Niyazi Mehdi”:  "Elə bil, adımı çəkirlər, dönüb baxıram"

 

Bu ay Azərbaycanın görkəmli ziyalısı - alimi, filosofu, kulturoloqu, tənqidçisi, ədəbiyyatşünası, tərcüməçisi, yazarı Niyazi Mehdinin 70 yaşı tamam olur. Hərçənd, özü bu sayaq təqdimatları xoşlamır və yəqin ki, Novator.az saytının ondan 70 illik yubileyi münasibətilə götürdüyü müsahibənin eləcə "70 yaşlı Niyazi Mehdi ilə söhbət" şəklində təqdim olunmasına daha çox üstünlük verərdi. Amma fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi ilə söhbət heç vaxt elə-belə söhbət olmayıb, həmişə dərin mənalarla dolu olub. Bu söhbət də elə-belə söhbət deyil, Niyazi Mehdi ilə söhbətdir.

 

- Niyazi bəy, 70 yaş ahıl çağdır, yoxsa qocalıq çağı?

 

- Bu sözlərin fərqi məni heç vaxt ilgiləndirmədiyindən cavabını yaxşı bilmirəm. "Ahıl" farscadan gəlmə sözdür. Mən fars dilinə, mədəniyyətinə heyran olsam da, bizim türkcədə çox fars-ərəb sözünün işlədilməsini sevmədiyimdən "qoca"nı daha çox xoşlayıram. Ondan həm də "xoca" kimi gözəl söz çıxıb axı. Deyəsən, farslarda "xacə" də ondan törəmədir.

 

- Necə deyərlər, görə-görə gəlmisiniz, görmək, bilmək istədiyiniz daha nələr var?

 

- İstərdim əski dilləri bilim, tutalım, aramey dilini, akkadların dilini. İndiki ağlım gəncliyimdə olsaydı, o çağ öyrənərdim. İnternet bu məsələdə böyük imkanlar açır, asanlıqlar yaradır. Mənim gəncliyimdə o, olmadığından əski dilləri öyrənmək daha çətin idi. İndiki gənclərə görün nə imkanlar açılıb.

 

İnternet bizə çatanda əlli-filan yaşımız vardı, mən ondan maksimum faydalana bildim. Dostum Hikmət Hacızadənin həvəsinə kompüter alıb faydalandım. Bir-iki dostumu, məsələn, intellektual axtarışları ilə adamı mat qoyan Aydın Talıbzadəni mən də bilgisayar almağa həvəsləndirdim. Qabaqlarsa Mövlud Süleymanlını romanlarını birbaşa makinada yazmağa həvəsləndirmişdim.

 

İndi adamın ürəyi ağrıyır ki, nə qədər gözəl Azərbayan insanı kompüteri, mobil telefonları, interneti bilmədən dünyadan köçdü. Erməni ordusunu darmadağın etdiyimizi də bilmədən dünyadan köçdü - buna adamın ürəyi ağrıyır. Qocalığın bir üstünlüyü gec öldüyün üçün çox nəsnəni görməkdir, etməkdir. Yazıq o qocalara ki, zaman bilmədikləri, görmədikləri, etmədikləri yaxşı nəsnələri onlara gətirmir.

 

- Yazıçı, filosof Niyazi Mehdi, yoxsa sadəcə Niyazi müəllim?

 

- "Yazıçı" yox, qoca vaxtımda yalnız bir roman - "Altay və Umay" romanını yazmışam, orada da heç bir qoca müdrikliyini göstərməmişəm, şuxluq etmişəm. "Filosof" bilgəliyi, müdrikliyi sevən demək olduğundan "filosof"u üstümə götürərdim, ancaq boynuma almalıyam ki, yarımçıq filosofam.

 

Düzdür, yarımçılıqdan utanmağa gərəkməz, fəlsəfəyə böyük etgi göstərmiş Froyd (Freyd) fəlsəfə tarixini, tutalım, Kantı, Hiqeli (Hegel) heç də yaxşı bilmirdi, bəlkə də heç bilmirdi. Mən sanki strukturalizmi, poststrukturalizmi pis bilmirəm, ancaq fransız poststrukturalisti Lakanı öldür, heç cürə qana bilmədim. Axmaqcasına onu Levi-Stross, Derrida kimi yəhudi kökənli sayırdım, o da təmizcə fransız çıxdı. "Niyazi müəllim" sözünü heç vaxt sevmədim.

