Zəngəzur haqqında sənədli-tarixi
roman nəşr edilib
Yazıçı
Güllü Məmmədovanın "Oğurlanmış Zəngəzur"
tarixi-sənədli romanı yenicə çapdan
çıxıb. Kitab Zəngəzurun sovet dövründə
Azərbaycandan alınıb Ermənistana verilməsinin
xalqımıza qarşı böyük ədalətsizlik
olması haqqında Ulu öndər Heydər Əliyevin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sözləri
ilə açılır.
AZƏRTAC xəbər verir
ki, "Zərdabi nəşr" MMC tərəfindən nəfis
tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə
Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi
qanlı hadisələrdən, soyqırımlarından bəhs
edilir. Eyni
zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy
qardaşlarının, onların başçılıq
etdiyi özünümüdafiə dəstələrinin
şücaəti sayəsində Andranik Ozanyan, Karo Hambarsumyan,
Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə
uğradılmasından söhbət açılır.
Filologiya elmləri doktoru, professor,
yazıçı-publisist Ziyadxan Nəbibbəyli roman
haqqında şərhində yazıb: "Romanda zəngəzurluların
vətənə bağlılığı, döyüşkən
ruhu, ermənilərlə ölüm-dirim savaşında
onlara rəhbərlik etmiş - əslən Laçın
rayonundan olan Sultan bəyin, qardaşı Qarabağın
general-qubernatoru olan Xosrov bəyin vətən
qarşısında fədakarlığı əsərin
aparıcı xəttidir və tarixi məlumatlar səlis
olaraq verilib".
Romanda, həmçinin,
Qarabağın və Zəngəzurun fövqəladə
komissarı olmuş Aslan bəy Sultanovun fəaliyyəti real
hadisələr əsasında təsvir edilib, tarixdə
adı və izi qalmış bu el qəhrəmanının
mükəmməl obrazı yaradılıb. Əsərdə
daşnaklarla mübarizədə misilsiz xidmətləri olan
Çingiz İldırımın fəaliyyəti haqqında
da söhbət açılır. 1920-ci
ildə Qarabağı erməni işğalından qorumaq
üçün əsgərləri ilə bu savaşda
iştirak edən general Həbib bəy Səlimovun igidliyi, vətənpərvərliyi
haqqında geniş məlumat verilir.
Yazıçı səkkiz fəsildən ibarət
romanının hər fəslinin əvvəlində, təsvir
edilən hadisələrə uyğun olaraq, ayrı-ayrı
ziyalı, yazıçı, tarixçi, dövlət,
ictimai-siyasi xadimlərin (Serqi Sadjaya, Napoleon, Şeyx Şamil,
A.Frenklin, Mustafa Kamal Atatürk, Aleksandr Qriboyedov, Samuel Vims,
Qolitsın) erməni xisləti haqqında bir-birindən xəbərsiz
söylədikləri tarixi həqiqətləri ortaya qoyur və
beləliklə də öz fikirlərini əsaslandırır.
Romanda ermənilərin
öz qadınlarından çirkin siyasi niyyət
üçün istifadə etməsi, plan baş tutmadıqda
şərə-böhtana əl atması da əksini tapıb. Əsərdə
Sovet hakimiyyəti dövründə Zəngəzur
mahalının Ermənistana verilməsinn səbəbi tarixi
faktlarla açıqlanır.
Qeyd edək ki, bu kitab
çapa hazırlanarkən Qarabağ uğrunda Vətən
müharibəsi Zəfərlə bitib, Şuşada Azərbaycan
bayrağı dalğalanıb.
Xatırladaq ki, yazıçı Güllü Məmmədova
bundan əvvəl "Qarabəkir əfsanəsi",
"Kalbalı xan", "Qan işində işıq"
tarixi-sənədli romanlarını qələmə alıb.
"Qan içində işıq" Türkiyə
türkcəsinə çevrilərək qardaş ölkədə
nəşr edilib. G.Məmmədova "Mənim
üçün varsan" adlı romanın, povest və hekayələrdən
ibarət beş kitabın da müəllifidir.
525-ci qəzet.- 2021.-
1 iyul. S. 9.