Bu Yol sənin yolundur...
Görkəmli
ədəbiyyatşünas "O"-nun 73 yaşı
üzərinə
Nədənsə,
hər zaman özümü Onlara borclu hiss edirəm;
istəyirəm Onların gördüyü, gözə
görünməyən, hər zaman xalqın
düşüncəsində yer alan
işlərindən yazam ki, unudulmasın, tarixlə bugün
qovuşsun.
Firidun bəy
Köçərli, Salman Mümtaz, Əmin Abid, Əli Nazim,
Hənəfi Zeynallı, Qulam Məmmədli, Abbas Zamanovun
ictimai, ədəbi fikir tarixindəki yeri və mövqeyi
ilə bağlı yazmaq, xalqın mənəvi
təkamülündəki rolunu ortaya çıxarmaq həmişə
bir borc olaraq qalır. Bu yolu davam etdirən
çağdaşlarımız haqqında da eyni
düşüncədəyəm; yeri gəldikcə, onlara
üz tutur, gördüyü işlərin haqqını
verməyə çalışır, portret oçeklər
yazıram. Biz də yazmasaq, kim
yazacaq. Lakin sələflərinin yolunu ləyaqətlə
davam etdirən Onun haqqında yazmağa heç imkan
olmayıb... Gör bir nə zamandı, eyni
platformada yol gedirik, hər şeyi
məsləhətləşirik, eyni mövqeni
bölüşürük, ancaq bir dəfə də olsun
haqqında yazmamışam. Nə yaxşı ki, sosial
şəbəkələr Onun anadan olmasının 73 illiyi
ilə bağlı paylaşımlar etdi (özü heç
zaman anadan olduğu ayı və günü deməmişdi,
hətta əvvəllər vikipediyada da yox idi, ancaq indi
baxıb gördüm ki, doğulduğu tarix əlavə
edilib!) və bu yazı da buradan gerçəkləşdi.
Onun haqqında
düşünəndə yadıma alman
düşünürü İ.Getenin "Həmişə
qəhrəman ola bilməzsən, amma
həmişə insan olaraq qalmaq olar" fikri
düşür; zatən o, heç zaman qəhrəman olmaq
fikrinə düşməyib, əksinə, qəhrəman
olmaq səviyyəsinə qaldırılacaq işlərini
gizlədib. Ancaq bizim qəhrəmanımız
bəlkə də səssiz qəhrəmandır, yəni onun
qəhrəmanlığı uzun illər sonra dərk
olunandır. Mən burada heç də
həqiqi qəhrəmanlıqdan danışmıram. Ömrünü mənsub olduğu xalqın milli
kimlik konseptinin tanıdılmasına,
türkçülük anlayışının tarixi,
nəzəri, praktik cəhətlərinin aydınlanmasına
həsr edən, türk xalqlarının qədimdən
bugünə eyni kökdən olmasına inanan və bu inam
uğrunda daim mübarizə aparan insandan gedir. Bu gün əksəriyyətin türk birliyindən
danışması, xalqın, millətin gələcəyini
bu birlikdə görməsinin ilk toxumlarını da
hələ Sovet dövründə görünməz
şəkildə səpənlərdən biri O idi. Nəinki səpənlərdən, hətta
Türkiyə-Azərbaycan birliyinin qatı
tərəfdarlarından idi və Qarabağ
məsələsinin həllini də bunda ilk
görənlərdən və bu ideyanı daim
cəmiyyətə təlqin edənlərdən idi.
O, hər
yerdə var; elmi toplantılarda, ictimai yerlərdə,
xalqın ictimai təfəkkürünün
formalaşmasında, konfranslarda, sosial
şəbəkədə və s. Bütün bunların
müqabilində heç zaman öndə görünməz,
həmişə arxa planda, necə deyərlər,
səhnə arxasında qalar, gördüyü işləri
gizlədər, ya da miqyasını kiçildər. Çoxları xalq hərəkatı
dövründə Onun gördüyü işlərin
miqyasını o qədər də təsəvvür edə
bilmir və mümkün də deyil. Çünki bu
işləri haqqında heç kim
heç nə bilmir, yalnız onunla iştirakçı
olanlar bilir. Vaxtilə Cəmaləddin Əfqani
haqqında işlədilən "gəzəyən
filosof" deyimini dəyişərək, onu
"gözəgörünməz, gəzəyən
türkçü" (hərçənd
türkçülüyünün
gözəgörünən tərəfləri də
çoxdur, lakin onun bu istiqamətdəki fəaliyyətinin
nəzəri yazılarından qat-qat üstün olduğunu
nəzərə alaraq bu ifadəni işlədirəm!)
adlandıra bilərik. Doğrudan da, türk
dünyasında gəzmədiyi və yazmadığı yurd
qalmayıb, tanımadığı adam
yoxdu və onu da tanımayan yoxdu.
