Bədii
düşüncənin aydın üfüqləri
Şövkət
Zərin Horovlunun söz dünyasında gördüklərim
və duyduqlarım
Çağdaş ədəbi-bədii düşüncəmizin
zənginləşməsində, təfəkkürümüzün
bədii-fəlsəfi parametrlərinin qloballaşan
dünyanın ölçülərinə
uyğunlaşmasında özünəməxsusluq indeksi ilə
çıxış edən istedad sahiblərindən biri
Şövkət Zərindir.
O, məxsusi
ədəbi-ictimai, bədii-publisistik və bədii-fəlsəfi
yaradıcılıq konsepsiyası olan söz adamıdır. Ömür sarayının 80-ci pilləsinə də
inamla, yaradıcılıq uğurları ilə qədəm
qoyan dəyərli sənətkarımız orijinal, modern
düşüncəli şair olmaqla yanaşı, həm də
çox maraqlı və sənətkarlıq məziyyələri
sərgiləyən nasirdir.
Sövkət Zərinin bədii nümunələrində
mövzu və forma dolğunluğu, emosional ifadə tərzi,
poetik vasitələrin rəngarəngliyi onun sənətkarlıq
bacarığının mühüm elementləri kimi təzahür
edir. Ərsəyə gətirdiyi poetik əsərlər
öz istinad obyektinə, düşüncə miqyasına və
bədii qaynaqlarına görə milli lirikamızın
maraqlı nümunələri sırasındadır. Onun şeirlərində millətə, yurda, vətənə,
doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə
səciyyələnir. Milli-mənəvi dəyərlərin,
intizar, həsrət dolu sevginin, ləyaqət və insanpərvərlik
duyğularının bədii tərənnümü onun
poetik nümunələrində səmimi bir tərzdə
öz ifadəsini tapır. Şövkət
Zərinin poeziyasının lokomotivi vətənpərvərlik
mövzusudur və bu fakt bədii-fəlsəfi dəyəri
ilə onun yaradıcılığına böyük sanbal gətirib.
Onun şeirləri bədii-ictimai siqləti ilə
seçilir və oxucunu düşündürür. Şövkət Zərinin
yaradıcılığında məxsusi bir məziyyət
var ki, onu dərhal fərqləndirir. Bu cəhəti
şərtləndirən amil geniş və dərin mənada
sadəlikdir. Bu sadəlikdə bədii zənginlik
və orijinallıq mövcuddur. Onun
şeirlərinin məğzini təşkil edən dərin və
poetik ictimai məna uğurlu yaradıcılıq
faktıdır.
Doğma yurdu Cəbrayılın uzun müddət
işğalda olması onun sənətkar qəlbini həmişə
göynədib. Vətəndaşlıq
yanğısı ilə qələmə aldığı
bütün şeirləri yurd həsrətinə bələnib.
"Yellərə sarı", "Bənövşələr
hay verən yerə", "Payız fəslinə",
"Mən olacağam", "Sənlə gedirəm",
"Şəhidlik zirvəsində", "Bahar
sevdası", "Köksümə sığınıb
gecə", "Bir payız axşamı", "Sinəm
vətənləşəcək", "Səni xatırlayıram",
"Beşik" və digər əsərləri poetik təravəti,
bədii ümumiləşdirməsi və müasirlik ruhu,
çağdaşlığı ilə diqqəti cəlb
edir. Sadaladığım bu şeirlərin hər
birinin özünəməxsus poetik sanbalı var.
Nola,
zalım fələk insafa gələ,
Bu bəndi-bərəni aradan silə.
Quş
kimi qol açam, sevinə-gülə,
Gedəm o əzəlki illərə sarı.
Qəfil
uşaqlığım çıxa qarşıma,
Dizlərim dirənə çaylaq daşına.
Baxmayam
ömrümün ahıl yaşına,
Qaçam boz, yovşanlı çöllərə
sarı.
Yatağa
sığmayan çaylar oyana,
Qartallı dağlarım məğrur dayana.
Hasardan
bir kərə deyəm, ay ana,
Bu həsrəti verəm yellərə sarı.
"Qaçam boz yovşanlı çöllərə
sarı" misrası bu şeirin və şairin
türklüyə xas qan yaddaşının poetik kodudur. Bu poetik
nümunələrin hər misrasında duyğuların nəbzi
döyünür.
