"Müharibədə sağ qalanlar canlı şəhidlərdir"

 

EMİN PİRİ: "Müharibədən öncəki pafosdan əl çəkməsək, ruha yatmayan nələrsə yazsaq, ədəbiyyatda uduzacağıq"

 

Müharibə başlayan gündən etibarən geri alınan hər qarış torpaqdan ötrü necə qürurlanırdıqsa, bir o qədər də şəhid xəbərlərinə kədərlənirdik.

 

Hamı üçün narahat idik, amma xüsusən tanıdıqlarımız üçün ayrıca təlaş içində idik. Nigaran olduğumuz döyüşçülərdən biri də şair Emin Piri idi.

 

Emin Piri 1986-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib, 2008-2010-cu illərdə cəbhə bölgəsində tağım komandiri (leytenant) kimi xidmət edib.

 

2013-2016-cı illərdə Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən "Gənc ədiblər" məktəbinin məsul katibi olub. AYB-nin üzvüdür, Prezident təqaüdçüsüdür.

 

"Vətən müharibəsi iştirakçısı", "Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib. Mətbuat Şurası tərəfindən "Qələmdən Süngüyə" mükafatına layiq görülüb.

 

Baş leytenant, şair Emin Piri ilə müsahibəmi  təqdim edirəm.

 

***

 

Müharibə Emin Pirini dəyişibmi?

 

- Əvvəllər nəzəri cəhətdən bildiyim şeylərə indi praktiki cəhətdən əmin olmuşam. Əvvəllər öz əməllərimdə, qərarlarımda bir şübhə olurdusa, indi daha qətiyyətliyəm. Həyatımda "kaş"ları kənara atmışam, özgüvənim artıb.

 

- Müharibə həyatında hansı izlər buraxıb, travmalardan azad ola bilmisənmi?

 

- Açığı, heç vaxt bu nüanslardan istifadə edərək insanları duyğulandırmağa çalışmamışam, bu yolla heyranlıq yaratmağı özümə ayıb bilmişəm. Yəni normal adam başa düşür ki, müharibə psixoloji cəhətdən insana hansı zərbəni vurur. Mən hələ də müharibədən çıxmamışam. İlk dəfə deyə bilərəm ki, bu 8 ay ərzində yuxularım ancaq müharibədən ibarətdir. Bəzən yuxuda boğuluram, qışqırıram, evdən sakitləşdirirlər. Bəzən reallıqla yuxunu səhv salıram - ayılıram, amma hələ də elə bilirəm ki, başqa yerdəyəm. Xüsusən, minamyotun səsinə bənzər səs eşidəndə çox qəribə oluram, elə bilirəm müharibənin içindəyəm. Təbii ki, Qarabağın azadlığı bizim üçün ən böyük mükafatdı. Müharibədən sonra nə istədiyimi soruşsaydılar, düşünmədən deyərdim ki, yuxularımdan azad olmaq istəyirəm. Yuxu görməməyim Tanrının mənə verə biləcəyi ən böyük mükafat ola bilərdi.

 

- II Qarabağ savaşında göstərdiyin şücaətə görə silsilə mükafat almısan. Amma bilirik ki, o medalın sənin üçün yalnız mənəvi mahiyyəti var. Bu mükafatlandırmalar səndə necə təəssürat yaradır?

 

- Ora gedəndə heç bir medal barədə söhbət getmirdi, bu, qələbədən sonra müəyyənləşdi. Müharibəyə getməmişdən bir çox mükafat almışdım. Heç kim müharibəyə medala görə getməzdi. Amma təbii ki, müharibədən sonra bu medalların təsis olunması insanda stimul yaradır. Xalqın qiymətləndirməsi də vacibdi, mən xalqdan narazı deyiləm. Amma dövlətin qiymətləndirməsi sənə olan sevginin leqallaşdırılmasıdır. Əlbəttə ki, bu, adamda xoş təəssürat yaradır. Əvvəllər hansısa mükafatı alanda utanmaq hissim olurdu. Paylaşmağa da çəkinirdim ki, daha çox haqqı olan şəxslər var deyə düşünürdüm. Amma indi fikir verirsinizsə, adi bir diplom alanda da rahatlıqla paylaşıram. Müharibədə məndən artıq iş görənlər, canını qurban verənlər olub. Mən də canımı verməyə hazır idim, sadəcə, təsadüfən sağ  qalmışam. Əslində, müharibədə sağ  qalanlar canlı şəhidlərdir. Bu mükafatlar mənə veriləndə daha da özgüvənli oluram. Şəhidlərə görə nəyisə paylaşmağa utanıram, amma digər tərəfdən haqqım olduğunu düşünürəm.

