Mən Aqil Abbası belə tanıyıram...
BDU Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Aqil Abbas çox
yaxından tanıdığım
səmimi bir Azərbaycan ziyalısıdır. Düşündüyünü deyən, həmişə
xalq içərisində
olan, xalq dilində danışan, pafosdan uzaq bir
insandır.
Aqil Abbas "Ədalət"
kimi millətə doğma bir qəzetin yaradıcısı,
yüksək peşəkarlığı
ilə nümunə olan jurnalistdir. Aqil Abbas öz
jurnalistikası ilə
bir məktəb səviyyəsinə yüksələn,
klassikamıza dərindən
bələdliyi və
yüksək sevgisi ilə seçilən bir sənətkardır.
O, öz yaradıcılığında
filologiyanı və jurnalistikanı birləşdirərək
bədii və publisistik sözün klassikaya düşəcək
nümunələrini yaradır.
Onun tez-tez qələmə aldığı satirik, yumoristik hekayələri bugünkü gəncliyimizin
təmiz dünyasını
formalaşdırmağa xidmət
edən əsl maarifçilik nümunələridir.
Aqil Abbas bədii
yaradıcılığında nə qədər duyğuludursa, jurnalistika və publisistikasında o qədər sərt və qorxmazdır. Aqil Abbas hər
cür kürsüdən
öz sözünü
cəsarətlə deyən
xalq tribunudur. O, millət vəkilidir, sözün həqiqi mənasında millətin
vəkilidir. Təkcə seçildiyi dairənin
yox, hər bir azərbaycanlının
vəkilidir. Bu millət vəkilinin özünün "Ədalət"
kimi bir söz platforması var. Bununla belə, Azərbaycan media sisteminin bütün platformalarının
düz söz deyən qonağıdır.
Dəvət olunduğu və
məmnuniyyətlə qoşulduğu
teleproqramlarda o, özünün
xüsusi danışıq
üslubu ilə, xalq dilinə doğmalığı ilə
mütləq seçilir
və belə anlarda da qoyulan problemlərin həll olunmasına yönəlik
təklifləri ilə
yadda qalır.
Bir də təkrar etməli oluram: Aqil Abbas başdan ayağa səmimiyyət mücəssəməsidir. Onu çevrəsinə,
oxucu və dinləyicilərinə daha
çox sevdirən səmimiyyətidir. Qarabağın
çoxdan əldən
getmiş günləri
idi və bir teleproqramda söhbətə cəlb edilən Aqil Abbasa aparıcı qız sual verir:
- Aqil müəllim, siz şairsiniz, yazıçısınız, jurnalistsiniz,
üstəlik, millət
vəkilisiniz - özünüzü
xoşbəxt hesab edirsinizmi?
Aqil
Abbas əsəbi halda
cavab verir:
- Ay qız, nə xoşbəxtlik, mən Ağdamın Qarağacı
qəbiristanlığında dəfn olunmayacağamsa, hansı xoşbəxtlikdən
danışa bilərəm?
Aqilin bu cavabı, tək bu cümləsi
proqramın baş mövzusuna çevrilir və söhbətin bütün istiqaməti yağı düşmən,
qürbətdə qalan
Vətən torpağı,
intiqam, torpaq qeyrəti kimi tematikaya yönəlir...
Aqil Abbasın
səmimi dünyası
həm bütöv Vətən sevgisinə, həm də birbaşa Qarabağ sevgisinə bürünüb. Səhv
eliyə bilərəm,
amma mənim müşahidələrimə görə,
Qarabağı Aqil
Abbas qədər nöqtəbənöqtə
tanıyan az
adam olar. Aqil Abbas Qarabağı kənardan seyr edib "can, can" deyənlərdən deyil.
Aqil Qarabağın Laçın-Ağcabədi
yollarının içində
Vətən sevgisi daşıyan yolçusudur.
Bu yerdə onu ancaq Rəşad
Məcidlə müqayisə
etmək olar. Onların uşaqlıqdan gələn
sarsılmaz dostluğu
da keçdikləri eyni
yolun yolçuluğundan
yoğrulub.