İstənilən misrasına diqqət yetirsək, əmin
olarıq ki, Şövkət Zərinin şeirləri əsl
istedad məhsuludur, kövrək ruhlu poeziya nümunəsidir.
Lirik qəhrəmanın daxili aləminin, sevgi hisslərinin,
məhəbbət iztirablarının ifadəsi Şövkət
Zərinin söz palitrasında yeni rənglər, yeni
çalarlarla üzə çıxır.
Orijinal keyfiyyətlərə malik lirikası Şövkət
Zərin ruhunun güzgüsüdür. Çox zaman
onun lirik poeziya nümunələri qələm sahibinin həyat
və cəmiyyət haqqında düşüncələri,
fərdi xarakteri, daxili aləmi, nostalji hissləri, həmçinin,
şəxsiyyəti barədə dolğun təəssürat
yaratmağa imkan verir. Bu misralarda olduğu kimi:
Bir
beşik eyvanda asılı qaldı,
Nə eyvan danışdı, nə beşik dindi.
Tarixin
şahidi köhnə beşikdən,
Körpə hənirtisi bir gün kəsildi.
İçində
bəslənib neçə oğul-qız,
Neçəsi ağlayıb, ovunub yatıb.
Ana
qucağı tək isti beşikdə,
Bir nəsil qayğısız böyüyüb,
artıb.
Soyudu
içinin odu, istisi,
Yetim tək eyvanda qaldı kimsəsiz.
Çəkilib
gedəndə körpə nəfəsi
Laylalı dünyası talandı səssiz.
Yaddaşı
qanadan xatirələrdə
Qırıq ümid kimi beşik qalırdı.
Yel vurub
yellədən o boş beşiyə
Anam yuxusunda layla çalırdı.
Bu şeirdə insan ömrünün unudulmaz məqamlarından
qaynaqlanan nostalji duyğular yüksək poetik detallarla sərgilənib.
Bəllidir ki, bədii sənətin gücü
böyük ideyanın, dəyərli fikrin obrazlı təcəssümündə,
səmimi və təravətli ehtiva olunmasındadır. Bu keyfiyyətlər
qələm sahibindən bədii-sözün məna
çalarlarını, dilin incəliklərini duymağı,
poetik obrazlar sistemində əsərin forma və məzmun vəhdətini
yaratmağı, sənət qarşısında daim məsuliyyət
hissini qorumağı tələb edir. Bütün
bu məziyyətlər şair Sövkət Zərinin
yaradıcılığında öz əksini
tapmışdır. Təsadüfi deyil ki,
onun şeirlərində təqdim olunan vətən məhəbbəti,
inam və xeyirxahlıq duyğuları, həmçinin, qəriblik
ağrısı bütövlükdə vətəndaş
şair obrazının bədii təcəssümüdür.
Yağmalanan
obam hanı,
Odda yanan odam hanı?
Qardaş
getdi, atam hanı,
Günəşsiz, günsüz olmuşam.
"Orta
Kəhriz", ay "Şıx bulaq",
"Əfəndilər", "Sarı ocaq".
Nə vaxt gəlib səcdə qılaq?
İmansız, dinsiz olmuşam.
Didərginəm, gedim hara?
Fikir məni çəkir dara.
Yönüm
düşə o dağlara -
Qibləsiz, yönsüz olmuşam.
Şövkət Zərinin nasir kimi özünəməxsusluğunun,
orijinallığının heyranlıq doğuran cəhətləri
kifayət qədərdir. Onun nəsrimizi zənginləşdirən
povest və romanlarında bədii dil xalqın milli xarakterinin
və təfəkkür zənginliyinin başlıca amili kimi
mühüm səciyyə daşıyır. Canlı xalq dilinin zəngin xəzinəsinə dərindən
bələd olması, sözün ifadə imkanlarından
geniş surətdə faydalanmağı bacarması nasir məharətinin
diqqətəlayiq cəhətləri sırasındadır.
Onun nəsr əsərlərində
qaldırılan problemlərin zəruriliyi,
reallığı, fəlsəfı-psixoloji üslub zəminindəki
intensiv axtarışları çağdaş nəsrimizin
maraq doğuran hadisələri sırasında aydın nəzərə
çarpır.