Lakin mən Onun şəxsiyyətinin profilini ümumi
şəkildə belə ifadə edərdim: cəmiyyət
üçün faydalı adam. Bu qənaətə onun bu gün
cəmiyyətimizdə gördüyü işlərin
faydalılıq əmsalının ən yüksək
səviyyədə olmasına görə gəlirəm.
Məncə, faydalı adam olmaq onun
həyat prinsiplərindən, bir də xalqını,
millətini hədsiz sevməsindən, ona maksimum xidmət
etməsindən irəli gəlir (bu cür sevgini klassik
tədqiqatçılarımızdan əxz edib!); bu, həm
də onun xoşbəxtliyidir. O, bütün gücünü
toplayaraq bugünkü və gələcək nəslin
dünyagörüşündəki illər öncəki
mövcud yanaşmanı dəyişməyə
çalışır, türk dünyası üçün
XX yüzilin əvvəllərində formalaşmış
türkçülük, müasirlik və
islamçılıq üçlü formulunun parlaq
gələcəyinə inanır. Hətta ilk zamanlar bu formulun
digər prinsipləri kimi o qədər də dəstək
görməyən Turançılıq ideyasının
həyata keçəcəyini görür...
Onunla
yollarımız 80-ci illərin sonlarında birləşdi:
məşhur folklorşünas, şair, ədəbiyyat
tarixçisi Əmin Abid (Gültəkin) haqqında
"Aydınlığa doğru" adlı məqaləm
çap olunduğunda axtarıb məni tapmış, telefonla
tanış olmuşduq. Mənə
yaşadığı Naxçıvandan deyil, Bakıdan
zəng vurmuşdu, lakin o zaman üzbəsurət
görüşə bilməmişdik. Mən
də onun adını ilk dəfə Ə.Abidin fondunda
görmüşdüm. Fondla tanış
olan (fondla tanış olan adamların adı buradakı kitaba
yazılır) iki adamdan biri O idi. O zaman repressiyaya
uğramış Ə.Abidin adını elmi cameəyə
tanıtmaqdan böyük bir sevinc hiss almışdım. Sən demə, Ə.Abid Onun
yaradıcılığının əsas
istiqamətlərindən biri imiş və bir neçə
məqaləsi də çap olunubmuş. Sonralar
Onun Ə.Abid yaradıcılığına
münasibətinin nədənlərini özüm
üçün müəyyənləşdirdim. Ə.Abid və onun böyük qardaşı
Əliabbas Müznib rus işğalına qarşı
mübarizə aparmışdı. Hətta
Ə.Abid İstanbulda tələbə olarkən
Gültəkin təxəllüsü ilə bolşevizmə
qarşı kəskin şeirlər yazaraq "Yeni
Kafkasiya"da çap etdirmişdi. Uzun müddət bu
şeirlərin Azərbaycan mühacirlərinin istiqlal düşüncəsinin
yaşadılmasında böyük rolu olmuşdu. Ə.Abidin bir şəxsiyyət, şair,
ədəbiyyatşünas olması Onun marağını
çəkərək həyat və
yaradıcılığını tədqiqata başlamışdı.
Hələ Sovet dövründə
tələbə ikən yaradıcılığını
və repressiya səbəbləri diqqətini çəkib,
halbuki bu zaman repressiya olunanlarla bağlı əsl
həqiqətlər gizlədilirdi. Bu yolda
Abbas Zamanov və Qulam Məmmədli ilə fikir
mübadiləsi aparıb. Nə
qədər çətin olsa da, Ə.Abidin həyatı
və tərcümeyi-halını işıq
üzünə çıxarıb. Gültəkin
təxəllüsünün Əmin Abidə aid
olmasının ilk dəfə elmi və faktoloji
cəhətdən ortaya qoyan da Odur. Məhz
Onun araşdırmalarından sonra Gültəkinin Əmin Abid
olması faktı ortaya çıxmışdır. Onun Ə.Abidlə bağlı
araşdırmaları yalnız bununla bitmədi; onlarla
məqalələr yazdı, konfranslarda çıxış
etdi. Gültəkinin İstanbulda nəşr edilən
"Buzlu cəhənnəm" şeirlər kitabını
çox çətinliklə də olsa, Bakıda latın qrafikası ilə nəşr etdirdi
(Gültəkin. Buzlu cəhənnəm. Bakı, 1999).
