Həm musiqiçi, həm maliyyəçi - Müsahibə

 

VƏDAD RZALI: "Bir işi xoşbəxt olduğun və sevdiyin üçün görəndə uğur özü səni tapır"

 

İncəsənətlə məşğul olan insanlardan tez-tez bütün vaxtını, hətta həyatını sənətə həsr etdiklərini eşidirik. Həm incəsənətlə, həm də fərqli ixtisasla məşğul olan insanlara isə nadir hallarda rast gəlinir.

 

Budəfəki müsahibim Vədad Rzalı da o insanlardandır. O, həm uğurlu maliyyəçi, həm də musiqiçidir.

 

Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi istedadlar qrupunda maliyyə ixtisası üzrə alan Vədad Rzalı hərbi xidməti başa vurduqdan sonra magistr dərəcəsinə yenə maliyyə ixtisası üzrə ADA Universitetində yiyələnib.

 

Daha əvvəl Azərbaycanda bir neçə şirkətdə maliyyəçi vəzifəsində çalışdıqdan sonra xaricə çıxaraq bir müddət Rusiyada, sonra isə Kanadada dünyanın ən böyük kimyəvi gübrə istehsal edən şirkətində maliyyəçi işləyib.

 

Hazırda Torontoda 20 milyard dollar vəsaiti olan investisiya şirkətində maliyyəçi vəzifəsində çalışır. Bununla yanaşı, onun həm də piano üzrə 5 illik musiqi təhsili var. Bir çox müsabiqələrin iştirakçısı olan Vədad Rzalı Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev kamera orkestrında ifalar edib.

 

***

 

- İxtisasınızla musiqi çox uzaq sahələrdir, ancaq sizi sosial şəbəkələrdən daha çox musiqiçi kimi tanıyırlar. Musiqiyə marağınız hardan yaranıb?

 

- Razıyam, ixtisasımla musiqi çox uzaq sahələrdir. Ancaq  mənə görə uzaq, ya da yaxın olması fərq etmir, indiki dövrdə insanın bir işlə məşğul olması yanlışdır. Həm xarici ölkələrdə, həm də ətrafımda görürəm ki, indi hamı bir yox, bir neçə işi bacarmaq istəyir. Çünki sadəcə bir şeyin mütəxəssisi olmaq işəgötürənləri, təşkilatları təəccübləndirmir. Sosial şəbəkədə musiqiçi kimi tanınmağıma gəldikdə isə, məni "Linkedin"də maliyyəçi, İnstaqramda isə musiqiçi kimi tanıyırlar. Düşünürəm ki, bunlar elə platformalardır ki, belə də tanımalıdırlar. Musiqiyə marağım uşaq vaxtlarımdan yaranıb. Mənə elə gəlir ki, adam musiqiyə maraq və istəklə doğulur. Ona görə bir çox musiqiçi də bu sahəyə marağın uşaqlıqdan yarandığını deyir. Uşaq vaxtı avtobusla məktəbə, harasa gedəndə mahnı oxuyurdum. Anam da həmişə utanırdı, ancaq sonra bu halla barışdı. Mən camaat üçün yox, daha çox özüm üçün oxuyur, müğənniləri parodiya edirdim, ancaq hamı qulaq asırdı. Musiqi həmişə həyatımda olub. 5 yaşımda piano kurslarına gedirdim. Sonra bibimin təklifi ilə valideynlərim məni musiqi məktəbində yazdırdı. Yaşım az olsa da, musiqi biliyim olduğu üçün 7 il əvəzinə 5 il oxudum. Oxuyub bitirdikdən sonra da musiqi mənim üçün yaşayırdı, ancaq gizli saxlayırdım. Yəni musiqi bəstələdiyimi, ya da ifa etdiyimi insanlara demirdim. Bir dəfə əsgərlikdə sınıq piano tapıb özüm üçün ifa edirdim. Yaxın dostum gəlib dedi ki, Vədad, bu nədir ifa elədin? İfa etdiyim musiqinin öz bəstəm olduğunu dedim. Dedi ki, sən bunu mütləq insanlara göstərməlisən. Bir il dayanmadan baş-beynimi apardı ki, hər kəs bunu eşitməlidir. Sonra bir dəfə ADA Universitetində elə oldu ki, mahnı ifa edəndə qrup yoldaşlarım eşitdi. Daha sonra ilk dəfə mənim bəstələdiyim musiqisini Şövgət Ələkbərovanın nəvəsi ifa etdi. Buna görə ona çox minnətdaram. Ancaq sonra fikirləşdim ki, mən öz mahnılarımı özüm də oxumaq istərdim. Çünki hiss etdiyimi insanlara ötürmək istəyirəm. Beləliklə, özüm ifa etməyə başladım. İlk dəfə ifa edəndə şoka düşdüm. Çünki insanlar mənə səsini kəs, oxuma, demədilər. Ona görə də 2015-ci ildən bu məsələnin daha da dərinliyinə getməyə və musiqiyə ciddi yanaşmağa başladım.

