Birinci
Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirildi
“İMZA” Sosial İnkişafa Dəstək İctimai
Birliyinin təşəbbüsü və təşkilatçılığı
ilə iyunun 30-da I Qarabağ Beynəlxalq İqtisadi Forumu
keçirilib.
Forumda Azərbaycan,
Türkiyə, Pakistan, ABŞ, Rusiya, İtaliya,
Gürcüstan, İsrail, Fransa və digər ölkələrdən
yüksək səviyyəli qonaqlar,
o cümlədən parlament üzvləri, ekspertlər,
jurnalistlər, ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Forumun İctimai Birliyin Beynəlxalq və ictimaiyyətlə
əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin
moderatorluğu ilə keçirilən birinci paneli
“Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin
iqtisadi potensialının qiymətləndirilməsi”
mövzusuna həsr olunub.
Bu paneldə
Milli Məclisin deputatı Vüqar Bayramov, Türkiyə
Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan
dostluq qrupunun rəhbəri Şamil Ayrım, ABŞ-ın Azərbaycandakı
sabiq səfiri Metyu Brayza, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan
parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber,
Pakistan parlamentinin üzvü Sərdar Ayaz Sadiq, İtaliya-Azərbaycan
Ticarət Palatasının prezidenti Manuela Traldi,
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin
sədr müavini Mariam Laşxi, Milli Məclisin Azərbaycan-Fransa
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Soltan Məmmədov və
digərləri iştirak ediblər.
Tədbirin
əvvəlində moderator Elnar Məmmədli Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman
Azərbaycan Ordusunun torpaqlarımızın 30 illik
işğalına son qoyduğunu bildirib. Münaqişənin
həllinin bölgənin yenidən bərpası, o cümlədən
regionun iqtisadi resurslarının səmərəli şəkildə
istifadəsi üçün yaxşı imkanlar yaradıb.
Dövlət tərəfindən bu məqsədlə
planlı addımlar atılır, mühüm layihələrə
start verilib.
İclasda vurğulanıb ki, Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qəbul etdiyi
mühüm qərarlar Qarabağ bölgəsinin tezliklə bərpasına
və Böyük Qayıdışın ən qısa zamanda
baş tutacağına ümidləri artırır. Xatırladılıb ki,
Prezident İlham Əliyev bərpa prosesində, ilk növbədə,
dost və qardaş ölkələrin iştirak edəcəklərini
bildirib və bu işə faktiki olaraq başlanılıb.
İştirakçılar işğaldan azad olunmuş ərazilərin
bərpa və yenidən qurulmasında, infrastrukturun
yaradılmasında beynəlxalq təcrübədən
geniş istifadə olunmasının zəruriliyini qeyd ediblər. İclas
zamanı Ermənilər tərəfindən
basdırılmış çoxsaylı minaların yüz
minlərlə məcburi köçkünün
işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi
maneə yaratdığı vurğulanıb.
“İMZA”
Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşı
Lalə Mustafanın moderatorluğu ilə keçirilən
ikinci panel iclas isə “Qarabağın iqtisadi imkanları və
gələcək planlar” mövzusuna həsr olunub. Panel iclasda
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Türkiyə
Respublikasının Azərbaycandakı sabiq səfiri Hulusi
Kılıç, BP şirkətinin vitse-prezidenti Bəxtiyar
Aslanbəyli, tanınmış siyasi ekspert Arye Qut, Milli Məclisin
deputatı Ramin Məmmədov, Fransanın “Musulmans en France” xəbər
portalının baş redaktoru Jan Mişel Brun, İsrailin
“Hayom” qəzetinin jurnalisti Din Şmuel Elmas, Avropa Xəbər
Agentliyinin İtaliya üzrə təmsilçisi,
“Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo
Marino və digərləri qatılıblar.
İclasda işğaldan azad edilmiş ərazilərin
iqtisadi imkanları və bu imkanların regionun
inkişafına verəcəyi töhfələrdən bəhs
edilib. Bu baxımdan Zəngəzur dəhlizinin geosiyasi və
geoiqtisadi əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizinin Azərbaycanın, o
cümlədən region ölkələrinin maraqlarına tam
cavab verdiyi qeyd edilib. Regionda nəqliyyat
kommunikasiyalarının açılması ilə
qarşılıqlı dialoq, etimad mühitinin
formalaşacağı bildirilib. Zəngəzur
dəhlizinin açılması yeni regional iqtisadi
inkişafın vacib şərti kimi qiymətləndirilib.
Forum iştirakçıları Azərbaycanın
işğaldan azad edilmiş rayonlarına və şəhərlərinə
dəfələrlə səfər etdiklərini, Ermənistanın
həmin ərazilərdə törətdikləri vandalizm və
barbarlıq aktlarını, dağıntıları öz
gözləri ilə gördüklərini bildiriblər. Məruzəçilər
Qarabağ zonasının iqtisadiyyatının münaqişədən
əvvəl Azərbaycanın ümumi iqtisadiyyatının
inkişafına böyük töhfələri barədə
danışıblar.
İştirakçılar, eyni zamanda, Qarabağın
işğaldan azad edilmiş ərazilərinin vəd etdiyi
iqtisadi potensialının təkcə Azərbaycan və region
üçün deyil, həmçinin Ermənistanın
iqtisadiyyatının da inkişafı üçün
fürsət olduğu vurğulayıblar. İşğaldan
azad edilmiş ərazilərin bərpası və yenidən
qurulmasında xarici ölkələrə məxsus
çoxsaylı şirkətlərin iştirak etməsinə
marağın olması tədbir iştirakçıları tərəfindən
yüksək qiymətləndirilib.
525-ci qəzet.- 2021.-
1 iyul. S. 7.