Tarixi
köklərin sorağı, ulu əcdadların izi ilə -
Əli Şamil
Uzun
illər bizim söhbətlərimizin əsas mövzusu
Ə.Abid yaradıcılığı və onun ədəbi,
elmi irsi olurdu. Bunun da
nəticəsi kimi, Ə.Abidin İstanbulda tələbə
olarkən yazdığı bir neçə cilddən
ibarət "Azərbaycan türklərinin
ədəbiyyatı tarixi" kitabının (Bakı, Elm
və təhsil, 2016, 240 s.) nəşri barədə
fikirləşdik və nəhayət ön sözlə birlikdə
nəşrə hazırlayıb dərc etdirdik. Daha sonra isə İstanbul Universitetini
bitirərkən yazdığı və müdafiə etdiyi
"Azəri ədəbiyyatı tarixi" (Bakı, Elm və
təhsil, 2020, 303 s.) kitabını müştərək
ön sözlə çap etdirdik. Lakin
Onun Ə.Abid yaradıcılığı və
şəxsiyyəti ilə bağlı araşdırmaları
bununla məhdudlaşmır; hər dəfə yeni
əsərlərini tapır, onların üzə
çıxarılması ilə bağlı fikirlərini
bölüşür. Anadan olmasının 100, 110 illik
yubileylərinin keçirilməsinə cəhd etdiyim, lakin
nail ola bilmədiyim Ə.Abidin 120 illik
yubileyinin 2018-ci ildə Folklor İnstitutunda keçirilməsi
də bu gözəgörünməz adamın "əl
işlərindən" idi...
Ə.Abidlə
bağlı araşdırmaları həyat yoldaşı
Nafiə Abidin də taleyini araşdırmağa sövq etdi. Bu faktlar onu daha
dərinliklərə apardı, Nafiə Abidin də repressiya
illərində həbs olunması, sonrakı taleyi Onun
araşdırmalarından aydın oldu. Onun
bu araşdırmalarına Türkiyədəki və
Amerikadakı qohumlarına qədər səs verən oldu.
Alban əsilli Nafiə Abid Tanurun həyat
hekayəsinin üzə çıxması, Türkiyə
və Amerikadakı əks-sədası
araşdırmaların nə qədər əhəmiyyətli
olmasından xəbər verirdi. Onun
araşdırmalarının hər biri faktoloji olmaqla,
həmişə dünya türklərinin
əks-sədası ilə nəticələnmiş, buna
görə də Onu bir çox türk
dövlətlərinə dəvət etmişlər, hətta
Türkmənistan prezidenti ilə görüşü baş
tutmuşdur.
Onun
yaradıcılıq və fəaliyyət
istiqamətlərindən biri və ən əsası türk
xalqlarının keçmişini və bugününü
yazmaq, onları tanıtmaq və birləşdirməkdir. O, hər vəchlə
yaradıcılığında bu istiqamətə
böyük önəm verir və uzun illər boyu
qalmış boşluğu doldurmağa
çalışır. "Türk
xalqlarının tanınmış adamları" (Bakı,
1998, 84 s.) ensiklopedik sözlüyü ilk addımlardan olur.
"Quzey Kıbrıs" (Bakı, 2001, 152 s.)
bu yolda atılan ikinci addım olur və türk
dünyasının ən böyük problemlərindən
biri Kıbrısla bağlı ilk dəfə yerli-yataqlı
məlumat verilir. Lakin bununla da
kifayətlənmir, bu dəfə üzünü
dünyanın ən böyük fəlakətlərini
yaşamış və deportasiyaya məruz qalmış
Krım türklərinə tutur, onların
yaşadığı fəlakətlərin tarixini araşdırırır.
"Qırım sevgisi" (Simferopol, 2012, 200
s.) kitabında bir xalqın başına gələn
faciələrini anladır və bugünü
üçün həyəcan siqnalı verir. Bir xalq olaraq haqsızlıqdan əziyyət
çəkən və vətəndən sürgün
edilən Ahıska türklərini də unutmur, onların
deportasiyasının nədənlərini araşdırır.
