Musiqili Teatr 111-ci mövsümə yekun
vurub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci
mövsümə yekun vurulub, il ərzində
yaradıcılıq uğurları ilə seçilən,
teatrın inkişafında xidmətləri olan əməkdaşların
bir qrupu mükafatlandırılıb.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, tədbir teatrın ənənəvi
mükafatlandırma mərasimlərindən bir qədər fərqli
olaraq "Zoom" proqramı ilə həyata keçirilib.
Vətən müharibəsində
canlarını fəda etmiş qəhrəmanlarımızın,
o cümlədən, teatrın işıqçısı,
şəhid Əliağa Məmmədovun əziz xatirəsi
ehtiramla yad olunub.
Tədbirin
aparıcıları - Əməkdar artist, Prezident
mükafatçısı Əkbər Əlizadə və
istedadlı aktrisa Mehriban Zaliyeva teatr kollektivinin İkinci
Qarabağ müharibəsi zamanı arxa cəbhədə də
yorulmaz fəaliyyətindən, yaradıcılıq əzmindən
söz açıblar.
Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev bu tədbirin ilk dəfə belə
formatda təqdim olunmasına diqqət çəkərək
ötən bir il ərzində
yaradıcı insanların qarşılaşdığı
bütün maneələrdən, eləcə də çətinliklərin
fonunda qazanılan uğurlardan danışıb:
"Dünyanı cənginə alan pandemiya teatrların
düzəninə olduqca mənfi təsir etdi. Amma buna
baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində,
eyni zamanda 44 günlük Vətən müharibəsi günlərində
belə yorulmadan, əzmlə çalışdı və fəaliyyətimizlə
Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir
daha göstərdik. Biz bu tarixi dönəmdə
bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər
əldə edə bilərik. Bu tədbirdə
də əsas məqsədimiz teatrda çalışan gənclərin
gələcək fəaliyyətlərinə stimul verməkdir".
Mükafatlandırma mərasimində teatrın əməkdaşları
- quruluşçu rejissorları Əməkdar incəsənət
xadimi Əsgər Əsgərov və Samir Qulamov,
tanınmış aktyorlar - Emil Heydərov, Nicat Əli, Zaur
Əliyev, bədii quruluş hissə müdiri Qabil Gözəlov,
quruluşçu operator və montajçı Hikmət
Şahverdizadə, mətbuat katibi Fəridə Aslanova, orkestr
artisti Firuzə Nəcəfli mükafata layiq
görülüblər.
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov
və "Səssiz dünya" İşarət Dilində
Danışan Əlillərə və İdmançılara
Dəstək İctimai Birliyinin sədri Aida Səfərova da
mükafatlandırılıblar.
Mərasimdə həmçinin Xalq artisti
Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi
"Büllur alma" mükafatı da təqdim olunub;
"Mövsümün ən işgüzar rejissoru" -
teatrın quruluşçu rejissoru Samir Qulamov və "Vətən
müharibəsində göstərdiyi şücaətə
görə" balet artisti Murad Ağayev "Büllür
alma"nın sahibi olublar.
Sonda teatrın gənc və
istedadlı solistləri - Hidayət Əliyev və Nigar
Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa
ediblər.
Mükafatlandırma mərasiminin
quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Əsgər Əsgərovdur.
525-ci qəzet.- 2021.-
1 iyul. S. 9.