Təhsildə müasirləşməyə mühüm töhfə - "Rəqəmsal bacarıqlar" layihəsi

 

 

 

Son illərdə təhsil sahəsində aparılan islahatlar, yeniliklər rəqabətli, müasir səriştə və bacarıqlara malik təhsilalanların, dövrün mövcud çağırışlarına adekvat cavab verən mütəxəssislərin hazırlanmasında əhəmiyyətli faktora çevrilir.

 

Bu baxımdan, bəhs olunan hədəflərə çatmaq üçün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində son illər ölkəmizin ümumi təhsil sistemində uğurla tətbiq edilən "Rəqəmsal bacarıqlar" layihəsinin rolu danılmazdır. "Rəqəmsal bacarıqlar" layihəsinin təhsil prosesində müasir informasiya texnologiyalarının tətbiqi baxımından əhəmiyyəti getdikcə artır. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

 

"Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimovanın sözlərinə görə, bu gün informasiya cəmiyyətinin və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Belə ki, artıq informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi inkişafın ən önəmli amili kimi çıxış etməkdədir. Bunu nəzərə alaraq, son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsinin də informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində əsas istiqamətlərdən biri də məhz dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır: "Bunun üçün isə XXI əsrin tələblərinə uyğun müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait əsas cəhətlərdir. Təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməlidir. Qeyd olunanları rəhbər tutaraq, "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində uşaqların məktəb yaşlarından alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirməyə, eləcə də onlara proqramlaşdırma əsaslarını aşılamağa çalışırıq".

 

N.Rəhimova bildirib ki, 2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqinə başlanılıb. Layihə artıq dörd ildir ki, Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. İlkin olaraq, layihə Bakı şəhərində 45 məktəbdə 5-ci sinif üzrə 65 min şagirdi əhatə edib. 2018-2019-cu tədris ilində ölkə üzrə daha 73 məktəbdən 26 min şagird layihəyə cəlb olunub. 2019-2020-ci tədris ilində isə layihə artıq ümumi 123 məktəb üzrə 70 min IV, V, VI və VII sinif şagirdlərini əhatə edib: "Cari tədris ilinin statistik göstəricilərinə əsasən bildirim ki, ölkə üzrə layihənin əhəmiyyətini, uğurlu tətbiqini, eləcə də ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq, layihənin əhatə dairəsi həm coğrafi, həm də müəllim və şagird sayı baxımından genişləndirilib. Hazırda "Rəqəmsal bacarıqlar" layihəsi Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir şəhər və rayonları üzrə 222 məktəbdə tətbiq edilir və 120 minədək II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini əhatə edir. "Alqoritmika" beynəlxalq təhsil şirkətinin peşəkar metodist və məzmun heyəti tərəfindən yeni üsullar və ən innovativ metodlardan istifadə etməklə hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. 2020-2021-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsil alan VII, VIII və IX sinif şagirdlərinə artıq yüksək səviyyəli "Python" proqramlaşdırma dili üzrə dərslər keçirilir. Bütün məktəblərdə dərslər zamanı şagird və müəllimlər tərəfindən istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üçün İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib, Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunmuşdur".

 

Onun dediyinə görə, bu illər ərzində məktəblərdə layihə çərçivəsində informatikanın yeni formatda tədrisi ilə yanaşı, müxtəlif yaş qrupları üzrə şagirdlər üçün həm beynəlxalq, həm də yerli müsabiqələr və tədbirlər keçirilib. Məsələn, 2019-cu ildə ölkədə layihə çərçivəsində "Kod saatı" qlobal hərəkatı üzrə irimiqyaslı tədbirlər həyata keçirilib. Tədbirlərə qatılan 3 mindən çox şagird "Scratch" - xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə edib. "Kod saatı" hərəkatının məqsədi şagirdləri proqramlaşdırmanın maraqlı, asan və əlçatan olması barədə məlumatlandırmaq olub. Çoxsaylı beynəlxalq müsabiqələr və tədbirlərlə yanaşı, layihə çərçivəsində ötən ilin dekabr ayında proqramlaşdırma və riyaziyyat üzrə "Qış onlayn yarışı" təşkil olunub: "Ölkə üzrə ümumi təhsil müəssisələrinin 8-15 yaş arası məktəbliləri üçün nəzərdə tutulan yarışma şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda, proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb. Ümumilikdə yarışa bütün bölgələrdən 18 minə yaxın şagird qoşulub. Bu tip yarış və müsabiqələrdə şagirdlər biliklərini möhkəmləndirməklə yanaşı, yaradıcılıq bacarıqlarını da fəal şəkildə nümayiş etdirirlər".

 

 

 

N.Rəhimova qeyd edib ki, layihənin əsas məqsədi olan "İnformatika" fənninin tədrisinin təkmilləşdirilməsi və fənnin tədrisində yeni yanaşmanın tətbiqi şagirdlərdə analitik düşüncə tərzi, məntiqi təfəkkür, XXI əsr bilik və bacarıqları, kodlaşdırma, təşəbbüs göstərmə, müstəqil və komandada çalışma kimi vərdiş və səriştələrin inkişafına nail oluruq. Gələcək nəslin hərtərəfli inkişafı və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi bu günün təhsilindən asılıdır: "Bu illər ərzində müşahidəmizə əsasən deyə bilərik ki, layihədə iştirak edən şagirdlər yüksək texnoloji ixtisaslara daha çox maraq göstərir. Şagirdlər arasında keçirilən sorğuları və müsahibələri təhlil etdikcə, onlar tərəfdən marağın artırılmasında layihənin rolunun böyük əhəmiyyət kəsb edildiyi ortaya çıxır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər.

