BDU-da Zəfər ovqatlı Məzun
günü
Yaşı bir əsri adlayan qocaman Bakı Dövlət
Universitetinin bir parçası olmaq nə qədər
qürurvericidirsə, bu auditoriyalarda, dəhlizlərdə
dolaşarkən qədəmlərimiz dəyən yerlərdə
vaxtilə elə universitetimiz qədər nəhəng alimlərin,
görkəmli şəxsiyyətlərin
addımladığını düşünmək bir o qədər
fəxarət hissi yaşadır.
Bakı Dövlət
Universiteti keşməkeşli tariximizin alınmaz
qalasıdır, Azərbaycanın dözümlülük
simvoludur. Necə
ki, xalqımızın milli hesiyyətini, azadlıq arzusunu
heç bir qüvvə məhv edə bilmədi, eynilə
Bakı Dövlət Universiteti də ziddiyyətli
dövrün girdabından çıxmağı bacardı,
şübhəsiz, 102 yaşlı universitetimiz bu gün də
gələcəyin görkəmli şəxsiyyətlərini
yetişdirir. Yəqin ki, onillər sonra gələcək
nəsillər həmin isimlərlə fəxr edəcək.
Ötən günlərin birində universitetdən zəng
gəldi: "Builki Məzun günündə aparıcı ola bilərsənmi?" Sözün
düzü, tərəddüd içində idim. Baxmayaraq ki, ilk deyildi, yenə də ağır məsuliyyəti
dərk edirdim. Tərəddüdümü bir anlıq kənara
qoyub ürəklə "bəli" dedim. Uzun
müddətdir ki, pandemiya səbəbindən, doğma
universitetimizdən uzaq düşmüşdük. Ona görə də, fasilədən sonra təhsil
ocağımıza qayıtmaq sevindirici idi. Məndən başqa üç aparıcı da
çıxış edəcəkdi. Texniki
işçilərdən tutmuş rektorantlığa qədər
hamı Məzun gününə xüsusi dinamika ilə
hazırlaşırdı, ən xırda detallara belə
xüsusi diqqət yetirilirdi.
O möhtəşəm gün gəlib
çatmışdı. 2021-ci il iyunun
29-da Bakı Dövlət Universitetində yaddaşlara
yazılacaq Məzun günü keçirildi. Bu,
həm də ona görə əlamətdar idi ki, koronavirus səbəbindən
bəzi məhdudiyyətlər mövcud idi, həmin məhdudiyyətlərə
baxmayaraq, əskiksiz tədbir ərsəyə gətirmək
heç də asan deyildi.
Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin orkestrının ifasında Dövlət Himni sədaları
altında üçrəngli Bayrağımız, eləcə
də Bakı Dövlət Universitetinin bayrağı səmaya
ucaldılırdı. Bu anı həyəcansız
yaşamaq mümkün deyildi. Hər
birimizin üzündə təbəssüm pöhrələnmişdi.
102 illik universitet tarixinin belə əlamətdar
gününün proqramında hansısa missiyanı yerinə
yetirmək bu pöhrələrin səbəbkarı idi.
No description available.
İlk çıxış
üçün söz Bakı Dövlət Universitetinin
rektoru Elçin Babayevə verildi. Elçin müəllim
öz arzuları ilə məzunları gələcəyə
qanadlandırdı. Elçin Babayev rektor təyin
olunan gündən etibarən tələbələrlə
olduqca səmimi davranır, onların qayğısına
qalır, mütəmadi qayğıları ilə
maraqlanır. Məhz rektor kimi onu tələbə
kontingentinə sevdirən də elə bu amildir. Tədbir boyu "hər şey əladır, narahat
olmayın" sözlərini ifadə edən
baxışları ilə çıxışçılara
və xüsusən, aparıcılara ürək-dirək
verirdi.
