Ölümsüz ömür yaşayan səngər
generalı
Səməd Vurğunun Üzeyir Hacıbəyova həsr
etdiyi şeiri xatırlayıram:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz
bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar,
sevilərək ölənlər.
Xalq hikməti, xalqın hikməti min illərdi
sözün qüdrətinə iman gətirənlərə
bir mətləb də yaşadır: Sevin Vətəni,
Vətəni sevənləri sevin. Bu dünyaya gəlişi
bəlli, gedişi bəlli olmayanlara yazıq...
Ömrünü xalqının
sabahlarına şam-çıraq edənlər
həmişə ehtiramla xatırlanıb. Xalq bu ehtiramları yaşada-yaşada xalq kimi
formalaşıb. Onları bir ad ümumiləşdirir:
Vətən mücahidləri. Vətən
mücahidləri azadlıq, müstəqillik
cəfakeşləridi. "Ömür Vətən
üçündü" fəlsəfəsiylə
yaşayanlar şəhidliyi bəşəriliyin yaşamı
naminə ömrün davamı bilir...
Polad Həşimov Qəbələnin
Vəndam kəndində anadan olub. Sumqayıtda təhsil alıb. Yeniyetməliyi
Azərbaycanda milli-azadlıq hərəkatının
kükrədiyi vaxtlara düşüb. Bəlkə
də bu, yeniyetmə Poladın dünya duyumunu
incələşdirib, onun vətənpərvərliyini
formalaşdırıb.
Ermənistan Azərbaycana qarşı
elan etmədən müharibəyə başlayanda Poladın
13 yaşı vardı. Ağdamda Əlinin,
Bəxtiyarın qətlə yetirildiyini o da eşitmişdi.
Vəndamdan Ağdama aparası yollara sarı
baxmışdı. Nə keçmişdi
könlündən? Duyumum mənə deyir
ki, Əlinin, Bəxtiyarın qətlə yetirilməsi onun da
düşüncələrinin tufanına dönüb. Onda "Ruhumuz Vətənin pərvanəsidi" -
dediyinə zərrəcə şübhəm yoxdu. Bu düşüncələr onun ömür yolunun
işığına dönüb. Hərbçi olmaq
istəyi ilə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbində, sonra
Türkiyədə hərbi təhsil alıb...
Birinci Qarabağ
müharibəsində mən də Vətənin
müdafiəsində dayandım.
Mən də Birinci Qarabağ
müharibəsinin iştirakçısıyam. Vətən kəlməsinin müqəddəsliyini
bu müharibədə bir daha,
döyüş-döyüş mən də yaşamışam.
Birinci Qarabağ müharibəsi
başlayan illərdə Polad Həşimov kursant idi. Ona
elə gəlirdi ki, zaman ləng ötüşür; onu da
digər kursant yoldaşları kimi ön xətt,
döyüş mövqeləri, səngərlər
çəkirdi...
Eşitdiklərimə əsaslanıb
xatırlayıram ki, yüksək rütbəli
hərbçi olan Polad Həşimov akademik hərbi təhsil
almaq istəyirdi. Sənədlərini
Silahlı Qüvvələrin Hərbi Akademiyasına
vermişdi. Ancaq sabiq müdafiə naziri
onun istəyinə (həm də ordumuz üçün
gərəkli istəyinə!) mane olmuşdu.
Polad Həşimovu 2012-ci ildən tanıyırdım. Silahlı Qüvvələrin Hərbi
Akademiyasında təhsil almağa seçilənlərin
sırasında o da vardı. İmtahanlara hazırlıq
məşğələlərində o da iştirak edirdi
və vaxtaşırı söhbətləşirdik, sual-cavab
formatında... Ancaq müdafiə nazirinin xüsusi
göstərişi ilə komandiri olduğu hərbi
hissəyə qaytarılanda hərbçi kimi əmri
yerinə yetirsə də, qəlbi gizildəmişdi.
Təhsilini davam etdirə bilməməyin
təəssüfünü niyyətinə çatana kimi
gizlincə yaşayacaqdı...
