Patriarxal
gücün psixologiyası
Cinsi ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə
dünyanın bir çox qabaqcıl dövlətləri
öz siyasətini cəmiyyətdə
patriarxallığın qadın hüquqlarını üstələməsinin
qarşısını almaq, yaxud onu zəiflətməklə
cinslərarası sosial bərabərliyi təmin etməyə
çalışmaq üzərində qurub. Bu baxımdan
qadınların iş dünyasında, sosial mühitdə
daha da fəal olmaları üçün bir sıra
addımlar atıblar.
Amma fərqli
mədəniyyətlərdə kök salmış dəyərlər
zəncirini qırmaq, o kökləri qurutmaq elə də asan
iş deyil. Fərqli cəmiyyətlərin fərqli
mədəniyyətlərindəki həmin köklər
kişilik hegemoniyasıdır. Sistemin bəzi
çarxları bu hegemoniyanı qırmaq, zəiflətmək
mübarizəsindən insanların cins baxımından tək
tipli olması üçün istifadə edir.
Bu gün qadın haqları uğrunda mübarizənin
fonunda unisex (təkcins) həyat tərzinin təbliğ
olunması heç də normal hal deyil. Barama kimi
bir-birinə dolanmış bu ideologiyaları ayırmaq və əslində,
nəyi təbliğ etdiyimizi anlamaq üçün sosial
cinsiyyət rollarını oynayarkən kişilik
hegemoniyasını anlamaq lazımdır.
Birinci növbədə cinsiyyət
anlayışımız təkcə qadın
yönümlü düşünməyimizə və
qadınlıq rollarının üzərinə düşən
vəzifələrə diqqət çəkməyimizə
xidmət etməməli, əksinə, kişilik
rollarını və hər ikisi arasındakı əlaqələri
ayırd edə bilməyimizə kömək etməlidir.
Qadınlıq və kişilik arasındakı fərqləri
şərh edərkən bunun, təkcə insanların məişətdəki
rollarını yox, qurumları, siyasətin formasını,
gündəlik danışıq dilimizi, ifadə şəkillərmizi
də formalaşdığını anlamalıyıq. Cinsiyyət
anlayışının elm və sosial həyat
üçün böyük ilham potensialı
daşımasına baxmayaraq, "kişilik" ilə
bağlı düşüncələrin "qadın
haqları" ifadəsinin kölgəsində
qaldığını, feminizm mübarizəsinin necə də
təktərəfli olduğunu göstərir.
Bu
baxımdan bir çox sosioloqun kişilik
anlayışının cəmiyyətdəki rolunu və
yerini əxz edən araşdırmalarına müraciət etməkdə
fayda var. Məsələn, avstraliyalı sosioloq Reyvin Konnellin
"Hegemonik kişilik" nəzəriyyəsindən istifadə
edərək, yaşadığımız zaman və məkana
aid dominant kişilik motivləri olan müharibə, siyasət,
cinsəllik mövzularını anlamağa çalışa
bilərik.
Bəs "Kişilik hegemoniyası" nəzəriyyəsi
nədən bəhs edir?
Konnellin "Kişilik hegemoniyası" nəzəriyyəsindən
söz açmazdan əvvəl mövzunu daha da dərindən
anlamağımız üçün italiyalı sosialist nəzəriyyəçi
Antonio Qramşinin "Mədəniyyət hegemonluğu" nəzəriyyəsinə
nəzər salaq. Elə Konnell də öz nəzəriyyəsini
bunun əsasında formalaşdırıb.
"Mədəniyyət
hegemonluğu" nəzəriyyəsi müxtəlif həyat tərzinə sahib
olan cəmiyyətlərdə hakim təbəqənin öz
iyerarxiyasını qurması və qeyri-bərabər güc
münasibətlərini normallaşdırmasıdır. İdari sistem öz xeyrinə öz mədəniyyət
anlayışını bütün cəmiyyətə mənimsətməyə
çalışır, fərdlərin hüquq və
azadlıqlarını məhdudlaşdıraraq yalnız
öz uyğun gördüyü formada yaşamaları
üçün yeni bir sistem formalaşdırır. Beləcə, bərabərsizlik sosial quruluş kimi
qaçılmaz olur. Bunun təbii hal kimi qəbul
olunması üçün sosial islahatlar aparılır.
