Mədəniyyət sahəsində Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 6-da Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri xanım Tea Tsulukiani ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

 

Nazir Tea Tsulukiani Azərbaycan nümayəndə heyətini Gürcüstanda görməkdən məmnun olduğunu vurğulayıb. Bu cür səfərlərin dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişafına xidmət etdiyini bildirib. Nazir Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu bildirib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaradır.

 

Azərbaycan Gürcüstan ilə əlaqələrin bütün sahələrdə, o cümlədən, mədəni və humanitar sahələrdə inkişafına böyük önəm verir. Ümid edirik ki, bu cür səfərlər zamanı müzakirə olunan məsələlər bir sıra problemlərin həlli ilə yanaşı, əməkdaşlığımızı daha da genişləndirəcək.

 

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda nazirlər mətbuat üçün brifinq keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər də iştirak ediblər.

 

Nazir Anar Kərimov jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstana səfəri çərçivəsində bu ölkədəki azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində saxlanılır. Bir sıra rəsmi görüşlərdə sözügedən tarixi və mədəniyyət irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsini qaldırmaq nəzərdə tutulur. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin vəziyyəti ilə də tanışlıq olacaq. Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq.

 

Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərinin də nəzərdən keçiriləcəyini bildirib.

 

525-ci qəzet.- 2021.- 7 iyul. S. 13.