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlılarının
Konqresində də çıxış etmişəm. 2005-ci ildə yenidən Kölndə, 2007-ci ildə
İsveçin paytaxtı Stolkholm şəhərində,
2008-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində
keçirilən tədbirdə ifa etdim. Bunlar
rəsmi dövlət tədbirləri idi. Ondan
başqa da hara getsəm, hamı məndən o şeiri istəyirdi.
O şeir dalğa-dalğa yayıldı.
- Onun daha
hansı şeirlərini səsləndirmisiniz?
- Azərbaycan
müstəqilliyini elan edəndən sonra sırf mənim
repertuarım üçün
"Gözaydınlığı", yaxud da "Azərbaycanım!"
şeirini yazdı:
Ölmədim
ağ gününü gördüm, Azərbaycanım!
Olsa da,
"yox,- deyəcəm, - dərdim", Azərbaycanım!
Çatdıq
azadlığa, biz arzulayan çağlardı,
Can fəda
eylədilər, can əvəzi sağlardı,
Mənim
arxam boyaboy cərgələnən dağlardı,
Çinarınla
yanaşı durdum, Azərbaycanım!
Ölmədim
ağ gününü gördüm, Azərbaycanım!
Bu şeir repertuarımda çox sevilib. Amma
1992-1994-cü illərdə görürdüm ki, bu şeiri
deyəndə bəziləri dodaq büzürlər. Çünki onlar şeirin mahiyyətini başa
düşmürdülər. Fikirləşirdilər ki,
nə ağ gün görmüşük
ki, torpaqlarımız işğal altındadır. Baxışlardan onu sezirdim. Amma hər
şeyin zamanı varmış. Elə ki,
Vətən müharibəmiz başladı, hər kəs məndən
o şeiri gözlədi.
- 44 günlük Vətən müharibəsi
zamanı da çıxışlarınızda Əjdər
Olun şeirlərinə yer verirdiniz?
- Əlbəttə, onun şeirlərinin yenə
də xüsusi yeri vardı. Vətən müharibəmizin
qızğın zamanlarında Beyləqanda, Milabad qəsəbəsindəki
yaralı döyüşçülərimizin
görüşünə getmişdik. Bir qrup ziyalı, eləcə
də mən və Əjdər Ol oradaydıq. Həmin
görüşdə yaralı döyüşçülərimiz
üçün o şeiri dedim. Əjdər Olun da gözləri
dolmuşdu. İnanın, həmin an onların imkanı
olsaydı, yaralı-yaralıb döyüşə gedərdilər.
Keçən il noyabrın 8-də Şuşaya
Bayrağımız sancılan gün məni bir hərbi hissəyə
dəvət eləmişdilər. 2-3 min əsgərin, zabitin
arasında bu şeiri dedim. Elə böyük coşquyla
qarşıladılar ki. Şeirdən sonra deyirdim ki, Ali
Baş Komandanımız, cənab İlham Əliyevin
döyüş tapşırıqlarını yerinə yetirməyə
hazırsınızmı? Dinləyənlər dəfələrlə
qışqırırdılar: "Hazırıq!" Bu,
Əjdər Olun həmin
"Gözaydınlığı" şeirinin vüsətindən
yaranmışdı.
Əjdər Olun qüdrəti, vüsəti
bundan ibarətdir. O, sözün ətəyindən tutub
qaldırandı, İlahi sözə qiymət verəndi.
Əjdər Ol yazdığı hər sözü, hər
misranı zərrə-zərrə içərisindən
keçirib. Onun "Bizim zamanımızda" şeiri var.
Son 10-15 ildə dəfərlərlə efirlərdə
demişəm:
Bizim zamanımızda Qarabağ əldən
gedib,
Bizim vaxtımızda da geri
qayıtmalıdır.
Namərdin nə vecinə, nə gedib, eldən
gedib,
Onun bir
azarı var: işi soyutmalıdır.
Əjdər
Olun poeziyası Məmməd Araz, Ramiz Qusarçaylı və
bir çox şairlərlə bərabər, mənim
yaradıcılığımda son 25 il ərzində
çox böyük yer tutub.
"İstiqlal" şeirini də mənim
repertuarım üçün yazıb Əjdər müəllim. Hər il
İstiqlal günümüzdə bütün tədbirlərdə
o şeir səslənir. Eyni zamanda, o şeiri Londonda,
Kanadının paytaxtı Ottavada, Sankt-Peterburqda, Almatada,
Moskvada ifa etmişəm:
Ey, salam tək hamıya söylədiyim,
İstiqlal!
Rəngini
yaxşı ayırd eylədiyim, İstiqlal!
Tən gəlir
qan çeşidim bayrağımın al qanına,
Nə
yapar cansız ölüm məsləkinin qəltanına,
Döşümü
qalxan edib girdim onun meydanına,
Öz
içimdən doğulub etdi zühur İstiqlal!
Sözdə
iş, işdə qürur, məncə,
budur İstiqlal!
