Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər
ölməz, Vətən bölünməz!
Həyat
nə qədər şirin olsa da, ölüm heç bir insan
övladının qaça bilməyəcəyi tale
yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin
ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki,
hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam
edən Vətən müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
***
Bəşir
Xəqani oğlu Həsənov 1995-ci il
iyulun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində
anadan olub. 2001-2012-ci illərdə S.Vurğun adına
Təzəkənd kənd tam orta məktəbində təhsil
alıb. Subay idi.
Bəşir Həsənov 2013-2015-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmətdə olub.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Bəşir
Həsənov 2020-ci il sentyabrın 27-də
Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut və
Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə könüllü savaşıb. Oktyabrın 25-də Füzuli döyüşləri
zamanı qəhrəmancasına şəhidlik zirvəsinə
yüksəlib. Şəmkir rayonunun Təzəkənd
kəndində dəfn olunub.
Bəşir
Həsənov şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə" və "Füzulinin azad olunmasına görə"
medalı ilə təltif edilib.
***
Sakit
İsmayıl oğlu İsmayılov 1985-ci il
yanvarın 7-də Şəki rayonunda Aran kəndində anadan
olub.1991-ci ildə Şəki rayon Aran kənd orta məktəbinə
daxil olub, 1999-cu ildə həmin məktəbin 9-cu sinfini
bitirib. 1999-2002-ci illərdə Şəki
Peşə kollecində təhsil alıb.
Sakit İsmayılov 2003-2004-cü illərdə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə
müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçusu olaraq xidmət edirdi. 2011-2018-ci
illərdə manqa komandiri olub.
Azərbaycan
Ordusunun kiçik çavuşu olan Sakit İsmayılov
2020-ci il sentyabrın 27-də
ıbaşlanan Vətən müharibəsi zamanı
Suqovuşanın azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Sakit
İsmayılov oktyabrın 23-də Ağdərə istiqamətində
şəhidlik zirvəsinə ucalıb.
Sakit İsmayılov şəhadətindən sonra "Vətən
uğrunda" və "Suqovuşanın azad olunmasına
görə" medalı ilə təltif edilib.
Ailəli olan şəhidimizdən Vətənə əmanət
iki övladı qalıb.
***
Elnur Arif
oğlu İsmayılov 2001-ci il fevralın
24-də Şəkinin Baş Küngüt kəndində
anadan olub. 1-ci sinfə həmin kənddə
gedib. Atası Arif İsmayılov I Qarabağ qazisi
olduğundan Prezident tərəfindən ona Şəki şəhərində
ev verilib. Ona görə də
Elnur ailəsiylə birgə Şəki şəhərinə
köçüb. Elnur Şəki şəhəri
19 ¹li məktəbin ibtidai sinfini bitirib, təhsilini Şəki
şəhəri 8 nömrəli tam orta məktəbdə
davam etdirib. Oranın 9-cu sinfini başa
vurub. Orta təhsillə birgə Elnur Şəki
şəhəri 3 ¹li musiqi məktəbində də oxuyub,
orda qarmon ifaçısı ixtisası üzrə təhsil
alıb.
Elnur İsmayılov 2019-cu ildə hərbi xidmətə
çağırılıb. Əvvəlcə xidmətinə
Cəlilabadda başlayıb. And içmədən
sonra Ağcabədidə olub. İki aydan
sonra isə Beyləqanla Füzuli arasındakı Harami
düzündə N saylı hərbi hissədə xidmətinə
davam edib.
Hərbi xidmətini bitirməsinə üç gün
qalmış Vətən müharibəsi başlayıb və
Elnur da digər silah yoldaşları kimi döyüşlərə
qatılıb.
O, 2020-ci il oktyabrın 13-də son dəfə
ailəsiylə danışıb və oktyabrın 14-də
Füzulidə ağır döyüşlərin birində
şəhidlik zirvəsinə ucalıb. Elnurun nəşi
oktyabrın 21-də gətirilir və oktyabrın 22-də
Şəkidə Şəhidlər xiyabanında torpağa
tapşırılır. Şəhidimizin
yoxluğuna dözməyən Rüstəm babası da 20
gün sonra vəfat edib.
Elnur İsmayılov şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medallarıyla təltif olunub.