Yeni müdafiə nazirinin təyin
edilməsilə hazırlıqlı, savadlı, geniş
dünyagörüşlü, yüksək intizamlı
zabitlərin ordu quruculuğunda fəal iştirakına
geniş imkanlar açıldı. Polad Həşimovun qəlbində kimsənin
xəbəri olmayan bir sızıltıdan xilas olmaq imkanı
yarandı, ona komanda-qərargah fakültəsində magistr
təhsil almaq imkanı yarandı. 2014-cü
ildə qəbula gələnlər arasında polkovnik Polad
Həşimov da vardı. İmtahanlardan
uğurla keçdi, qiyabi şöbəyə daxil oldu.
İngilis dilindən
məşğələləri mən aparırdım. Ona görə də yaxından ünsiyyətimiz
olurdu. Təkcə
dinləyici-müəllim kimi deyil, həm də
həmfikirlər kimi Vətəndən, müharibələr
tarixindən, Birinci Qarabağ müharibəsindən
danışırdıq. Gənc polkovnikin
düşüncələrinin əhatəliyi də,
məntiqi söhbətləri də, xəlqi-milli
heysiyyəti də könlümə yatırdı; maraqlı
və arzulanan həmsöhbət idi. Belə
bir zabitlə tanışlığı ömrümə
qazanc bilirdim.
Magistr işınin müdafiəsi
ərəfəsində o da digərləri kimi elmi
məqaləsini Müdafiə Nazirliyinin orqanı olan
"Hərbi Bilik" jurnalında dərc etdirmək istəyirdi. Bunun üçün məqalənin xülasəsi
ingilis dilinə tərcümə olunmalıydı. Etiraf edək ki, elmi
işlə məşğul olanların hamısının
belə köməyə ehtiyacı olur. İngiliscə-azərbaycanca,
azərbaycanca-ingiliscə hərbi lüğəti
nəşrə hazırlayırdım. Rəhbərliyin
tələbi ilə bu işlə ciddi məşğul idik.
Qapı döyüldü. Gələn
polkovnik Polad Həşimov idi. Onda korpus
komandirinin müavini-qərargah rəisi vəzifəsində
xidmət edirdi. Səmimi insan idi,
tutduğu yüksək vəzifəyə baxmayaraq, çox
mədəni və alicənab hərəkəti nəinki
müəllimlərin, hətta laborantın da diqqətini cəlb
etdi. Gedəndən sonra o zabitin kimliyi
ilə maraqlandı. Hansı
vəzifədə xidmət etdiyini biləndə
təəccübləndi, onun sadələyinə, insanlara
sevgisinə, yüksək mədəni davranışına
həsəd apardı.
Onun yazdığı elmi
məqalənin xülasəsinin tərcüməsini,
kompüterdə yığılmasını təxminən
yarım saat ərzində yekunlaşdırdıq. Məqalənin
dərc edilməsi üçün lazımi
sənədlər hazırlandı. Üzünü
cazibədar bir təbəssüm bürüdü. Təşəkkür etdi. "Siz sağ olun
ki, ordumuz naminə yüksək hərbi təhsil
alırsınız, bu prosesdə bizim də zərrəcə
xidmətimiz varsa, taleyimizə minnətdarıq" dedim. Sağollaşıb getdi.
Uzun müddət polkovnik Polad
Həşimovun insanlarla (dinləyicilərlə,
müəllimlərlə, zabitlərlə)
davranışı heç birimizin yadından
çıxmadı. Kimsə polkovnik Polad Həşimovun
davranışını az qala protokol kimi
qəbul etməyi təklif etdi. Arada səmimi
bir təbəssüm gəzişdi. Bu
təbəssüm reallığa nə qədər yaxın
idi!..
Polad Həşimov polkovnik idi, general-mayor oldu...
Bu ali rütbədə də
Vətənin əsgəri idi...
