Sözün əsiri

 

VƏ YA SÖZ UĞRUNDA YAŞAMAQ

 

Şair, publisist Əbülfət Mədətoğlunun şeirlərini duymaq cəhdim

Onun söz uğrunda yaşadığı bu dünyada bir çox dəyərlər məqamlar öz mənasını, öz aktuallığını itirsə , o, həmişə sözün dəyərini məqamını uca tutur. O, söz üçün yaşadıqca özü "söz" kimi bütövləşir, dəyər qazanır, ucalır...

 

O, sözün əsiridi. İllərdi bu əsirlikdən qurtula bilmir. Düzü, heç özü bunu istəmir. O, sözün əsiri olduqca, mənəvi dünyasında azadlığın şirin dadını alır göylərin sonsuzluğuna qovuşur. Bu qovuşma, hər gün, hər saat, hər an baş verir. Onun "söz"dən başqa heç nəyi yoxdu...

 

Adətən səhərlər neqativ hadisələrdən uzaq durmaq üçün sosial şəbəkələrə baxmıram. Gündəmi zəbt edən şou xarakterli xəbərlər, reytinq xatirinə yazılan mətnlər informasiya yükündən ibarət olduğundan, heç olmasa günortaya qədər gözümü telefonun ekranından uzaq tutmağa çalışıram. Ancaq elə olur ki, ya vərdişdənmi, ya maraqdanmı bu prinsipdən yayınıram. Ancaq hərdən yaxşı ki, yayınıram. Çünki qarşıma pozitiv düşündürücü məqamlar da çıxır. Belə məqamlardan biri öz ovqatı dünyası ilə adamı sakitləşdirən, səbrlə, inamla özünə kökləyən şeirlərdi...

 

Qəlbimdə çıraq - şam, adın

Başına dönən şamandım...

Heç kim üçün yaşamadım -

Allahdan səndən başqa!

 

Sadə axıcı sözlərin rəqsini izləyirik sanki. Bu rəqs insanın ürəyini dincə qoyur, düşüncələrini sərinlədir hisslərimizə özəllik qatır. "Başına dönən şamandım..."  Sözlərin mirvari dəqiqliyi ilə düzülüşü məna baxımından anlamı asan bir o qədər dərin olan bir sətir. Özünəməxsusluq, heç kimi yamsılamadan özünün olanını təqdim etmək... Budur, əsl sözün şairin fərqi!

 

"Heç kim üçün yaşamadım-Allahdan səndən başqa!" Duyğuların bir gizli xəzinə kimi gizləndiyi Allah qatında açıldığı zaman. Burada "heç kim üçün yaşamadım" ifadəsi həmçinin, müəllifin özü üçün yaşamadığını, bütün həyatını varlığını bağladığı hədəflər açıq aydın sezilir.

 

Dilimi sıxıb tuturam

Sözü - demədən uduram...

Mən, hamını unuduram -

Allahdan səndən başqa!

 

Unutmaq - fəlsəfi bir o qədər həyati anlam kəsb edir. İnsan üçün "unutmaq" yaşamaq üçün ən vacib amildir. Unutmayan, yaşaya da bilməz. Unutmaq, bir növ həyatın davam etməsi, zamanın yazılmayan qanunudur. Hamını unudan adam, Allahını birini unutmayanda əslində, özünü unutmuş olur. O, özünü zamanın alt qatlarında itirən gələcəyə gözü bağlı, ancaq ürəyi açıq şəkildə gedən dərvişdi...

 

"Sözü-demədən uduram". Sözlə nəfəs alan sözlə yaşayan adam, ürəyində sözdən bir yuva qurub. Bu yuvanı isə ancaq sözlə yıxmaq olar. Şair söz yuvasını sözlə qurduğu kimi, sözlə yıxmağın mümkünlüyünü vurğulayır...

 

Yorulmuş bir dəvəyəm

Dərddi, qəmdi küyənim...

Bir Allahdı, bir sən -

Mənə "sağ ol!"- deyənim...

 

Sufizim, mistika, yol... Şair getdiyi yolun sonunu düşünmür. Bu yol onu Tanrıya, Eşqə aparır. Bu yolda ona bəla da göndərilə bilər. O isə bəlaya "gəl" deyir. Çünki "bəla" nemətdi. Dərdin, qəmin bəlasına razılıq edir, bunun nemətindən heç vaxt məhrum olmaq istəmir. Bütün bu bəlalara "xoş gəlmisən" dediyinə görə Allah da ona "sağ ol" deyir. Şair burada məhz bu incə məqama işarə edir...

 

Ahımı karvana qoş,

Ümidimi küləyə...

Ürək bərabər tutur,

Ən müqəddəs mələyə -

Səni!

 

Sözün başlanğıcı da, sonu da müqəddəsliyə tərəf yönəlir. Şairin "ah"ı karvana bənzəyir. Bu "ah" yol gedir. Bu "ah" karvanının sarvanı isə yardı. Son əlac kimi "ümid"ini küləyə tapşıran müəllif yarın ürəkdəki yerini onun təsvirini çox böyük ustalıqla verir: "Ürək bərabər tutur, Ən müqəddəs mələyə - Səni!"

