Beynəlxalq
Humanitar Hüquq jurnalistikanın baxış bucağında
Jurnalistika
elə bir sahədir ki, onun cəmiyyətdə baş verən
bütün proseslərlə bağlılığı var. Az və ya çox dərəcədə
hamısı ilə. Çünki o,
yaranışından ictimai xarakterlidir - bütün cəmiyyəti
maraqlandıra biləcək məsələlərə, hadisələrə
xitab edir.
Başqa sözlə, jurnalistikanın vəzifəsi
ictimai əhəmiyyət kəsb edən olay və ya faktlar
haqqında toplumu məlumatlandırmaqdır. Yəni bu
peşə Beynəlxalq Humanitar Hüquqla (BHH) da
bağlıdır. Çünki BHH olduqca
mühüm ictimai və hətta qlobal əhəmiyyətə
malik bir sahədir. Özəlliklə
müharibənin və ya silahlı münaqişələrin
getdiyi ölkələrdə beynəlxalq hüququn bu sahəsi
xüsusi bir önəm kəsb edir. BHH
müharibə kimi ağrılı, böyük itkilərə,
faciələrə yol açan bir olayın tənzimlənməsini
hədəfə alır. Bu tənzimlənmə
hüquqi və insani xarakter daşıyır. Daha dəqiq desək, müharibəyə qoşulan
tərəflərin müəyyən məsələlərdə
bir-birinə humanist münasibət göstərməsini
hüquqi öhdəlik və anlaşma səviyyəsinə
yüksəldir. Bu yazı BHH haqqında
bilinən və ya bilinməsi vacib sayılan əsas məsələlərdən
bəhs etmək məqsədi daşıyır.
Beynəlxalq humanitar hüquq nədir?
Sentyabrın
27-də başlayan və 44 gün çəkən II
Qarabağ müharibəsində çox tez-tez "beynəlxalq
hüquq" və onun bir hissəsi olan "beynəlxalq
humanitar hüquq" ifadəsini
eşidirdik. Müharibənin "qaynar" mərhələsi
sona çatsa da, onunla bağlı proseslər hələ də
davam etməkdədir. Ölkə gündəmi
minalanmış ərazilərin xəritəsi, sərhədlərin
delimitasiyası, əsir və təxribatçı məsələləri,
sülh haqqında danışıqlar, eləcə də digər
əlaqədar xəbərlərlə dolub-daşmaqdadır.
Belə məsələlərdə hüquq tənzimləyici
rol oynayır, problemlərin həllində əsas meyar olaraq
çıxış edir. Ona görə də
biz beynəlxalq humanitar hüquqa istinadları hələ də
eşitməkdəyik. "Beynəlxalq humanitar hüquq" spesifik
funksional özəlliyə malikdir, silahlı münaqişələr
zamanı humanizmi, mərhəmətli və etik münasibəti
təmin edən müəyyən hüquqi tənzimlənmələri
nəzərdə tutur.
BHH-yə niyə həm də "müharibə
qanunu" deyilir?
Böyük ehtimalla, müharibələr insan oğlu ilə
birlikdə "doğulub". Güman ki, kimsə
Yer üzü nə qədər müharibəyə
şahidlik edib deyə maraqlansa, sayıb bitirə bilməz.
Bəlkə də kiçikli-böyüklü
milyonlarla savaşa şahidlik edib dünya. Müharibələrin
qaçılmazlığı faktı ilə bəlkə də
hamı razılaşıb, çünki əksinə
düşünmək üçün "üfüqdə"
ümidverici heç nə görünmür, təəssüf
ki. Lakin bu, müharibələr zamanı
insani və şəfqətli münasibətin
mümkünsüzlüyü anlamına gəlməməlidir.
Müharibədə baş verən
zorakılıqların məhdudlaşdırılması
üçün sistematik cəhdlər yalnız XIX əsrdə
inkişaf etməyə başlamışdır. Başqa
sözlə, BHH-nin yaranması ilə.
