Hər dəqiqəm bir kitab

 

Sovet hakimiyyəti dövründə jurnalistika fakültəsi ancaq Azərbaycan Dövlət Universitetində idi. O dövrdə bu fakültəyə öz gücünə qəbul olunmaq elə də asan deyildi.

Bura qəbul olunmaq istəyənin iki il əmək stajı, mətbuatda dərc olunmuş yazıları olmalıydı. Bu fakültədə oxumaq istəyənlərin çoxu dövrün məşhur qəzet-jurnallarında, radio-televiziyasında və nəşriyyatlarında işləmək həvəsində olan gənclər idi. O zaman jurnalistika fakültəsində 3-cü kursdan ixtisaslaşma başlayırdı. Etiraf edim ki, bu məsələdə seçim azadlığı vardı. Kim hansı ixtisası istəsə, onu da seçə bilərdi. Bizim vaxtımızda jurnalistika fakültəsi üç ixtisas üzrə formalaşmışdı: qəzetçilik, televiziya, nəşriyyat. Jurnalistika fakültəsini bitirən gənclərin təyinatını Mərkəzi Komitənin ideoloji şöbəsi verirdi. Çünki Sovet dövründə mətbuat ideoloji sahə idi və burada hərc-mərcliyə yol verilmirdi.

Doğrusu, mən burada jurnalistikamızın bugünkü durumu barədə danışmaq fikrində deyiləm. Amma ömrünün 40 ildən çoxunu nəşriyyatlarda keçirmiş bir şəxs kimi jurnalistikanın daha uzunömürlü, daha çox zəhmət tələb edən şərəfli bir sahəsi - kitabçılıqla bağlı bəzi fikir və mülahizələrimi söyləmək istəyirəm. Birinci təəssüf doğuran cəhət budur ki, nəşriyyat işinin də jurnalistikanın çox əhəmiyyətli bir qolu olduğu bu gün tamamilə unudulmuşdur. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllif əsərini yazıb istədiyi nəşriyyata təqdim edir, tirajını müəyyənləşdirir, çap dəyərini hesablatdırır və gedib evində oturub kitabının nəşrini gözləyir. Ancaq bu, belə deyildir. Çap olunan hər bir kitab əslində, kollektiv əməyin bəhrəsidir. Hər bir kitabın səhifəsində redaktorun, korrektorun, kompüter tərtibatçısının, çapçının, cilidləyənlərin çox böyük əməyi var. Bu böyük zəhmətin miqyasını nəşriyyatlarda çalışanlar, qədirbilən müəlliflər yaxşı bilirlər. Bu gün təəssüflə deməliyik ki, müstəqillik illərində yaranmış nəşriyyatların çoxunda redaktor, korrektor ştatı yoxdur. Ancaq kitabçılıq işində bu iki peşənin varlığını, vacibliyini kimsə inkar edə bilməz. Bəzi şəxslərdə belə təsəvvür var ki, redaktor, korrektor Sovet sisteminin məhsuludur. Qətiyyən belə deyildir. Hələ XVIII-XIX əsrlərdə Avropa ölkələrində, o cümlədən, Rusiyada, Türkiyədə redaktorluq önəmli peşə sayılırdı.

Təsadüfi deyil ki, XIII əsrdə yaşayıb-yaratmış böyük alim, ensiklopedik elm sahibi Nəsirəddin Tusi (1201-1274) özünün məşhur "Əxlaqi-Nasiri" adlı əsərində üzünü əsərinin oxucusuna tutaraq təvazökarcasına xahiş etmişdi: "Alicənab adamlardan gözlənilən ən böyük kəramət, lütf və mərhəmət ondan ibarətdir ki, bu kitabı nəzərdən keçirdikdə bir səhv, ya anlaşılmazlığa rast gəlsələr, zəhmət çəkib onu düzəltsinlər, əvvəlcədən bizim üzr və təşəkkürümüzü qəbul etsinlər. Allah qoysa, belə də olar".

Əsərləri əsrlərin sınağından keçmiş elə bir klassik şair, yazıçı, alim təsəvvür etmək olarmı ki, onun şeirlərinin, elmi risalələrinin üzünü köçürən xəttat, katib, kitabdar yerinə düşməyən bir sözü, ifadəni, vəzni pozulmuş misranı, qafiyəni daha münasib sözlə əvəz etməsin.