Yüzlərlə insanın mayakı
- 78 yaşlı professor çoxları
üçün şəxsiyyət, müəllimlik
etalonudur
Aydındır, Qarabağ otuz il Azərbaycan
dərdi, hər kəsin dərdi oldu. Amma xalqımızın
bir sözü də var: "Dərdi çəkən
bilər". Aqil Abbas bu
dərdi əzəl gündən çəkən
oldu. O, Qarabağ
döyüşçüsüdür. Birinci Qarabağ müharibəsində
mən onu lap ön cəbhədə görmüşəm. Təkcə yazılarında
yox, həm də sözün müstəqim mənasında.
Belə olmasaydı, "Dolu" kimi bir roman meydana gələ bilməzdi. Belə olmasaydı, çadırlarda
Üzeyir bəyin doğula bilməyəcəyini
həmin əsərdəki
qədər hayqırtı
ilə deyən olmayacaqdı. Belə olmasaydı,
"Dolu" romanı
möhtəşəm bir
bədii film formatına
düşməyəcəkdi. Belə olmasaydı, o müharibənin
bədii, publisistik həqiqətləri meydana
çıxmayacaqdı. Bu mənada Aqil
otuz ilin döyüşçüsüdür.
Aqil Abbasdakı Şuşa,
Laçın, Kəlbəcər...
sevgisi uca
Tnarıdan gələn
əbədi bir sevgidir. Lap bu
günlərdə (fevralın
21-də) ATV-nin efirindəki
"Birlikdə güclüyük"
adlı bir proqrama Aqil Abbas və mənim şəxsiyyətinə, vətənseverliyinə,
ustadlığına çox
hörmət etdiyim müğənni Babək
Niftəliyev qonaq dəvət olunmuşdular.
Proqramın ən baxımlı
cəhəti onda idi ki, həm
Aqil, həm də Babək - hər ikisi əsl xalq adamlarıdır
və hər ikisini Vətən, xalq sevgisi birləşdirir.
Söhbət Azərbaycan mədəniyyətindən,
Prezidentimizin Şuşanı
Mədəniyyət mərkəzi
elan etməsindən, Qarabağın milli-mənəvi
dəyərlər sistemindəki
yerindən gedirdi.
Mən bu yerdə xüsusi
qeyd edirəm ki, telekanal həmin
iki sənət adamını ustalıqla seçmişdi və proqram qarşıya qoyduğu məqsədə-tematikanı
təsirli maarifçi
istiqamətə yönəltməyi
bacardı. Aqil və
Babək Qarabağa bələdlik, mədəni
irsimizə xüsusi bilgiləri ilə şəxsən məni bir daha heyran
qoydular. Aqil Abbas
yenə öz amplasındadır - təklif
edir: Qarabağda kəndləri bərpa edərkən hər kəndin öz koloritini nəzərə almaq lazımdır. Buradakı hər kəndin öz xarakteri var. Məsələn, Ağdamın
Mərzili kəndi ilə Abdal Gülablı qonşuluqda
yerləşir. Amma
Abdal Gülablıdan neçə-neçə klassik
musiqi sənətkarı
çıxıb... Mərzilidən isə bir nəfər
də musiqiçi çıxmayıb. Amma Mərzilidən
Xudu Məmmədov çıxıb. Aqil Abbas oturduğu-durduğu
bütün anlarda Qarabağ dərdini axıradək yaşadı.
Biz onun bu dərdini hər an görənlərdənik.
Aqil Abbas Bakı
Dövlət Universitetini
bitirib, filoloqdur. Biz onun bu Universitetə sevgisini hər zaman hiss etmişik. Dəfələrlə bizim Jurnalistika
fakültəsinin tələbələrini
Qarabağa səfərə
aparıb. O səfərlərdə
Aqilin məslək dostları - Umud Rəhimoğlu, Rəşad
Məcid, Akif Aşırlı, Nəsir
Əhmədli... kimi vətənsevərlər bir
yerdə olublar. Bu səfərlərdən dərs
alan tələbələrimizin
bir çoxu bu gün müxtəlif
media qurumlarında vətəndaş-jurnalist
kimi çalışmaqdadır.