 

Adama "professor" sözü ilə müraciətdən də zəhləm gedirdi. Ancaq "Müsavat"da bir Niyazi də vardı, ondan ayırmaq üçün mənə "professor" deməyə başladılar. O qədər dedilər ki, öyrəşdim. İndi yanımda "professor" çağıranda elə bil, adımı çəkirlər, dönüb baxıram.

 

- Mütləq həqiqətin haradan başlayıb harada bitdiyi barədə min illərin mübahisəsi hələ də davam edir. Gəlin bu dəfə yalandan söz açaq. Yalan nədir? Nisbi anlayış, təhkiyə, yoxsa əsl həqiqəti gücləndirən arqument?

 

- Sizin mütləq həqiqətlə bağlı nikbinliyinizə heyranam, ancaq mütləq yox, hətta nisbi həqiqətlə bağlı da məndə pessimizm var. Gerçəyi Uaythed adında gözəl bir filosof loru deyimlə belə açmışdı: həqiqət düzgün təsəvvürdür. Yəni sənin şürun, bilincin güzgü kimi bir nəsnədir, orada şəkillər düzdürsə, gerçəkdir. Ancaq bilinc, axı, heç "yönnü" güzgü də deyil. Güzgü enli, uzun nəsnəni göstərmək üçün özü enli, uzun olmalıdır. Tük kimi ensiz güzgü adamın üzünü necə göstərə bilər?! Başımızdakı bilincinsə nə eni, nə uzunluğu var, yəni laməkandır, ona görə ağacı uzunluğu olduğundan doğramaq olar, ağac anlayışının, təsəvvürünün özünüsə doğramaq olmaz. Şüur özü doğranmadan doğranmış ağacı göstərə bilər. Paradoks odur ki, bilincimiz eni olmadan enli nəsnələri göstərir. Necə? Düzgün təsəvvürə yönəlik çoxlu suallardan biri odur.

 

O ki qaldı yalana, nə olduğu aydındır. O, adamları gerçəkdən azdırmaq üçün icad olunub. Çətin məsələ ortaya çıxır - sənət yalan kimi açılanda. Yalan, axı, hətta realist sənətin də nəliyində, necəliyində iştirak edir. İkiüzlülüyün əsasında yalan durur. O biri yandan ikiüzlülük, riya mədəniyyətin özülündədir. Sən yaxşı adamsansa, qanın qara olanda belə ikiüzlülük edib camaatla üzügülər görüşməlisən. Bəs siyasət? Yalansız siyasətmi olar?! Bizdə hamı yalanı pisləyir, ancaq hamı da dostuna, uşağına yalanın mətnini verir. Məsələn, belə: müəllimə deyərsən ki, atam xəstələndiyindən dərsi oxumamışam.

 

Mənim bir kitabım var: "Çətin və dolaşıq durumların kulturolojisi". Onun özətini belə verərdim: mədəniyyət çətin və dolaşıq durumları törədib sonra da onların çözümünü verən makinadır (yəni maşındır). Mədəniyyətdə yalan, yanıltma çətin və dolaşıq halları yaradan vasitədir, deməli, kültürü kültür edən mexanizmlərdən biridir.

 

- İnsan 2400 il qabaq Platonu düşündürən "Varlıq nədir?" sualına cavab tapa bilibmi?

 

- Platondan qabaq Parmenid bunu tapmaca etmişdi. O çağdan indiyənəcən çox ağıllı yozumlar, varlıq öyrətiləri olub, ancaq heç biri yetərli olmayıb. Doğrudan da, bu "dır/dir/dur/dür" şəkilçiləri prediktavlik göstərici kimi isimə, sifətə nə artırır ki, onlar var olanlar kimi qavranır? Mən bir kitabımda "varmaq", yəni içinə girmək feilindən itələnərək yazmışdım ki, nəsə ilişgilər şəbəkəsinə varanda, ora "yazılanda" var olur. Ancaq belə açıqlamalar qara materiya, qara enerji qabağında heç olur. Belə olanları anlamağa, anlatmağa mənim gücüm çatmaz. Deyəsən, heç fiziklərin də gücü çatmır.

