"Kitabi-Dədə Qorqud" anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıc
mərhələsi kimi
"
"Kitabi-Dədə Qorqud" adı altında yazılı mətn şəklində
bizə gəlib çatmış "Dədə
Qorqud" eposu Azərbaycan milli bədii düşüncə
tarixinin onurğa sütununu təşkil edir.
Bu epos müasir milli şüurda "Azərbaycan"
adı ilə işarələnmiş bədii
sistemin "nüvəsi"
kimi çıxış
edir: ədəbiyyat tariximiz özünün bütün struktur səviyyələrində "Dədə Qorqud" eposuna fokuslanmaqla öz bədii kimliyini onda qorunan milli-identifikativ kodlar sisteminə əsaslanaraq müəyyənləşdirir.
"Qorqud" eposu Azərbaycanda ədəbiyyatın
tarixi ilə Azərbaycan ədəbiyyatının
tarixini vahid ədəbi-bədii düşüncə
sistemində qovuşdurmaq,
Azərbaycan insanının
üzərində gəzdiyi və yaddaşında gəzdirdiyi "ana torpaqda" fasiləsiz şəkildə yaratdığı
ədəbiyyatın real kosmoloji
kontinuumunu müəyyənləşdirmək
üçün müasir
ədəbi şüur
tarixçisinə milli-bədii
identifikasiya modelini verir. Bu, müasir Azərbaycan filoloji-estetik fikrinin patriarxı Yaşar Qarayevin yazdığı kimi,
"Kitabi-Dədə Qorqud"un
"xalqın qan və gen yaddaşı",
"bədii və genetik arxetipi", "mənəvi intibahın simvolu, milli heysiyyətin və özünüdərkin sənədi"
olmasının təzahürüdür.
Təsadüfi deyildir ki,
"Dədə Qorqud"
dastanı akademik
İsa Həbibbəylinin bu
yaxınlarda nəşr
olunmuş "Kitabi-Dədə
Qorqud": yazılı
epos və ya epopeya" monoqrafiyasında
da (Bakı, "Elm", 2020, 280 s.) Azərbaycan milli-ədəbi şüur
tarixi üçün
son dərəcə aktual
olan bir məsələnin - "anadilli
Azərbaycan yazılı
ədəbiyyatının başlanğıcı"
probleminin həlli modeli kimi götürülmüşdür.
Monoqrafiyaya yazdığı ön
sözdə onun "qorqudşünaslığın tamamilə yeni və başqa, çox mühüm mərhələsini təşkil
etdiyini" göstərən
yazıçı Anarın
vurğuladığı kimi,
"İ.Həbibbəylinin araşdırmasında "Dədə
Qorqud"un açılmamış
"üç ən
əsas sirrinin" cavabı tapılır:
1. Əsərin yaşı, yəni yaranma tarixi;
2. Əsərin yaradıcısı,
müəllifi;
3. Əsərin janrı - daha dəqiq desək, "Kitabi-Dədə
Qorqud"un yazılımı, şifahimi
ədəbiyyata aid olması.
Öz növbəmizdə qeyd edək ki, dörd
fəsildən ibarət
olan monoqrafiyada bütün bu məsələlərin hamısından
geniş şəkildə
bəhs olunur, lakin əsərdə müəllifin diqqəti əsas olaraq bir nöqtəyə -
"anadilli Azərbaycan
yazılı ədəbiyyatının
başlanğıcı" probleminə yönəlmişdir.
Bütün digər məsələlər onların
qoyuluşu, yanaşma
üsulları, təhlil
aparatı, analitik emalı, nəzəri-metodoloji
aprobasiyası və sair baxımından "Kitabi-Dədə Qorqud"un
anadilli Azərbaycan ədəbiyyatı müstəvisində
şifahi bədii düşüncə kodundan
yazılı koda keçid (daha dəqiq desək, diferensiasiya) mərhələsini
təşkil etməsinin
əsaslandırılmasına xidmət edir. İsa Həbibbəylinin bir müəllif kimi bütün diqqəti bu mərhələyə yönəldiyi üçün
əsərin bütün
məzmunu, strukturu və s. bu əsas
ideyanı gerçəkləşdirir.
Azərbaycan humanitar-filoloji fikir
tarixində "Kitabi-Dədə
Qorqud"un "anadilli
Azərbaycan yazılı
ədəbiyyatının başlanğıcı"
olması ideyasının
"monoqrafik tarixi"
var. Akademik Kamal Abdulla həmin
ideyanı 1991-ci ildə
çap etdirdiyi "Gizli-Dədə Qorqud"
kitabında "mif və yazı" müstəvisinə gətirmiş,
onilliklər boyunca təkrar-təkrar aprobasiya
etmiş və nəhayət, onu 2009-cu ildə "Mifdən Yazıya..." paradiqması
şəklində sabitləşdirmişdi.
Akademik Nizami Cəfərov sözü gedən ideyanı 1999-cu ildə çap olunmuş kitabının adında "Eposdan kitaba" şəklində
təcəssüm etdirmiş,
"Kitabi-Dədə Qorqud"
dastanını şifahi
eposdan yazılı ədəbiyyata keçidin
poetikasını özündə
əks etdirən abidə kimi səciyyələndirmişdi.
Qeyd edək ki, "Dədə Qorqud" dastanı üç akademikin hər birinin yaradıcılığında
iki bədii özünüifadə kodunun
- şifahi və yazılı "ədəbiyyatların"
birindən o birinə
keçid prosesi, qarşılıqlı təmas
(diffuz) sahəsi və diferensiasiya mərhələsində götürülmüşdür.