"Axısqalı Xəstə Hasan"
kitabında (Bakı, 2012, 248 s.) isə aşığın
yaradıcılığını araşdırır, onun
şeirlərini ilk dəfə təqdim edir və haqqında
olan söhbətləri çatdırır. Colan türkmanları ilə bağlı
araşdırmalar da ilk dəfə Onun "Colan
türkmanları" (Bakı, 2014, 142 s.), "Colan
türkmanları (folklor və etnoqrafiya örnəkləri)"
(Təbriz, 2016, 144 s.) kitabları ilə baş tutur.
"Türkçülüyün qurbanları" (Bakı,
2013, 164 s.) kitabında
türkçülüyün keçib yolda verdiyi
qurbanları yad edir, bilinməyən
şəxsiyyətlərini və onların gördüyü
işlərin miqyasını üzə çıxarır. İlk dəfə olaraq
ədəbiyyatşünaslığımızda
"Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və
ədəbiyyatı" (Bakı, 2011, 412 s.)
araşdırmasında indiyədək
ədəbiyyatşünaslığımızda heç yer
verilməmiş türklərin ədəbiyyatı ilə
yanaşı, məişəti, tarixi keçmişi
haqqında da geniş oçerklər verilir. "Qaşqaylar və onların folkloru"
(Bakı, 2020, 264 s.) kitabında indiki Fars ostanında
yaşayan qaşqayların öz milli kimliklərini qoruyub
saxladıqlarını onların
adət-ənənələri və bədii
düşüncələri ilə ortaya çıxarır.
Əlbəttə, bunlar Onun türklərin
yaşam tərzi, milli kimliyi, dili, folkloru və bədii
düşüncəsi ilə bağlı apardığı
araşdırmaların kiçik bir hissəsidir. Tarixin ən qədim dövrlərində
yaşamış və dünyanın ilk
mədəniyyətlərindən hesab olunan Qarabaşlardan
(şumerlər) başlamış Qarapapaqlaradək onun
yazılarına rast gəlmək olur. Bu
yazıların ümumi cəhəti türk xalqlarının
keçmişini, qədimliyini və milli kimliyini üzə
çıxarmaq, onun ayrı-ayrı
şəxsiyyətlərini tanıtmaqdan və bir də, bizim
heç birimizin yazımızda əksini tapmayan təblig
xarakterli olmasından ibarətdir. Bu, onun
müəllimliyindən irəli gəlir; yuxarıdan baxanda
Onu türk xalqlarını cəmiyyətə tədris
edən müəllim kimi görür və dərk edirik.
Bunlar Onun üzdə olan
yaradıcılığının görünən
tərəfləridir və elmi cameəyə yaxşı
tanışdır. Lakin bəlkə bundan
daha artıq türkçülük istiqamətində
fəaliyyətinin görünməyən tərəfləri
var. Türk dünyasının görkəmli
şəxsiyyətləri ilə saxladığı
əlaqələr, apardığı müzakirələr,
təşkil etdiyi konfranslar, ötürdüyü
informasiyalar nəhəng işin görünməyən
tərəfləridir. Özü də
heç zaman bu barədə danışmaz. Əvvəldə
"gözəgörünməz adam",
yaxud "faydalı adam" sözlərini də məhz buna
görə işlədirəm.
80-ci
illərin sonlarından Onun ayrı-ayrı türklərlə
qurduğu əlaqələr sonralar genişlənərək
türk dünyasını əhatə edib. Bu əlaqələr
iki istiqamətdə gedib; ədəbi-mədəni və siyasi-ictimai
ilişgilər. Əslində, bu
ilişgilər Azərbaycanın təkləndiyi vaxt
siyasi-ictimai proseslərdən doğub, türk
dünyasının bir çox adamları ilə
görüşüb, Azərbaycanın haqq səsini
çatdırıb, kömək istəyib. Bu barədə O, çox xəsisliklə
danışır, istəmir kimsə bilsin, ancaq
bilənlər bilir. 90-cı ilin
ortalarından bu fəaliyyət ədəbi-mədəni
yöndə daha da genişlənir və bütün türk
dünyasını əhatə edir. Bu
cəhətdən Onu Azərbaycanın türk
dünyasındakı qeyri-rəsmi elçisi də saymaq olar.
Elə bir türk xalqı yoxdur ki, Onu orada
tanımasınlar, yaxud o xalqın haqqında yazmasın.