Bilindiyi kimi, klassik anlamda müharibələrdə məqsəd
düşməni diz çökdürməkdir ki, buna da əsasən
əks tərəfin döyüşçülərini məhv
etmək, canlı qüvvələri yararsız hala gətirməklə
nail olunur. Müharibə qaydalarına əsasən
döyüş yalnız döyüş meydanında
aparılmalıdır. Başqa sözlə,
müharibədə birbaşa iştirak etməyən insanlara
- dinc əhaliyə hücum yolverilməzdir, çünki
onlar özlərini müdafiə etmək iqtidarında deyillər.
BHH döyüş meydanında belə vəhşət
və zorakılıq hallarının azaldılmasını
mümkün sayır, yaralı və xəstə əsgərlərə
yardım edilməsi üçün şəraitin
yaradılmasını tələb edir. Müasir Beynəlxalq
Humanitar Hüququn bəzi təməl yanaşmaları bu
prinsiplərdən çıxış edir.
Hər
şey maariflənmədən keçir! Bəlkə də
Maarifçilik dövründən...
Savaş və insan faciələrinə fərqli
münasibət önəmli prosesləri (əsasən)
eramızın XV-XVI əsrlərinə təsadüf edən
Maarifçilik dövrünün təsiri ilə
başlanmışdır. Avropada başlayan
Maarifçilik dövründə insana fərqli, daha humanist
münasibət formalaşırdı. Əvvəlki
sərt və amansız yanaşmalar yerini tədricən mərhəmətli
və anlaşıqlı münasibətə buraxırdı.
Əlbəttə, bu proses birdən-birə baş vermədi,
yeni başlayan hər şeydə olduğu kimi, o da kəskin
müqavimətlə qarşılaşdı. Lakin
Maarfiçilik dövrünün modernizm fəlsəfəsinə
münasibəti danılmazdır. Bir
sıra təməl prinsiplərə yeni baxış sosial-ictimai
məsələlərə yanaşmanı da əsaslı surətdə
dəyişdirdi. Bu prinsiplərdən biri
də müharibələrə olan münasibət oldu. Başqa sözlə, söhbət dövlətlərin
müharibəyə və orada baş verənlərə ənənəvi
baxışlarının dəyişməsindən gedir.
Yuxarıda deyildiyi kimi, BHH döyüş əməliyyatlarının
kənara sıçradılmasını və dinc əhaliyə
yönəlik istənilən hücumu yolverilməz sayır. Lakin
insanlıq və müharibə tarixi əks nümunələrlə
doludur. Hərb tarixi döyüş
meydanında yaşanan məğlubiyyətin
acığını dinc əhalidən çıxarmaq kimi
çirkin əməlləri göstərən faktlarla
"doludur". II Qarabağ müharibəsi
də istisna olmadı. Gəncə şəhəri,
Bərdə və Tərtər rayonları ordumuzun müzəffər
yürüşü qarşısında tab gətirməyən
düşmən tərəfindən elə müharibənin
ilk günlərindəncə ağır, bəzən isə
istifadəsi çoxdan qadağan olunmuş silahlarla atəşə
tutuldu. Coğrafi mövqeyinə görə
ağır hücumlara daha çox məruz qalan Tərtər
isə "Azərbaycanın Stalinqradı" adı
aldı.
Beynəlxalq
humanitar hüquq necə "doğuldu" və ya Solferinoda
birgünlük döyüşün yaratdığı
böyük dönüş
BHH-nin indiki halı ilə, yəni bir sistem kimi
yaradılması təşəbbüsü bir
döyüşün tarixçəsi ilə
bağlıdır. 24 iyun 1859-cu ildə isveçrəli iş adamı Anri
Dünan Solferinoya gəlmişdi. Həmin
gün indiki İtaliyanın şimalında yerləşən
Solferino yaxınlığında çox gərgin bir
döyüş gedirdi. Fransa-İtaliya
(Sardiniya Krallığı) müttəfiq qoşunları
Avstriya ordusuna qarşı vuruşurdu. O vaxtlar
İtaliyanın bir çox əraziləri Avstriya tərəfindən
işğal olunmuşdu. Bu müharibə də
ölkənin işğaldan azad olunması üçün
aparılırdı. Sardiniya Krallığının timsalında
İtaliya Fransanı müttəfiq olmağa razı sala
bilmişdi.