Bu şeirləri neçə-neçə xarici ölkələrdə
mötəbər tədbirlərdə səsləndirmişəm. Təxminən 7-8 il öncə məni Yaroslavla dəvət
etmişdilər. Orda bu şeiri ifa etdim. Təxminən 400 nəfərlik zalın 150 nəfəri
ruslar idi. Oranın millət vəkili
Tereşkova da tədbirdəydi. Tədbirdən
sonra o, mənə yaxınlaşdı. Məni ona təqdim
etdilər. Dedi ki, mən sizin o şeirdə nə dediyinizi
anlamırdım, amma ifanızdan, emosiyanızdan anladım ki,
şeir də çox təsirlidir. Əjdər Olun vətənpərvərliyi,
Azərbaycan sevgisi misilsizdir. Bunu onun
yaradıcılığında xüsusi yer tutan vətənpərvərlik
şeirləri də sübut edir. "Qeyrət
məsələsi", "Soyadım, adım vətən"
şeirləri mükəmməldir. Əjdər müəllimdə
olan vətən qeyrəti, təəssübkeşlik, yurd
sevgisi, Azərbaycanın bütövlük arzusu kaş
çox insanlarımızda olaydı. Eləcə də
Əjdər Olun məhəbbət şeirləri də
tam fərqlidir, çox böyük təsir qüvvəsi
daşıyır:
Sevən ki eşqi yolunda
Ölmürsə, neynirsən onu?!
Gedib o dünyanı görüb
gəlmirsə, neynirsən onu?!
Ürəyini al əlinə,
Qoy düşməsin kal əlinə,
Toxunanda gül əlinə,
bilmirsə, neynirsən onu?!
Düşsən şərə, qalmaqala,
Xəbər göndər Əjdər Ola.
Əjdər gərək Əjdər ola,
Olmursa, neynirsən onu?!
Əjdər böyük ziyalıdır, dəyərli
qələm sahibidir. Onun publisistik yazıları da ən incə
tellərə toxuna bilən yazılardır. Ötən il
çıxan "Lo" romanının ilk əlyazmasını
mənə vermişdi. Çox təsirləndim. Orada
insanların, ölkəmizin, dünyanın taleyini çox
gözəl şəkildə qəlmə alıb. XX əsrin
son 20-30 ilini özünün həyat yolu ilə elə məharətlə
cilalayıb, elə gözəl araya-ərsəyə gətirib
ki, söz tapmaq mümkün deyil.
- Bilirik ki, Əjdər Olun təşkilatçılığı
ilə keçirilən, onun aparıcılıq etdiyi poeziya tədbirlərində
də müntəzəm çıxışlarınız
olub...
- 1962-ci ildən etibarən hər il
Şamaxıda Sabir poeziya günləri keçirilir. O
dövrdən bu vaxta kimi həmin poeziya günlərinə
böyük şairimiz Rəsul Rza, görkəmli alim Abbas
Zamanov, Xalq şairi Qabil rəhbərlik ediblər. Sonrakı dövrlərdə rəhmətlik
şairimiz Fikrət Sadıqın adı getsə də, xəstə
olduğu üçün tədbirləri Əjdər müəllim
aparırdı. Fikrət müəllim də rəhmətə
gedəndən sonra neçə illərdir ki, Əjdər
müəllim özü çox ləyaqətlə o tədbirləri
təşkil edir. Yəni o, həm də Sabir Poeziya
Günlərinin rəhbəridir. Mən də
artıq 16-17 ildir, həmin tədbirlərdə
çıxış edirəm. İndi həsrətlə
mayın 30-nu gözləyirəm ki, gözəl şairimiz, dəyərli
qardaşım yenidən o tədbiri davam etdirsin.
İnşallah, belə də olar. Əlbəttə, biz
dövlətin işinə qarışa bilmərik. Amma
Ağalar Bayramov kimi bircə şeyi inamla deyə bilərəm:
bu yaşıma kimi heç vaxt şəxsi və ya digər
məsələlərə görə bu cür müraciət
etməmişəm. Bu gün 67 yaşımda
ilk dəfə ölkə rəhbərliyinə, həmişə
humanist addımlar atan, insanpərvərlik və mərhəmət
nümunələri ilə yadımızda qalan dövlət
başçımıza üz tutaraq xahiş edirəm ki, hər
şey araşdırılana qədər Əjdər Ol
orada qalmasın. Heç olmasa, zaminə
götürülüb, ev dustaqlığına
buraxılsın. İnanıram ki, bütün qələm
sahibləri mənim bu xahişimə dəstəkdirlər.
Günlərdir, Xalq şairimiz Musa Yaqub xəstə halıyla
hər gün mənə zəng edir,
narahatlığını bildirir. Əjdər Ol Azərbaycan
dövlətçiliyinin, ədəbiyyatının
keşiyində duran fədakar vətəndaş və
istedadlı qələm sahibidir. Onun indiki vəziyyəti bizi
çox üzür.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 24 fevral.- S.14.