Mərd hərbçi idi. İstər zabit yoldaşları ilə,
istərsədə əsgərlərilə
söhbətlərində Ali Baş Komandanın
əmriylə başlayacaq döyüşlərdən,
qazanılacaq qələbədən, ərazi
bütövlüyümüzün bərpa olunacağından
danışardı. "Rütbəmizdən,
tutduğumuz vəzifədən asılı olmayaraq hər
birmiz Vətənin əsgəriyik. Döyüşlərdə
əsgər kimi də vuruşarıq. Qələbə
naminə! Döyüşləri Ali Baş Komandanın sər-kərdəliyi
ilə zəfərlə başa çatdırmaq
üçün!", - deyərdi.
Xidmətim müddətində
əsgərlərin tam səmimiyyətlə sevdiyi
zabitləri tanımışam. Bu sevginin qələbəyə zəmanət
olduğunu da duyurdum. İllər sonra
zabit-əsgər münasibətinin nizamnamələri
mənəvi baxımdan tamamlayan nizamnamə olduğunu da
dərk etdim. Bütün
tələbləri də, tapşırıqları da,
əmrləri də ordumuzun gücünün, şəxsi
heyətin döyüş və mənəvi-psixoloji
hazırlığının yüksəldilməsinə
xidmət edən zabitlər haqqında söz
düşəndə general-mayor Polad Həşimovu da anırıq.
Bu anma ehtiramdı, sevgidi...
Zamanında Murov və
Daşkəsən kimi döyüş
bölgələrində xidmət etmiş general-mayor Polad
Həşimov "Cəsur, mərd zabit idi, həm
əsgərlər, həm də zabitlər arasında
kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi" (Seymur
Kazımov).
General-mayor Polad Həşimovu
tanıyanların hamısı onu böyük ehtiramlarla
xatırlayır. Kimisi savadlı
şagird, kimisi savadlı kursant, kimisi savadlı zabit kimi.
Hamısı deyir ki, Polad həm də dərin
intellekti ilə fərqlənib. Bu
fərqlənmə daxili zənginliyin səviyyəsi kimi
qəbul edilib. Onun ən çox
dəyər verdiyi xüsusiyyətlərdən biri də
səmimi yoldaşlıq olub. Mayor Həşim
Həşimov (onlar sadəcə, eyni familiyanı
bölüşürlər, Biri Qəbələdəndi,
digəri Cəlilabaddan) qorxubilməz insan
adlandırdığı kursant yoldaşı haqqında deyir:
"Poladla kursant yoldaşı olmuşuq. Bu
və ya digər fəndən imtahana hazırlaşanda
qarşılıqlı köməkdən faydalanardıq.
Bilmədiyim, yaxud da unutduğum mövzuları o qədər
həvəslə, o qədər əhatəli izah edərdi ki! Həm də
dinləmə mədəniyyəti ilə seçilərdi.
"Yaxşı dinləməsən, yaxşı
öyrənə bilməyəcəksən"- Polad belə
deyərdi...
"Özünə, ailəsinə
necə münasibət bəsləyirdisə,
əsgərlərinə də həmin sevgiylə
qayğı göstərirdi. Ona
hədiyyə edilən
mənzili şəhid ailəsinə
bağışlamışdı. Bir gizirin
oğlu olduğunu eşidincə onu yanına
çağırtdırır. Təbrik
edir, səmimiyyətlə əlini sıxır və ...
növbədənkənar məzuniyyət biletini, kiçik
ölçülü zərfi ona verir. Sonra məlum
olacaqdı ki, maaşından artırdığı pulun bir
hissəsini gizirə verib ki, oğlunun yanına
ürəklə getsin...", - genaral-mayor
Polad Həşimov haqqında belə də deyirlər...
1996-cı ildə leytenant Polad Həşimovun komandir
olduğu bölükdə taqım komandiri kimi xidmətə
etmiş Elbrus Rzayev (indi ehtiyatda olan baş leytenantdır) onu
"Murovdağ qartalı" adlandırır, deyir ki,
Daşkəsəndə hərbi hissənin elektrik problemini
Polad həll etdi. Həm də kimsənin
ağlına gəlməyən üsulla. Axar çaydan
motor vasitəsilə elektrik enerjisi alınmasına nail oldu,
kazarmalarda televizorlara baxa bildik. Yəni Poladın
təfəkkürü və qayğısı sayəsində
hərbi xidmətimiz xeyli dəyişdi...