***
Səbuhi Əlixan oğlu Həsənquliyev 11 aprel
2002-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. Atasının
işinə görə Sumqayıt şəhərinə
köçdüklərindən 2008-ci ildə Sumqayıt
şəhər Cəbrayıl rayonu 5¹li məktəbində
birinci sinifə başlayır. 2017-ci ildə
həmin məktəbin 9-cu sinifini bitirərək peşə
liseyinə daxil olur.
2020-ci ildə peşə liseyini bitirdikdən sonra həmin
ilin aprel ayında hərbi xidmətə yollanır. 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı cəmi 5 ayın əsgəri olan Səbuhi xüsusi
şücaət göstərib. Fiziki keyfiyyətlərinə
və qoçaqlığına görə onu Xüsusi Təyinatlı
Dəstəyə cəlb edirlər və bundan sonra Səbuhi
"yaşma"larla birgə ən öndə getməyə
başlayır. Füzulinin, Cəbrayılın, Xocavəndin
və Şuşanın azadlığı uğrunda gedən
döyüşlərdə vuruşub. O, bu döyüşlər
zamanı oktyabrın 19-da döyüş yoldaşını
güllədən xilas etmək istəyərkən
özü düşmən gülləsinə tuş gəlir.
Çiynindən, yaxın məsafədən
ürəyindən və boğazından vurularaq qəhrəmancasına
şəhidlik məqamına yüksəlib. O,
Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn
edilib.
Səbuhi
Həsənquliyev şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə",
"Füzulinin azad olunmasına görə", "Cəbrayılın
azad olunmasına görə", "Xocavəndin azad
olunmasına görə" və "Şuşanın azad
olunmasına görə" medalları ilə təltif olunub.
***
Abbas Salam
oğlu Əliyev 1988-ci il yanvarın 9-da
Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində
anadan olub. 1994-2005-ci illərdə R.Zorge adına
90 nömrəli tam orta məktəbdə təhsil alıb.
2006-cı ildə hərbi xidmətini Naxçıvanda
başa vurduqdan sonra fərdi sahibkarlıqla məşğul
olub. 2011-ci ildə ailə həyatı qurub, 2012-ci ildə
İsmayıl adlı oğul övladı dünyaya gəlib.
Abbas Əliyevin babası 1941-1945-ci illər Böyük
Vətən müharibəsi, atası isə I Qarabağ
müharibəsi iştirakçısı olub. Hələ 5
yaşında ikən atasıyla döyüş bölgəsinə
gedib və orda çox maraq göstərdiyi silahla xatirə
şəkli çəkdirib. Elə
uşaqlığından o, bu torpaqlara qəhrəman kimi
qayıdacağını deyərmiş.
Azərbaycan
Ordusunun əsgəri olan Abbas Əliyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsinə
könüllü qatılıb. İlk
döyüşləri Qubadlı-Füzuli istiqamətində
olub. Ailəsinin sözlərinə görə,
o, hər dəfə evlə əlaqə saxlayarkən
alınan torpaqların sevincini bölüşər və
Qarabağın cənnət olduğunu deyərdi.
O, noyabrın 2-də
Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə
yüksəlib və noyabrın 4-də Ramana qəsəbəsində
dəfn olunub.
Abbas Əliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Elmir Arzu
oğlu Məmmədov 1999-cu il iyunun 3-də
Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004-2008-ci
illərdə Xocalı kənd tam orta məktəbində,
2008-2015-ci illərdə isə Salyan şəhərinin 1
nömrəli tam orta məktəbində təhsil alıb.
2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində ali təhsil alıb.
Azərbaycan
Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi başlanan zaman 3 ay idi ki xidmət edirdi. O,
müharibə başlamazdan üç gün öncə son
dəfə əmisi oğlu ilə telefonda danışıb və
təlimlərə gedəcəyini deyib.
Elmir Məmmədov sentyabrın 27-də Füzuli istiqamətindəki
döyüşlərdə şəhidlik zirvəsinə
ucalıb. Salyan rayonunun Xocalı kəndində dəfn olunub.
Elmir Məmmədov şəhadətindən sonra "Vətən
uğrunda" və "Döyüşdə fərqlənməyə
görə" medalları ilə təltif edilib.
