Tərlan Məmmədov:
"Hazırladığımız peyvənd tək dozada
kifayət edəcək təsir gücündədir"
Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi
Komitəsinin üzvü, Akdeniz Universitetində fəaliyyət
göstərən azərbaycanlı professor, AMEA-nın
müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik
etdiyi tədqiqatçılar qrupu tərəfindən
COVİD-19-a qarşı peyvənd və sprey formasında dərman
hazırlanıb.
Koronavirus əleyhinə yeni peyvəndin
üstünlükləri, onun virusun yeni ştammına
qarşı nə dərəcədə effektiv olması və
digər suallara aydınlıq gətirmək üçün
COVİD-19-a qarşı peyvənd hazırlayan ilk azərbaycanlı
alim Tərlan
Məmmədovla müsahibəni təqdim edirik.
- Tərlan müəllim, öncə rəhbərlik
etdiyiniz tədqiqatçılar qrupu ilə bu istiqamətdə
birgə fəaliyyətinizdən danışardınız.
- Təxminən 1 il 3 ay öncə biz Akdeniz Universitetində
bu istiqamətdə işlərə başladıq və
COVİD-19-a qarşı həm peyvəndlər, həm dərman,
həm də COVİD-19 xəstələrində antikor səviyyəsinin
təyin edilməsi üçün kitlər
hazırladıq. İndiyə kimi laboratoriyada
görülməsi olan bütün işlər uğurla
tamamlandı. Mühüm testlər
artıq başa çatıb. Bəhs
etdiyimiz peyvəndlərin heyvanlar üzərində testləri
göstərdi ki, bu peyvəndlərin heyvanlara vurulması ilə
onların qanında yüksək funksional antikorlar sintez edilir.
Ən mühüm test olan virusu neytrallaşdırma testlərini
Türkiyənin digər universitetləri ilə birgə tədqiqatlarla
başa çatdırdıq. İşlərin davamını
xüsusi laboratoriyalarda görmək tələb
olunduğundan SARS-CoV-2 virusu neytrallaşdırma testləri
türkiyəli professor Aykut Özdarendelinin laboratoriyasında
aparıldı və bizim bu yöndə birgə işlərimiz
var. Bir neçə ay öncə professor virusu
neytrallaşdırma testləri həyata keçirdi və mənə
zəng edərək virusu neytrallaşdırma fəallığı
yüksək olan peyvəndin əldə olunduğunu bildirdi.
Qeyd etmək istəyirəm ki, professor
Aykut Özdarendeli Türkiyədə inaktiv vaksini hazırlayan
elm adamıdır. İnaktiv vaksin Türkiyədə yeganə vaksindir
ki, müəyyən sınaqlardan keçib və 3-cü
klinik sınaq mərhələsindədir. Professor Aykut
Özdarendeli mənə zəng etdi, sevinclə bildirdi ki, bu
peyvəndlər çox gözəl peyvəndlərdir və
SARS-CoV-19 virusunu çox güclü bir şəkildə blok edə bilir. Bu o deməkdir ki, bizim 1 il magistr və aspirantlardan ibarət komandamla
çox gərgin işlərimiz hədər getmədi və
nəticədə çox güvənilir və təsirli
peyvənd hazırlamağa nail olduq. Yəni bu peyvəndlər
insanlar üzərində testləri tamamladıqdan sonra bir güvənilir
protein təməlli peyvənd kimi insanlara vurula bilər. Bu peyvəndlə əlaqəli elmi nəticələr
nüfuzlu elmi jurnala gondərilib və "BioRxiv"də
çap edilib.
