Ali məktəblərdə
fəlsəfənin tədrisi zəruri fənlər qrupuna
daxil edilsin
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri
doktoru, hörmətli Könül Bünyadzadənin bu
günlərdə "525-ci qəzet"də "Fəlsəfənin
imtahanı - Məqbulların ümidinə qalmiş hikmət
sevgisi" başlıqlı essesini oxuyandan sonra fəlsəfə
müəllimi kimi problemə oz münasibətimi bildirmək
qərarına gəldim.
Fəlsəfə,
onun zamanın müasir adlandırdığımız kəsiyində
mövqeyi, statusu haqqında fikirlər, yanaşmalar rəngarəng
olsa da, 2500 ildən çox yaşı olan bu müdriklik elmi əsrlərin
sınaqlarından uğurla çıxıb, öz predmetinə
daxil olan dünya, varlıq və təfəkkürün
ümumi prinsipləri, insanın dünyada yeri, həyatının
mənası kimi məsələləri nəinki qoruyub
saxlayıb, həm də xeyli dərəcədə genişləndirib.
Bu genişlənmə qloballaşan bəşəriyyətin
elmi-texniki tərəqqidən doğan nailiyyətləri və
yaranan problemlərlə üzvi surətdə
bağlıdır. Sülhə nail olma, aclıq, yoxsulluq, ekoloji problemlər,
narkomaniya, terrorizm, milli-etnik münaqişələr,
intiharların artması, pandemiya problemi və
s. dövrümüzün reallıqlarıdır.
İnsan təfəkkürü bu problemlərin ciddi təzyiqinə
məruz qalıb, onun emosional-psixoloji durumu gərginləşib
ki, bu da maddi nemətlər istehsalının əsasını
təşkil edən praktiki fəaliyyətə öz təsirini
göstərməyə bilməz. İstər təbiətdə,
istərsə də cəmiyyətdə mövcud olan problemlərin
optimal həlli fəlsəfi təfəkkürə,
müdriklik nuruna möhtacdır. Müdriklik
isə, Sokratın təbirincə desək, mühakimə
yürütməyin, seçmə qabiliyyətinin və fəaliyyət
göstərməyin düzgün prinsiplərinə, son nəticədə
xeyirxah olmağa nail olmaqdır. Xeyirxah
insan isə adətən səbrli, qeyrətli və ədalətli
olur. Beləliklə sağlam məntiq fəlsəfənin
rolunun azaldığını deyil, artdığını irəli
sürür.
Hələ
1946-cı ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət
məsələləri üzrə təşkilatının
(YUNESKO) ilk konfransının yaratdığı komissiya tərəfindən
hazırlanmış təkliflərdə göstərilirdi
ki, insan şəxsiyyətinə hörmət, sülhə məhəbbət,
dar, məhdud millətçiliyə və zoraklığa əsaslanan
idarəetməyə nifrət, mədəniyyət
ideallarına sədaqət və həmrəylik
formalaşması üçün ictimai şüurda bir
sıra fəlsəfi və etik kateqoriyaların qərarlaşması
zəruridir. Bu konteksdə fəlsəfəyə
insanların birlik və həmrəylik məktəbi kimi
baxmaq olar.
Hadisə və proseslərə fəlsəfi yanaşma,
onların fəlsəfi təfəkkür süzgəcindən
keçirilməsi dünyada sülhün bərqərar
olmasında və qorunmasında mühüm rol oynayır. Fəlsəfə "ədalət",
"azadlıq", "xeyirxahlıq",
"yaxşılıq və pislik", "həqiqət"
və s. kimi cəmiyyət üçün xüsusi əhəmiyyətə
malik anlayışları müstəqil şəkildə dərk
etmək və təhlil etmək qabiliyyəti
formalaşdırır. Fəlsəfə
dünyada baş verənlərə tənqidi yanaşmaq,
ümumbəşəri dəyər və prinsipləri qiymətləndirə
bilmək bacarığı aşılamaqla özünü həm
də azadlıq məktəbi kimi təqdim edir.