***
Turan Vidadi oğlu Şərifov 20 iyun 2001-ci ildə
Bakıda anadan olub. Orta təhsilini Əliağa Şıxlınski adına 135 ¹li orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Ukraynanın
Çerkass Dövlət Texnologiya Universitetinə qəbul
olub. Həmin universitetin birinci kurs tələbəsi
olan Turanın ən böyük arzusu hərbi xidmətə
getmək olub. Buna görə də təhsilini
saxlayaraq 23 oktyabr 2019-cu ildə hərbi xidmətə gedib.
2020-ci il 27 sentyabrda Vətən müharibəsi
başlayanda tuşlayıcı kimi döyüşlərdə
iştirak edib. Son dəfə böyük
qardaşı Tural və atasıyla danışıb.
Qardaşına haqqını halal etməsini, müharibədə
hər şeyin ola biləcəyini deyib.
Laçın istiqamətində vuruşan Turan
Laçın uğrunda gedən döyüşlərdə
artilleriya atəşi nəticəsində 5 noyabr 2020-ci ildə,
müharibənin bitməsinə 4 gün qalmış şəhadətə
yüksəlib. O, II Fəxri xiyabanda Milli Qəhrəman Mübariz
İbrahimovun yanında dəfn olunub.
Turan
Şərifov şəhadətindən sonra "Vətən
uğrunda", "Hərbi xidmətlərə görə",
"Cəbrayılın azad olunmasına görə",
"Qubadlının azad olunmasına görə" və
"Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Polkovnik-leytenant
Tağıyev Ruslan Fuad oğlu 1982-ci il
iyun ayının 12-də İsmayıllı rayonunun Qubaxəlilli
kəndində anadan olub. 1988-ci ildə
İsmayıllı rayonunun 1 saylı orta məktəbinə
daxil olub. 1989-cu ildə İsmayıllı rayonunun 3
saylı orta məktəbində təhsilini davam etdirib, 1999-cu
ildə həmin məktəbi bitirib.
1999-cu ildə
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olmuş və 2003-cü ildə həmin məktəbi "Qoşun kəşfiyyatı"
ixtisası üzrə bitirib.
2003-2004-cü
illərdə Silahlı Qüvvələrin Təlim və Tədris
mərkəzində dinləyici, ardınca müvafiq olaraq
Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə
taqım komandiri, kəşfiyyat bölüyünün
komandiri, kəşfiyyat bölmə rəisinin köməkçisi
və kəşfiyyat bölməsinin rəisi vəzifələrində
xidmət edib.
2012-2014-cü illərdə Silahlı Qüvvələrin
Hərbi Akademiyasına təhsilini davam etdirib. 2014-cü ilin iyul ayından
2017-ci ilin fevral ayına qədər Şəmkir korpusunda N
saylı hərbi hissənin kəşfiyyat rəisinin kəşfiyyatın
planlaşdırılması üzrə baş köməkçisi
vəzifəsində xidmət
edib.
2017-ci ilin 20 fevral tarixindən Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat
idarəsinin baş zabiti vəzifəsinə təyinat
alıb.
Ruslan
Tağıyev 2019-cu ildə hərbi biliklərini artırmaq məqsədilə
ikili razılaşma əsasında Çinin Pekin şəhərində
təhsilini davam etdirib və "Çin Xalq Qurtuluş
Ordusunun Milli Müdafiə Akademiyası"nın
68-ci ali komandanlıq kursunu uğurla bitirib.
Xidmət etdiyi dövr ərzində hərbi hissə
qarşısında qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə və
vicdanla yerinə yetirdiyi üçün Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları
ilə bir sıra təltifləri olub.
Polkovnik-leytenant
Ruslan Tağıyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən
müharibəsində Tərtər, Kəlbəcər,
Suqovuşan, Qubadlı, Laçının işğaldan azad
edilməsi uğrunda gedən döyüş əməliyyatları
zamanı rəhbərlik etdiyi bölmələrə yüksək
peşəkarlıqla başçılıq edib, düşmənin
xeyli canlı qüvvəsinin və döyüş
texnikasının məhv edilməsində şəxsən fədakarlıq
və rəşadət göstərib. Döyüş
şəraitində düşmənin saysız-hesabsız
strateji obyektlərinin koordinatlarının dəqiq müəyyən
olunub vaxtında məhv edilməsində misilsiz xidmətləri
olub.