 

- Zəfər ədəbiyyatı yaranır. Səncə, nələrə mütləq fikir verilməlidir? Düşmən obrazını küçümsəmək məqsədəuyğundurmu?

 

- Erməninin qorxaq, qaçan obraz kimi təsvir etməklə Azərbaycan Ordusunun qəhrəmanlığını kiçiltmiş olurlar. Bəlkə də, düşünürlər ki, bununla yaxşı iş görürlər. Amma düşünürəm ki, bu cür ideoloji xətt aparmaq çox yanlışdır. Əgər bu, bədii yaradıcılığa da bu cür sirayət edəcəksə, biz ədəbiyyatda uduzacağıq. Ermənilər qaça-qaça Azərbaycan öz torpaqlarını azad edirdisə, bəs onda müharibə niyə 44 gün çəkdi, niyə 3 rayonu müqavilə ilə aldıq, niyə minlərlə şəhid və yaralılarımız oldu?! Demək ki, Azərbaycan ordusu döyüşüb. Təbii ki, bəzi mövqelərdə ermənilər mübarizə apara bilməyəcəklərini anlayaraq geri çəkiliblər. Amma xüsusən, Füzuli, Cəbrayıl, Xocavənd cəbhələrindəki vəziyyəti nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu hansı vəziyyətlərdə necə döyüşlərdən keçib. Biz ədəbiyyata bunu belə yansıtmalıyıq. Müharibədən öncəki pafosdan əl çəkməsək, ruha yatmayan nələrsə yazsaq, əlbəttə ki, ədəbiyyatda uduzacağıq.

 

- Mütəmadi olaraq mətbuatda müharibə ilə bağlı köşələrin çap olunur. Gələcəyə dair nə planlaşdırırsan, oxucular üçün yeni nəşr nəzərdə tutmusanmı?

 

- Azərbaycan ordusu bədii yaradıcılıq üçün də bir şans yaratdı. Tribuna şairləri də var, səngər şairləri də. Heç kimin haqqını yemək istəmirəm. Mən bilirəm ki, onlara da çağırış gəlsəydi, gedib döyüşəcəkdilər. Mənim taleyimə isə, səngər yazılmışdı. Mənə elə gəlir ki, müharibənin canlı iştirakçıları əgər istedad sahibidilərsə, daha mükəmməl əsərlər yarada biləcəklər. Mənim müharibədən qeydlərim var. Hətta 20-ə yaxın məqaləm çap olunub. Az qala, hər məqamdan bir köşə yazmışam. Amma tələsmək istəmirəm. Bəzən düşünürlər ki, digər məşhur yazıçılar müharibənin içindən yazıb. Xeyr, onlar öz qeydləri əsasında sonradan hansısa əsərlər ərsəyə gətirib. Müharibənin hər anından hekayə, povest çıxarmaq olar, çox zəngin bədii bazadır. Amma tələsərək bu cür mövzuları məhv etmək istəmirəm. Mən əminəm ki, ədəbiyyatımız üçün bu mövzuda alt qatı dərin olan yaxşı əsərlər ərsəyə gətirməyi bacaracağam. Ümid edirəm ki, bir neçə aya ilk romanım işıq üzü görəcək. Həmin romanda məqsəd ideoloji xətləri qabartmaqdı, məqsəd vurdum, dağıtdım yox, insan obrazını önə çəkməkdi. Əminəm ki, bu roman Azərbaycan ədəbiyyatının ən mükəmməl əsərlərindən biri olacaq.

 

- Düşünürəm ki, məktəblinin məktubu ilə haqqında yazdığın köşə müharibə ilə bağlı ən təsirli qələm nümunəndir. İstərdim həmin məktub barədə danışasan...