İnsanların maddidən mənəviyə doğru
yüksəlməsində, mənəvi cəhətdən zəngin,
düşüncə cəhətdən azad
formalaşmasında da fəlsəfənin rolu
danılmazdır. O, insanların yalnız hazır nəticələrdən
istifadəsinə deyil, özlərinin düşünüb nəticə
çıxarmasına, hər hansı qeyri-insani, bəşəriyyət
üçün zərərli arqumentlərə qarşı
dayana bilməsinə, opponentlərin fikrinə hörmət və
dözümlülüklə yanaşmasına, yalnız zəkanın
gücünə tabe olmasına, cəmiyyətdəki vəziyyətləri
barədə mühakimə yürüdə bilmək qabiliyyətlərinin
inkişafına kömək edir.
Fəlsəfə dünyagörüşü olmaqla
insanlarda dəyərlər kompleksi formalaşdırır ki,
bu dəyərlər də bu və ya digər hadisə və
ya prosesi qiymətləndirməkdə, müxtəlif vəziyyətlərdə
fəaliyyət və ya fəaliyyətsizlik mövqeyi
seçməkdə həlledici amil olur. Ona görə
də ictimai şüurda fəlsəfənin rolu məqsədyönlü
şəkildə artırılmalıdır ki, insanlar
destruktiv qüvvələrin çaşdırıcı ideya
və çağırışlarına qarşı
müqavimətli olsunlar.
Təsadüfi
deyil ki, BMT kimi nüfuzlu bir təşkilat hər il noyabr ayının 18-də ümumdünya fəlsəfə
gününün keçirilməsi barədə qərar
verib. BMT-nin ixtisaslaşdırılmış qurumu olan,
sıralarında 183 dövləti birləşdirən YUNESKO fəlsəfə
üzrə strategiya qəbul edib.
Fəlsəfənin
tədrisi sahəsində qarşıda duran vəzifələrə
strategiyada aşağıdakılar daxildir:
a) hökumətlərlə siyasi səviyyədə
iş aparmaq lazımdır ki, onlar fəlsəfənin tədrisinə
və fəlsəfi tədqiqatlara yardımçı olsunlar;
b) dünyada fəlsəfənin öyrənilməsi
zərurəti müdafiə olunsun;
c)
YUNESKO-nun üzvü olan ölkələrin fəlsəfənin
öyrənilməsi üzrə proqramlarının həyata
keçməsi üçün müvafiq sənədlər
hazırlansın;
d) fəlsəfənin tədrisi və dünyada
öyrənilməsinə dair tədqiqatlar dəstəklənsin.
Ulu
öndərimiz böyüməkdə olan gənc nəslin
milli-mənəvi dəyərlər ruhunda mükəmməl
fəlsəfi dünyagörüşə malik olmasını
daim diqqətdə saxlamış, təkrar-təkrar bu
mühüm məsələnin üzərində
dayanmışdı: "Bu gün biz gəncləri
paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat
ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki
cəmiyyətimizi qoruyacaq, həm də gələcək nəsli
sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz,
xalqımız üçün zərərli halların
kök salmasının qarşısını
alacağıq".
Möhtərəm Prezidentimiz İlham Əliyev də həmişə
dünyagörüşü məsələsinə, milli- mənəvi
dəyərlər mövzusuna böyük önəm verib. O, 2019-cu il noyabrın 26-da
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti
ilə keçirilən mərasimdə qeyd edirdi:
"Biz ideoloji işə yenidən baxmalıyıq,
burada zəifliklər, boşluqlar var. Bizi istəməyən
qüvvələr, o cümlədən, erməni lobbi
qurumları tərəfindən maliyyələşən
qurumlar bu boşluqlardan istifadə edirlər...... Onlar gəncləri əsas hədəf seçiblər
və gəncləri yoldan çıxarmaq istəyirlər,
onların beyinlərini zəhərləmək istəyirlər,
onları xalqa qarşı, vətənə qarşı, ənənəvi
dəyərlərə qarşı qaldırmaq istəyirlər".
AMEA-nın
prezidenti, fəlsəfə elmləri doktoru, akademik R.Mehdiyev
bir sıra əsərlərində fəlsəfənin tədrisinin
daha da gücləndirilməsi və fəlsəfə ictimaiyyəti
qarşısında duran vəzifələrlə bağlı
məsələləri hərtərəfli təhlil
edib: "Azərbaycan fəlsəfi fikri qarşısında
duran vəzifələr o qədər çoxdur və elmi-fəlsəfi
ictimaiyyətin üzərinə o qədər böyük məsuliyyət
düşür ki, fəlsəfə tək bir gün ərzində
deyil, il boyu həmişə diqqət mərkəzində
saxlanılmalıdır. Bütün digər
ictimai-siyasi elmlərin, hətta tarix və ədəbiyyatın
inkişafı da istər-istəməz fəlsəfi fikrin
real vəziyyəti, ictimai şüurda fəlsəfənin
yeri və bütün cəmiyyətin fəlsəfəyə
münasibəti ilə bağlıdır".