Ruslan Tağıyev noyabrın 4-də Laçın
uğrunda gedən gərgin döyüşlər zamanı
döyüş tapşırığını yerinə
yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə
ucalıb. Vətən
uğrunda canını fəda edən, 38 illik
ömrünün 21 ilini Vətənə xidmət edən
igid zabitimiz Ruslan
Tağıyev II Fəxri xiyabanda dəfn edilib. Özündən
sonra Vətənə Fuad, Polad və Nuray adlı
övladlarını əmanət edib.
Ruslan
Tağıyev şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə",
"Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Cavid Faiq oğlu Manafov 4 fevral 1999-cu ildə Bakı şəhərində
anadan olub. 2005-2016-cı illərdə Heydər
Əliyev adına liseydə təhsil
alıb.
Məktəbi
bitirdiyi il yüksək balla Bakı Dövlət
Universitetinin Psixologiya fakültəsinə daxil olub. 2020-ci ildə universiteti bitirib və iyul ayında hərbi
xidmətə çağırılıb.
2020-ci il 27 sentyabrında Vətən müharibəsi
başladığı gündən Cavid Füzulinin azad edilməsi
uğrunda gedən döyüşlərdə böyük
şücaət göstərib. O, Qrad21 kordinatoru idi.
Füzuli azad edildikdən sonra Cəbrayıl və Zəngilan
istiqamətindəki döyüşlərdə iştirak
edib. Oktyabrın 31-də Zəngilan-Qubadlı istiqamətində
əməliyyata gedərkən düşmən tərəfindən
Qrad21 maşını vurulur, maşın alışmağa
başlayır. Cavid komandirini və əsgər
yoldaşlarını xilas edərkən, açılan
Qradın dalğası təzyiqindən Cavidi zərbə ilə
atır. Zərbə nəticəsində
ağır kəllə-beyin travması alır. O, iki dəfə
açıq beyin əməliyyatı keçirib.
Ona ilkin tibbi yardım Füzuli rayonunda göstərilib,
sonra təcili olaraq noyabrın 1-də Bakı şəhəri
Neyrocərrahiyyə xəstəxanasına yollanıb və
ikinci dəfə əməliyyat olunub.
Ailəsinin onun yaralanmasından xəbəri olmayıb. Onlar Cavidlə
son dəfə oktyabrın 30-da danışıblar. O,
anasına nigaran qalmamasını, hər şeyin yaxşı
olacağını deyib. Dörd gün ailə
Caviddən heç bir məlumat ala bilməyib və
axtarışa başlayıblar. Noyabrın
3-də Müdafiə Nazirliyinin qaynar xəttindən Cavid
Manafov adlı ağır yaralı bir əsgərin
olduğunu öyrənirlər.
Noyabrın 7-nə kimi həyatda qalmaq üçün
mübarizə aparan Cavid həmin gün şəhidlik zirvəsinə
ucalıb.
Cavid Manafov şəhadətindən sonra "Vətən
uğrunda" medalıyla təltif olunub.
***
Ayxan
İlham oğlu Heydərli 1996-cı il
dekabrın 26-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində
anadan olub. 2003-2014-cü illərdə K.Əliyev adına Orta Əlinəzərli kənd tam orta
məktəbində təhsil alıb.
Ayxan Heydərli 2015-2016-cı illərdə Azərbaycan
Silahlı Qüvvələrinin Naxçıvan şəhərində
yerləşən N saylı hərbi hissəsində müddətli
həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə
müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçusu idi.
Azərbaycan
Ordusunun kiçik çavuşu olan Ayxan Heydərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb və
oktyabrın 6-da Füzuli döyüşləri zamanı qəhrəmancasına
şəhidlik məqamına yüksəlib.
Ayxan Heydərli şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalı ilə təltif edilib.
***
Asif Nəsir
oğlu Mədədov 1988-ci il iyunun 1-də
Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. 1994-2005-ci illərdə Kolxəlfəli kənd tam
orta məktəbində təhsil alıb. Ailəli
idi.