Fakültəmizdə nəşr olunan
"Jurnalist" tələbə
qəzetinin hər buraxılışında imzası
olan tələbələrə
Aqil Abbas öz maaşından qonorar paylamaqdadır. Onun tələbələrimizə
sonsuz qayğısı
Qarabağ səfərlərində
də ortaya çıxır. Yadımdadır,
iki il
bundan əvvəl Aqil Abbas tələbələrimizi
Ağcabədidə Mirzə
Cəlilin həyat yoldaşı Həmidə
xanımın Kəhrizli
kəndindəki ev muzeyinə səfərə
apardı. Muzeyi, Ağdamdakı Şəhidlər
Xiyabanını, Seyid
Lazım Ağanın
türbəsini ziyarət
etdik. Aqil Abbas bizi doğma
Bayat kəndinə də aparır. Bu kənddə onun
öz vəsaiti ilə inşa etdirdiyi kitabxanaya daxil oluruq. Kitab müqəddəs anlayışdır və
bu kəndin sakinləri hər dəfə kitabxanaya gələndə Aqili deputat seçməklərinə
görə bir daha şad olurlar.
Aqil bizi - tələbələrimizi
Ağdamın işğal
altında olan kəndlərinə tərəf
apardı. Cəbhə xəttindəki
sərhəd postuna yaxınlaşdıq. Burdan Ağdamın
o zaman işğalda olan Sarıcalı kəndi aydın görünür. Tələbələrimizin
o andakı duyğuları
indiyə kimi yadımdadır: hər kəsin üzündə,
gözündə torpaq
həsrəti vardı...
Aqil Abbas - dostlarının
"dəli-dolu" adlandırdığı
Aqil bizim postu keçib ermənilərin postuna tərəf irəlilədi.
Əsgərlərimiz yaxşı
tanıdıqları bu
millət vəkilini az qala,
yalvarışla dayandıra
bildilər...
O səfərlərdə Aqil
Abbas tələbələrimizi həmişə yaşıl
meşə içərisində
qərar tutan bir "kababxanada" qonaq edərdi. Belə məqamlarda qonaqların xərcini ödəməyə
heç Ağcabədinin
o vaxtkı İcra başçısı Şahin
Məmmədovun da Aqilə
gücü çatmırdı.
Mən Aqili Cocuq Mərcanlıya səfərdə də belə görmüşəm. Horadizin
Araz çayı üzərindəki İranla
sərhəd körpüsündə
Aqil birbaşa qırmızı xətti
keçib heç bir qadağaya, güllə təhlükəsinə
baxmadan iranlı əsgərlərə salam verib geri qayıdır. Və o iranlı əsgərlər
də bu "dəli-dolu" oğlanı
gülümsəyərək qarşılayırlar. Belə
günlərimiz olub: Aqil Abbas, Umud Rəhimoğlu, Akif Aşırlı, Rəşad
Məcid... tələbələrimiz...
Və 44 günlük
Vətən müharibəsi. Bu müharibə
dövründə Aqil
Abbasın Qarabağ səfərləri, əsgərlərimizlə
görüşləri... Aqil bu müharibədə qələbə
çalacağımıza lap ilk gündən inanırdı.
Bu inam ona
Ali Baş Komandanın
qətiyyəti, Ordumuzun
döyüş hazırlığı,
tez-tez səfər etdiyi, yaxından bələd olduğu Türkiyənin bizə verdiyi mənəvi dəstəkdən gəlirdi.
O gün gəldi:
Əlinin içi kimi inandığı qələbə günü!
Aqil Abbas Ağdam Mədəniyyət
evinin dağıdılmış
binası qarşısında,
əsgərlərimizin əhatəsində
yallı gedir. Bayramın mübarək Aqilim, döyünən ürəyim! Tanrı sənə bir də torpaq həsrəti göstərməsin.
Jurnalistika fakültəsinin
tələbələri Ağdama
səninlə lap yaxınlarda təşkil edəcəyin səfərin
həsrətindədirlər. Anonsu gözləyirik.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2021.- 27 fevral.- S.15