Abbas Zamanov haqqında unudulmaz xatirə
Xalq yazıçısı Elçinin
"525-ci qəzet"in 13 fevral tarixli nömrəsində dərc
olunmuş "Ədəbiyyat
və cəsarət tərcümanı (Abbas Zamanovun
amalı, əməli
və əsərləri)"
adlı geniş məqaləsini çox böyük maraq və həvəslə, necə deyərlər, birnəfəsə oxudum.
O qədər səmimi, təfsilatlı, dərin ehtiram hissi ilə
yazılmışdır ki,
Abbas müəllimi görməyən,
bəlkə də tanımayan oxucu da bu Böyük İnsanı fikrən təsəvvür edə bilər. Açığını
deyim ki, çoxdandı, mətbuatda
belə zövq aldığım yazı oxumamışdım və
paytaxtdan xeyli uzaqdan, bu günlərdə
təbiətin həqiqtən
ağ örpəyə
bürüdüyü Qaxdan
Elçin müəllimə
qəlbən təşəkkür
etdim. Bu yazı məni xəyalən ötən əsrin ortalarına apardı...
1957-ci ildə orta
məktəbi bitirib,
Musa dayımla Bakıya
gəlmişdim. O vaxt raykomda xadimə işləyən, himayəsində
yaşadığım Narınc
bibimə demişdilər
ki, Vaqifi kimə ümid olub Bakıya göndərirsən? Demişdi
ki, Allahıma və özünə! İndiki uşaqlardan fərqli olaraq, Bakını ilk dəfə görürdüm.
Yadımdadır, iyulun 12-də sənədlərimi
Azərbaycan Dövlət
Unversitetinə - indiki
BDU-ya verdik. Mən 112-ci idim. Ata-anasız,
bacı-qardaşsız, əmi-xalasız,
atalar demişkən, yeddi yetim olan
mən o dövrdə
bəzilərinin "raykomluq
fakültəsi" dediyi
tarix fakültəsinə
daxil olmaq istəyirdim. Ertəsi gün
dayım Qaxa qayıtdı. Qəbulda dörd
fəndən (tarix, ədəbiyyat yazılı,
şifahi, xarici dil) imtahan verməli
idik. Ancaq abituriyentlərin çoxunun attestatında xarici dildən qiymət olmadığına
görə, həmin fəndən imtahanı rus dilindən diktantla əvəz etdilər. Mənim üçün isə fərqi yox idi, çünki
bunların hər birindən bizə çox savadlı müəllimlər dərs
demişdilər. Alman
dilindən isə beş-onuncu siniflərdə
hər il
imtahan vermişdik. Tarix, ədəbiyyat və rus dilindən qiymətlərim "əla"
idi.
Hər gün qaxlı uşaqlardan kimisə görmək istəyi ilə universitetə gəlirdim (bir dəfə hətta yolu da azmışdım).Tanışlar rast gələndə söhbətləşir,
olmayanda Sabir bağında bir az oturub, sonra
4 nömrəli tramvayla
Zığ tərəfə,
vaxtilə Hacı Zeynalabdin Tağıyevin böyük çətinliklə,
xərclə ərsəyə
gətirdiyi toxuculuq fabrikinin (sonralar daha da genişləndirilən
və minlərlə işçisi olan bu müəssisə indi bir növ
gözdağına çevrilib)
fəhlələri ücün
saldığı qəsəbəyə
gedirdim.
Tarix fakültəsinin
əyani şöbəsinə
25 yerə 400-dən artıq
sənəd verilmişdi. İlk imtahan ədəbiyyatdan yazılı idi. Mən sərbəst mövzunu yazmış və "yaxşı" qiymət
almışdım. Rus
dilindən diktant yazanda cavan, ucaboy, sarışın bir adam
yanımda ayaq saxladı, sonra kürəyimə əl vuraraq, barmağı ilə göstərdiyi yerə "vergül"
qoy dedi (sonralar bilmişdim ki, o, universitetin komsomol komitəsinin katibi Vəli Məmmədov idi. Təsadüfə bax ki, "Qlavlit"in rəisi işləyəndə, 1964-cü ildə məni işə götürmüşdü.
Allah rəhmət eləsin). Diktantdan və sonrakı
tarix imtahanından da
"yaxşı" aldım.
Sonuncu imtahan ədəbiyyatdan şifahi
idi. Növbə mənə çatanda
bilet çəkib oturdum. İki sual vardı
- cümlə təhlili
və Cəlil Məmmədquluzadənin hekayələri.