Anri Dünan Solferinoya öz işləri ilə əlaqədar
- III Napoleonla şəxsən görüşmək
üçün gəlmişdi (onun müharibə ilə əlaqədar
Solferinoda olacağını bilirdi). Amma gəlib dəhşətli
bir mənzərənin şahidi olmuşdu. Dünya hərb tarixinə ən qanlı
vuruşmalardan biri kimi düşən bu birgünlük
toqquşmadan sonra döyüş meydanında iyirmi
üç min yaralı, can verməkdə olan və
ölmüş hərbçi qalmışdı. Yaralılara göstərilən qayğı, demək
olar ki, yox dərəcəsində idi. Bu mənzərədən
şoka düşən Dünan mülki əhalini, xüsusən
də qadın və qızları köməyə
çağıraraq yaralı və xəstə əsgərlərə
kömək göstərməyə başladı. Material və təchizat qıtlığı var idi.
Dünan özü lazımi materialların
alınmasını təşkil etdi, eləcə də səyyar
xəstəxanaların tikilməsinə nail oldu. Yaxınlıqdakı Castiglione delle Stiviere şəhərinin
qadınları tərəfindən hazırlanan "Tutti
fratelli" ("Hamısı qardaşımızdır")
şüarına istinad edərək yaralıların
hansı tərəfə mənsubiyyətindən
asılı olmadan əhalini onlara qulluq göstərməyə
razı sala bildi. A.Dünan fransızlar tərəfindən
tutulan Avstriya həkimlərinin sərbəst
buraxılmasına da nail oldu.
Beynəlxalq
humanitar hüquqa aparan yolun ilk "addımları"
İyulun əvvəlində Cenevrəyə
qayıtdıqdan sonra A.Dünan yaşadıqları barədə
"Un Souvenir de Solferino" ("Solferino Yaddaşı")
adlı bir kitab yazmağa qərar verir. 1862-ci ildə
Dünanın öz hesabına çap etdirdiyi bu kitabın
tirajı 1600 nüsxə olmuşdur. Kitabda
müəllif Solferinoda şahidi olduğu
döyüşsonrası mənzərəni, həmçinin
sonrakı xaotik və acınacaqlı vəziyyəti izah etməyə
çalışmışdı. A.Dünan
gələcəkdə silahlı münaqişələr
zamanı yaralı əsgərlərə qayğı göstərmək,
onları taleyin hökmünə buraxmamaq üçün
davamlı fəaliyyət göstərən bitərəf bir
təşkilatın yaradılması ideyasını da irəli
sürmüşdü. Bu, yaxın gələcəkdə
əsası qoyulacaq Qırmızı Xaç və
Qırmızı Aypara Hərəkatının, eləcə
də onun bir "qolu" sayılan Qırmızı
Xaç Komitəsinin nəzəri modeli
(görünümü) idi. Müəllif öz
ideyalarını geniş ictimaiyyətə tanıtmaq və
yaymaq üçün Avropanı dolaşaraq kitabını
bir çox məşhur siyasətçi və hərbçilərə
paylamış, həmçinin, qərarvermə prosesində
xüsusi rol oynayan diplomatlarla şəxsən
görüşərək ideya və
baxışlarını bölüşmüşdü. Məhz
A. Dünanın fəaliyyəti sayəsində
diplomatların işbirliyi ilə 1863-cü il
26 oktyabrda Birinci Cenevrə Konfransı adı ilə ilk Beynəlxalq
Qurultay keçirildi. Bu qurultayın qərarı
ilə 25 ölkə rəhbərliyinə Cenevrədə
keçiriləcək konqresə nümayəndələrini
göndərmək xahişi ilə müraciət qəbul
edildi. Cəmi 16 ölkə bu təşəbbüsə
qoşuldu. 1864-cü il avqustun 8-dən
22-ə kimi Cenevrədə keçirilən konqresdə I
Cenevrə Konvensiyasının layihəsi qəbul
edilmişdir. Maraqlıdır ki, 10 (bəzi mənbələrdə
isə 11) maddədən ibarət olan bu Konvensiyanın
müzakirəsinə 10 günə yaxın vaxt sərf
olunmuşdu. Sonrakı illərdə isə
dünyadakı hərbi vəziyyətin dəyişməsi ilə
əlaqədar I Cenevrə Konvensiyasına bir neçə dəfə
dəyişiklik edilmiş, daha üç Konvensiya qəbul
edilmişdi. Sonuncu - IV Konvensiya II Dünya
müharibəsindən sonra, 1949-cu ildə sıfırdan
yazılmışdır. Bu sənədin
yaranmasına II Dünya müharibəsi zamanı yaşanan ən
böyük fəlakətlərdən biri - dinc əhalinin
qoruna bilməməsi səbəb olmuşdur.