Tədbir boyunca Azərbaycan Respublikası təhsil
nazirinin birinci müavini Firudin Qurbanov, Yasamal Rayon İcra
Hakimiyyətinin başçısı Elşad Həsənov,
millət vəkili, akademik Nizami Cəfərov, millət vəkili
Elnur Allahverdiyev bir-birindən maraqlı fikirlər söyləyərək
builki məzunlara təbriklərini ünvanladılar. Bakı
Dövlət Universitetinin gənc müəllimi, geoloq Ələkbər
Mirzəyev uğurlu həyat üçün lazımi amillər
barədə məzunlara tövsiyələr verdi.
Bakı Dövlət
Universitetinin Mədəniyyət-yaradıcılıq mərkəzi
tədbirə xüsusi rəng qatdı. Mərkəzin
rəqs və xor kollektivi, musiqi ansamblı, təşkil edilən
lotoreya oyunu tamaşaçılar tərəfindən olduqca
maraqla qarşılandı. Xüsusən,
ansamblın solisti Rəqsanə Əsədovanın
ifasında səslənən "Qarabağ şikəstəsi"
əksər insanları kövrək notlara kökləmişdi.
Qarabağın adı keçən bu şikəstə
uzun illərdən sonra ilk dəfə idi ki, Bakı Dövlət
Universitetinin səhnəsində bu cür qürurla səslənirdi.
Çünki bu Məzun günü parlaq Zəfərimizdən
sonra Bakı Dövlət Universitetində keçirilən ilk
təntənəli tədbir idi. "Qarabağ
şikəstəsi" ifa olunanda insanların üzündəki
qürur dolu kövrəkliyi sezmək mümkün olurdu.
"Qarabağ şikəstəsi" bu dəfə Bakı
Dövlət Universitetinin səhnəsində bir başqa tərzdə
tüğyan edirdi...
No description available.
Məzun günündə
universitetimizin şəhid tələbələri də yad
edildi. Lalə
Hüseynzadənin qum kompozisiyasını
hər kəs həssaslıqla izlədi. Kompozisiyada
məzun papağını göyə atan tələbə təsvir
olunur. Ani olaraq papaq silahla, məzun geyimi isə
hərbi geyimlə əvəz olunur. Bu il
məzun olacaq 18 tələbə II Qarabağ savaşında
qəhrəmanlıqla şəhid oldu. Eyni
zamanda, qazi məzunlar da xüsusi şövqlə təqdim
edildi. Sözün hər iki mənasında,
günümüzün qəhrəmanları məhz onlar idilər.
Bakı Dövlət Universitetinin Zəfər
ruhlu təntənəsi onların şücaətinin nəticəsi
idi.
Tədbirin musiqili
qonaqları öz ifaları ilə daha şən əhval-ruhiyyə
yaratdılar.
Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar
artistlər - Samir Cəfərov, Nuriyyə Hüseynova,
müğənnilər - Çilənay Hüseynova, Arzu Məmmədova
bayram ab-havasını daha da pozitiv notlara köklədilər.
Bakı Dövlət Universitetində hər
zaman müxtəlif istedad sahibləri cəmləşib.
Onlar universitetin mədəni həyatında
aktiv iştirak ediblər. Universitetimizin tələbələri
Səbinə Cəfərova və Fəxriyyə Kazımova
öz ifaları ilə məzunları təbrik etdilər.
Bakalavriat və magistratura
pillələri üzrə ən yüksək Ümumi Orta
Müvəffəqiyyət Göstəricisi ilə məzun
olan tələbələrə müxtəlif hədiyyələr
təqdim edildi. Sonda Bakı Dövlət Universitetinin
himni səsləndirildi. Ənənəvi
olaraq, göyərçinlər uçuruldu, şarlar havaya
buraxıldı və papaqatma mərasimi baş tutdu.
Məzunların sevinci yerə-göyə
sığmırdı. Tədbirdən sonra kimi şəkil çəkdirirdi,
kimi rəqs edirdi, kimi kövrək anlar yaşayırdı... Bakı Dövlət Universitetində bundan da gözəl
neçə-neçə təntənəli tədbir təşkil
olunacaq, minlərlə məzun bu sevinci yaşayacaq. Hər
şeyə görə minnətdarıq, əsrin universiteti!
Nadir YALÇIN
525-ci qəzet.- 2021.-
1 iyul. S. 8.