Filoloji fantaziyalar

 

MİRZƏ CƏLİL, NOVRUZƏLİ, "POÇT QUTUSU" VƏ BAŞQALARI

 

Bu yaxınlarda sosial şəbəkədə bir müəllifin belə bir fikrinə rast gəldim ki, Mirzə Cəlil "Poçt qutusu" hekayəsində xalqımızı milli natamamlıq kompleksindən əziyyət çəkən kütlə kimi təsvir edir buna görə ədibin bu hekayəsinin çapına, dərsliklərə salınmasına veto qoyulmalıdır.

 

Əslində, köhnə bayatının bir az yeni "aranjiman"da təkrarı olan bu fikir təkcə Mirzə Cəlilin yox, həm Sabirin, ümumiyyətlə, bütün "Molla Nəsrəddin"çi ədiblərin əsərlərinin nəşrinə veto qoymağa çağırış idi.

 

Məgər Sabirin "Hophopnamə"si bu düşüncənin prizmasından əsl "Biabırnamə" kimi görünmürmü?

 

Doğrudanmı bu buna bənzər fikirlərin müəllifləri xalqı Mirzə Cəlildən, Sabirdən çox sevirlər?

 

Mən ədəbiyyatşünaslıq terminlərini, eimi-nəzəri yanaşmanı bir kənara qoyub diqqəti psevdomillətsevərliklə bağlı iki məqama yönəltmək istəyirəm.

 

"Poçt qutusu" hekayəsinin qəhrəmanı XIX əsrin ortalarında Azərbaycanın təbii ki, poçt məntəqəsi, radiosu, televizoru, telefonu olmayan ucqar bir kəndində yaşayan kəndli baba idi. bir kəsə məktub yazmışdı, bir kəsdən məktub almışdı. Əgər belədirsə, onun poçt xidmətinin funksiyasından xəbərdar olmaması bu fonda başına gələn hadisələr başadüşülən deyilmi?

 

Mirzə Cəlilin bu hadisəni belə təfsilatı ilə qələmə almasının səbəbləri barədə fikirlərimi aşağıda bildirəcəm. Hələlik isə  bir analogiya aparaq.

 

Bu gün 3-4 yaşlı uşaqların belə mobil telefonlarda 1001 hoqqa çıxardıqları bir vaxtda kompüteri yandırıb-söndürmək bir yana, heç fayl yaratmağı, faylı açıb-bağlamağı, intetnetə daxil olub adi bir məlumatı götürməyi bacarmayan adamlar, professorlar, alimlər var. Əgər Novruzəlinin poçt qutusunun olduğunu bilməməsi millətə utanc gətirən faktdırsa, belələrinin geriqalmışlığına ad verək?

 

Azərbaycanda hələ kanadalıların Kanada, amerikalıların Amerika dilində danışdığını düşünən fikir adamları var (???).

 

İndi deyin - milli natamamlıq kompleksindən əziyyət çəkənlər kimdir - novruzəlilər, yoxsa bu "ziyalılar"?

 

Mirzə Cəlil öz xalqına məhz belə aqibət arzulamadığına görə Novruzəlini ədəbiyyata gətirdi, diqqəti ona yönəltdi, onu bir az yumor, bir az zarafat bir az da kədər (!) qarışıq bir məhəbbətlə sillələdi - ata sevdiyi övladını sillələyən kimi. Amma görünür, ürəyiyumşaqlığından sillələri bir az sığal, tumar kimi alındı. Yoxsa ondan törəyənlər millətsevər roluna girib özgə havasına belə atlanıb-düşməzdilər.

 

Çox qəribədir, ədibin özünün dəfələrlə vurğuladığı kimi, onun xalq gülüşü, karnaval, lətifə estetikası ilə yazdığı əsərlərə zorla satira donu geyindirənlər  süni olaraq yaratdıqları bu platformada özlərini o qədər rahat hiss edirlər ki, öz gözlərində tiri görməyib Mirzə Cəlilin gözlərində qıl axtarırlar.

 

Bu böyük Kişini rahat buraxın, cənablar. Çalışın ədibin əsərlərində özünüzü görə biləsiniz.

 

Onun istədiyi elə bu deyildimi?

 

İLQAR FƏHMİNİN EKSPERİMENTLƏRİ

 

İlqar Fəhminin yaradıcılığı ilə ilk tanışlığım "Aktrisa" povesti ilə başlayıb. Detektiv janrda yazılmış bu əsər öncə İlqarın sözügedən janrda Hiçkoksayağı sepsanses üsulu ilə maraqlı süjet qurmaq bacarığının ifadəsi idi. Təsvir olunan hadisələrin psixoloji nüanslarının önə çəkilməsi, olayların personajların duyğu-düşüncə prizmasından keçirilərək təsvir edilməsi nəzərdən qaçmırdı. Buna görə povesti böyük ləzzətlə oxudum...