Mən on dörd il "Yazıçı" nəşriyyatında redaktor, şöbə müdiri vəzifəsində çalışmışam. On dörd il "Gənclik" nəşriyyatının baş redaktoru olmuşam. On ildən çoxdur, "Təhsil" nəşriyyatında çalışıram. Redaktoru olduğum elə bir kitab yadıma gəlmir ki, kiçicik də olsa, xidmətim olmasın. Kim redaktoru ancaq müəllifin əlyazması üzərində üslub səhvlərini, yanlış cümlələrini qaydaya salan şəxs kimi təsəvvür edirsə, yanılır. Əsl redaktor müəllifin ən yaxın məsləhətçisi, redaktə və nəşr prosesində bələdçisidir. O, janrından asılı olmayaraq, hər bir əsərə vətəndaşlıq, dövlətçilik, azərbaycançılıq mövqeyindən yanaşır və yanaşmalıdır. Vətəndaş redaktor sabah millətin başına qaxınc olacaq bir kitabın çapına əsla yol verməz və verməməlidir! Tarixi şəxsiyyətlərimiz haqda yanlış bir fikir, ifadə tarixi məlumatı az olan insanlarımızın yaddaşına daha tez köçür və yanlış olaraq nəsildən-nəslə ötürülür. Heç bir yazarın öz əsərinin uğurlu alınması naminə tarixi təhrif eləməyə haqqı olmadığı kimi, belə təhriflərə göz yuman redaktora da bəraət yoxdur.

Nəşriyyat redaktoru, müəllifdən fərqli olaraq, redaktoru olduğu kitabın siqnal nüsxəsi çap edilib stolunun üstünə gələnə qədər onun nigarançılığını çəkir. Kitabın ilk nüsxəsini müəllifdən qabaq o vərəqləyir, qüsursuz çıxanda sevinir, gözdən qaçmış kiçik bir qüsuru görəndə pərişan olur.

Dünya şöhrətli Şekspir deyirdi ki, kitab mənim üçün tacdan qiymətlidir. Fransız ədibi Anatol Frans isə yazırdı ki, mənə kitablarını göstər, uşaqlarının hansı ruhda böyüdüklərini sənə deyim. Yusif Vəzir Çəmənzəminli "Kitab yolunda hər şeydən keçərəm" deyirdi. Frensis Bekon isə bu fikirdəydi ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir. Bu "fikir gəmisi"nin göyərtəsində dünyanın söz nəhəngləri üzüb, bizə də üzməyi, sevməyi, sevilməyi öyrədib.

Peşəkar redaktor, korrektor dərhal yetişmir. Bu sahədə də illərin təcrübəsi gərəkdir. Uzun illər xalqımızın xidmətində olmuş "Azərnəşr", "Yazıçı", "Gənclik", "Maarif" və "İşıq" nəşriyyatında müxtəlif sahələr üzrə ixtisaslaşmış redaktorlar yetişmişdi. Təəssüf ki, müstəqillik illərində yaranmış çoxsaylı nəşriyyatlar bu redaktorlardan istifadə etmədi. Yalnız "Təhsil" nəşriyyatının direktoru mərhum Bəhruz Axundov "Gənclik" və "Maarif" nəşriyyatlarında püxtələşmiş redaktorlarından bir neçəsini işə götürdü.

 

Mungkin imej 1 orang

 

Mən heç cür təsəvvür edə bilmirəm ki, klassik şairlərimizin, yazıçılarımızın hansısa əsəri redaktorun nəzarəti olmadan çap edilsin. Ərəb-fars tərkibli sözlərlə zəngin olan klassik ədəbiyyatımızın hər bir nəşri mütəxəssis əlindən keçməlidir.

