Böyük ziyalı, dəyərli
azərbaycanlı - Rəşid Cavanşirin 70 illik yubileyinə
İnsan ömrü təqvimdəki rəqəmlərlə
ölçülən zaman kəsiyidir. Təqvim
yalnız yaşanmış illərin sayını göstərir,
ömrün mənasının, dəyərinin göstəricisi
isə həyatda qoyduğun izlər və əməllərdir.
Birmənalı olaraq hər bir insanın həyata gəlişi
hansısa bir missiya ilə əlaqəli olur. Xoşbəxt
o kəslərdir ki, üzərinə düşən
missiyanı həyata keçirə bilir. Bu baxımdan Rəşid
Cavanşiri xoşbəxt adam saymaq olar. Bir neçə saat davam edən maraqlı söhbətimizdə
də bir daha bunun şahidi olduq.
Rəşid Cəmil oğlu Cavanşir 1951-ci ildə
Bakı şəhərində anadan olub. Bakı şəhərində
23 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan
Neft və Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsində
ali təhsil alıb. Təhsil
illərində institutun ictimai həyatında fəal tələbə
kimi tanınıb, Moskvada keçirilən tələbələrin
ümumittifaq qurultayının nümayəndəsi
seçilib, Kremldə SSRİ rəhbərlərinin
qarşısında Azərbaycan tələbələrinin
adından çıxış etmək də məhz ona həvalə
olunub. Daha sonra tələbəlik illərində
Berlində keçirilən gənclər festivalında Rəşid
Cavanşir Azərbaycandan gedən nümayəndə heyətinin
tərkibinə qatılıb. Onun tələbə
həyatı bu cür tədbirlərlə zəngin olub.
Rəşid Cavanşirin gənclik illərində
komsomol və partiya orqanlarında işə keçmək dəbdə
olsa da, bu sahədə fəaliyyət göstərmək
şansı qazansa da, o, öz gələcək həyatını
elmə bağlayıb. Dissertasiya mövzusu Moskvada təsdiq olunduqdan sonra o,
1978-ci ildə namizədlik dissertasiyasını uğurla
müdafiə edib və bununla da Rəşid
Cavanşir gələcək hədəflərini elmi fəaliyyətdə
axtarıb.
Rəşid
müəllim ilk əmək fəaliyyətinə AMEA-nın
Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda
başlayıb, 1988-ci ildə doktorluq işini müdafiə
etdikdən sonra seçki yolu ilə həmin institutda elmi
işlər üzrə direktor müavini vəzifəsinə
seçilib.
1995-ci ildə
Rəşid Cavanşir "Amoko" şirkətindən
iş təklifi alıb. O, şirkətin Xəzər üzrə
geoloji kəşfiyyat koordinatoru vəzifəsinə təyin
olunub və bu vəzifəni Bakıda icra edib.
Rəşid müəllimin institutun elmi işlər
üzrə direktor müavini vəzifəsindən xarici
şirkətə işə keçməsini bəzi azərbaycanlı
alimlər müsbət qarşılamayıblar. Bu
anlaşılmazlığa Rəşid Cavanşir belə
aydınlıq gətirib:
"1994-cü ildə "Əsrin müqaviləsi"
imzalandıqdan sonra Azərbaycanda fəaliyyət göstərən
xarici neft şirkətlərinə azərbaycanlılar da
işə qəbul olunurdu. Amma azərbaycanlılar
əsasən mühafizəçi, sürücü, katibə
kimi fəaliyyət göstərirdilər. Mən belə
düşündüm ki, bir alim kimi bu şirkətlərdə
çalışım, bununla da Azərbaycan alimlərinin elmi
potensialını xarici mütəxəssislərə
sübut edim..."
Rəşid Cavanşir bir azərbaycanlı kimi dünya
iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan
neft sənayesi sahəsində bir çox ilklərə imza
atıb. O, bu
sahədə göstərdiyi fəaliyyətdə Ulu öndər
Heydər Əliyevin neft strategiyasından səmərəli
şəkildə bəhrələnib.
1997-ci ildə "Amoko" şirkəti onu Amerika Birləşmiş
Ştatlarına, Hyustona Ümumdünya kəşfiyyat və
planlaşdırma şöbəsinə göndərib. Göndəriş yüksək
iş məhsuldarlığı və dərin bilgilərə
malik olan azərbaycanlı alimin təcrübəsini
artırmaq, zənginləşdirmək məqsədini
daşıyıb.