 

Amma az bir müddət sonra "Azərbaycan" jurnalında onun "Çənlibel tülküsü" layihəsindən 2-ci əsəri - "Qarğa yuvası" romanı hissə-hissə dərc olunmağa başlayanda İlqarın şirin, cilalanmış təhkiyə dili, detektiv janrın poetikasına dərindən bələdliliyi, ən başlıcası isə orta əsrlər Azərbaycan tarixini yaxşı bilməsi, tarixi faktları detektiv süjetə transfer edərək nəsrimizdə yeni janrın - tarixi detektivin ilk ( hələlik yeganə) mükəmməl nümunəsini yaratması məni sözün əsl mənasında valeh etdi.

 

Bu roman ədəbiyyatımızda az qala hamının bildiyi mətni dekonstruksiya edərək onun əsasında həm mövzu, məzmun, həm forma planında tamam fərqli mətn yaratmağın parlaq nümunəsi idi.

 

Romanda İlqar, necə deyərlər, bir güllə ilə iki dovşan vurmuşdu - həm tədricən artan gərginlik prinsipi ilə səhifədən-səhifəyə oxucunun əsəblərini sözün yaxşı mənasında sınağa çəkən, ona şirin bir gərginlik hissi yaşadan süjet qurmuş, həm ənənəvi mətni bir növ "öldürüb" tamamilə yeni görkəmdə diriltmək, tanış mövzu ilə bağlı təsəvvürlərimizin hüdudlarını genişləndirmək nümunəsi sərgiləmişdi. Filosof Niyazi Mehdinin təbirincə desək, predmetə münasibətdə artıq bayağılaşan, usandıran, ləzzət verməyən sevgimiz bu romanda böhran fırtınasından qurtularaq yeni hava ilə nəfəs alırdı.

 

Bəs konkret olaraq eləmişdi İlqar?

 

O, "Koroğlu" dastanının obrazlarını qəhrəmanlıq dastanının artıq işə yaramayan mifik müstəvisindən təbii, real, canlı müstəviyə daşımış, bu personajlar arasında münasibətləri yeni parametrlərdə qurmuş, onları  bizə yeni bədii qiyafədə təqdim etmişdi.

 

Dastanda yeddi qazan yeyən, bir nərə ilə düşmən qoşununa qalib gələn, düşmənlərinin qızlarını öz dəlilərinə sağa-sola peşkəş kimi paylayan, cavan arvadına az, çox - düz 15 yaşlı oğul tapan Koroğlu, ağzından ancaq dürr tökülən Aşıq Cunun, Koroğlunu uşaq kimi aldadıb tora salan Keçəl Həmzə digərləri romanda başqa rakursdan, necə deyərlər, adi, normal qavrayış məntiqi ilə təqdim olunurlar. Romanda Koroğlu artıq həmişə düşmənin anasını ağladan mifik nağıl qəhrəmanı yox, ona təqdim olunan oyunun psixi təzyiqinə duruş gətirməyərək az qala dəli olmaq dərəcəsinə gələn adi bir insan, Aşıq Cunun daim qızıl xırdalayan söz ustası yox, yeri gələndə basıb-bağlayan, dəlilər bəzən heyvərəlik edən kobud məxluqlardır. Əsərin baş qəhrəmanı isə artıq Koroğlunun sağ əlinə - Çənlibelin baş detektivinə - Şerlok Holmsına çevrilmiş Keçəl Həmzədir. Bu məkana Səfəvilər dövrü ilə bağlı tarixi motivlər, personajlar da gətiriləndə yazıçının nail olduğu bədii effektin ölçüsünü təsəvvür etmək çətinlik törətmir.

 

Trilogiyanın sonuncu əsəri olan "Kölgədə əqrəb" romanında İlqar psixoloji nüansları daha da dərinləşdirir, süjeti daha qəliz, dolaşıq labirintə salır, ən başlıcası roman içində roman yaratmağın maraqlı bir nümunəsini ortaya qoyur. Təsadüfi deyil ki, bu romanın içindəki roman "Kölgəboğanlar" adı ilə müstəqil əsər kimi "Azərbaycan jurnalında dərc olunmuşdu.

 

"Kölgədə əqrəb"in bir fərqləndirici cəhəti də onun psixoloji triller üslubunda qələmə alınmasıdır. Mistika elementləri, oxucunun əsəblərini tarıma çəkən gərgin hadisələrin psixoloji yozumu bu əsəri Anarın "Əlaqə" povesti, "Vahimə", "Qırmızı limuzin" hekayələri ilə yanaşı, ən yaxşı psixoloji triller nümunəsi səviyyəsinə qaldırır. 

