70 yaşın layiqli hesabatı

 

Görkəmli folklorşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsinin müdiri Ramazan Qafarlının 70 yaşı tamam olur.

 

70 yaş bir alim ömrü üçün hesabat yaşıdır. Ürəklə deyə bilərik ki, professor Ramazan Qafarlı bu hesabatı layiqincə verə bilib və hesabatını daha da dolğunlaşdırmaqda davam etməkdədir. 70 ilin zirvəsinə yüksələn professor ömrünün çox hissəsini elmi-pedaqoji fəaliyyətə, axtarış və tədqiqatlara, xalqımızın söz xəzinəsi olan folklor nümunələrini toplayıb nəşr etdirməyə, xeyirxah işlərə həsr edib. O, özünü alim, müəllim, təşkilatçı kimi yaxşı tanıdıb. Respublika elm ictimaiyyəti onu ciddi, nüfuzlu bir alim kimi tanıyır. Fəxrlə deyə bilərik ki, Ramazan Qafarlı imzası artıq respublikadan uzaqlarda da qəbul edilir.

 

Mən professor Ramazan Qafarlını tələbəlik illərimdən tanıyıram. O, zəngin elmi-pedaqoji təcrübəyə malik müəllim, istedadlı alim, bacarıqlı təşkilatçı, həm də təvazökar, sadə, nəcib, zəhmətkeş bir insandır. Onu bir alim kimi səciyyələndirən başlıca cəhətlərdən biri müasirlik anlayışı ilə bağlıdır. R.Qafarlı elmi mühitdə müasirliyi duyan, hiss edən, qiymətləndirməyi bacaran alimdir. Həm də müasirlik bir kateqoriya kimi onun elmi və şəxsi həyatını tamamlayan xarakterik keyfiyyətdir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmağa başladığı vaxtdan Ramazan müəllim aydın əqidə və məsləkə sahib, zəhmətkeş, cəsarətli, məsuliyyətli, ciddi ziyalı kimi hörmət qazanıb.

 

Ramazan Qafarlı geniş elmi maraqları, zəngin məntiqi təfəkkürü, iti yaddaşı olan məhsuldar alimdir. O, 14 monoqrafiyanın, 16 dərs proqramının, 5 dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən, "Mif və nağıl" (1999), "Azərbaycan mifologiyası" (2001), "Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası" (2001), "Folklor poetikası" (2001), "Mifologiya və folklorşünaslıq məsələləri" (2002), "Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat)" (2004), "Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis)" (2004), "Mif, nağıl və əfsanə (epik ənənədə janrlararası əlaqə)" (2011) kimi dəyərli əsərlər müəllifidir. Həmçinin, "Uşaq folklorunun janr sistemi və poetikası" (2014), "Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika" (2015), "Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri" (2019), "Azərbaycan qorqudşünasları (məqalələr toplusu)" (2020) kitablarının, 300-dən çox elmi-publisistik məqalənin, AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildində (Bakı, Elm, 2004) və eləcə də 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildində (Bakı, Elm, 2018) yer alan bir çox oçerklərin müəllifi kimi də tanınır.

 

Alimin bir sıra əsərləri respublikamızdan kənarda - qardaş Türkiyədə, Rusiyada (Sankt-Peterburqda), Almaniyada nəşr olunub. Onun toplayıb tərtib etdiyi "Şəki folkloru" (2002), "Lütvəli kişidən folklor nümunələri" (2003) kitablarında aşıq Molla Cümənin indiyədək elm aləminə bəlli olmayan altı dastanı toplanıb.

 

Uzun zamandan bəri folklor poetikası, mifologiya, "Kitabi-Dədə Qorqud"un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və "Avesta" və s. mövzular üzərində tədqiqat işləri aparır. Onun ssenariləri əsasında Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunan "Xanım, hey" bədii filmi, "Laylalar" bədii-etnoqrafik filmi çəkilib. R.Qafarlı "Ərən", "Xəmsə" qəzetlərini, "Qafqaz", "Xəmsə", "Dədə Qorqud araşdırmaları" jurnallarını təsis edib. Tərtibçisi və redaktoru olduğu "Heydər Əliyev-78", "Bəxtiyar Vahabzadə-75" və digər xüsusi buraxılışları dövlət və elm xadimlərimizin həyat və yaradıcılığına həsr edilib.

 

2003-cü ilin noyabrında professor R.Qafarlı respublikamızda ilk dəfə olaraq Azərbaycan folkloru və mifologiyasını özündə əks etdirən www.azmif.net ("Azerbaydjanskaə törkskaə mifoloqiə i folğklor" // "Azərbaycan türk mifologiyası və folkloru") domenli portal yaradıb. Mədəniyyətimizi beynəlxalq səviyyədə yaydığına görə, www.azmif.net saytı 2005-ci ildə "Netty" Beynəlxalq İnternet Akademiyasının müsabiqəsinin qalibi elan olunub. Ramazan Qafarlı hazırda internetdə fəaliyyət göstərən www.mifologiya.az - "Azərbaycan türk mifologiyası, folkloru və klassik ədəbiyyatı" saytının müəllifidir. Xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin külliyatının 12 cildliyini tərtib edərək nəşrə hazırlayıb, elmi redaktoru olub, hər cildə ön söz yazıb və "Bəxtiyar Vahabzadə əbədiyyat yolunda" (2010) kitabını çap etdirib.

 

R.Qafarlı dəyərli alim olmaqla yanaşı, peşəkar pedaqoqdur. Onun həyat yolunun böyük bir hissəsi şərəfli müəllimlik peşəsi ilə bağlıdır. Müəllim kimi o, məsuliyyətli, tələbkar, ancaq həm də qayğıkeşdir, tələbələrin yaxın dostu, dayağıdır.