 

- 3-4 il olar ki, sizi izləyirəm. Düzü, siz Kanadaya gedəndə düşünürdüm ki, artıq musiqiyə çox az vaxt ayırarsınız, ancaq düşündüyümün əksi oldu. Hətta 2 klipiniz də çıxdı. İşlə birlikdə necə vaxt ayıra bilirsiniz?

 

- Kanadaya köçməkdə məqsədlərimin içində musiqi də var idi. Əlbəttə ki, Kanadada maaş daha yüksək, iş imkanları daha çoxdur. Fikirləşdim ki, orda musiqim üçün daha çox pul ayıra, ifalarımı daha yüksək səviyyələrə keçməsi üçün kömək edəcək insanlarla tanış ola biləcəyəm. Elə də oldu. Məsələn, 1-2 mahnım üçün Amerikada olan səs rejissorları ilə işləmişəm və hələ də davam edir. Doğrudan da həm musiqi, həm də ixtisasım tərəfdən xeyrini görürəm. Bəlkə də burada musiqi ilə məşğul olmağa daha çox vaxtım var, nəinki Bakıda.

 

 

 

- Musiqi ilə bağlı gələcək planlarınız nədir?

 

- Əslində, "Evrovision"a qatılıb mütəxəssislərlə işləmək üçün çox iddialı idim. Bu məqsədlə bərk hazırlaşır, pul ayırırdım. Sonra niyə bu yola çıxdığımı unutduğumu hiss etdim. Çünki mən musiqini çox sevdiyim üçün ifa edirdim. Heç fikrim də yox idi ki, insanlar bunu eşitsin. Sadəcə mənim üçün çox gözəl proses idi. Ona görə də planım yoxdur. Mənim üçün əsas olan ifalarımdan zövq almaq və məni xoşbəxt edən musiqini davam etdirməkdir. İnanıram ki, bir işi xoşbəxt olduğun və sevdiyin üçün görəndə uğur özü səni tapır.  Hər şeyin öz vaxtı var.

 

- Musiqiçi, yoxsa maliyyəçi? Hansı daha çox Vədaddır?

 

- Əlbəttə ki, musiqiçi daha çox Vədaddır. Çünki musiqidə Vədadın ruhu, tarixi var. Yazdığım mahnıların hamısı həyatımdan götürülüb. Hər bir mahnımda bir mesaj qoyuram və bir gün bəlkə də həmin mesajları insanlara deyəcəyimi düşünürəm. Məni axtarırsınızsa, musiqimdə tapa bilərsiniz. "Excel"də, yığdığım maliyyə hesabatlarında isə mən yoxam. Orada ancaq rəqəmlər var (gülür).

 

- Mahnılarınızın musiqisini bəstələməyiniz nə qədər vaxtınızı alır?

