Azərbaycan polisinin obrazı

 

Bu obrazı hansı cizgilər səciyyələndirir?

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazilriyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bayram əhval-ruhiyyəli bu yazının qayəsi də 103 yaşlı Azərbaycan polisi tarixinin müxtəlif dönəmlərində formalaşan obrazı ilə bağlı bəzi qənaətləri bölüşməkdir.

Azərbaycan hansı tarixi mərhələlərdən, dolanbaclardan keçib, hansı təlatümlü və fırtınalı zamanları yaşayıb, yaxud hansı uğurlara imza atıbsa, eyni taleyi Azərbaycan polisi də yaşayıb, cəmiyyətlə birlikdə həmahəng nəfəs alaraq, onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərib.

Azərbaycan Demokratik Respublikası dövründə parlament qarşısında hesabatçı olan DİN-ə təxminən 20 ay ərzində, qısa zaman kəsikləri ilə, 6 nəfər rəhbərlik edib. O, fəaliyyətində demokratiyanın ab-havasını tamamilə "ciyərlərinə çəkməmiş" Xalq Cumhuriyyəti ilə birlikdə sovet-bolşevik rejimi tərəfindən məhv edilib. Cümhuriyyət dövrünün polis obrazında bolşevik-daşnak cinayətkar qruplarına qarşı, xüsusilə Bakı, Zəngəzur, Şuşa, Gəncə bölgələrində Azərbaycan ordusu ilə çiyin-çiyinə şərəflə mübarizə aparmaq cizgisi daha qabarıq görünür.

Zəngin təbii sərvətlərinə, geostrateji mövqeyinə görə Azərbaycan Sovet rəhbərliyi üçün xüsusi maraq kəsb edirdi. Ona görə də Sovet-bolşevik rejimi bərpa edildikdən sonra xeyli müddət ölkəmizə qeyri millətin  nümayəndələrinin rəhbətlik etməsi çox ağır nəticələr verib. Hüquq-mühafizə orqanlarına, o cümlədən də, Azərbaycan polisinin rəhbər heyətinə daraşmış bolşevik-daşnak cinayətkarlar vasitəsi ilə DİN və onun strukturları tamamilə deqredasiyaya uğradılıb. Azərbaycan polisi də, digər hüquq-muhafizə orqanları ilə yanaşı, Sovet repressiya maşınının hərəkətverici qüvvəllərindən biri kimi sinfi mübarizəyə cəlb edilib. Sovet-bolşevik rejiminin özünün düzüb-qoşduğu və "xalq düşmənləri" adlandırdığı xalqın görkəmli nümayəndələrinə, ziyalılarına, elm və din xadimlərinə qarşı xalqın övladlarını irəli veriblər. Təkcə 1937-1939-cu illərdə polisin rəhbər heyətindən 320 nəfər repressiyaya məruz qalıb. Həmin zamanlarda Azərbaycan polisinə zorən həm repressiyalarda iştirak edən, həm də özü repressiyaya məruz qalan bir obraz qazandırılıb. Ümummilli lider Heydər Əliyev  Azərbaycan polisinin 80 illik yubileyində çıxış edərkən həmin tarixi dövrü belə səciyyələndirmişdi: "Ötən dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli qara səhifələri də var. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqın tarixinin səhifələridir. DİO-da nə qədər mənfi hallar olmuşdusa da, bu orqanda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, vətənə, xalqa sədaqətini daim saxlamışdır".

