Unudulmaz Musa müəllim

 

Mən hər şeydən öncə Musa Salam oğlu Məmmədovu bir müəllim kimi qəbul edirəm. İndiki dövrümüzdə müəllim sözünün mənası ilk vaxtlardakı məzmununa görə nəzərəçarpacaq dərəcədə dəyişib.

 

İnsanların bir-birinə müraciətində bu söz hörmətli sözünün sinonimi olmuşdu, yaxın keçmişdə isə "bəy" sözünə rəqib kimi işlədilirdi. İxtisasından və nə işlə məşğul olmasından asılı olmayaraq, bizim vətəndaşlar hətta telefonla zəng vuranda özlərini filankəs müəllim - yəni hörmətli şəxs kimi təqdim edirlər.

 

Bu sözün əsl məzmunu isə - dərin biliklərə malik, bunu başqalarına ötürmək qabiliyyətli, ağıllı məsləhətlər verən, nalayiq hərəkətlərdən, pis vərdişdən yayındırmağı bacaran savadlı insandır.

 

Mən Musa Məmmədovu 1962-ci ildə ilk gördüyümdə məhz bu keyfiyyətlərinə görə müəllim kimi qəbul etdim. Və Musa Məmmədovun mənim hafizəmdə bir şəxsiyyət olaraq tərəfimdən qəbul edilməsi altı onilliklər boyu davam edir.

 

Musa müəllimin aqronomluq ixtisasını seçməsi onun hələ gənc yaşlarında başlanan ömür yolundakı qanunauyğunluqların nəticəsi kimi qiymətləndirilir. Atasını cəbhəyə yola salıb, onun orada qısa vaxtda həlak olması, uşaqlar arasında böyük olan 12 yaşlı Musanın yeddi nəfərdən ibarət olan ailənin maddi baxımdan yükünün onun çiyinləri üzərinə  düşməsinə bilavasitə zəmin yaradır. Heç bir ixtisası və bacarığı olmayan kənd uşağı harada və nə qazana bilərdi?

 

Xoşbəxtlikdən, onun əslən bağlı olduğu Qəbələ rayonunun münbit təbiətinin olması, odundan, giləmeyvələdən və digər meşə nemətlərindən istifadə edilməsi gənc Musaya ailə büdcəsinə münbit yatırım etməyə şərait yaradırdı. O, kolxozda işləyən anasına kömək edirdi. Bir sözlə, o, gənc yaşlarından ağır fiziki işlərə alışmış və heç təsadüfi deyil ki, orta məktəbi bitirdikdən sonra kənd təsərrüftatı sahəsində təhsil almağı, iqtisadiyyatın daha vacib və məhsuldar sahəsində işləməyi qərarlaşdırmışdı.

 

1947-ci ildə Musa müəllim Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olur. Çalışqanlığı və əməksevərliyi, torpağın sirlərini bilməsi və Musanın idrak sahibi olması institutun professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilir və ən yüksək pul mükafatına - "Stalin" təqaüdünə layiq görülür. Təhsilini bitirdikdən sonra Musa müəllim institutda işə götürülür, ona kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilir və tezliklə, o, Mingəçevir İnstitutunun elmi-təcrübə təsərrüfatının direktoru təyin edilir.

 

Mənim Musa müəllimlə ilk tanışlığım məhz burada olmuşdu. Tələbə ikən mən istehsalat təcrübəmi elmi-təcrübə təsərrüfatında keçirdim. Biz bunu elmi təsərrüfat adlandırırdıq - burada böyük və çoxillik əkin-biçin sahələri, iri və xırdabuynuzlu malqarası olan iri sovxoz var idi. Təsərrüfat yüksək istehsalat göstəriciləri ilə tanınırdı. Bütün bunlar gələcəkdə tələbələrin kənd təsərrüfatı sahəsində lazımi elmi bilik və bacarıqlara yiyələnməsi üçün yaradılan şərait idi.