İqtidarda olanın mənimsədiyi həyat tərzini,
dəyərlərini bütün bir cəmiyyətə diktə
etməsinə, açıq və şüuraltı formada
beyinlərə yeritməsinə, öz dəyərlərinə
uyğun sosial quruluş formalaşdırmasına sosioloq
"Mədəniyyət hegemoniyası" adını verib.
Bu nəzəriyyədən təsirlənərək
Konnell də "Kişilik hegemoniyası" nəzəriyyəsini
yaradıb. O, zamana və cəmiyyətə görə
dəyişkənlik göstərən kişilik
hegemoniyasını üç fərqli formada müəyyənləşdirir:
patriarxlıq, iqtisadi və psixoloji (katetik) münasibətlər.
Patriarxlıq və sosial cinsiyyət
anlayışlarının təsiri ilə iqtisadiyyatın,
istehsalatın ağırlıq verdiyi sahələr
haqqında demək olar ki, məlumatlıyıq. Amma cəmiyyətin
psixoloji baxımdan "kişilik hegemoniyası" altında
olmasını anlamaqda çətinlik çəkirik.
"Kişilik
hegemoniyası"nın ilk iki şərtinin
bir sıra sosial islahatlarla dəyişməsinin, bu sahələrdə
bərabərliyin təmin olunmasının asan olduğunu
düşünə bilərik. Bu baxımdan
hakimiyyəti bərabərlik uğrunda yetərincə həvəsli
siyasət yürütməməkdə günahlandıran
feministlər və bəzi sosioloqlar əsirlərlə cəmiyyətlərin
mədəniyyətlərinə kök salmış
üçüncü - psixoloji kişilik hegemoniyasını
gözardı edirlər.
Bunu Konnellin fikri ilə əsaslandırsaq deyə bilərik
ki, duyğulara və ehtiraslara bağlı münasibətlər
də sosial cinsiyyət anlayışının əhatə
dairəsinə daxildir. Cəmiyyətdəki "kişilik hegemoniyası"nın davamlılığı,
normallaşdırılması baxımından bu elementlər
güclü təsirlərə malikdir.
Psixoloji
baxımdan "kişilik hegemoniyası" birbaşa
özünü göstərməsə də, ailə, iş, dövlət qurumlarında
formalaşdırıcı təsir gücünə malikdir. Cəmiyyətin oturuşmuş bu mədəniyyət
norması kişiləri də bir çox məsələdə
təhkimli halına salır. Məsələn, hər
kişinin hərbi xidmətdə olması məcburiyyəti,
tarix dərslərinin demək olar ki, müharibələr və
hərbi tarix üzərindən
formalaşdırılması, böyüdüyümüz
coğrafiyadan asılı olaraq sünnət məsələsi,
ailədə kişinin güc strukturu olmaq məcburiyyəti və
sair kimi məqamlar göstərir ki, "kişilik
hegemoniyası" əslində, əksər cəmiyyətlərdə
və mədəniyyətlərdə hava-su kimi normal qəbul
olunur.
Digər tərəfdən, kişilik və
zorakılıq anlayışları əsrlərdən bəri
demək olar, bərabərləşdirilib. Bu demək
deyil ki, qadınlar zorakılığa, şiddətə əl
atmırlar. Amma "kişilik
hegemoniyası" anlayışı çərçivəsində
qeyd etdiyimiz bütün bu detallar mədəniyyət
baxımından zorakılığın kişilərə
daha uyğun görüldüyü, kişilərin
zorbalıq etməsinin cəmiyyətdə daha
anlaşıqlı və qadına nəzərən daha normal
qarşılandığı reallıqdır.
Kişilərin vətən sevgisi, qadın sevgisi, sahib
olmaq və hökm etmək arzusu uğrunda zorbalıq etməsi
və zorakılığa əl atması qadına nəzərən
adi və yumşaq qarşılanır.