Biz həmçinin,
COVİD-19 xəstələrini müalicə etmək
üçün bir mühüm protein təməlli dərman
da hazırladıq. Bu dərman virusun reseptoru olan anqiotensin çevirici
fermenti 2, ACE2-dir. Biz bu fermenti bitki hüceyrələrində
sintez etdik ve istehsal səviyyəsi (təxminən ~ 0.75 q / kq
yarpaq biokütləsində), təmizlənmə verimi (təxminən
~ 0.50 q/kq yarpaq biokütləsində) və virusu zərərsizləşdirmə
fəaliyyəti baxımından (1 mikroqram/ml) bu bitkidə
hazırlanmış dərman başqa şirkətlər və
univesitetlərin hazırladığı ACE2 ilə müqayisədə
ən güclü oldu. Bu dərman SARS-CoV-2 virusunu
neytrallaşdırma testləri Türkiyənin Ankara
Universiteti Baytarlıq Tibb fakültəsi Viroloji
bölümündə prof. dr. Aykut Ozkulun laboratoriyasında
aparıldı. Bu dərman virusu neytrallaşdırma testlərinin
nəticəsinə görə bu vaxta qədər
dünyanın müxtəlif laboratoriyalarında hazırlanmış
ACE2 preparatı içərisində ən
güclü, təsirli bir dərman oldu. Gücünə
görə, yəni SARS-CoV-2-ni bloklama gücü: 1 mikroqram/ml
oldu. ACE2 ilə əlaqəli tədqiqatların
çap olunması üçün əlyazma "Nature"
jurnalı olan "Scientific Reports" jurnalına göndərilib.
- Günümüzdə
virusla təsirli mübarizə üçün kifayət qədər
dərman və peyvəndlər var. COVİD-19-a qarşı
hazırlanan yeni peyvənd və dərmanın
üstünlüyü nədir?
- Ümumiyyətlə, zülal əsaslı peyvəndlər
daha etibarlı hesab olunur. Bizim peyvəndin də
digər peyvəndlərdən üstünlüyü
zülal təməlli olmasıdır. Eyni
zamanda, orqanizmə daxil edilən zülalın miqdarı məlum
olduğundan, dozalara nəzarət etmək də
mümkündür. Bundan əlavə,
zülal əsaslı peyvəndlərin
üstünlüyü virusa qarşı yüksək anticisim
sintez etmək qabliyyətinə malik olmasıdır. Bu növ peyvəndlər virus mutasiyalarına
qarşı dayanıqlı olması ilə də
üstünlüyünü qoruyur.
Qeyd edim ki, bu gün insanlar üçün istifadə edilən peyvəndlər
inaktiv (SİNOVAK), mRNA tipli peyvənd (Pfizer-BioNTech, Moderna), DNT
tipli (AstraZeneca, Rusiyanin sputnik peyvəndi) peyvəndləridir. RNT peyvəndi sintetik RNT
molekullarını insan hüceyrələrinə transfer edən
yeni bir peyvənd növüdür. Bu peyvənd
Amerikada və İsraildə insanların çoxuna vurulan bir
peyvənddir.
Xüsusilə
vurğulayım ki, bizim peyvənd rekombinant DNT texnologiyası əsasında
yaradılmış zülal (protein) təməlli bir peyvənddir. İnaktiv peyvənd
kimi bu peyvəndin də etibarlılığı illərlə
sınaqdan keçirilib.
Biz virusun protein genini bitki hüceyrələrinə
transfer edirik və o genlər bitki yarpaqlarına keçir. Beləliklə, bitkidə o genin məhsulu olan
zülallar sintez olunur. Sonra yarpaqlar toplanır və
xüsusi texnologiyalar vasitəsilə təmizlənərək peyvəndlər alınır.
Bu, inqilabi bir texnologiyadır və bitki
keçici ekspressiya sistemi texnologiyası adlanır. Nəyə görə keçicidir?
Çünki burda gen bitki hüceyrələrinə daxil
olduqda bitki genomuna nüfuz olunmur (yəni bitki genomuna girmir). Həmin o genin məhsulu olan peyvənd alınır.