1998-ci ildə şirkət Rəşid Cavanşiri yenidən
Bakıya qaytarıb, Xəzər üzrə kəşfiyyat
sahəsinə direktor vəzifəsinə təyin edib. Həmin ərəfədə
pay bölgüsü kontraktları zamanı "Amoko"nun
operatoru olduğu "İnam" Əməliyyat Şirkəti
yaradılanda şirkətə prezident seçkiləri
zamanı "Amoko" rəhbərliyi Rəşid
Cavanşirə də namizədliyini irəli sürməyi təklif
edib. Rəşid müəllim bu məsul vəzifəni
icra edə biləcəyinə şübhə etməyib, amma
bu şirkətə bir azərbaycanlı olaraq prezident təyin
olmasını real saymayıb. Amma o, bu
fikirlərində yanılıb. Bir həftədən
sonra namizədlərin müzakirəsi başa
çatdıqda Rəşid Cavanşirə "İnam"
Əməliyyat Şirkətinə prezident təyin olunduğu
bildirilib. Rəşid Cavanşir ilk azərbaycanlı
alim və mütəxəssis olaraq belə bir şirkətin
prezidenti vəzifəsinə təyinat alıb.
Bu təyinatdan
bir ay sonra "BP" və "Amoko" şirkətlərinin
birləşməsi nəticəsində kadr dəyişiklikləri
başlananda bir sıra xarici neft şirkətlərinin, o
cümlədən, "BP"nin və "Amoko"nun Azərbaycandakı
rəhbərləri də dəyişdirilib. Azərbaycanda
yeni yaradılmış "BP-Amoko" şirkətinə isə
Londondan yeni prezident təyin olunub. 1999-cu
ilin yanvarında vəzifəsinin icrasına başlayan yeni prezident
Rəşid Cavanşirlə görüşəndə ona -
"Amoko-İnam", "BP-Şahdəniz,
"BP-Araz-Alov-Şərq" Əməliyyat şirkətlərinə
rəhbərlik etmək təklifini verib. Belə
bir təyinat xarici mütəxəssisləri də təəccübləndirib.
Məhz bu təyinatla Rəşid Cavanşir
hansı gücə, elmi potensiala malik olduğunu növbəti
dəfə sübut edib. 1999-cu ildə Rəşid
Cavanşirin rəhbərliyi altinda nəhəng Şahdəniz
qaz yatağı aşkar olunub. Sonrakı
illərdə Rəşid Cavanşir ilk tarixi Türkiyə
qaz satış müqaviləsi ilə bağlı
danışıqlarda bilavasitə iştirak edib. O, həmin
illərin neft siyasətində Azərbaycan Dövlət Neft
Şirkətinin rəhbərlərindən olmuş Valeh
Ələsgərovun xidmətlərini yüksək qiymətləndirir.
2002-ci ildə Rəşid Cavanşir Londonda "BP"
şirkətinin mərkəzi ofisində strategiya şöbəsinə
menecer vəzifəsinə göndərilib. Fəaliyyət
coğrafiyası daha geniş olan bu şöbədə
işləməklə və işgüzarlıq
nümayiş etdirməklə Rəşid Cavanşirin
"BP" ailəsində nüfuzu daha da artıb.
2003-cü ildə şirkət rəhbərliyi Rəşid
müəllimi ən ağır sahəyə - Şotlandiyaya
ezam edib. O, "BP"nin Şimal dənizinin cənub hissəsinə
rəhbərlik edib. Rəşid müəllim
üçün bu dövr sınaq dövrü
sayılıb. Belə ki, bu vəzifə
kabinetdən daha çox, dənizdə, platformalarda
olmağı tələb edib. Şotlandiyadakı
üç illik fəaliyyətindən sonra "BP" rəhbərliyi
Rəşid müəllimi "hər yerdə işləməyi
bacaran mütəxəssis" kimi xarakterizə edib.
Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası başa
çatdıqdan sonra Rəşid Cavanşir "BP" rəhbərliyi
tərəfindən bu şirkətin ilk baş icraçı
direktoru təyin edilib. Eyni zamanda, o, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
baş meneceri olub.