 

"De nihilo nihil" - heç nədən heç nə. Əski Roma filosofu Lukretsidir bu formulanı verən. Ancaq İbrahim dinlərində (səmavi dinlər demək düz deyil, Daosizm də, Konfutsi də səmavidir, çünki Çində Göylə bağladılır qutsallıq), bax, İbrahim dinlərində varlıq heçdən doğur. Hiqel bu formuladan qurtulmaq üçün varlığı Tanrıdan, yəni Mütləq İdeya və Mütləq Kutdan (Ruhdan) çıxarır. Belə çıxır ki, Tanrı, Savaof, Allah da dünyanı heçdən yox, Sözdən, Özündən yaradır. Bu üzdən mənim ağlıma ideya gəlmişdi ki, bəlkə biz Tanrının düşüncələriyik?! Xeyli sonralar fransız poststrukturalisti Derridadan oxudum ki, Kafkaya görə biz Tanrının nihilist düşüncələriyik.

 

Çağdaş fizikada qara materiya, qara enerji varlığın təməlində durur. Qara materiya varlıqdırsa, nə anlamda varlıqdır? Heç kim deyə bilmir. Bax, Varlıq belə tapmacalar doğurduğundan fəlsəfəni girinc edən nəsnədir, yəni nəsədir.

 

- Bu yaxınlarda dostum zarafatla söylədi ki, o, ağacdan düşən bir almanın Nyutona ideya verdiyini nağıl hesab edir, hətta gülüb: "Onda gərək bütün bağbanlar filosof olaydı" dedi. Nyuton öz kəşfi ilə fizikanın fəlsəfəsini yaratdı, elə deyilmi?

 

- Dostunun zarafatı elə də fəlsəfi deyil. İkinci Dünya savaşından bir az qabaq ünlü fizik Kapitsa xarab olmuş, heç kimin işə salammadığı çox mürəkkəb qurğunu bir çəkic zərbəsi ilə işə salmışdı. "Nə asanmış" deyənlərə anlatmışdılar ki, o, çəkici hansı nöqtəyə vurmağı bildiyindən bunu bacarmışdı. Əgər alma məsələsi mif deyilsə, Nyutonun başına düşən alma Kaptsa çəkici kimi idi, başı isə mürəkkəb cihaz.

 

- Gələcəyimiz necə olacaq, Niyazi bəy? Yüz ilin düşmənindən dost olarmı? Bir çox dövlətlər bizi inandırmağa çalışır və ermənilərlə mehriban olmağı tövsiyə edirlər.

 

- Dünya çapında fəlakət olmasa, hər halda Ermənistandan, Gürcüstandan, Dağıstandan ya bir qədər yaxşı, ya da bir az pis olacaq gələcəyimiz. Ancaq 44 günlük müharibədəki qələbəmiz göstərdi ki, gələcəyimiz hamısından yaxşı olacaq. Mən gələcəyimizlə ilgili bədbinlik geniş yer alanda, 10-15 il qabaq yazmışdım ki, Azərbaycanı pul düzəldəcək. Ermənistan üzərində qələbəmiz bunu doğruladı. Sözsüz, pul axmaq əllərdə biabırçı işlər görür, ancaq pul qazanmaq rəqabəti olanda bu yarış ağıllı adamları meydana salır.

 

Ermənilərlə gələcək ilişgilərimiz haqqında. Tomas Mann uşaqlarının fransızlarla dostluq etdiyini biləndə mat qalmışdı ki, bizim vaxtlarda belə nəsnələr olmazdı. Bizansda yunanların ermənilərdən o qədər zəhləsi gedirdi ki, onların qabını murdar sayıb o qabdan su içmirdilər. Sonralar ermənilərlə yunanlar yaxın uluslar oldu. 1990-cı ildə Vaşinqtonda olanda elçiliymizin bir işçisi demişdi ki, Amerikada erməni lobbisini yunan lobbisinin dayağı güclü edir.

 

Ermənilər ayaqlarını yorğanlarına görə uzadandan - buna alternativləri yoxdur, - kin-küdurət də yavaş-yavaş gedəcək. Mehriban olmaq yox, nəzakətli olmağı öyrənməliyik. Ən sərt sözləri də nəzakətlə, nazikcəsinə demək olar. Gələcəkdə biz erməni rəsmiləri ilə daşürəkli nəzakətlə davranacağıq.