Milli birlik, ümumbəşəri həmrəylik də
hər şeydən əvvəli fəlsəfi təfəkkürə
səviyyəsində, dayanıqlı ideya əsasında əldə
oluna bilər.
Filosof, professor Səlahəddin Xəlilov
çağdaş Azərbaycanda fəlsəfənin öyrənilməsinə,
fəlsəfi təfəkkür tərzinin
formalaşdırılmasına həmişə yüksək
önəm verib: "...fəlsəfi düşüncə tərzinin,
ideya - mənəvi yaşantı vərdişlərinin
bütün insanlara aşılanması çox önəmlidir".
"Təhsil
haqqında" qanunun "təhsilin əsas məqsədi"
adlanan 4-cü maddəsi 3 bənddən ibarətdir ki, onun da
iki bəndi aşağıdakı kimi ifadə olunub:
"4.0.1.
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini
dərk edən xalqının milli ənənələrinə
və demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən, vətənpərvərlik
və azərbaycançılıq ideyalarına sadiq olan,
müstəqil və yaradıcı düşünən, vətəndaş
və şəxsiyyət yetişdirmək;
4.0.2 Milli-mənəvi və ümumbəşəri dəyərləri
qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri
və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri
və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü
və rəqabət qabiliyyətli mütəxəssis kadrlar
hazırlamaq".
Göründüyü kimi, qanunda əks olunan məqsədlər
ictimai- humanitar, xüsusən də fəlsəfə fənninin
bilavasitə və ya dolayışı ilə predmetinə
daxil olan məsələlərdir.
Yuxarıda
qeyd etdiyim və edə bilmədiyim fikirlərimi aşağıdakı kimi
ümumiləşdirmək istərdim:
- Fəlsəfəyə
bu cür münasibətin səbəbi öncə ona ayrılan dərs
yükünün ilbəil məqsədli
şəkildə azaldılmasındadır. Tez-tez yenilənən
"təhsil standartları"nın
sanki əsas məqsədi fəlsəfəyə ayrılan
saatlara son qoymaqdır. Yaxşı, bu "Təhsil
standartları"nın qəbul edilməsində
tanınmış fəlsəfə alimlərindən kimsə
iştirak edibmi? Bəs onda elmlər elmi olan, hadisə və
prosesləri müstəqil şəkildə dərk etmək, təhlil etmək və qənaətlər
əldə etmək qabiliyyəti formalaşdıran, müstəqillik
yolunda inamla irəliləyən Azərbaycanımızda gənclərimizin vətənpərvərlik, milli mənəvi
dəyərlərimizə, azərbaycançılıq
ideologiyamıza sədaqətlilik ruhunda tərbiyə edilməsi
missiyasının əsas daşıyıcısı olan bu
müdriklik elminin taleyini kimlər həll edir?
-Tez-tez
Boloniya prosesi, Avropaya inteqrasiya kimi ifadələr və o
ölkələrin ali məktəblərində
Fəlsəfənin tədris olunmaması kimi fikirləri ifadə
edən təhsil "bilicilərimiz" də var.
Əvvəla, Avropa ölkələri artıq Boloniya
prinsiplərinə "köhnə" kimi baxırlar. İndi
ABŞ təhsil sisteminə meyllik artmış, İngiltərə
isə Sovet təhsil sisteminə keçməyi hədəfləyib.
İkincisi
Avropa ölkələrində həm də orta məktəbin
yuxarı sinflərində Fəlsəfə əsaslı
şəkildə (əsasən də milli fəlsəfə)
öyrədilir. İnkişafına görə
dünyanın bütün ölkələrini üstələyən
Çində isə fəlsəfə bütün ali məktəblərdə nüfuz sahibidir. Postsovet məkanı ölkələrində də
Fəlsəfənin nüfuzuna elə bir xələl gətirilməyib.