BHH,
Osmanlı İmperiyası, Qırmızı Xaç və
Qırmızı Aypara Hərəkatı,
ağ-qırmızı bayraqlar
Güman
ki, hamımız üzərində qırmızı xaç
şəkli olan ağ bayraqları
görmüşük. Hamımız deyirəm, çünki
həmin bayraq çox yerdə görülə bilər -
televiziya proqramlarında, ictimai yerlərdə vurulmuş
maarifləndirici lövhələrdə və s. Onun rənglərinin
və üstündəki xaç işarəsinin nə anlam
verdiyini bilmək üçün isə bir az
beynəlxalq humanitar hüququn tarixinə bələd olmaq
lazımdır. Daha dəqiq desək, BHH-nin
yaradılmasında müstəsna xidmətləri olan Anri
Dünanın milliyyətinə. Beynəlxalq
Qırmızı Xaç Komitəsinin rəmzi olan bayraq
özündə A.Dünanın vətəndaşı
olduğu İsveçrənin bayraqlarının rənglərini
daşıyır - ağ və
qırmızı. Sadəcə önəmli bir
fərqlə - İsveçrə bayrağında əsas rəng
qırmızıdır, onun üzərindəki xaç
işarəsi isə ağdır. Qırmızı
Xaç və Qırmızı Aypara Hərəkatını
təmsil edən bayraqda isə əksinə - əsas rəng
ağdır, xaç işarəsi isə
qırmızıdır. Əlbəttə,
ölkənin bayrağı Hərəkatınkından fərqlənməli
idi.
1862-ci ildə Cenevrədəki İsveçrə Vətəndaşlar
Komitəsi Qırmızı Xaç Komitəsini qurdu. 1863-cü ildə
on altı dövlət Cenevrəyə nümayəndə heyəti
göndərdi və beləliklə, həmin gün
Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı
kimi tanınan böyük birliyin təməli qoyuldu. Beynəlxalq Qırmızı Xaç Komitəsinin
adı rəsmi olaraq 1880-ci ildə təsdiq edilmişdir.
17 fevral isə Qırmızı Xaç Komitəsinin
yaranış günü sayılır. Hərəkatı
təmsil edən işarələrdən biri kimi Aypara isə
1906-cı ildə Osmanlı İmperiyasının təkidi ilə
qəbul olunmuş və rəmzlər sırasına əlavə
olunmuşdur.
BHH-nin yaranması ilə dünyada müharibələrə
son qoyuldumu? Əlbəttə ki, yox. Ölkələr
arasında münaqişələrin baş verməsi, eləcə
də qırıcılıq gücünə görə daha
dəhşətli silahların yaradılması ilə əlaqədar
dünyada hərbi-siyasi vəziyyət davamlı surətdə
dəyişir. Ona görə də, BHH və
onun əsasını təşkil edən Cenevrə
Konvensiyaları da, digər əhəmiyyətli sənədlər
də daim yenilənir.
Təranə MAHMUDOVA
525-ci qəzet.- 2021.-
7 iyul. S. 11.