Mənəviyyatın təmizliyi

 

UNUDULMAZ MUSA MƏMMƏDOV HAQQINDA BİR NEÇƏ SÖZ

 

 

Musa müəllimi mən qiyabi olaraq tanıyırdım - o, 1980-ci illərin sonlarından etibarən Qarabağ hadisələrinin ən kəsgin vaxtlarında Xankəndinə gedən, orada ciddi fəaliyyət göstərən çox azsaylı Azərbaycan dövlət xadimlərindən biri idi.

 

Bir tərəfdən Vilayət Partiya Komitəsinə rəhbərlik edən qatı separatçı erməni millətçiləri, o biri tərəfdən ikiüzlü Mixail Qorbaçovun xaincəsinə yaratdığı Qarabağ komitəsinin Moskvadan göndərilmiş sədri və əslində, separatçılara dəstək verən Arkadi Volski (təsadüfi deyil ki, elə həmin vaxtlarda separatçılar bu adamı SSRİ Ali Sovetinə deputat seçdilər), bir tərəfdən də belə bir düşmən mühitdə, belə bir riyakar "rəhbər dairədə" var gücü ilə Azərbaycanın ərazi bütövlüyü naminə çalışan Musa Məmmədov - güman edirəm ki, Musa müəllimin orada hansı bir əsəb gərginliyi içində işlədiyini təsəvvür etmək çətin deyil.

 

O zaman Musa müəllim Nazirlər Soveti sədrinin müavini, sonra da birinci müavini vəzifəsində işləyirdi və yəqin o dövrün adamları yaxşı xatırlayırlar ki, yüksək vəzifəli Azərbaycan məmurlarının çoxu separatçı məkr və təxribatlardan çəkinirdi, sözdə "Qarabağ bizim torpağımızdır" deyir, ancaq o torpağın sahibi kimi oralara getməyə cürətləri çatmırdı.

 

Həmin dövrdən söhbət düşəndə Musa müəllim:

 

- O vaxt hər gün yox e, hər saat Heydər Əliyevin yeri görünürdü! - deyirdi və hər dəfə də bunu təkrar edirdi.

 

Məsələ burasındaydı ki, mən 1993-cü ilin sentyabrında Nazirlər Kabinetində işə başlayandan sonra Musa müəllimlə nəinki tanış oldum, aramızda ta onun ömrünün sonuna kimi qarşılıqlı hörmətə və rəğbətə söykənən istiqanlı bir münasibət yarandı və mən onun simasında çox zəhmətkeş (və zəhməti sevən!), zəhmətkeş olduğu qədər də təmiz mənəviyyatlı, xeyirxah, eyni zamanda, çox da koloritli bir insan gördüm.

 

Musa müəllim təbiətə vurğun (və bələd!) idi və onun şəxsiyyəti də təbiət kimi saf idi.

 

O, Nazirlər Kabinetində Baş nazirin aqrar məsələlər üzrə müşaviri olanda Baş nazir Artur Rasizadə ilə də onun arasında çox səmimi və işgüzar bir münasibət var idi, yəni söhbət sədr və müşavirdən yox, Respublikanın mənafeyi, xalqın rifahı ilə bağlı öz məsuliyyətlərini yaxşı dərk edən iki məsləkdaşdan, iki professionaldan, hətta mən deyərdim ki, iki əməl dostundan gedirdi.

 

Musa müəllim ömrü boyu çalışdığı kənd təsərrüfatı sahəsində, çörəkdən tutmuş kimyaya qədər, uzun və bu sözün yeri gəldi, gəlmədi çox işlədilməsinə baxmayaraq deyim ki, həqiqətən şərəfli bir yol keçmişdi. Azərbaycanda kənd təsərrüfatının, aqrar sənayenin inkişafında, aqrar tslahatların aparılmasında, eləcə də meşələrimizin qorunmasında, sağlamlaşdırılmasında və genişləndirilməsində onun böyük xidmətləri var.

 

 

 

Bu xidmətlərin mayası isə Musa müəllimin zəhmətkeşliyi və torpaq sevgisi ilə yoğrulmuşdu.

 

Onun bir çox ordenləri var idi, Dövlət mükafatı laureatı, elmlər doktoru, professor idi, ancaq bir dəfə ümumiyyətlə təltiflərdən söhbət düşəndə mənə:

 

- Bilirsən, - dedi, - Mənim öz içimdə ən çox qürurlandığım təltif "Əməkdar aqronom" adıdır.