2016-cı ilin Aprel
döyüşləri indi tarixdir. O
döyüşlərdə Azərbaycan Ordusunun
qələbəsi təkcə hərbi dəyəri ilə
səciyyəvi deyil, o döyüşlər ictimaiyyətin
orduya inamını da kükrətdi, güvəncini də. Dünya gördü və əmin oldu ki,
Azərbaycan ordusu torpaqlarını döyüşlə
işğaldan azad etməyə qadirdir. Həmin
döyüşlərdə Lələtəpə,
Bayraqtəpə kimi mühüm strateji əhəmiyyətli
yüksəkliklər də işğaldan azad edildi.
2016-cı il Aprel
döyüşlərində göstərdiyi
xidmətlərə görə Azərbaycan Respublikası
Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri ilə
"Vətənə xidmətə görə" II
dərəcəli ordeni ilə təltif edilib.
Həmçinin, Azərbaycan Respublikası Müdafiə
Nazirinin müvafiq əmrləri ilə "Qüsursuz
xidmətə görə" medalının hər
üç dərəcəsi, "Azərbaycan Respublikası
Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)",
"Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan
Respublikası Silahlı Qüvvələrin in 95 illiyi
(1918-2013)", "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley
medalları, "Azərbaycan Respublikası Silahlı
Qüvvələri Veteranı", "Hərbi
xidmətdə fərqlənməyə görə" III
dərəcəli medalı ilə təltif olunub. 2-4 aprel 2016-cı ildə Talış kəndi
yüksəklikləri uğrunda gedən
döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah
rəisi olmuş, döyüş zamanı
yaralanmışdı.
Yeri gəlmişkən, 2016-cı ilin
Aprel döyüşlərində Talış kəndi
istiqamətdə gedən döyüşlərdə
mühüm mövqelərdən birinin işğaldan azad
edilməsi bilavasitə Polad Həşimovun adı ilə
bağlıdır. Müharibə
tarixinə, Aprel döyüşlərinə ehtiram kimi
həmin post "Polad postu" adlandırılır.
General bu adlanmaya etiraz edirdi: "Bu postu şəhidlərin adına post adlandırın, Aprel
döyüşləri postu adlandırın, xalqın orduya
inamı adlandırın, ruhumuzun postu adlandırın..."
Həmin post tarixən bu adla yaşayacaq...
25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra
Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu
Korpusunun Qərargah rəisi təyin olunmuşdu. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin general-mayoru Polad Həşimov 14 iyul
2020-ci ildə Tovuz rayonu istiqamətində Ermənistan
Silahlı Qüvvələrinin hücum cəhdinin
qarşısını alarkən şəhid olmuşdur.
Polad Həşimov İsmət Qayıbov və
Məhəmməd Əsədovdan sonra 1988-ci ildən
etibarən başlayan Qarabağ müharibəsində
həlak olan üçüncü Azərbaycan generalı
olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
deyib: "General Polad Həşimov orduda çox böyük
hörmətə malik olan bir insan idi. Aprel
döyüşlərində öz rəşadətini
göstərib. Mənim
tərəfimdən ilk dəfə yüksək dövlət
ordeni ilə təltif edilmiş, ona general rütbəsi
verilmişdir". Bu, generala Ali Baş
Komandanın verdiyi dəyərdir.
Polad Həşimov İsmayıl bəy
Qutqaşınlıdan sonra Qəbələnin ilk generalı
idi...
General döyüşləri
məsafədən idarəedən şəxs olsa da,
general-mayor Polad Həşimov hər zaman öz
əsgərlərinin yanında olub. Son
dərəcə sadə və vətənpərvər idi.
Ürəklərdə yaşamaq
ölümsüzlük deməkdir. Polad Həşimov
ölümsüz ömür yaşadı...
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor
Polad Həşimov Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsində
xüsusi xidmətlərinə və döyüş
tapşırıqlarını yerinə yetirərkən
göstərdiyi igidliyə görə ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adına layiq görüldü...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 7 iyul. S. 19.