Tarixən,
elmə çoxdan məlum olan üsulla hazırlanan peyvəndlərin
çatışmazlıqları çoxdur, virusa
davamlılığı da aşağıdır. Bundan əlavə, bu gün bazarda olan əksər
peyvəndlərin bir neçə dozada tətbiq olunması tələb
olunur. Lakin bizim
hazırladığımız peyvənd tək dozada kifayət
edəcək təsir gücündədir.
Tədqiqat qrupumuz yeni peyvəndlə
yanaşı, dərman peraparatı da hazırlayıb. Potensial
müalicəvi əhəmiyyətli bu dərmanın virusu
bloklamaq gücü testlər nəticəsində sübut
olunub. Həm peyvəndimizin, həm də
dərmanın effektivliyi yüksəkdir.
- Açıqlamanızda bildirmisiniz ki, xüsusi növ
tütün bitkisində sintez edərək
aldığınız zülal təbiətli dərman həm
sprey, həm də inyeksiya formasında müalicədə
istifadə edilə bilər. Yeni dərmanın
qoruyucu immun reaksiyası ilə bağlı insanlar üzərində
klinik araşdırma aparılıbmı?
- Virusun reseptoru olan ACE2-nin
(angiotensin çevirici fermenti 2) bizim bədənimizdə
önəmli rolu vardır. Bu ferment təzyiqin tənzimlənməsi,
ağciyər və digər orqanların funksiyasında
böyük əhəmiyyət daşıyır. Təsəvvür edin ki, virusun reseptoru həmin
molekuldur. Virus bu reseptora bağlandığı
üçün molekulu blok edir və
orqanizmdə həmin fermentin azalması baş verir, nəticədə
xəstəliklər yaranmağa başlayır. Mən bu fermentin rekombinant olaraq bitkilərdə
müxtəlif formalarını aldım. Nəticədə
aparılan testlər göstərdi ki, əldə olunan dərman
SARS-COV-2 virusunu üstün məhvetmə gücünə
malikdir.
2020-ci ilin mart ayında, artıq tədqiqatlara
başladığımız ərəfədə ACE2
fermentinin orqanizmdə rolunu nəzərə alaraq, onun elə
bir formasını hazırlamalıydıq ki, hüceyrəyə
zərər vurmadan virusu blok edə bilsin. Tədqiqatlar nəticəsində bu fermentin çox
miqdarda yaradılmasını təmin etdik, artıq onu bitkidən
yüksək miqdarda ala bilirik. 1 kq bitkidən təxminən
0,5-0,6 qram, bəzən isə 1 qram əldə
edirik. Xaricdən alınan bu fermentin 10
mikroqramı təxminən 300-400 dollara başa gəlir.
Biz isə bunu öz texnologiyamız vasitəsilə qramlarla sintez
edirik. Əsas məqsəd isə yüksək
təsir gücünə malik keyfiyyətli və qiymət
baxımından sərfəli dərman almaqdır. Dərmanın istifadəsinə gəldikdə isə
deyə bilərəm ki, bu, həm birbaşa inyeksiya
formasında, həm də sprey kimi tətbiq edilə bilər.
Qeyd olunan istiqamətdə elmi nəticələrimiz
dünyanın nüfuzlu "Nature" jurnalının
"Scientific Reports" jurnalına göndərilib.
- Dərman və peyvəndin yaxın zamanda kütləvi
istehsalının başlanılmasına ümid edə bilərikmi?
- Bir alim olaraq, mən öhdəmə düşən mərhələni
həyata keçirdim. Artıq laboratoriya səviyyəsində
təsdiq olunmuş, COVİD-19-a qarşı yüksək təsiretmə
qabiliyyətli peyvənd və dərman əldə edilib. Bundan sonrakı mərhələ isə bazar qiymətləndirməsi
məsələsidir. Ümid edirəm ki,
Azərbaycanda peyvənd istehsalına maraq göstərən
şirkətlər vardır və bu işdə maddi dəstək
göstərə bilərlər.