Onu Türkiyə, qazax, türkmən, özbək,
qırğız, Şimali Qafqaz, Krım, əfqan, Cənubi
Azərbaycan, Borçalı, Qaqauz türkləri yaxşı
tanıyır və sevirlər. Bakıda təhsil alan Krım, Ahıska, Qaqauz və Uyğur
türkləri ilə tanış olub, onlara daim milli kimliyini
tanıdıb, maddi və mənəvi dəstək
göstərib, ictimai-siyasi və ədəbi yöndən
istiqamətləndirib. Azərbaycanda,
Türkiyədə və başqa türk respublikalarında
türkçülüklə bağlı keçirilən
elmi toplantılara yön verilməsində, mövzuların
müəyyənləşdirilməsində da
qatqıları çox olub.
Dəfələrlə
şahidi olmuşam ki, böyük simpoziumların
keçirilməsi Onunla razılaşdırılıb. Ona türk
dünyasının hər yerində "Hoca" deyə
müraciət edir, elmi dərəcəsi olmamasına
rəğmən, görkəmli hocalarla heç bir fərq
qoyulmur, oturum başqanı edilir, müzakirələrdə
fikri ilə hesablaşırlar. Toplantılardan
sonra foye görüşlərində hamı Onun
başına yığışır,
məsləhətlər alır, bu cür toplantılarda
bəzən növbəti konfransın əsası qoyulur.
O da buradan apardığı, ya özünün, ya da
türkçülüklə bağlı müxtəlif
müəlliflərin kitablarını lazımi ünvana
çatdırır.
Elə
buradaca, Onun sahib olduğu daha bir yeni keyfiyyəti haqqında
deməyə bilmərəm. O, həm də simpoziumlar
təşkilatçısıdır. 1998-ci
ildən çalışdığı Folklor İnstitutunda
dəfələrlə türk xalqlarını
birləşdirən böyük simpoziumlar həyata
keçirib. "Ortaq türk
keçmişindən ortaq türk
gələcəyinə" beynəlxalq simpoziumunun həyata
vəsiqə alması və bu istiqamətdə
müqayisəli-tipoloji tədqiqatların yazılmasında
böyük payı var. Buraya türk dünyasının
ayrı-ayrı şəhərlərində keçirilən
ortaq elmi konfransları da daxil etsək, mənzərə bir
qədər də aydınlaşır. Onu
Azərbaycanda simpozium hərəkatının
başçısı da hesab etmək olar.
Əvvəlcə özü dünyanın müxtəlif
yerlərində keçirilən elmi toplantılara
qatılmış, sonra da alimləri bu işə
təşviq etmək yolunda əməlli-başlı iş
görmüşdür. O, konfranslara yalnız elmi ilgilər
kontekstindən deyil, həm də gələcəkdə siyasi
fikir birliyinin, müdafiə gücünün
birləşdirilməsinin təməl prinsipi kimi baxır.
Hər şey mədəni ilişgilərdən
başlayır...
Mən
hələ Onun Azərbaycan folkloru, ədəbiyyatı
ilə bağlı apardığı fundamental
araşdırmalarının hamısını burada qeyd
etmirəm. Azərbaycan ədəbiyyatının ən
müxtəlif problemlərinin üzə
çıxarılması və elmi həllini tapmasında saysız-hesabsız
məqalələr yazıb. Bu
məqalələr indiyədək heç kimin
görmədiyi vacib məsələləri əhatə edir.
Elə məsələlər var ki, onu indi
yazmasan, çətin ki, bir də yazıla. Bu cəhətdən Onun fəaliyyətini
böyük səlnaməçi və
ədəbiyyatşünas Qulam Məmmədlinin gördüyü
işlə müqayisə etmək lazım gəlir. Bu istiqamətlərdən biri repressiyadır.
Bu istiqamətdəki məqalələrinin bir hissəsi
ayrı-ayrı şəxsiyyətlərin repressiya
işlərinin üzə çıxarılmasından
ibarət idisə, böyük bir hissəsi bu
"delo"lardakı boşluqları, bizim görə bilmədiyimiz
yerləri görmək və qiymət verməkdir. Bu sahədə bəzən Onunla fikir
ayrılıqlarımız da olur, ancaq qətiyyətlə
deyə bilərəm ki, repressiya və geneologiyası ilə
bağlı elmi-nəzəri sistemə əsaslanan
özünəməxsus və faktlara söykənən bir
konsepsiyaya malikdir. Bu konsepsiyanı
inkişaf etdirmək və sona çatdırmaq
üçün uzunmüddətli araşdırmalar lazım
gəlir. Hər ikimizin təəssüf
yerimiz məhz repressiya ilə bağlı
araşdırmaların elmi faktlara, nəzəri əsaslara
söykənməməsi və sistemli xarakter
almamasıdır.