 

R.Qafarlı həm də güclü təhsil təşkilatçısı, gözəl idarəçidir. Bacarıqlı alim 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Dədə Qorqud Elmi-Tədqiqat Laboratoriyası"nın müdiri vəzifəsinə seçilib. Həmin vaxt mən özüm də həmin laboratoriyada elmi işçi işləyirdim. R.Qafarlının Elmi-Tədqiqat Laboratoriyasına müdir seçilməsi məni, onun tələbəsi olan və onu tanıyan iş yoldaşlarımı çox sevindirmişdi. Çünki bilirdik ki, onun gəlişi ilə Elmi-Tədqiqat Laboratoriyasına yeni uğurlar, yeni müvəffəqiyyətlər gələcək.

 

Gözlədiyimiz kimi də oldu. Professor R.Qafarlının müdir olduğu 2011-2015-ci illər "Dədə Qorqud Elmi-Tədqiqat Laboratoriyası"nın ən uğurlu illəridir desək, yanılmarıq. O, bizlərə işçisi kimi yox, öz övladları kimi yanaşdı, bizlərə həm müdir, həm dost oldu. Hər birimizi elmi-tədqiqatlar aparmağa, bu yolda irəliləməyə həvəsləndirdi, görəcəyimiz işlərdə bizlərə dəstək verdi. Az müddət ərzində müdiri olduğu kollektivin dərin hörmətini qazandı. Hamımız çalışırdıq ki, Ramazan müəllimin bizlərə göstərdiyi inam və etimadı qoruyub saxlayaq, ona layiq olaq.

 

Məhz onun səriştəli idarəçilik bacarığının nəticəsi idi ki, Elmi-Tədqiqat Laboratoriyasına rəhbərliyi zamanında bizlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı fondunun keçirdiyi 5 Qrant layihənin qalibi olduq, universitetimizdə respublika və beynəlxalq konfranslar təşkil edib keçirdik, yüksək səviyyəli elmi seminarlarımız oldu.

 

"Dədə Qorqud Elmi-Tədqiqat Laboratoriyası"na müdir gəldiyi az zaman içərisində bir çox uğurlar qazandığımıza görə biz Ramazan müəllimi öz aramızda "ayağı sayalı professor" adlandırmışdıq. O, yüksək intellekti, mədəniyyəti, böyük ürəyə malik olması, obyektivliyi, prinsipiallığı, gələcəyə nikbin baxışı, xeyirxahlığı, yenilikçi olması, elmi işə həvəsi ilə bizlərə bir nümunədir. Biz bu gün də elmi-tədqiqat işləri yazarkən professor Ramazan Qafarlının məsləhətlərindən faydalanırıq

 

R.Qafarlı 2015-ci ilin dekabrından Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsinin müdiri vəzifəsində işləyir. Professor orada da öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. "Dədə Qorqud" şöbəsi də R.Qafarlının rəhbərliyi ilə bir çox yeniliklərə, nailiyyətlərə imza atıb. Bunları eşitmək, duymaq bizləri sevindirir, qürurlandırır.

 

Görkəmli alim hazırda AMEA-nın Folklor İnstitutunun şöbə müdiri olmaqla yanaşı, ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru kimi də çalışır. O, həmçinin, beynəlxalq indeksli (İndex Copernicus) "Dədə Qorqud" ədəbi-elmi toplusunun baş redaktorudur.

 

2018-2021-ci illərdə alim II və III Ankara, II Dədə Qorqud, I Bəxtiyar Vahabzadə, II və III Novruz, I Qarabağ beynəlxalq elmi konfranslarının təşkilat şurasına rəhbərlik edib. Onun "Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika" (Bakı, Elm və Təhsil, 2019, 454 səh.) və "Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri" (Bakı, Elm və Təhsil, 2019, 432 səh.) adlı monoqrafiyaları AMEA Rəyasət Heyətinin qərarı ilə ilin elmi nailiyyətləri sırasına daxildir.

 

Ramazan Qafarlı səmərəli elmi-pedaqoji fəaliyyətinə görə iki dəfə Azərbaycan Pespublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub, 2010-cu ildə "Qızıl qələm" media mükafatına layiq görülüb.

 

18 iyun 2021-ci il tarixində ADPU-nun Quba filialında professorun anadan olmasının 70 illik yubileyinə həsr edilən "Ədəbiyyat dastanının Ramazan Qafarlı boyu" mövzusunda elmi-praktik konfransın, 15-16 iyul 2021-ci il tarixində AMEA Folklor İnstitutu, ADPU-nun Quba filiali və İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə "Zəka işığında" Ramazan Qafarlı - 70 beynəlxalq konfransının keçirilməsi də görkəmli alimə verilən dəyərin göstəricisidir.

 

70 yaş sanballı yaşdır və düşünürəm ki, professor Ramazan Qafarlının bu yubileylə fəxr etməyə haqqı var. Bu haqqı o, monoqrafiyaları, dərslikləri, məqalələri, zəngin müəllimlik fəaliyyəti, tədqiqatları, çoxsaylı tələbələri, etdiyi xeyirxah əməlləri, zəhmətkeşliyi ilə qazanıb və qazanmaqdadır.

 

Dəyərli Ramazan müəllim, 70 illik yubileyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi, pedaqoji və təşkilati fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

 

Aynurə ƏLİYEVA

525-ci qəzet.- 2021.- 2 iyul. S. 13.