İmtahan götürən müəllimlərin biri ucaboy, digəri bəstəboy idi. Suallardan narahatlığım yox idi və məndən
əvvəl cavab verən qıza qulaq asırdım. Cümlə təhlili ilə bağlı nə isə soruşanda cavab verə bilmədi . Onlara baxdığımı görən ucaboy müəllim əli ilə işarə edərək soruşdu ki, sən deyə
bilərsənmi? Cavab verdim.
Növbə mənə çatanda
cümləni təhlil
etdim, razı qaldılar. Sonra bəstəboy müəllim
dedi ki, Cəlil Məmmədquluzadənin
hekayələrindən bir
neçəsinin adını
çək. Sadaladım:
"Danabaş kəndinin
əhvalatları", "Qurbanəlibəy", "Poçt
qutusu", "Usta Zeynal", "Quzu"...
Dedi, sənə bir sual verəcəyəm:
- Xudayar bəy Məhəmmədhəsən əminin
eşşəyini niyə
satmaq istəyirdi?
- Pul lazım idi.
- Nə üçün lazım idi?
- Qazıya verməyə.
- Qazıya nə üçün vermək
istəyirdi?
- Zeynəbi siğə etmək üçün.
Müəllim bir az
bərkdən gülərək
dedi ki, Səlim müəllim, mən bu oğlana
"əla" qiymət
verirəm. O da dedi ki, mən də.
Deməli,
dörd imtahandan 17 bal toplamışdım.
Sevincək ayağa qalxanda bəstəboy müəllim dedi ki, sizin fakültədə
çox böyük müsabiqə olacaq. 17 balla müsabiqədən
keçməyə də
bilərsən. Mənim
adım Abbas Zamanovdur,
əgər müsabiqədən
keçməsən, məni
axtarıb tap, sənin
humanitar fakültələrdən
başqa birinə qəbul olunmağına kömək edərəm.
On yeddi yaşı
hələ tamam olmayan yetim bir
oğlanın sevincini
təsəvvür edə
bilərsiniz - sanki səmada pərvazlanırdım. Baxmayaraq ki,
hələ heç nə bəlli deyildi.
Müsabiqənin nəticələri elan
ediləndə məlum
oldu ki, orta məktəbi yenicə bitirənlər üçün keçid
balı 17-dir. İş stajı olanlar və hərbi xidmətdən qayıdanlar üçün
isə keçid balı 12 idi.
Beləliklə, mən tarix fakültəsinə qəbul
olundum və Abbas müəllimi narahat eləməyə ehtiyac qalmadı. 1960-cı ildə onun Akademiyadakı çıxışının
əks-sədası tələbələrə
də çatmışdı.
Sonralar, 1966-cı ildən
mən Xalq şairi Rəsul Rzanın rəhbərlik etdiyi Azərbaycan Sovet Ensiklopediyasının
(ASE) Baş redaksiyasında
işləyirdim. Abbas müəllim
ASE-nin Elmi Redaksiya Şurasının
üzvü kimi vaxtaşırı yığıncaqlara
gəlirdi. Rəsul müəllimin
ona xüsusi hörməti vardı.
Ensiklopediyanın 1975-ci ildə çapdan
çıxmış ilk cildi
kənardan və daxildən olan bədxahların ən yüksək instansiyalara qədər yazdıqları
uydurma millətçilik
ittihamlarına görə
ləğv edildi.
ASE-nin rəhbərliyi
dəyişəndən sonra
Abbas müəllim də
Elmi Redaksiya Şurasının üzvlüyündən
çıxarıldı. Halbuki o, Baş Redaksiya Heyətinin üzvü olmağa layiq alim idi. Xeyli sonra, 1983-cü ildə 72 yaşında Elmlər Akademiyasının müxbir
üzvü seçilməsi
də ona qarşı daha bir ədalətsizlik olmuşdu. Çünki o, elm xadimi, təəssübkeş
vətəndaş kimi
akademiyanın həqiqi
üzvü olmağa daha çox layiq idi.
Yuxarıda xatırlatdığım imtahandan təxminən 64 il keçsə
də, həmişə
yadımdadır və
söhbət düşəndə
o gündə baş verənləri bəlkə
yüz dəfə danışmışam. Özü də
dərin minnətdarlıq,
çox böyük qürur hissi ilə və bəzən də kövrələrək. Abbas müəllimin ruhu şad olsun! Onun kimi insanların son məkanı Cənnətdir.
Vaqif MUSAYEV
525-ci qəzet.- 27 fevral.- S.17.