Kamal Abdulla üçün "Kitabi-Dədə Qorqud"
özündə mif və yazı təfəkkür tiplərini
qovuşduran abidədir. Müəllifə görə, mifologiya "yaşayış üsulu",
"fəlsəfi-etik, hüquqi-normativ
sistemdir". Bu halda "yazı" mifdən boy atan, ondan diferensiasiya edən və zamanla müstəqilləşən,
"başqalaşan" sistemdir.
Kamal Abdulla onilliklər boyunca
inkişaf etdirdiyi tədqiqatında ortaq genetik korrelyativ əsasa malik "mif" və "yazı" kodlarının
qarşılıqlı münasibətlərini
dastanın bədii strukturunun makro və mikro elementləri
səviyyəsində funksionallaşmış
dinamikasını modelləşdirməyə
çalışmışdır.
N.Cəfərov üçün "Kitabi-Dədə
Qorqud" epik potensiyanın tarixi-mədəni
transformasiyasının sistemlərarası
poliqonudur. Eposu, "sadəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər
verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü
bütövlükdə ifadə
edən möhtəşəm
dastan - potensiya" hesab edən müəllif yazılı
"Kitabi-Dədə Qorqud"
ilə şifahi "Dədə Qorqud"a epos potensiyasının
diferensial təkamülü,
transformativ hərəkəti
kimi yanaşmışdır.
Göründüyü kimi, K.Abdullanın yanaşmasında
"çıxış" nöqtəsi mif, N.Cəfərovun çıxış
nöqtəsi "epos potensiyası"
olduğu halda, İsa
Həbibbəylinin yanaşmasında
bu çıxış
nöqtəsi, baxış
mövqeyi "yazılı
ədəbiyyat" konseptidir.
Qeyd edək
ki, "Kitabi-Dədə
Qorqud" buna qədər İsa Həbibbəylinin
"Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası
və inkişaf mərhələləri" monoqrafiyasında
da (2019) anadilli ədəbiyyatın
inkişaf dinamikasının
modelləşdirilməsində mühüm yer tutur. Bu cəhətdən,
müəllifin bu yeni monoqrafiyası da, əslində, sözü
gedən konsepsiyanın
reallaşdırılmasına xidmət edir.
Monoqrafiyanın bütün ideyası onun ""Kitabi-Dədə
Qorqud" şifahi və yazılı ədəbiyyat abidəsi kimi" adlanan birinci fəslində konsepsiyalaşdırılmışdır. Eposu dastan-epopeya hesab edən müəllifə
görə, şifahi
xalq ədəbiyyatı
"Kitabi-Dədə Qorqud"un yaranması üçün başlanğıc
və mühüm hərəkətverici qüvvə
funksiyasını yerinə
yetirmişdir.
İ.Həbibbəylinin bu yanaşması eposa "şifahi ədəbiyyat" paradiqmasından
baxışdır. Başqa sözlə,
şifahi xalq ədəbiyyatı özünün
bütün mətn materialı və janr sistemi ilə
bu möhtəşəm
dastan-epopeyanın yaranmasını
şərtləndirir. Bu cəhətdən, müəllifin yanaşmasında
"Dədə Qorqud"
dastanı bir tərəfdən epik janrın təkamülünün
zirvəsi, o biri tərəfdən bütün
şifahi bədii düşüncə sistemini
özünə konsentrasiya
edən epik nüvə statusunda təqdim olunur. Beləliklə, "Dədə Qorqud" epik nüvəsi Azərbaycan şifahi bədii düşüncə sisteminin
mərkəzi elementi kimi həmin sistemi təşkil edən digər janrları öz ətrafında düzməklə
vahid qalaktik sistem yaratmışdır.
İ.Həbibbəyli dastanın
bu sistemyaradıcı
funksiyasının xalqın
ictimai şüurunun müqəddəs dəyərlər
ilə müəyyənləşdiyini
göstərərək yazır:
"Kitabi-Dədə Qorqud"da
dini etiqad baxımından üç
istiqamət hiss olunur:
Totemizm, Tanrıçılıq
və İslam".
Müəllifin bu fikri ilk baxışdan
sadə bir yanaşma kimi görünsə də, əslində, burada dastanın ictimai şüur kontekstində nə dərəcədə
böyük əhəmiyyət
kəsb etdiyi nəzərə çarpdırılır. Belə
ki:
Totemizm
- mifoloji düşüncə
sistemini,
Tanrıçılıq - mifoloji-dini düşüncə
sistemini,
İslam - səmavi dini
düşüncə sistemini
əks etdirən düşüncə laylarıdır.
Azərbaycan ictimai şüur
tarixinin bu inkişaf mərhələlərinin
"Kitabi-Dədə Qorqud"
dastanının poetik
strukturunda düşüncə
layları şəklində
obrazlaşması sözü
gedən eposun milli ictimai şüurun
həm bədii proyeksiyası, həm də həmin şüurun funksionallaşdığı
düşüncə proqramı
(aparatı) olduğunu
göstərir. Başqa
sözlə, tarixi azərbaycanlının ətraf
aləmlə (gerçəkliklə)
münasibəti "Dədə
Qorqud" düşüncə
sistemindən keçməklə
reallaşır. Etnosun
bütün sakral davranış sxemlərini
özündə proyeksiyalandıran
dastan dünya modeli kimi bütün
sosiumun və onun hər bir
fərdinin universal düşüncə sistemi
rolunu oynayır. Akademik İsa Həbibəyli də
"Kitabi-Dədə Qorqud"u
məhz bu paradiqmada götürərək,
onu "Azərbaycan yazılı ədəbiyyatının
ilk ədəbi abidəsi" statusunda
"rekonstruksiya" edir.
Seyfəddin Rzalı
525-ci qızet.- 2021.- 24 fevral.-
S.18,21.