Köhnə şəkillər və cırılmış məktub

 

Bu da son məktubun bir parçasıdır,

Onu cırıb atdım o vaxt mən axmaq...

İndi bu gərəksiz cırıq məktuba

Baxmaq istəyirəm, doyunca baxmaq...

 

Görürəm məktubda yazılır elə

Məhəbbət... vəfasız... bu kimi sözlər...

Görürəm məktubdan zillənir mənə

O sevdalı gözlər - sevimli gözlər.

 

...Uzun bir məktubun cırıq parçası,

Ağ-qara şəkillər - sınıq xatirə...

Yarımçıq sözlərin çapıq yerindən

Elə bil qan axır, qan - qətrə-qətrə...

 

Qədim əlyazmadır sanki bu məktub -

Baxdıqca adamın gözü qaralır...

İtən hissəsində cırıq məktubun

Adamı yandıran "heyiflər" qalır...

 

Gün keçib, yaş ötüb, orda - uzaqda

elə uzaqlar var, elə uzaqlar...

Həmin uzaqlarda bizim ruhumuz

Elə axtarırlar, elə azırlar...

 

Biz birinciyik, sonuncu,

Sevənlər bir-birin çox unudublar...

...Köhnə sevgilərlə yaşadı ancaq

Köhnə şəkillərlə köhnə məktublar...

 

...Qarşımda şəkillər, köhnə şəkillər,

Bir cırıq məktub... adam darıxır...

...Yoldaşım yüyürür əlində yaylıq:

"A kişi, burnundan yenə qan axır..."

 

02.08.2020

                            

***

 

Köhnə məktubların solğunluğunda,

Köhnəlmiş bu ömrün ən sonluğunda

Mən sənə payızı göstərəcəyəm.

 

Oxu bu məktubu sətirbəsətir,

Çıxıb yağışlara baxmaq lazım?!

Bu sevgı məktubu deyil ki belə -

İllərdi, bu məktub payızdan yazır...

 

İllərdi, yarpaqlar düşüb qurtarmır,

İllərdi, bu dünya sarıdı elə...

Bu sarı dünyada bir qız varıydı -

Sarala-sarala qarıdı elə...

 

Köhnələ-köhnələ gedir bu ömür

Payızın içiylə illər uzunu...

...Bu, məktub deyil ki, xəzəldi elə,

Tap xəzəl altından həmin arzunu!

 

Bəlkə zəng vurasan, mesaj yazasan,

Payız sevincindən lap aşıb-daşa...

...Bir payız var idı, o, mənim idi,

O payız başqaydı, başqaydı, başqa...

 

Onu anlayanda gözün qamaşar -

Hər dövrün öz sözü, öz iqlimi...

...İndi bu çatlarda qızlar qaynaşır,

Broyler göllərdə balıqlar kimi...

 

...Onu istəsən , başa düşməzsən,

Sözümə-üzümə baxıb da gülmə...

Bir ömür yandırdım, bir yandırdım -

Dünyada kim gülər külün külünə...

 

...Köhnə məktubların solğunluğunda,

Köhnəlmiş bu ömrün lap sonluğunda

Mən sənə payızı göstərəcəyəm...

 

26.09.2020

 

Payız ayrılığı

 

Payız doluxsunub baxır üzümə,

Elə bil anama nəsə deyəcək...

Anam inanacaq onun sözünə -

Mən deyən yalandı, o deyən gerçək...

 

Payız deyəcək ki, aldadıb məni -

Deyirdi sevirəm, elçi gəlmədiz,

Adıma söz çıxıb şair oğlunla...

Anam hey baxacaq heç bir kəlməsiz...

 

Qolunu boynuna salıb payızın

Anam deyəcək ki, qızım, ağlama,

Ona ki, adaxlı axtarıram mən -

Necə gəlməmisən mənim ağlıma?!

 

Ona mən oxlov çəkərəm indi,

Ona anladaram sənin qədrini.

...Payız deyəcək ki, yox, lazım deyil,

Qoy qalsın, onsuz da qırıb qəlbimi...