 

- Mən həmin məktubu göndərən məktəbli ilə görüşəcəyəm, sentyabra planlaşdırmışam. Əsgərlər üçün təminat gətiriləndə məktəbli məktubu da gətirilirdi. Deyərdim ki, məktub bölüşdürülməsi üstündə dava edirdik ki, "mənə də məktub verilsin!" Adi bir məktub bizi çox həssaslaşdırırdı. Məktubun birini ürəyimin üstünə qoymuşdum və müharibənin axırına kimi orada oldu. Bəzən məktub palçığa da bulaşırdı. Amma deyərdim ki, o məktub bulaşmadı, o sözlər vətən torpağı ilə vətənləşdi. Bəlkə də, sol döşümün üstünə qoyduğum məktub məni mərmidən qoruyurdu. Ən saf dualar bizimlə idi. Sinəm üstə gəzdirdiyim ən gözəl mükafatlardan biri idi. Müharibələri uşaqlardan uzaq tutsaq da, müharibəni ən həssas yaşayan uşaqlar və analardır. Müharibəni uşaqlar və analar aparır. Onlar müharibənin içində olur. Xocalının fevral qətliamı uşaqların faciəsi idi, həmin qətliamdan sonra doğulanlar da Xocalının kəndlərində şəhid oldular.

 

- Səngərdə şeir yazırdın?

 

- Bəlkə də bir neçə kitablıq şeirlər var. Amma  tələsərək gözəl mövzuları məhv etmək istəmirəm. Təbii ki, orada oturub şeir yazmağa şərait və zaman yox idi. Amma elə məqamlar var idi ki, bir bəndlik məsələni  bir misra kimi öz dəftərçəmə qeyd eləmişdim və yaxud bir hekayəlik mövzunu bir neçə cümlə yazıya almışdım. O qeydlərə əsasən yazıram. Məsələn, Xocalı ərazisində yazdığım şeirin misralarını qısa-qısa qeyd eləmişdim:

 

"Sən azadsan!"

 

(Savaş qazisinin dilindən)

 

Saçımda anamın xınası,

yolların ayaqlarımçün duası,

gözlərimdə

hələ bizim olmayan uzaqlıq deyir:

Sən azadsan!

Sən azadsan!

 

Ayaqlarım cığırlara yalvarır;

QARABAĞ, biz sənin övladınıq,

ilk dəfə gördüyün övladlar.

Uzaq tut ayaqlarımızdan uzağa

bətnində gizlətdiyin minaları.

 

Sol düşüm üstdə gəzdirdiyim

məktəbli məktubu,

bizi zirehli gödəkçə kimi qoruyan

uşaq duaları.

körpə arzularıyla birgə döyünür

məktub altındakı ürəyim.

 

Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...

Burda ulduzlarla deyil,

hər minamyot mərmisiylə sayırıq

yarım qalan ümidləri,

anaların göz yaşını.

bir döyüşçü sevgilisinin

bətnində ölən arzusunu.

 

Günlərdir danışmırıq.

bilirəm, narahatsan, ana.

bəlkə gecələri ağlayıb,

şəklimlə ovunursan, ana.

səni Füzulidən eşidirəm, ana,

səni Cəbrayıldan görürəm, ana,

sənə Şuşadan əl yelləyirəm, ana.

 

Noyabrın dağ soyuğu,

Bumbuz olmuş bədənim,

barmağımda titrəyən tətiyim

bizi qızınmağa çağırır

Şuşanın imisti ana qucağı.

 

Formamda şəhid qardaşlarımın qanı,

gözlərimdə 44 gecənin yuxusuzluğu,

bir az həyəcan,

bir az da sevinc tərinə qarışan geyimim.

təqvimdəki "8 noyabr"

Qarabağ torpağıyla,  palçığıyla

büsbütün vətənləşən bədənimiz

bizi gözləyən Azərbaycan

meydanlarda, ürəklərdə,

gözləriylə hayqırır;

Sən azadsan!

Sən azadsan!

 

(Xocalı, Sığnaq. Noyabr 2020)

 

Nadir YALÇIN

525-ci qəzet.- 2021.- 7 iyul. S. 18.