Keçən il 100 yaşı tamam olan "Azərnəşr"in (Azərbaycan Dövlət Nəşriyyatı) tarixinə nəzər saldıqda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin ən tanınmış nümayəndələrinin orada müxtəlif vəzifələrdə çalışdığını görürük. Ömər Faiq, Vəli Xuluflu, Hənəfi Zeynallı, Adil Əfəndiyev, Qılman İlkin, Mikayıl Rəfili, Salman Mümtaz, Abdulla Faruq, Abdulla Şaiq, Mir Mehdi Seyidzadə, Əyyub Abbasov, Əziz Mirəhmədov, Adil Babayev, Əli Tudə, Ələkbər Ziyatay, Böyükağa Qasımzadə, İsa Hüseynov, Hökumə Bülluri, Mirvarid Dilbazi, Məmməd Araz, Əjdər Xanbabayev, İlyas Tapdıq, Cəmil Əlibəyov, Əlfi Qasımov, Vilayət Rüstəmzadə, Mustafa Əfəndiyev, Azər Mustafazadə və başqaları ayrı-ayrı dövrlərdə direktor, baş redaktor, şöbə müdiri, redaktor, tərcüməçi vəzifələrində çalışmışlar.

Təkcə bu müxtəsər siyahıdan görə bilərsiniz ki, Azərbaycan folkloru, nəsri, poeziyası, tərcümə əsərləri kimlərin redaktorluğu ilə işıq üzü görmüşdür. Burada mən təkcə "Azərnəşr"də çalışan əməkdaşların bəzilərinin adını xatırlatdım, halbuki "Yazıçı"da, "Maarif"də, "Gənclik"də, "İşıq"da ömrünü kitabçılığa həsr etmiş neçə-neçə dəyərli insanın əməyi, xidməti nə təqdir olunub, nə ünvanına sağ ol deyilibdir. Əsl redaktor qarşısına qoyulan əlyazmanı oxuyan kimi müəllifin nəinki üslubunu, gözdən qaçmış qüsurlarını da görür, onun hansı təfəkkür sahibi olduğunu da müəyyənləşdirir. O, redaktoru olduğu müəllifə qətiyyən üstdən aşağı baxmır, ancaq redaktə prosesində müəllifdən fərqli olaraq işin fövqündə durur. Əsərin daha məzmunlu olması üçün çalışır, təkliflər irəli sürür, əsər üzərində müəlliflə birgə işləyir, bədii tərtibatına belə fikir verir. Çox təəssüf ki, bizim cəmiyyətdə redaktorun, korrektorun əməyi, zəhməti kitab işıq üzü görən kimi unudulur. Hətta kitab haqqında yazılan məqalələrdə belə redaktor kimi adı çəkilmir. Sovet dövründə həmişə redaktoru kitabın ikinci müəllifi hesab edirdilər, üstündə adı yazılmasa da. Bu gün biganəlik o həddədir ki, yenicə çapdan çıxmış kitabdan bəhs edən məqalədə belə nəşriyyatın adı çəkilmir. Kitabxanalardakı kartotekalarda isə müəllifin adı ilə yanaşı, ədəbi redaktorun da adı qeyd olunur. Amma bu hala mətbuat səhifəsində rast gəlmirik. Bir kitaba çəkilər redaktor, korrektor əməyini təsəvvür etmək üçün sadəcə 500 səhifəlik bir romanı oxumaq yetərlidir. Halbuki bu 500 səhifəlik kitabda siz məna, məzmun, orfoqrafik səhv axtarmırsınız, sadəcə, zövq almaq üçün oxuyursunuz.

 

Kitab - söhbət hər mənada dəyərli əsərdən gedir - təkcə bu gün üçün yazılmır, həm də uzaq gələcəyə ünvanlanır.

 

Kitab nəşri prosesi gündəlik mətbuatla müqayisədə sürəti ləng olsa da, öz həcminə, miqyasına, mündəricəsinə görə daha etibarlı mənbədir.

 

Bu sahədə də dövrün diktə elədiyi məsələlərə daha operativ cavab verən əsərlərin çapına xüsusi önəm verilir.

 

Uzun illərin müşahidələrinə əsaslanaraq deyə bilərəm ki, nəşriyyatda çalışanlar hər hansı təltif, təşəkkür gözləməyən, öz işini şərəflə yerinə yetirməyə can atan fədakar insanlardır. Bu, öz yerində, ancaq arzu edərdim ki, nəşriyyat işçilərinə ögey münasibət olmasın. Onların da həssas münasibətə, qayğıya ehtiyacları var. Məsələn, jurnalistlər üçün bina tikiləndə qəzet-jurnallarda çalışanlar, telejurnalistlər yada düşür, amma nəşriyyat-poliqrafiya işçiləri yada düşmürlər. Arzu edərdik ki, nəşriyyat-poliqrafiya sahəsində çalışanlara da xüsusi diqqət ayrılsın. Bu müqəddəs, şərəfli sahədə çalışanlar da dövlət qayğısından, fəxri adlardan, xüsusi təltiflərdən, mükafatlardan kənarda qalmasınlar. Fikrimizcə, nəşriyyat-poliqrafiya sahəsinə diqqəti artırmaq üçün ictimai bir quruma ehtiyac var.