 

Və bu sözlər heç vəchlə arxasında hansısa bir inciklik, ya da ki, yalançı təvazökarlıq gizlənmiş bir etiraf deyildi, bu - torpağa bağlılığın, dediyim həmin torpaq sevgisinin ifadəsi idi və yaşı səksəni keçməyinə baxmayaraq, onda həqiqi bir gənclik təşəbbüskarlığı var idi, həmişə öz işi ilə bağlı axtarışlarda idi. O, torpağa aid olan bütün sahələrdə görülən işləri, təklifləri, məktubları, ərizələri diqqətlə öyrənir və eləcə bir diqqətlə də götür-qoy edirdi.

 

Orasını da deyim ki, prinsipial və obyektiv adam idi, heç bir tanışlıq, heç bir xahiş onu fikrindən, qənaətindən döndərə bilməzdi və onu inandırmaq lazım idi, inandıra bilmədinsə - bitdi.

 

Musa müəllim Qəbələdə anadan olmuşdu, ancaq bütün Azərbaycanı kənd-kənd yox, qarış-qarış tanıyırdı və bu tanışlığın da əsasında iş üçün, fəaliyyət üçün münbit zəmin axtarışları dururdu. Ən mühümü isə bu axtarışlar effektli nəticələr verirdi və təsadüfi deyildi ki, o, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Kollegiya üzvü idi. Bütün Sovet İttifaqı ərazisində kənd təsərrüfatı ilə əlaqədar məsələlər məhz Kollegiyada həll olunurdu, qərarlar orda qəbul edilirdi və Musa müəllimin Kollegiyanın üzvü olması o demək idi ki, Azərbaycanla bağlı qaldırdığı hər hansı bir məsələni biləəvasitə həmin mərkəzdə müdafiə edirdi, məsələnin vacibliyini uzun-uzadı bürokratik yazışmalarla yox, biləvasitə orada sübut edirdi. Bilmirəm, Respublikada ikinci belə bir nazir var idi, ya yox?

 

Nazirlər Kabinetindəki uzun illər bayu mən Musa müəllimdən bircə nəfərin belə, haqqında nəsə mənfi bir söz eşitmədim və bu o demək deyildi ki, Musa müəllim hamını ideal hesab edirdi, sadəcə, kiminsə dalınca danışmağı xoşlamırdı və danışmırdı, lazım bildiyi sözü arxada yox, üzə deyirdi.

 

Musa müəllimin xarakterində çox güclü daxili təmkin var idi və o, nə çəkirdisə, ürəyində çəkirdi, büruzə vermirdi.

 

 

 

Onun iki oğlu, bir qızı var idi və təsəvvür edin ki, 2000-ci illərdə qısa bir vaxt ərzində oğlanlarının ikisi də vəfat etdi, ancaq həmin ağır və dözülməz günlərdə də mən Musa müəllimi üzgünlük içində sızıldayan görmədim.

 

Bu adam, əlbəttə, dəmirdən deyildi, əksinə, çox həssas insan idi və Musa müəllim o fəlakətli  günlərdə, heç bir mübaliğəyə varmadan deyim ki, dəruni bir kədər içində olan, ancaq bu dəhşətli kədərə sinə gərməyi bacaran bir məğrurluq mücəssəməsi idi.

 

Orasını da deyim ki, Musa müəllimin həkim qızı Günellə mənim qızım Humay rəfiqə idilər (elə indi də rəfiqədirlər) və mən bilirəm ki, Musa müəllim nə qədər ailəcanlı bir adam idi.

 

Bir epizod yadıma düşür.

 

Bir gün günorta fasilə vaxtı qapı açıldı və Musa müəllim  içəri girib, kefikök bir təbəssümlə gülümsəyə-gülümsəyə cibindən çıxartdığı iki dənə şokolad konfeti mizin üstünə qoyaraq:

 

- Dünən, - dedi. - Minarə xanım doktorluq dissertasiyası müdafiə etdi. Bir şirnili çay içək!..

 

Musa müəllimin həyat yoldaşı Minarə Dilbazi Musiqi Akademiyasında fortepiano kafedrasının müdiri idi və Musa müəllimlə birlikdə o iki şokolad konfetlə pürrəngi çay içə-içə o gözəl hadisəni beləcə qeyd etdik.

 

Musa müəllimin yaşı artıq səksən beşi keçmişdi, ancaq onda o qədər cavan bir işləmək, nəsə etmək, boş dayanmamaq həvəsi vardı ki, vəfatı mənim üçün tamam gözlənilməz və çox kədərli oldu.

 

Mən bu ağır xəbəri ilk olaraq Artur Rasizadədən eşitdim:

 

- Musa vəfat edib...

 

O anlarda Artur müəllimin gözlərindəki kədər, elə bil, onun o böyük kabinetinin divarlarına da hopmuşdu.

 

16 fevral 2021.

 

ELÇİN

525-ci qəzet.- 2021.- 7 iyul. S. 14.