Asif Mədədov 2006-2008-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi
xidmət edirdi.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Asif Mədədov
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Hadrut və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Asif Mədədov noyabrın 8-də Şuşa döyüşləri zamanı
şəhid olub. Ağstafa rayonunun Kolxəlfəli
kəndində dəfn olunub.
Asif Mədədov
şəhadətindən sonra "Vətən
uğrunda", "Döyüşdə fərqlənməyə
görə", "Şuşanın azad olunmasına
görə" və "Hərbi xidmətlərə
görə" medalları ilə təltif edilib.
***
Elçin
Bəxtiyar oğlu İsrafilzadə 1990-cı il
iyulun 11-də Şəmkir rayonunun Qədimqala kəndində
anadan olub. 1996-2005-ci illərdə Qədimqala kənd
tam orta məktəbində təhsil alıb.
Elçin İsrafilzadə 2008-2010-cu illərdə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi
xidmət edirdi.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Elçin
İsrafilzadə 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Elçin İsrafilzadə
oktyabrın 20-də Füzuli döyüşləri zamanı
şəhid olub. Şəmkir rayonunun Qədimqala
kəndində dəfn olunub.
Ailəli olan şəhidimizin Kənan, Leyla və Yusif
adlı üç övladı yadigar qalıb.
Elçin İsrafilzadə şəhadətindən
sonra "Vətən uğrunda" medalı ilə təltif
edilib.
***
Eldost Asəf
oğlu Hüseynov 1996-cı il dekabrın
16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan
olub. 2002-2013-cü illərdə Talışnuru
kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasında (ADBTİA) təhsil alıb. Subay idi.
Eldost Hüseynov 2017-2018-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən
N saylı hərbi hissəsində müddətli həqiqi hərbi
xidmətdə olub.
Vətən müharibəsi zamanı Tərtər
rayonunun Talış qəsəbəsinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşan Eldost
oktyabrın 7-də Talış döyüşləri
zamanı şəhidlik zirvəsinə ucalıb. O, Şamaxı Şəhidlər
xiyabanında dəfn olunub.
Eldost Hüseynov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
***
Səid
Nofəl oğlu Rəşidzadə 1990-cı il
yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində
anadan olub. Onun atası Nofəl Qasımov da
1992-1993-cü illərdə Füzuli rayonunun erməni
işğalçılardan müdafiəsinə fədakarlıqla
başçılıq edənlərdən olub. Səid
Rəşidzadə 1996-2007-ci illərdə Nərimanov
rayonunda S.Yolçuyev adına 207 nömrəli
tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə
2007-2011-ci illərdə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbində alıb. Subay idi.
Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında xidmət
edirdi. Səid Rəşidzadə 2016-cı ilin 2-5 aprelində
baş verən döyüşlərdə Polad Həşimovla
çiyin-çiyinə savaşıb.
Bir
neçə il əvvəl Azərbaycan
Ordusundan tərxis olunsa da, Tovuz döyüşləri
zamanı Polad Həşimovun öldürülməsi ona
çox pis təsir edib. 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı könüllü olaraq döyüşlərə
yollanıb. Səid Rəşidzadə Hadrutun
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb və oktyabrın 11-də Hadrut qəsəbəsində
Azərbaycan bayrağını sancan zaman şəhid olub.
Füzuli rayonunda dəfn olunub.
Səid Rəşidzadə şəhadətindən
sonra "Vətən uğrunda" və "Xocavəndin
azad olunmasına görə" medallarına layiq
görülüb.
***
Şükür Aslan oğlu Hacıyev 8 mart 2000-ci ildə
Yevlax şəhərində doğulub. Əslən
Laçın rayonunun Budaqdərə kəndindən idi.
Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin
iyul ayında müddətli həqiqi hərbi xidmətə
yollanıb.
Azərbaycan
Ordusunun əsgəri olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən
müharibəsində iştirak edərək Qubadlı
döyüşlərində vuruşub. O, noyabrın 5-də
Şuşanın azad edilməsi uğrunda gedən
döyüşlərdə döyüş
tapşırığını yerinə yetirərkən
şəhid olub.
Şükür Hacıyev şəhadətindən
sonra "Vətən uğrunda" və
"Qubadlının azad olunmasına görə"
medalı ilə təltif edilib.
Şahanə
MÜŞFİQ
525-ci
qəzet.- 2021.- 1 iyul. S. 14-15.