 

- Hərdən illərlə də vaxt ala bilir. Məsələn, 25 yaşım olanda əsrin dörddə birini yaşadığıma görə mahnı yazmaq mənim üçün çox vacib idi. Və 3 ayrı mahnının sözlərini yazdım. Mahnının adı "LOL"dur. Düzdür, nəyəsə güləndə "LOL" deyirlər, ancaq ilkin mənasında məktub yazanda "LOL" (lots of love) çoxlu sevgilər göndərirəm deməkdir. Ona görə mən bu sözün klassik mənasında mahnı yazdım. Mahnı 25 yaşıma qədər nə başa düşdüyüm, istəyib edə bilmədiyim şeylər haqqında idi. Ancaq musiqisi heç cür alınmırdı. Çünki bilirdim ki, musiqisi çox fərqli olmalıdır. Və artıq yay idi, 25 yaşımdan 6 ay keçmişdi. Bir not eşitdim, "dın-dın-dın" və o "dın-dın-dın"dan mahnı yarandı. Ən uzun müddətə yazdığım mahnılardan biridir. Mahnını özüm bəstələyirəmsə, anında  da yazıla bilər. 5 dəqiqənin içində yazılmış mahnı da var. Elə mahnı da var ki, illərdir üzərində işləməyimi gözləyir. Çünki ideala yaxın iş çıxarmaq istəyirsənsə, bu da vaxt alır.

 

- Bəs mahnılarınızın arxa fonunda hansı hisslər, hadisələr dayanır? Nələri nəzərə alaraq musiqi bəstələyirsiniz?

 

- Həmişə sevgi haqqında oxumağı xoşlamadığımı deyirdim. Doğrudan da sevgi haqqında özümün yazdığım mahnım azdır. Çünki mənə elə gəlir ki, sevgi haqqında mahnılarda sən sadəcə bir hadisəni izah etməyə çalışırsan. İbtidai sinifdə şəkildə gördüyünüzü danışın deyirdilər. Sevgi haqqında mahnı yazanda da təxminən elə bir şey danışırsan. Məncə, burada ötürülən bir mesaj da yoxdur, məqsədsizdir. Bu cür mahnı sadəcə bir saqqızdır, bir az çeynəyib atacaqsan. Ona görə mahnılarımda mesaj ötürməyə çalışıram ki, kiməsə kömək olsun. İndiyə qədər yadımdadır, bir dinləyicimin sevgilisi özünü ataraq həyatına son qoymuşdu. O dedi ki, sənin "Gəl söylə" adlı mahnın keçirdiyim çətin günlərdə mənə çox kömək etdi, sanki dərdimə şərik oldu. Belə şeylər olanda bu mahnıların əbəs yerə yazılmadığını başa düşürəm. Ona görə də, hər zaman nə qədər qəmgin mahnım olur-olsun, içində bir balaca da olsa, ümid verməyə çalışıram.

 

- Tez-tez Azərbaycanın müasir və xalq mahnılarını öz tərzinizə uyğunlaşdırıb oxuyursunuz, sizcə, müasir mahnılarımızda hansı əskiklər var?

 

- Dinlədiyim və mənə nələrisə xatırladan mahnıları oxuyuram. Ona gör də, hər mahnını oxuya bilmirəm. Məncə, indiki mahnılarda ruh, melodiya azdır. İndi insanlar maraqlı səslər, effektlər axtarırlar. Bu, tək bizdə yox, bütün dünyada belədir. Çünki dinləyici bunu istəyir. Mən niyə görə köhnə mahnılara müraciət edirəm? Çünki köhnə mahnılarda bir hekayə, ruh, emosiya var idi. O mahnılar, doğrudan da, insana toxunur. İndi çox nadir hallarda ruhumuza toxunan mahnı tapa bilərik. Bu səbəbdən, məncə, indi mahnılar kommersiyaya görə istehsal olunmuş bir məhsuldur, ancaq əsər, mədəniyyət, incəsənət deyil, sanki marketdə satılan diş fırçasıdır. Ona görə çox istərdim ki, insanlar bir az konversiyaya yox, incəsənətə yönəlsinlər. Çünki bir gün bizim indi dinlədiyimiz mahnılar retro olacaq. İstərdim ki, 20-30 ildən sonra arxaya baxanda cavanlığımızın mahnılarından utanmayaq. Bəlkə də, ona görə mahnı yazıram ki, ən azından deyə bilim ki, mən utanmamaq üçün nəsə etməyə çalışdım.

 

Aytac ASLAN 

525-ci qəzet.- 2021.- 7 iyul. S. 16.