2009-cu ildə
Rəşid Cavanşir ilk azərbaycanlı olaraq “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə
üzrə prezidenti təyin olunub və 2012-ci ilə qədər
bu vəzifəni daşıyıb. 2010-cu ildə
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi
ilə birgə Ankarada imzalanmış Anlaşma Memorandumunun
danışıqlarında iştirak edib. 2011-ci
ilin İzmir anlaşmalarında Rəşid müəllim
tranzit müqaviləsinə imza atıb.
2010-cu ildə
Rəşid Cavanşir Bakıda Şəfəq-Asiman pay
bölgüsü kontraktına “BP” şirkətinin adından
imza atıb. Respublikamız tərəfindən isə həmin
kontraktı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev imzalayıb. Beləliklə, tarixdə ilk dəfə möhtəşəm
bir sənədi hər iki tərəfdən azərbaycanlılar
imzalayıb.
Rəşid Cavanşir 2012-ci ildə "BP"də ən
yüksək vəzifələrdən birini tutub, Böyük
Britaniyanın "BP" neft şirkətinin Strategiya və
inteqrasiya üzrə baş vitse-prezidenti təyin edilib.
Rəşid müəllim harada olmasından, hansı vəzifədə
işləməsindən asılı olmayaraq, onun
üçün Azərbaycanın mənafeyi daim ön planda
dayanıb və o, Azərbaycan üçün sərfəli
olacaq müqavilələrin imzalanmasına bütün
varlığı ilə çalışıb.
Bu gün Rəşid müəllim bir çox elmi
şuraların, cəmiyyətlərin, dünyada
tanınımış elmi redaksiyaların üzvüdür. Ən maraqlısı budur
ki, Rəşid Cavanşir 1989-cu ildə ABŞ-da, Hollandiyada nəşr
olunan iki beynəlxalq
jurnalın redaksiya heyətinə dəvət olunub
və tarixdə ilk dəfə Azarbaycan elmini orada təmsil
edib. 230 elmi əsərin, 8 monoqrafiyanın, 12 müəlliflik
şəhadətnaməsi və patentin müəllifi,
AMEA-nın müxbir üzvü olan Rəşid Cavanşir, həm
də 1993-cü ildən Azərbaycan Respublikası Prezidenti
yanında AAK-nın Yer haqqında elmlər üzrə ilk
ekspert Şurasında təmsil olunub.
Elmi
yaradıcılığı, xidməti vəzifəsi ilə
yanaşı, Rəşid müəllin dünyanın ən
nüfuzlu ali təhsil ocaqlarında
mühazirələr söyləyib, neft hasilatı sahəsindəki
təcrübəsini gənc mütəxəssislərlə
bölüşüb.
Rəşid Cavanşirin xidmətləri zaman-zaman
yüksək mükafatlara layiq görülüb. Bu
mükafatların arasında isə Azərbaycan Prezidenti
İlham Əliyevin şəxsən ona təqdim etdiyi
"Şöhrət" ordeninin xüsusi yeri var.
Rəşid Cavanşir öz şəcərəsinə,
soy-kökünə həssaslıqla, ehtiramla yanaşan şəxsdir. Bəy və xan nəsillərinə
xor baxılan Sovet rejimində Rəşid müəəlim
öz Cavanşir soyadını "ov"la, "yev"lə
əvəzləməyib, ən mötəbər auditoriyalarda
belə özünü Cavanşirlər nəslinin nümayəndəsi
kimi qürurla təqdim edib.
70 illik ömründə Rəşid müəllim elmi
yaradıcılığında, vəzifəsində
uğurlar qazanaraq həyatına bir çox əlamətdar
günlər yazıb. Amma 2020-ci ilin noyabrın 8-də
ulularının yaşadığı, babalarının əmanəti
olan Şuşanın işğaldan azad olunduğu gün onun
üçün yaşadığı illərin ən
möhtəşəm günüdür. Bu gün o qədər
möhtəşəmdir ki, həmsöhbətimiz Şuşa zəfərindən danışanda
qəhər onu boğur. Bu "qəhər"ə
görə isə o, dünya reytinqli Azərbaycan Prezidenti
İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna
minnətdarlığını bildirir.
İyulun 17-də böyük ziyalı, dəyərli Azərbaycan
vətəndaşı Rəşid Cavanşirin 70 yaşı
tamam olur. Bu münasibətlə biz də yubilyarı təbrik
edir, ona şəxsi həyatında, elmi və xidməti fəaliyyətində
yeni uğurlar arzulayırıq.
İlham CƏMİLOĞLU
525-ci qəzet.- 2021.-
7 iyul. S. 8.