AYB sədri Anarın Birliyin Gənclər Şurasının üzvlərilə görüşü olub

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının üzvləri Birliyin sədri, Xalq yazıçısı Anarla görüşüblər.

 

Görüşdə Gənclər Şurasının bir sıra üzvləri, eyni zamanda, AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid iştirak edib.

 

Əvvəlcə AYB Gənclər Şurasının sədri Fərid Hüseyn çıxış edərək şura üzvlərini AYB sədrinə təqdim edib. Sonra isə 2019-cu ildən tərkibi yenilənən Gənclər Şurasının bu müddət ərzində gördüyü işləri diqqətə çatdırıb. Qeyd edib ki, bu müddətdə Gənclər Şurasının bir neçə üzvləriylə universitetlərdə dahi sənətkarların xatirəsinə həsr olunmuş tədbirlər keçirilib, tələbələrin ədəbiyyata marağının artırılması üçün müəyyən addımlar atılıb. Eyni zamanda, Mədəniyyət Nazirliyi, BP şirkətiylə gənclərin kitablarının digər ölkələrdə çap olunması istiqamətində ortaq layihələr həyata keçirilib. Həmçinin, o qeyd edib ki, Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri AYB-nin bir neçə mətbu orqanının redaksiya heyətinə üzv qəbul ediliblər. Şuranın sədri Fərid Hüseyn "Ədəbiyyat qəzeti"nin, Şuranın sədr müavini Cavid Zeynallı "Ulduz" jurnalının, Ramil Əhməd və Günel Şamilqızı isə "Dünya ədəbiyyatı" dərgisinin redaksiya heyətinə üzv qəbul ediliblər. Qeyd edilib ki, növbəti mərhələdə Şuranın başqa nümayəndələrinin də digər mətbu orqanlara üzv edilməsi nəzərdə tutulur.

 

AYB-nin Gənclər Şurasının katibi Şahanə Müşfiq bir sıra təkliflərlə çıxış edib. O, universitet, kollec və məktəblərdə gənc yazarlarla görüşlərin artırılması, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetilə əməkdaşlığın yaradılması, ədəbiyyata marağın artırılması məqsədiylə kollec, peşə məktəbləri və orta məktəblərdə ədəbiyyat viktorinalarının təşkili, Gənclər Şurasının özünəməxsus sayt və sosial şəbəkə hesablarının yaradılması, eyni zamanda, gənc dramaturqların Azərbaycan teatr səhnəsində təmsil olunmasını asanlaşdırmaq məqsədiylə Azərbaycan Yazıçılar Birliyi ilə Teatr Xadimləri İttifaqı, eləcə də, müxtəlif teatrların əməkdaşlığının sıxlaşdırılması yönündə təkliflərlə çıxış edib. Onun təklifləri AYB sədri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tapşırıqlar verilib.

 

Daha sonra Gənclər Şurasının sədr müavini Cavid Zeynallı, üzvlər Gülnar Səma, Ramil Əhməd, İntiqam Yaşar, Şəhriyar Del Gerani, Ruslan Dost Əli, Elmin Nuri, Fuad Cəfərli, Şəhla Aslan və Türkan Turanın müxtəlif səpkili təklifləri dinlənilib. Gənc yazarlar, Azərbaycan televiziya məkanında ədəbiyyata marağın artırılması, gənc qələm sahiblərinin ekranlarda təmsili, Mədəniyyət Nazirliyi ilə ortaq layihələrin həyata keçirilməsi, gənc şair və yazıçıların kitablarının çapı və kitabxanalara paylanması, bölgələrdə ədəbiyyatın daha geniş təbliğatı, AYB-nin regionlardakı qurumlarında Gənclər Şurasının üzvlərinin təmsil olunması, AYB-nin mətbuat orqanlarında elmi ədəbiyyata marağın daha da artırılması, qabaqcıl nəşriyyatlarla iş, gənc qələm sahiblərinin xarici ölkələrdə təbliğatı və sair kimi mühüm təkliflər səsləndiriblər.

 

Bütün çıxışçıları diqqətlə dinləyən AYB-nin sədri, Xalq yazıçısı Anar verilən təkliflərin hər birini yüksək qiymətləndirib və AYB-nin səlahiyyətləri daxilində mümkün qədər hər birinin həyata keçirilməsinə çalışacağını deyib. O, eyni zamanda, AYB Gənclər Şurasının üzvlərinin sayının artırılması, gənclərin redaksiyalara təqdimatı, qəbul komissiyasında gənclərin də təmsil olunması, eləcə də, müvafiq nazirliklərə kitabların kateqoriyalarına uyğun olaraq müraciət edilməsi kimi təkliflər irəli sürüb.

 

Sonda gənclərə işlərində uğurlar arzulayan AYB sədri, onların gələcəkdə çox mühüm və faydalı işlərə imza atacağına inandığını da vurğulayıb.

 

MEHRİ

525-ci qəzet.- 2021.- 1 iyul. S. 8.