 

Soyuq küləklərlə çıxıb gedərəm,

Baxma saralmışam, qürurluyam mən,

Çox sağ ol, gedirəm, bir ildən sonra

Gəlib öpəcəyəm sənin əlindən...

 

...Anamın üzünə baxa bilmərəm,

Çaxmaqlar salmamış göydə şaq-şaraq,

O soyuq küləklər gəlməzdən qabaq

Gərək bu yerlərdən çıxıb gedim mən...

 

06.08.2020

 

Payız bənövşəsi

 

Gedim bu payızın qapısın döyüm,

Deyim ki, peşiman olub gəlmişəm,

Bilirəm, gedirsən, qoy yola salım...

Daim ayrılıqdır mənim ki peşəm.

 

Alnıma yazılıb bu ayrılıqlar -

Səhərdən qulağım hey cingildəyir...

Susuram hər dəfə ayrılan zaman -

Bilmirlər, içimdə it zingildəyir...

 

Bulağa deməyə söz tapmıram heç,

Çayın şırıltısı kövrəlib yenə...

Bu boyda dünyanı tutub köçhaköç -

Bu zalım çəmənlər göyərib yenə...

 

Payız bənövşəsi, indi neynəyək,

Məni söz aldatdı, səni havalar...

Sən mənim nişanlım olasan bəlkə,

Mənə razılıq ver - olar, olar...

 

...Gedim bu payızın qapısın döyüm,

Deyim ki, bənövşə mənimdir daha...

...Mənə verəcəkmi qızını payız?!

...Deyər, sənin olsun, çıxsa sabaha...

 

07.08.2020

 

Payız heç vaxt gəlmir...

 

İldırım çaxanda elə bilirəm,

O ani işıqdan bir uşaq keçir...

...Görəsən, yenə payız gəlirmi?

Payız heç vaxt gəlmir - payız heyy köçür...

 

...Bir zaman eləcə sevdim qızları -

Məktəbdə, bulvarda, mühazirədə...

...Sonra pərvanələr, sonra yağışlar,

Sonra da fəlsəfi mülahizələr...

 

...Sonra saçlarıma dən düşdü bir-bir,

Anam görüb oldu fağırdan-fağır...

...Hərdən xoflanıram, elə bilirəm,

Gecə pəncərəmdən kim isə baxır...

 

...Görəsən, bu Mənim neçə yaşım var -

On dörd, iyirmi dörd, yoxsa ki yetmiş?..

...O nəydi, ey Tanrı, sən bilmirsən,

O nəydi görəsən, gəlməmiş getmiş?..

 

Ən son şairiyəm o köhnə dövrün,

Ən son şairiyəm,

                              gedirəm görün -

ən son vaqonunda, bu son qatarı

Görünməz bir boşluq sorub aparır...

 

...İldırım çaxanda elə bilirəm,

O ani işıqdan bir uşaq keçir...

...Payızı gözləmə, o, gəlməyəcək...

Payız heç vaxt gəlmir, payız heyy köçür...

 

10.02.2020

                                     

Gözəl qızların taleyi

 

Gözü ayağının altın görmədi -

Keçdilər üstündən çox arzuların...

Onlar qurban getdi gözəlliyinə -

Çoxu bəxtsiz oldu gözəl qızların...

 

Bəzən şıltaq-şıltaq nazlanırdılar:

 - Qaraçı, qaraçı, sən falıma bax...

...Tanrı taleyinə həmin qızların

Gözəllik yazmışdı hər şeydən qabaq.

 

Onlardan birini mən sevirdim,

O keçdi yanımdan gözüyumulu...

...Hərəyə nəyisə elə kəm verdi -

Tanrı baxmadı ki, nələr umulur...

 

Bəlkə Tanrıda da kəmdir səxavət,

Üstündən xətt çəkir çox arzuların...

...Gözəllik yazmışdı - bəxtəvərlik yox

Tanrı taleyinə gözəl qızların...

 

16.01.2021

 

Tofiq NURƏLİ

525-ci qəzet.- 2021.- 7 iyul. S. 23.