İLİMƏ YAĞIŞ YAĞIR

                 (50 yaşıma)

 

Çapıb keçdim zamanı

bir qələmin ucunda,

Ruhumu yaralayıb

buraxdı bəndələrin.

 

Daha yox ürəyimdə

zamanın itən yeri,

Bir günün, bir saatın,

bir anın bitən yeri.

 

Nə vaxt keçib getmişəm

gözlərinin önündən.

Baxışının altında

tutmamısan məni Sən.

 

Əyilib qədd-qamətim,

pozulub dəngələrim...

deyəsən üzüyola

tanımısan məni Sən...

 

"Sevmirəm" dediyim an

hamıdan çox sevmişəm.

kimə kül olan ocaq,

kimə xoşbəxt evmişəm.

 

Uşaqlar soruşduğu

uşaqlarım var imiş.

yolda üzən ilğıma

taleyi avar imiş.

 

Məndən istəmə, Tanrım,

əlli ilin xəracın.

yaşatmağa məcbursan,

yoxdu başqa əlacın.

 

Köçüb gedən illəri

gəlin tək bəzəmək var.

qarşıdan gələn nədir?

bilmirəm heç, demək var...

 

İlimə yağış yağır

yaşımın ayrıcında.

yuyur, qovurur məni,

taleyimin sacında.

 

Yamanca darıxıram,

illərim ötsün deyə.

bir göyə, bir də yerə -

ünvana çatsın deyə.

                              29.06.2021

 

DƏNİZ YUXUSU

 

Dəniz havasıydı mənim yazdığım,

İçimdə dənizin qoxusu vardı.

Bir az duzlu idi, bir az da acı,

Gözündə qərib bir yuxusu vardı.

 

Bəzən sakit idi, bəzən dalğalı,

Bəzən ölü gəlir, bəzən sağ qalır,

Bəzən yosunlara elə dağ salır,

Bilmir balıqların axısı vardı...

 

Sonsuzdu yer üzü, amma son deyil,

Geyinir, soyunur, amma don deyil,

Damarda qırmızı, amma qan deyil,

Çatlamış dodağın yaxısı vardı...

 

Bir az cənub idi, bir az qərb idi,

Qanunsuz qanuna bir az sərt idi,

Qınına çəkilmək acı şərt idi,

Yazıb unutduğum çoxusu vardı...

                                   23.06.2021

 

Təranə Arifqızı

525-ci qəzet.- 2021.- 1 iyul. S. 16.