Şövkət Zərinin "Tale yolu" romanı və
"Əbədiyyətə qədər" povesti
yazıçı məharəti ilə yanaşı, həm
də yüksək vətəndaşlıq, vətənpərvərlik
keyfiyyətlərinin bədii inikasıdır. Müəllifın
təsvirindəki realizmin gücü bir tərəfdən həyat
hadisələrini dərindən müşahidə etməsində,
həyat materialını gözəl bilməsindədirsə,
digər tərəfdən bədii sözün qüdrəti
ilə səmimi, təbii detallarla sənət müstəvisində
sənətkar səriştəsi ilə
canlandırmasındadır. Möhkəm
süjet xətti mühakimələrin bazisinə, təməlinə
çevrildiyi üçün bədii mətləb qəhrəmanın
taleyində səciyyəviliyi ilə reallaşır və əsərin
emosional cazibədarlığı, həm də ideya-bədii
mündəricəsi dolğunlaşır. Yazıçının həyatı realist boyalarla əks
etdirmə bacarığı təsvir imkanlarındakı dəqiqlik
və konkretlik məharəti bədii surətlərin zahiri
görkəmində və lokal epizodların təsvirində də
dərin maraq doğurur.
"Şıdırğı yağış kəsmişdi. Bayaqdan
yaxın-uzaq xatirələrin əlində çırpınan
Qasım ağanın beyni də sakitləşmişdi. Ona elə gəldi ki, Fatma elə indicə içəri
girəcək, sürüşüb düşən
yorğanı oğlunun çiyninə çəkəcək,
alnından öpüb onları nahara
çağıracaqdı. Qasım ağa bir az qulaq asdı. Navalçadan
düşən tək-tək damcı səsindən başqa
heç nə eşitmədi" ("Tale yolu"
romanı).
Şövkət Zərin nəsrinin bədii dili öz xəlqiliyi
və əlvanlığı, emosionallığı və
lakonizmi, fəlsəfi zənginliyi və dolğunluğu, həmçinin,
estetikası və dinamizmi ilə diqqət çəkir.
"Hər şey yoldan başlayır, yolda da qurtarır. Nahaq yerə ulu peyğəmbərimiz
deməyib ki, ev doğulub ölmək
üçün, yol isə yaşamaq üçündür.
İnsan oğlu həyata gəldiyi gündən
ruhunun kölgəsinə çevrilib, gözəgörünməzin,
dərkolunmazın dərgahına doğru yolun axarını,
səmtini axtarır. Özünə yol gəzir,
yol seçir. Özü boyda sirli-sehirli
dünya çarxını fırlada-fırlada öz qanunu ilə
hərəyə bir yol açır, hər kəsi bir yolun
yolçusu eləyir. Həyat yolu, mübarizə yolu, el
yolu, Tanrı yolu, tale yolu..." ("Tale
yolu" romanı).
Bu cümlələr sadəcə təsvir elementi deyildir. Burada qədim
bir obanın, bir elatın yaddaşı, ulu bir ruhun həniri
duyulur. Dədə Qorqud ovqatlı qədim
bir tarix, zəngin bir etnoqrafıya boylanır bu cümlələrdən.
Milli kimliyin təravətini, özəlliyini, bununla
yanaşı, böyük bir etnoqrafik gözəlliyi məxsusi
səliqəylə, səmimi və təbii doğmalıqla
bir neçə cümləyə sığışdıra
bilmək məharəti həqiqi yazıçı qüdrətinin
bədii təsdiqidir.
Müəllif bədii təsvirlə heyranlıq doğuracaq
səviyyədə səmimiyyət və dəqiqlik
nümayiş etdirir. Bununla belə yazıçı, həm də
hadisələr və surətlər barədə uzun söhbət
açmağı, geniş məlumat verməyi sevmir, öz
düşüncələrini, mətləblərini əsasən
hadisələrin dinamikasında, surətlərin xarakterində
ifadə edir. Yazıçı bu qəbildən
olan əsərlərində qan yaddaşımızın itməməsinin
vacibliyini səmimi və inandırıcı faktlarla, yetkin sənət
müstəvisində canlandırır, həyat həqiqətinin
bədii həqiqətə çevrilməsini uğurla təmin
edir. Qeyd olunmalı bir maraqlı cəhət
də budur ki, Şövkət Zərinin nəsr əsərlərində
də onun poetik təfəkkürünün rəngarəng
çalarları duyulur.
Balayar Sadiq
525-ci qəzet.- 2021.-
2 iyul. S. 12.