Hazırladığımız
dərmanla da bağlı önəmli testlər
aparılıb. Nəticələrə görə, dərman yüksək göstəriciliyə
sahibdir. Ümidvaram ki, istehsalı ilə də
bağlı addımlar yaxın zamanlarda atılacaq.
- Məlumdur ki, virusun davamlı mutasiyaya uğraması
daha effektiv peyvəndin yaradılmasını çətinləşdirir.
Bu gün biotexnoloji inkişaf peyvənd sənayesinə necə təsir edir?
- Bundan öncəki müsahibələrimdə də
vaksinlər və onların xarakteristikası barədə məlumat
vermişəm. Bu gün tətbiq olunan vaksinlər
barədə ictimaiyyətin məlumatı var. Bunların əksəriyyəti
biotexnologiyalar vasitəsilə, digər qrup vaksinlər isə
klassik üsulla hazırlanır. Məsələ
ondadır ki, virus mutasiyaya uğradıqca hazırlanan peyvənd
də yenidən işlənmə tələb edir.
Biz
yeni
texnologiya əsasında protein əsaslı peyvəndlər
sintez edirik. Mutasiyaları nəzərə
alaraq, yeni sekvenslər yardırıq. Yeni
peyvəndimizin üstünlüyü də ondadır ki,
mutasiyalara qarşı daha effektivdir.
Qeyd edim ki,
hazırda tanınan peyvəndlərin bir qismi
üçüncü nəsil texnologiyaların
iştirakı ilə hazırlanır.
- Peyvənddən sonra da koronavirusa yoluxub xəstəliyi
ağır keçirənlər var. Bu məsələyə
də münasibətinizi öyrənmək istərdik.
- Koronavirusa təkrar tutulma mümkün haldır. Peyvənd bədənə vurulubsa, ona qarşı
orqanizmdə antikor (antitel) sintez olunmalı və bu da virusu
neytrallaşdırmalıdır. Antitel
lazımi miqdarda sintez olunursa, xəstəliyə qarşı
immunitet yaranır, əks halda yenidən xəstəliyə
tutulma riski ortaya çıxır. Deməli,
əgər peyvənd vurulduqdan sonra da antikor kifayət qədər
sintez olunmayıbsa, xəstəlik təkrar yaşana bilir.
Ümumilikdə antitelin
sintez olunması bədənin spesifik xüsusiyyətlərindən
irəli gələn məsələdir. Digər yandan
peyvəndin qoruyuculuq göstəricisi də şərtdir.
Bir insanda peyvənddən sonra koronavirusa təkrar
yoluxma varsa, daha güclü təsir edən peyvəndə
müraciət etməlidir ki, antikor sintez oluna bilsin.
Bildiyimiz kimi, virusa yoluxub
sağlandan sonra orqanizmdə antitellərin səviyyəsini
müəyyən etmək üçün antitel testlərinin
aparılması tələb olunur. Türkiyədə hazırda antikor testləri
üçün kitlər istehsal edən heç bir şirkət
yoxdur. Protein təməlli
antigenlər bazasında biz COVİD-19 xəstələrində
və ümumiyyətlə insanlarda COVİD-19-a qarşı
antikor səviyyəsini təyin etmək üçün 3 kit
hazırladıq. Bununla bağlı
Türkiyənin Səhiyyə Nazirliyinə məlumat verdim.
Bu təşəbbüs yüksək qiymətləndirildi
və maddi olaraq istehsalı çox ucuz başa gələn
bu kitlər 100 koronavirus xəstəsi üzərində
yoxlanıldı. Xaricdə hazırlanan
bahalı kitlə (EUROIMMUN, Lübeck, Germany kitl) eyni göstəriciləri
olduğu müəyyən edildi. Hazırda
isə kitlərin istehsalı ilə bağlı icazə
alınması mərhələsindəyik.
Nərgiz
QƏHRƏMANOVA
525-ci qəzet.- 2021.-
1 iyul. S. 11.