 

İlqar bədii eksperimentlər aparmağı çox yaxşı bacaran gözəl təhkiyəçidir, özübu ekspermentləri təkcə nəsrdə yox, dərindən bildiyi əruzda, dramaturgiyada, elmi publisistikada da nümayiş etdirir.

 

Lakin bu, ayrı bir söhbətin mövzusudur.

 

Mən bir oxucu kimi ədəbiyyatımızda postmodernizmi Anarın, Kamal Abdullanın əsərləri ilə yanaşı, bir də İlqarın əsərlərində görür, tanıyır və qəbul edirəm. Qalan digər çabalar mənə görə postmodernist görünmək üçün boş, mənasız vurnuxmalardır.

 

Qələm dostuma uğurlar arzulayır, canlı görüşlərimizdə, telefon danşıqlarımızda dediyim sözləri bir daha təkrar edirəm: "İlqar, tarixi mövzularda yeni əsərlərini gözləyirik. Bizi bu qədər intizarda qoyma!"                     

 

KRAL LİRİ, HAMLETİ, OFELYANI... NECƏ DİRİLTMƏLİ

 

"Kral Lir" faciəsində Lir  normalardan kənaraçıxmanı - qızlarının xəyanətini heç cür qəbul edə bilmir, həyatın onun üçün hazırladığı sürprizi göz yaşları ilə qarşılayır, pozulmuş harmoniyanı bərpa edə bilməyəndə isə dəli olurson nəticədə faciəli şəkildə ölür. Halbuki onun yanında bu olaylara tam əks - gülüş, ironiya mövqeyindən reaksiya verən başqa bir personaj da var idi - onun təlxəyi. Hadisələrə təlxəyin münasibəti Lirin münasibətinin tam əksi, sanki çevrilmiş astar üzü və vəziyyətdən xilas olmağın yeganə yoludur. Əgər Lir qızlarının xəyanətinə ironiya, kinayə, sarkazm mövqeyindən yanaşsaydı, üzünə faciə qəhrəmanının "əzab" maskasını yox, "təlxək" maskasını taxsaydı, ona qarşı çevrilmiş xəyanətləri, haqsızlıqları əzabla yox, gülüşlə qarşılayar, heç şübhəsiz ki, bircə anın içindəcə faciədən komediyaya çevrilən bir stixiyada yaşamağa üstünlük verərdi... Nə Kardeliya ölərdi, nə də digər personajlar.

 

Eyni fikirləri "Hamlet" faciəsinin qəhrəmanı Hamlet haqqında da demək olar. Atasını əmisinin öldürdüyünü biləndə o, sarsılır, dərin ruhi həyəcanlar keçirir, fəlsəfi düşüncələrə dalır. Bəs nəticə nə olur? Əvvəl günahsız Polonini öldürür, sonra sevgilisi məsum Ofeliyanı məhv edir, onun qardaşı Laerti o dünyaya göndərib özü də həlak olur...

 

Nəyə nail olur Hamlet?    Dərindən fikirləşəndə heç nəyə. Elə isə doğrudanmı həqiqəti sübut etmək üçün bu dərəcədə ağlını itirmək, qətllər törətmək lazım idi?

 

Lir də, Hamletöz istəklərinə fərqli üsulla, qarşılaşdıqarı hadisələrə komik tərzdə reaksiya verməklə də nail ola bilərdilər və son nəticədə heç kimin heç burnu da qanamazdı. Bu mənada hər 2 faciə mənim nəzərimdə həm də istifadə olunmayan şansların doğurduğu faciədir.

 

"Ölülər" dramını yada salaq. Dahi M.Cəlil ədəbiyyatımızda ilk dəfə faciəni komediyaya çevirməyə cəhd etdixeyli dərəcədə buna nail oldu. Sonralar Üzeyir bəy Şərqdə geniş yayılmış "Leyli və Məcnun" mifini faciə çərçivəsindən çıxararaq gülüş müstəvisinə transfer etdi, "Leyli və Məcnun" diskursu əvəzinə, yeni "Gülçöhrə - Əskər", "Sərvər - Gülnaz" diskurslarını yaratdı.

 

Məncə, adı çəkilən faciələri dekonstruksiya etmək, yalnız bir üzünü görüb oxutdurduğumuz valı o biri üzünə çevirmək, Kral Liri, Hamleti, Ofeliyanı, habelə Otellonu, Dezdomonanı dirildib həyata qaytarmaq vaxtıdır.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2021.- 2 iyul. S. 11.