 

Bu gün bu ciddi sahəyə qəribə bir biganəlik var. Nəşriyyatların işi ancaq respublikada kitab sərgiləri keçiriləndən-keçirilənə yada düşür. Adət halını almış kitab təqdimatlarında belə çox vaxt nəinki redaktorun, heç buraxılışa məsul nəşriyyatın da adı çəkilmir. Ölkədə bir belə televiziya kanalları var, kitaba, kitabçılığa həsr olunmuş verilişlər demək olar ki, yox dərəcəsindədir. Günlərlə şou əhlinin qapısını döyüb tərifə layiq olmayanın birisini tərifləyib camaata sırımaqdansa, nəşriyyatların da qapısını döyüb, orada nə baş verdiyini, cəmiyyəti düşündürən nə kimi kitablar çap etdiyinə diqqət ayırmaq olmazmı? Bəs "Təhsil" nəşriyyatında çap olunmuş (aşıq gördüyünü çığırar) professor Şirməmməd Hüseynovun toplayıb tərtib etdiyi Məhəmməd Əmin Rəsulzadənin 5 cilddən ibarət "Əsərləri"ni, Misir Mərdanov və Ədalət Tahirzadənin çox böyük zəhmət hesabına toplayıb nəşr etdirdikləri "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı çoxcildlik ensiklopedik soraq kitabını (4 cildi çapdan çıxıb, 5-ci cildin üzərində iş gedir), Nərgiz Cabbarlının Mirzə Fətəli Axundzadədən bəhs edən "Axundzadə şəxsiyyəti", kollektiv müəllif əməyinin bəhrəsi olan "Erməni əsirliyində: işgəncə və qətl antologiyası", Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür" (fransız dilindən tərcümə edəni Mirzəbala Əmrahov), pakistanlı polkovnik-leytenant Məsud Əxtarın "Yalanlar, yalanlar, bir daha yalanlar (Türklərə qarşı erməni uydurmaları və iddiaları)", Misir Mərdanovun dördcildlik "Azərbaycan təhsil tarixi", Leyla Abasovanın "Azərbaycan Dövlət Nəşriyyatı: "Azərnəşr"in yaranması, fəaliyyəti" və sair əsərləri geniş auditoriyaya kim çatdırmalıdır?

 

Kitab nəşri çox əhatəli bir işdir. Kiçik bir məqalədə onun dəyərindən və problemlərindən geniş bəhs etmək olmur. Biz burada böyük tarixi təcrübəsi və əhəmiyyəti olan kitab qrafikasından söz aça bilmədik. Bu gün də görkəmli rəssamlarımızdan Kazım Kazımzadənin, Maral Rəhmanzadənin, Altay Hacıyevin, Oqtay Sadıqzadənin ayrı-ayrı kitablara çəkdikləri illüstrasiyalar gözlərim önündə canlanır. Əlbəttə, kitab qrafikası sahəsində onlar tək deyildilər, sadəcə yadıma düşənləri xatırlatdım.

 

Sözümü unudulmaz Şıxəli Qurbanovun bir parça şeiri ilə bitirmək istəyirəm.

 

Mən öylə bir aləməm ki, hər dəqiqəm bir kitab,

Əfsuslar ki, yadda qalmaz oxunulan hər kitab.

Göz baxdıqca sözüm vardır bu aləmdə yazmağa,

Qoca dünya rəfə bənzər, səma kitab, yer kitab.

... Sənət, kitab zinətidir bu dünyanın əzəldən,

Sənə nadan zəhər versə, əvəzinə ver kitab.

 

21 iyun 2021-ci il

 

Mustafa ÇƏMƏNLİ

525-ci qəzet.- 2021.- 7 iyul. S. 10; 15.