  

Üyüd dəyirmanında,

Ömrümü yarma elə...

Allahın özü qədər,

Sevən varmı de, belə -

Səni?

 

Allahın bəndəsinə olan sevgisinin ölçüsü yoxdu. Bu ölçünü "söz"lə göstərməyə çalışan şair öz sevgisini nümayiş etdirmiş olur. Bu sevgi Tanrıya onun bəndəsinə ünvanlanan, qovuşulmayan, həsrət dolu bir sevgidi. Bu sevginin şəklini "söz"lə çəkən şair ümidlə yaşayır.

 

Çökmüş dəvə kimi dizim yer eşir,

Məni bu halımda qəmdi dindirən...

Uzaqdan üstümə bir kölgə düşür -

Gəlir, ayağına məni endirən...

 

Ümumiyyətlə, bədənlə ruh bir-birinə zidd varlıqlardır. Ruh ilahi aləmin - vəhdətin, bədən isə maddi dünyanın - kəsrətin elementləridir. Bədənə nur gözəllik verən ruhdur. Haqqın camal cəlal gözəlliyi öz varlığını ruh vasitəsilə bədəndə təzahür etdirir. Bədən nəfsani ehtiraslara, həvavü-həvəsə, ruh isə ilahi aləmə meyillidir. Bədəni təşkil edən ünsürlər maddi aləmə məxsus olub maddi aləmdə qalır, ruhlar isə bədən öldükdə ondan ayrılıb qeyb aləminə səfər edir. Ruhların qərar tutduğu məkan Aləmi-mələküt, yəni Ruhlar aləmidir.

 

Mən ruhumla səninləyəm hər bir an,

Nəfəsim şirə çəkir adından...

İnanclısan, deyim eşit inan -

Tanrım kimi sən çıxmırsan yadımdan!..

 

"Yaddaş" məsələsi insanın min illər boyu formalaşdırdığı beləliklə, tarixdə qalmaq gələcəkdə xatırlanmaq ehtiyacında yaranan bir anlayışdır. Bu anlayışın Tanrıya köçürülməsi məhz əbədiyyətin, əbədi həyatın ümidinə varmaq kimi başa düşülür.  Çünki Tanrı zamanın özüdü, zaman özü Tanrıya aiddir. Zamanın idarəsi Tanrıya məxsusdur.

 

Şair özünü Tanrının ixtiyarına buraxır.

 

Səhər , axşam da köhnə biçimdə

Mən vaxt öldürürəm, vaxt da ki, məni...

Təzə heç yoxdu köhnə içimdə -

Oxşamır o, köhnə vaxtdaki məni!

 

Xoşbəxtliyin digər açarı  zamandadır. Kim zamanını düz  xərcləyirsə, o adam xoşbəxtdir. Şair öz xoşbəxtliyini zamanın fövqündə axtarır. Axtarır, ancaq axtardığını itirmədiyini anlayır. Çünki o zamanın içində yeni bir zaman yaşayır. Bu zamanın adı "tənhalıq"dı. Tənhalıq şairin təbii görkəminə bir az da çox təbiilik qatır. Sanki onu daha ağrılı daha kədərli libasda təqdim edir. Bu libası isə şair heç vaxt əynindən çıxarmaq istəmir.

 

Gecəm şamdı - əriyir,

Bələnirəm tüstümə...

Sol gözüm çox səyriyir,

Əyilib qoy üstünə -

Gözünü!

 

Gecə qaranlıqda bir işıq, işıqda bir qaranlıqdı. Tüstü həm qəlbin xəzinəsindən xəbər verir. Qəlbin xəzinəsi isə eşqdi. Xəzinənin üstündə əfsanələrdə deyildiyi kimi, ya əjdaha, ya ilan olardı. Tüstü çıxanda burulan ilana oxşayır, qəlbdəki xəzinəni işarə edir. Bu xəzindən yəqin etmək olur şairin halını. Onun nələrdən keçdiyini hansı əzablarla çarpışdığını aydın sezmək olur.

 

Mən səni sevməzdim, Qadın -

Oxumasam sətir, sətir...

Dedim. hamı bildi adın -

Dur, sevgimi götür, gətir!..

 

Əbülfət Mədətoğlunun şeirlərini oxuduqca fəlsəfi və bir o qədər təbii bir dünyaya düşürsən. Bu dünyanın səsi də, rəngi də, havası da ayrıdı. Bu səs adamın ruhunu oxşayır, bu rəng adamın gözünü nurlandırır, bu hava adamın ağlını başından alır... Sevginin, təmizliyin, səmimiyyətin sözlə bu cür dəqiq, fərqli və incə təsviri adamı heyrətləndirir. Anlayırsan ki, ömrünü sözə və sözün varlığına həsr etmiş bir müəllifi oxuyursan. Oxuduqca, yeni bir yolu görürsən. Sonra bu yolun davamını axtarırsan. Yolun davamını isə müəllif oxucunun ixtiyarına verib. İstəyən gedəcək, istəməyən bu yolda azıb qalacaq...

 

Tural CƏFƏRLİ

525-ci qəzet.- 2021.- 2 iyul. S. 14.