Şəkidə "Nizami Gəncəvi-880"
sərgisi
Dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi
münasibətilə Şəki şəhər Heydər
Əliyev Mərkəzində kitab və miniatür rəsm əsərlərindən
ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir
ki, "Nizami Gəncəvi ili" çərçivəsində
təşkil olunan sərgidə şairin əsərlərindən
ibarət kitablar, Nizaminin yaradıcılığının
şah əsəri "Xəmsə"yə daxil olan
"Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
və "İsgəndərnamə" poemalarından təsvirlər,
həmçinin Heydər Əliyev Fondu tərəfindən Mərkəzə
hədiyyə edilən rus, ingilis və fransız dillərində
çap olunmuş nəşrlər nümayiş etdirilir.
Sərginin
açılış mərasimində Mərkəzin əməkdaşı
Rüfanə Həsənova çıxış edərək,
Nizami Gəncəvinin həyat və
yaradıcılığından, dünya ədəbiyyatı
xəzinəsinə verdiyi sanballı töhfələrdən
ətraflı söz açıb. Şəki Mərkəzi
kitabxananın bölmə müdiri Dilbər Yaqubova, gənc
aktrisa Türkan Abdullayeva, şəhər 10 saylı tam orta məktəbin
ədəbiyyat müəllimi Şəfəq Xəlilova
şairin qəzəllərindən nümunələr səsləndiriblər.
Sonra Şəki Dövlət
Dram Teatrının gənc aktyorlarının iştirakı
ilə hazırlanmış kompozisiya nümayiş olunub.
Sərginin təşkilində
məqsəd Nizaminin söz dünyasını ziyarətçilərə
nəfis koloritli miniatür və digər əsərlərlə
çatdırmaqdır. Sərginin ümumi qayəsi Nizami Gəncəvi
yaradıcılığının gözəllik, ədalət,
igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz
mübarizə əzmini tamaşaçılara təqdim etməkdir.
Sərgi iyulun 10-dək davam
edəcək.
525-ci qəzet.- 2021.-
1 iyul. S. 9.