Digər tərəfdən, homoseksual biri lezbiyan bir fərddən
daha çox zorakılığa məruz qalır və
alçaldılır. "Kişilik hegemoniyası" nəzəriyyəsinə
görə, bu güc psixologiyasını özündə mənimsəməmək,
yəni bu mədəniyyətlərdə güclü olmaq
varkən "zəif" olmağı seçmək
aşağılıq sayılır. Buna
görə də homoseksuallar "kişilik klubu"ndan
qovulmuş, psixoloji sürgünə məruz qamış
insanlardır.
Siyasi arenalarda, çayxanalarda, içki məclislərində
kişilərin çoxluq təşkil etməsi də
kişilik hegemoniyası mədəniyyətinin əsas
göstəricisidir.
Gündəlik
həyatdan misal gətirsək, hegemonik psixologiyaya sahib
kişilərin qadınlara qarşı mikro-zorakılıqlar
tətbiq etdiyinə şahid ola bilərik.
Buna bir qadının danışarkən sözünün kəsilməsi,
ailədə qadın fikirlərinin yetərincə önəmsənilməməsi,
qadınların əsirlərlə müəyyənləşdirilmiş
cinsiyyət rollarından kənara çıxmasının
(ana olmaqdan imtina etmək, evlənməkdən imtina etmək,
sərbəst həyat tərzi yaşamaq,
açıq-saçıq geyinmək, yemək bişirməyi
bacarmamaq, ev işlərindən imtina etmək
və s.) qınaqla qarşılanması və sairi misal
göstərə bilərik.
Hegemonik kişilər öz düşüncələrini
başqa cür kişilərdən və qadınlardan
üstün tutur, adi bir söhbəti belə savaş həddinə
çatdıra bilirlər. Belə insanlar ev
işləri, uşaq baxımı, xəstəyə baxmaq
kimi "önəmsiz" məsələlərlə məşğul
olmağı özlərinə yaraşdırmırlar. Onlara görə, həyatın bu
"detallar"ı yalnız qadınların icra edəcəyi
kiçik işlərdir. Bütün bu
işlərin icrası da qadına və qadınlıq
anlayışına bağlıdır. Beləcə,
arxa fonda bir qadın bir kişinin gündəlik
həyatını asanlaşdırmaq üçün rol
alır. O qadının cəmiyyətdəki adı
"ana", "həyat yoldaşı", "qız
övladı"dır.
Hegemon kişi - arzu obyekti mütləq əks cins olan
hiperseksual qadını daima "ehtiyacı"nı təmin
edə biləcək bir cinsi subyekt kimi görür. Bu düşüncənin ən qəddar
varinatında isə cinsəlliyin normallığına özlərini
inandırıb bunu haqlı ehtiyacları kimi görürlər.
Onlar qadınları, xüsusilə həyat
yoldaşlarını, analarını, yaxud
qızlarını öz arzu və ehtiyacları olan azad fərdlər
kimi görməkdən imtina edirlər.
"Kişilik hegemoniyası" nəzəriyyəsini
anlamağa çalışmaq buna qarşı mübarizədə
bizə kömək edə bilər. Kişilik və
qadınlıq üzərinə düşüncələr
bir-iki məqalə, yaxud çıxışlarla məhdudlaşmalı
deyil. Sosial cinsiyyət rolları,
hamını təktipləşdirməyə
çalışan sistemin bəzi çarxlarına fayda verəcək
səthi və bayağı təbliğatların mahiyyətini
dərk etmək üçün bu nəzəriyyəni sosial
bərabərlik mübarizəsində mənimsəmək
lazımdır. Yoxsa bu səthi yanaşma
sistemin işinə yarasa da, insanları yaralayan silaha
çevrilə bilər. Yəni cinsiyyət
bərabərliyini təmin etmək yalnız kişilik
hegemoniyası psixologiyasını cəmiyyətdə zəiflətmək
və cinslərarası sosial bərabərliyi təmin etmək
üzərinə qurulmalıdır.
Marksist yazıçı Terri İqltonun "Mədəniyyət"
kitabında dediyi kimi, "Mədəniyyətin qurulması
üçün insanın təkcə özünü
reallaşdırması kifayət deyil. Bu, həm də,
bir çox məsələdə insanın öz öhdəsindən
gəlməyi bacarması ilə bağlıdır".
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.-
7 iyul. S. 12.