 

20 il qabaq bir məqalədə yazmışdım ki, bir dövlətin siyasəti ilə bağlı "gör nə axmaqdırlar" biçimində düşüncə yürütmək düz deyil (belə yazan "analitiklərimiz" o çağ çox idi). Çünki hər dövlətin ekspertləri, kəşfiyyatı axmaq siyasəti imkansız edir. Ancaq şahmatdakı kimi dövləti də uduşa aparan gedişi olur. Dövlət gediş edib ondan gələcək uğurları çıxarmağa gücü, resursu çatmayanda uduzmuş olur. Uduzma sonrakı proseslərdən görünməyə başlayır. İndi ermənilər də "Miatsum"u başlayanda sanki yaxşı fürsət və gələcəyi olan imkanlar bulmuşdular. Sonrakı 20-30 il göstərdi ki, düz hesablamayıblar. Elə coğrafiyaları, insan resursları, təbii sərvətləri olan dövlətin ağlı olsa, qonşuları ilə pişim-pişim edər. Türkiyə kimi böyük və güclü dövlətlə başından böyük qələt eləməz.

 

Erməniləri özlərini İsrailə oxşatmaları da bir az çaşdırdı. Bu anlamda son tarix erməni siyasətinin öz imkanlarını proqnoz etmək baxımından naşılığını göstərdi. Bu üzdən biz erməni bicliyini çox şişirdirik. Elə indiki diskussiyaları da göstərir ki, onların çox "analitiklərinin" səviyyəsi elə bizim qışqırıqçı siyasilər qədərdir.

 

- Siz orta təhsilinizi Ağdamda almısınız. Bu gün necə, Ağdam sizə əlçatan görünür, yoxsa?..

 

- Ağdamda ikinci sinfə qədər oxumuşam. Bu gün Ağdam mənə əlçatan görünmür, sağlamlığım elədir ki, tikilən, məskənləşən Ağdamı görə biləcəyim sual altındadır. Ancaq arzulardım ki, oğlanlarımın orada - Seyidli kəndində, ya Sarıtəpədə, ya da Sarcalıda evləri olsun. Özlərinə demişəm, imkanları olsa, torpaq alıb tikəcəklər.

 

Çox qəribədir, mənim oğlanlarım bakılı kimi böyüyüblər, ancaq xeyli sonra gördüm ki, onların kimliyində ağdamlılıq güclü şəkildə iştirak edir. Alman qızından olan oğlum Ştefan da Ağdam, Qarabağ haqqında xeyli bilgilidir. Qabaqca qorxurdum ki, çox avropalı kimi, o da Qarabağ qələbəmizi qəbul etməyəcək. Söhbətdən anladım ki, pandemiya bitəndən sonra ya mənimlə, ya qardaşları ilə məmnuniyyətlə Ağdama, Şuşaya, Turşsuya gedəcək. Hamısından ona vaxtı ilə çox danışmışam.

 

- Müharibələrdən qurtulmayan dünyanı daha bir bəla sardı. Koronavirus demək olar hər gün can alır. Qlobal pandemiya hamıya dərd-ağrı yükləyib. Böyük dərdin fəlsəfəsi də böyükdür yəqin...

 

- Böyük dərdin fəlsəfəsi böyük dərdin musiqisi, romanı, kinosu qarşısında uduzur. Bizə erməni saldırqanlığı, vəhşiliyi, Qarabağ savaşının dəhşətləri ilə bağlı sarsıdıcı, yəni öncə sarsıdan, sonra katarsis gətirən film, musiqi, roman gərəkdir. Buna gücümüz çatan sənətkarlarımız peyda olacaqmı? Məncə, olacaq. Ən azı texnologiya imkan verəcək ki, böyük pullar xərcləmədən Hollivudsayaq filmlər çəkilsin. Sözsüz, söhbət 20-30 il sonranın texnolojisindən gedir. Pandemiyalar, soyqırımlar, qanlı savaşlarla bağlı dünya çapında fantastik sənət əsərləri var. Ancaq dünya fəlsəfəsinin bu konularda uğurları sənətə baxanda böyük deyil.

 

Oqtay QORÇU

 

525-ci qəzet.- 2021.- 24 fevral.- S.15.