1969-cu ilin iyulunda Ulu öndərin Azərbaycana rəhbər seçilməsi ilə ölkə həyatının bütün sahələri köklü islahatlara məruz qaldı. Həmin illərdə Sovetlər Birliyi tərəfindən respublikamıza qarşı ayrı-seçkilik siyasəti yürüdülsə də, Ümummilli lider Azərbaycanın gələcəyi üçün ən qlobal problemləri məharətlə həll edə bildi. Ölkənin strateji maraqları naminə çox ciddi addımlar atıldı. Ölkə rəhbəri Heydər Əliyev  DİN rəhbərliyində yaranmış dözülməz vəziyyəti aradan qaldırmaq üçün radikal tədbirlər həyata keçirdi. Cinayətkarlığa qarşı səmərəli mübarizəni gücləndirmək üçün daxili işlər orqanlarında kadrların seçilib yerləşdirilməsi və tərbiyə olunması işini dahi rəhbər öz üzərinə götürdü. Bununla da polisin obrazına vurulmuş qara ləkələr təmizlənməyə başladı.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü bütün ölkə, o cümlədən, daxili işlər orqanları üçün ağır imtahan dövrü oldu. Dağlıq Qarabağda erməni seperatizmi baş qaldırdığı ilk gündən  Azərbaycan polisi SSRİ rəhbərliyi tərəfindən dəstəklənən erməni-daşnak-seperatçı qüvvələrə qarşı mübarizənin ön cərgəsində dayandı. Xalqın ümid və pənah yeri polis oldu.1991-ci ildə keçirilən uğurlu Çaykənd əməliyyatı Azərbaycan polisinin Xüsusi Təyinatlılarının adını tarixə yazdı. Birinci Qarabağ müharibəsində daxili işlər orqanları öz sıralarından 500 nəfərdən çox şəhid verdi, 5000 nəfərə yaxın əməkdaş yaralandı, 65 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Azərbaycan öz müstəqilliyini bərpa edəndən Ulu öndərin hakimiyyətə qayıdışına qədər olan dövr daxili işlər orqanlarının fəaliyyətinin tamamilə siyasiləşdirilməsi və konyuktur maraqlara tabe etdirilməsilə səciyyələnir. Həmin illərdə qanunsuz silahlı birləşmələr meydan sulayır, cinəyatkarlıq, həm də mütəşəkkil cinayətkarlıq özünün apogeyinə çatırdı.

Azərbaycan xalqının Ümummilli lideri xalqın tələbilə hakimiyyətə ikinci dəfə qayıdışı ilə ölkənin müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. O, yaxşı bilirdi ki, respublikada möhkəm ictimai-siyasi sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Bu məsələnin həllində isə daxili işlər orqanlarının rolu əvəzolunmazdır. Liderin birbaşa rəhbərliyi ilə DİN və onun strukturlarında aparılan köklü islahatlar polisin yeni obrazını yaratdı. Azərbaycan polisi Konstitusiya və qanunlarla üzərinə qoyulan vəzifələri yerinə yetirməklə ölkədə dayanıqlı sabitliyin və təhlükəsizliyin əsas təminatçısına çevrildi. Azərbaycan polisinə yaraşan da elə bu idi.

Zaman dəyişir. Dəyişən zaman yeni çağırışlar da diktə edir ki, onlara vaxtında ölçülü-biçili siyasət və əməli fəaliyyətlə cavab vermədən gələcəyə inamla addımlamaq olmaz. Məhz ona görə də 2003-cü ildə cənab İlham Əliyev hakimiyyətə gəlişi ilə dövlətçiliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı qorunması, sabitliyin tam bərqərar olması istiqamətində ölkə həyatının bütün sahələrini əhatə edən islahatların ikinci mərhələsinə start verdi. Dövlət başçısının fəaliyyət prinsipi belə oldu: yalnız milli birliyə, ictimai-siyas sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə bütün məsələləri, o cümlədən, də ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etmək olar. Təkcə ölkə vətəndaşları deyil, bütün dünya Azərbaycana rəhbərliyin İlham Əliyev modelinin nəyə qadir olduğunu tam aydınlığı ilə gördü. 44 gün davam edən İkinci Qarabağ müharibəsində ölkəmizin parlaq qələbəsi 30 illik məğlubiyyətin acısını unutdurdu. "Qalib sərkərdə", "qalib xalq", "qalib əsgər" ifadələri hər azərbaycanlının sinəsini qürurla doldurdu - bütün ağrılara və acılara, Vətən yolunda verilən şəhidlərə, ağır xəsarətlər almış qazilərimizin acılarana baxmayaraq.

Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. Bu qoşunlar öz sıralarından 66 şəhid verdi, 346 əməkdaş yaralandı və əlil oldu. İkinci Qarabağ savaşında Daxili Qoşunlar da daxil olmaqla DİN və onun strukturlarının xeyli sayda əməkdaşı göstərdikləri rəşadətə və qəhrəmanlığa görə orden və medallarla təltif olundular. Biz indi daxili işlər orqanları əməkdaşlarının yeni obrazını, yeni cizgiləri görürük. Bu cizgilərdə "Vətən oğlu" ifadəsi aydınca görünür və oxunur. Ona görə də hər bir vicdanlı Azərbaycan vətəndaşı "Mənim polisim" müraciətini sevə-sevə və qürurla səsləndirir.