Hər dəfə
Onunla görüşəndə, yaxud məqaləsini,
araşdırmalarını oxuyanda yenidən kəşf
edirəm. Mənim üçün həm də O, publisistik
üslub ustasıdır; mövzudan mövzuya
keçidləri, elmi və publisistik təhkiyənin
birləşməsi, faktlara yanaşması və onu
çatdırma yolları olduqca yenidir, çeşidlidir,
oxucunu yormur. Nafiə Abid haqqında
məqaləsi mənə çox təsir etmişdi;
oxunaqlı idi, faktlar və təhlillər bir talenin
həyatını maraqlı şəkildə
çatdırırdı. Görünür,
buna görə də əks-sədası hər yerdən
gəldi. Onun bir çox yazıları
hekayə, bəzən isə bir roman təsiri
bağışlayır. "Albaniya və
Azərbaycandakı albanlar" (Bakı, Köhlən, 2021, 276
s.) üslubu, problemlərin rəngarəngliyi və təhlil
metaforası olduqca yeni və özünəməxsusdur.
Bəlkə də, bu əsərə ictimai
romanın yeni forması kimi
baxmaq daha düzgün olardı. Albaniyanın tarixi
keçmişi, coğrafiyası, türklüklə
əlaqələri, dinə münasibəti, Azərbaycanda
olan Əhməd Triniç, Əli bəy Zizikski, Nafiə Abid
kimi şəxsiyyətləri haqqında məlumatlar,
etnoqrafik cizgilər bütöv bir roman təsiri
bağışlayır.
Burada
məqsədim heç də Onun
yaradıcılığını təhlil etməkdən
ibarət deyil, nə də şəxsiyyətini tanıtmaq,
obrazını yaratmaqdır. Ancaq Onun haqqında düşünərkən
üç məsələni xüsusi qeyd etmək
istəyirəm: birincisi, bu işləri görərkən O,
heç kimdən heç nə gözləmir, bunu
özünün vətəndaşlıq borcu hesab edir. İkincisi, Cümhuriyyət ideyalarına sadiq olmaqla
yanaşı, yaradıcılığında,
fəaliyyətində də bunu göstərir. Üçüncüsü, yazdıqlarına və
böyük miqyaslı fəaliyyətinə son
dərəcə təvazökarlıqla yanaşır.
Mənə son
kitablarından birini "Dissident sorağında"nı (Bakı, 2018, 204 s.) verərkən xeyli
düşünməli oldum. Kitab həyat
yoldaşı Əzizə Şamillə birgə
yazılmışdı. Əzizə
xanımın adını görərkən Onun bu uzun
illər boyu məhsuldar və yorulmaz
yaradıcılığının və fəaliyyətinin
sirri sanki mənə aydın oldu; "hər uğurlu
kişinin arxasında bir qadın durur" deyimi bir daha
özünü təsdiq etdi. Fikrimcə,
Əzizə xanımın adı bu kitabda həmmüəllif
kimi getsə də, Onun bütün
yaradıcılığına şərikdir,
həmmüəllifidir, əziyyətini çəkəndir.
Bu əsərlər yazıldıqca,
araşdırmalar aparıldıqca, məruzələr
edildikcə Əzizə xanım da daim Onunla birlikdə
olmuş, Onun qədər əziyyət çəkmişdir.
Nəhayət,
bizim qəhrəmanımızın adını ayan etmək
zamanı gəldi. Əslində, heç bunu etməmək də
olardı; çünki yuxarıdakı açar
sözlər və portret cizgiləri Əli Şamildən
başqa kimsənin boyuna gəlmir,
ömürlüyünə oturmur. Gələ
də bilməz; hər kəsin bu dünyada bir missiyası var
və bütün həyatı boyu o missiyanı yerinə
yetirməklə məşğuldur. Elə
hal yoxdur ki, tərcümeyi-hallar üst-üstə
düşsün. Yox, Onun
ömürlüyü heç kimə bənzəmir, nə
də kimsə bu ömrü Onun kimi yaşaya bilməz və
buna şərik çıxmaq istəməz. Bizə
isə xalqının mənəvi təkamülündə,
eləcə də ədəbiyyat, folklor, elm,
türkçülük yolunda canını və enerjisini
yorulmadan sərf edən Əli Şamilə ancaq uğur
diləmək qalır və Ona deyirik: bu Yol sənin yolundur,
onu sonacan get və sona çatdır...
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet.- 2021.- 7 iyul. S.
17: 22.