 

Şagirdlər tərəfindən informatika fənni üzrə yeni məzmunun mənimsənilməsində müəllimlərin rolu danılmazdır. Hazırda 13 mindən çox müəllim heyəti 120 minə yaxın Azərbaycan və rus bölmələrində təhsil alan II-IX sinif şagirdinə informatika fənnini yeni formatda tədris edir. Müəllim heyəti tədris ili ərzində peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi və layihə çərçivəsində tədris olunan məzmunun öyrədilməsi məqsədilə, mütəmadi təlim və vebinarlara cəlb olunur. Onu da qeyd etmək lazımdır ki, müəllimlərin keyfiyyət göstəriciləri ildən-ilə artır".

 

O bildirib ki, yeni tədris ilinin başlanması qərarının elan edilməsinə qədər layihə üzrə hər iki formatda tədris üçün hazırlıq işləri aparılıb. Həm ötən ilin mart ayından etibarən uğurla başladığımız onlayn tədris formatı, həm də adi - ənənəvi formada. Məsafədən tədrisə davam etmək üçün layihə çərçivəsində bir sıra işlər aparılıb. Şagirdlərin tədrisini distant formatda təşkil etmək üçün layihənin platforması yeni formata uyğunlaşdırılıb. Platforma şagirdlər üçün daha əlçatan olması üçün sadələşdirilib, hər dərsə uyğun nəzəri materiallardan ibarət ətraflı təqdimat və video izahlar platformada yerləşdirilib. Bu da şagirdlərin mövzuları daha dərindən mənimsəməsinə kömək olub. Həmçinin, layihənin müəllimləri üçün distant formada tədrisin aparılmasına dəstək məqsədi ilə əlavə vebinarlar təşkil olunub: "Qeyd etmək istərdim ki, pandemiya ilə bağlı vəziyyətə baxmayaraq, planlaşdırıldığı kimi, layihənin yeni tədris ilində əhatəsi genişləndirildi. Cari tədris ilində layihəyə 100 yeni məktəb qoşuldu. Yeni məktəblərdə layihənin tətbiqi prosesinin düzgün qurulması və mərhələli icrası məqsədilə mütəmadi görüşlər təşkil olundu. Eyni zamanda, dərs proqramları təkmilləşdirilmiş, şagirdlər üçün platformada əks olunan materialların daha dərin səviyyədə mənimsənilməsinə imkan verəcək yeni alətlər hazırlanmışdır. Layihə çərçivəsində keçirilən dərslərdə şagirdlərin daha da fəal olmasını təmin etmək məqsədilə məktəblərə təhlil hesabatları təqdim edilir. Təhlil sənədində əks olunan göstəricilərə əsasən məktəblər şagirdlərin fəaliyyətini izləyə və vaxtında yaranmış çətinlikləri aradan qaldıra bilərlər. Şagirdlərin fəallığında artım müşahidə olunur. Şagirdlərin vahid platforma üzərindən layihə üzrə fəaliyyətlərinin davam etdirilməsi üçün "Rəqəmsal bacarıqlar" layihəsinin platformasını "Virtual məktəb" portalına inteqrasiya etdik. Layihə üzrə əyani və distant dərslərlə yanaşı, həm Azərbaycan, həm də rus bölmələri üçün teledərslərin yayımı da davam etdirilir. Bu günə qədər layihə çərçivəsində 280-dən çox teledərs efirə gedib. Qeyd edim ki, hazırda layihə çərçivəsində tədris olunan məzmun üzrə dərsliklərin elektron dərslik portalına yerləşdirilməsi üzrə işlər aparılır. Ümumilikdə qeyd edim ki, "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiq olunduğu məktəblərin müəllim və şagirdləri yeni distant formada dərslərin keçirilməsinə daha asan adaptasiya olublar".

 

N.Rəhimovanın sözlərinə əsasən, hazırda layihənin genişləndirilməsi istiqamətində planlaşdırma işləri aparılır, strateji məsələlər müzakirə olunur və hədəflər müəyyən edilir. Belə ki, cari ilin pilot II və IX siniflərində layihə rus bölməsinin şagirdləri üçün tədris olunurdu, növbəti tədris ilində isə bu iki sinif üzrə Azərbaycan bölməsinin şagirdləri də layihəyə qoşulacaq. Mövcud məktəblərdə siniflərin sayının artırılması ilə yanaşı, artıq layihəyə qoşulan 9 şəhər və rayonlarla məhdudlaşmırıq, informatika fənninin tədrisində yeni yanaşmanı yeni bölgələrdən olan daha çox məktəblərdə tətbiq etməyi planlaşdırırıq. Pandemiya ilə bağlı vəziyyətə uyğun olaraq, şagirdlər üçün beynəlxalq səviyyəli, eyni zamanda, milli yarışların təşkili, müəllimlər üçün beynəlxalq seminar və təlimlərdə iştiraklarının təmin olunması nəzərdə tutulur.

 

Sevinc QARAYEVA

 

525-qəzet.- 2021.- 24 fevral.- S.17.