 

Elmi təsərrüfat tam olaraq suvarılma ilə təmin edilmişdi. Bütünlükdə   respublika üzrə bu problem o dövr üçün indiki kimi kəskin xarakter daşımırdı. Ancaq gələcəyi görən insan kimi o, təsərrüfata geniş yayılmayan texnologiya və növlərin daha proqressiv olanını tanıtdırırdı. Məhz Musa müəllimin təşəbbüsü ilə əməyin istehsalat gücünün artırılmasına, bol məhsulun əldə edilməsinə və əhəmiyyətli dərəcədə suya qənaətə şərait yaradan kənd təsərrüfatında damcı ilə suvarılma işi aparılmışdır. İndi bütün bunlar aksioma adlanır və respublikada onlarla, hətta yüzlərlə təsərrüfat sahələrində damcı və yağış tipli suvarılma artıq təkmilləşdirilmiş hala gətirilib. Ancaq o zamanlar gənc Musanın təşəbbüs və inadkarlığı sayəsində bu proqressiv, eyni zamanda, rəqabətə malik texnologiya ölkəmizdə də tətbiq olunmağa başladı. Bu keyfiyyətlər - təşkilatçılıq bacarığı   elmi təsərrüfatın istehsalat göstəricilərinin yüksək göstəricisi kimi Mingəçevir şəhər partiya komitəsi tərəfindən nəzərə alınıb qiymətləndirilmişdi - Musa müəllim şəhər partiya təşkilatının büro üzvü seçilmişdi.

 

Son 30-35 ildə mürəkkəb iqlim şəraitində, rütubətin çatışmazlığı və yüksək temperaturda, Qafqazda yetişdirilən şam ağacının unikal növünün böyüməsi sayəsində daha geniş sahələr əhatə olunmağa başlayır. Belə ki, uzun müddət bu qiymətli ağac növünün rəsmi yarandığı  ərazi müəyyən edilməmişdi. Qeyd etməliyəm ki, bu növün qeydiyyata alınması prosesinə qonşu ölkələr cəhd edirdi. 

 

Bu ağac növünün mənşəyinin uzun müddət və mürəkkəb şəkildə müəyyən edilməsi prosesi Musa müəllimin təşəbbüs və təşkilatçılığı ilə aparılmış və dünya elmi ədəbiyyatına - Eldar şamı kimi daxil edilmişdi ki, vətəni Azərbaycanın Samux rayonu ərazisi kimi göstərilmişdi.

 

Musa müəllim harada işləməsindən asılı olmayaraq, istər qabaqcıl texnologiyalarda, istərsə də kənd təsərrüfatı sahəsində, meşə təsərrüfatındakı ağac növlərində istehsalata həmişə yeniliklər tətbiq etməyə çalışırdı. 

 

O, fövqəladə işinin bilicisi, fenomenal hafizəyə malik olmaqla, günün istənilən vaxtında 10-15 il öncə Respublikada nə qədər pambıq yığılıb, nə qədər lif ixrac edilib və sair bunları deməklə, biliklərini həvəslə paylaşmağı xoşlayan insan idi. Yaxşı rəhbər, təşkilatçı idi və heç təsadüfi deyil ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə assisent kimi başlamaqla, daha sonrakı illərdə nazir müavini, nazir, dövlət komitəsinin sədri, Nazirlər Kabineti sədrinin müavini kimi yüksək vəzifələrdə çalışmışdı.

 

Ancaq Musa Salam oğlu Məmmədov hər hansı bir vəzifəni tutmasından asılı olmayaraq, həmişə sadə, insani keyfiyyətlərə malik, öz bilik və bacarıqlarını paylaşmağa hazır bir müəllim idi. O, həyatında rast gəldiyi insanların yaddaşında beləcə də qaldı.

 

Arif RƏHİMZADƏ

525-ci qəzet.- 2021.- 7 iyul. S. 15.