Yəqin ki, çoxlarınız Daxili Qoşunların əsgər və zabitlərinin cəbhədə şəhid olan silahdaşlarının dünyaya yeni gələn körpələrinin xəstəxanalardan çıxarılması mərasimini müşahidə etmiş, yaxud həmin mərasimin iştirakçısı olmusunuz. Azərbaycan bayrağına bələnmiş körpəni öz körpəsi kimi köksünə sıxaraq onun atasının döyüş yolundan, qəhrəmanlığından danışan zabitin kövrək, lakin qürurverici çıxışını da dinləmisiniz. Daxili işlər orqanları əməkdaşlarının müşayiəti ilə doğma ocağına qədəm qoyan körpənin arxasında dövlətin dayandığı açıq-aşkar görünür və hiss olunur. Azərbaycan polisi də hər bir şəhid övladının bir addımlığında boy göstərir, qazilərin səfində yer alır. Budur müasir Azərbaycan polisinin obrazını bəzəyən portret cizgiləri.

İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən, cəmiyyətə açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən bir struktur görürük. Bu struktur həm də Avropa polis məkanına daxil olan, onun təcrübəsindən bəhrələnən və öz təcrübəsini də bölüşən böyük bir gücdür. Azərbaycan polisi öz işini vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların tam təmin olunması istiqamətində ümumdövlət vəzifələrinin həyata keçirilməsi əsasları üzərində qurur, öz fəaliyyətini Azərbaycan Konstitusiyası və qanunları əsasında həyata keçirir, Azərbaycan dövlətinə və dövlətçiliyinə,  Azərbaycanın milli maraqlarına xidmət edir, ölkəmizin demokratik və bəşəri dəyərlərə söykənərək inkişafını təmin edən müzəffər Ali Baş Komandanının müəyyənləşdirdiyi dövlətçilik xəttinə sədaqət nümunəsi göstərir. Bu gün Azərbaycan polisinin obrazına cinayətkarılığa qarşı barışmaz mübarizə aparmaqla bərabər, humanizm prinsiplərini nümayiş etdirmək, hərbi anda sadiq olmaq, vətəndaş məmnunluğu üçün şəffaf formada fəaliyyət göstərmək cizgiləri xarakterikdir.

Mən iddia etmirəm ki, Azərbaycan polisinin fəaliyyəti nöqsansızdır, bu sistemdə hər şey bal kimi gedir. Bəli, nöqsanlar var və olacaq. Fakt odur ki, mövcud nöqsanları operativ və görünən formada aradan qaldırmaq üçün DİN rəhbərliyi ən təsirli tədbirlər görür. Bu sahədə özünü tənzimləmə mexanizmi daim işlək vəziyyətdə saxlanılır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması daxili işlər orqanlarının qarşısında bir çox yeni vəzifələr müəyyənləşdirir. DİN və onun struktarları bütün bu vəzifələri mükəmməl formada ona görə yerinə yetirə bilir ki, nazirliyin rəhbərliyi peşəkardır, bu strukturun fəaliyyəti "gənclərin qətiyyəti və novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsi" prinsipi əsasında qurulur.

Təbii, bugünkü sabitliyin, inkişafın, gələcəyə inamın təməlində Prezident İlham Əliyevin yürütdüyü siyasət durur. Eyni zamanda, siyasətin reallaşmasında xüsusi xidmətləri olan Daxili işlər orqanlarının fəaliyyətini də gözardı etmək olmaz. Ali Baş Komandan deyir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis orqanları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Mən görülmüş işləri yüksək qiymətləndirirəm. Polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm".

İndi Azərbaycan qatarı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha gözəl gələcəyə doğrü istiqamət götürüb. Şübhəsiz, bu qatarın mənzil başına sağ-salamat çatması üçün, onun təhlükəsizliyinin tam təmin olunması üçün Azərbaycan polisi fədakar və şərəfli xidmətlə, adına yaraşan formada müşayiət edəcək.

103 yaşın mübarək, Azərbaycan polisi!

 

Səyyad AĞBABALI

525-ci qəzet.- 2021.- 1 iyul. S. 6.