- Fikrimcə,
dünyanın güclü dövlətləri, onların
birlikləri inkişaf etməkdə olan ölkələrdə
vətənpərvərliyin, milli-mənəvi dəyərlərin,
milli özünüdərkin, milli mentalitetin qorunub
saxlanılması və inkişaf etdirilməsini qloballaşma
üçün, özlərinin
həmin ölkələrdə maddi və digər
maraqları üçün təhlükə görürlər. Bu mərkəzlərə mükəmməl
dünyagörüşə malik
vətənpərvər insanlar yox, müəyyən qədər
"çox" məvacib müqabilində istənilən əmri
yerinə yetirməyə hazır olan
"kosmopolit"lər lazımdır. Təhsilə
ayrılan xarici qrantların əsas hədəflərindən
biri də məhz budur.
- Fəlsəfənin
saatlarını azaldıb, seçmə fənn qrupuna daxil
edilməsi bugünkü fəlsəfə
ictimaiyyatının gözü qarşısında baş
verir. Ayrı-ayrı
istsnaları çıxsaq demək olar ki, elə bir ciddi
reaksiya da yoxdur. Praqmatizmə meylli olan indiki gənclər
bu vəziyyəti (hamının gözü
qarşısında fəlsəfənin qürub etdirilməsini) görür və
istedlarını başqa sahəyə yönəldirlər.
Təhlillərdən
irəli gələn təkliflərim:
- Ölkəmizdə
Boloniya prosesinin, tez- tez dəyişdirilən təhsl
standartlarının, kosmopolit təhsil bilicilərinin Fəlsəfəyə
qarşı səlib yürüşünün
qarşısının alınması üçün dövlət səviyyəsində bu mənəviyyat, insansevərlik
elminə hərtərəfli diqqət və qayğı
olmalıdır.
- Xalqımız müstəqilliyimizin
30-cu illərini yaşayır. Ali Baş
Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə
Müzəffər Ordumuz 44 günlük Zəfər
yürüşündə düşmən üzərində
tam qələbə çalıb torpaqlarımızı
işğaldan azad etsə də, "revanşist" qüvvələrin
hədə-qorxuları qalmaqdadır.
Ətrafımızda və dünyada bizi sevməyən qüvvələrin
mövcudluğunu və onların
məkrli planlarını da nəzərə alsaq, milli-mənəvi
dəyərlərimizə sadiq, vətənsevər vətəndaşların
yettişdirilməsi təhsil qanunundan da
göründüyü kimi təhsil strategiyamızın
prioritet sahəsidir. Qeyd edilən vəzifələrin
yerinə yetirilməsi işində isə fəlsəfə
baş rola malikdir. Ona görə də Fəlsəfə
ali məktəblərdə zəruri fənlər
blokuna daxil edilməli, saatları artırılmalıdır.
- Fikrimcə,
"koronovirus"ların və ümumiyyətlə
insanların kütləvi şəkildə məhv edilməsinə
səbəb ola biləcək digər vasitələrin yaranma
səbəblərini hər şeydən əvvəl bəşəriyyətin
son dövrlərdə humanizmi,
kamilləşməni, mənəvi dəyərləri
"kənara" qoyaraq gücə, texnoloji uğurlara "mənəm-mənəmliyə"
aludə omasında axtarmaq lazımdır. Güc,
elmi nailiyyətlər, süni intellektlər humanizmə,
insanlığa, şəfqətə söykənmirsə, təhlükə
mənbəyidir. Son əsrlərə qədər
"kamil insan"ın nəzarətdə saxlamağı
bacardığı nəfs
artıq ağılı "küncə
sıxmış" meydanı ələ alıb. Vəziyyətdən
çıxış yolu yenə də Fəlsəfədədir,
Elmin xeyrə, işığa, insanlığa xidmət etməsi
üçün onun daşıyıcılarının təfəkkürünə
humanizm, müdriklik
nuru hopdurulmalıdır.
- Fənnin
nüfuzunun qaldırılmsı üçün Fəlsəfə
ictimaiyyatının əsas nümayəndələri bir araya
gəlməli, təşkilatlanmalıdır. O ki qaldı fəlsəfənin
dədris proqramının məzmunu problemlərinə,
AMEA-nın Fəlsəfə institutu ali məktəblərin
müvafiq kafedraları ilə birlikdə təhsil pillələri
üzrə nümunəvi proqrammlar hazırlayıb təqdim
edə bilərlər. Dərsliklər də həmin
proqramlara uyğun tərtib edilər.
- Fəlsəfənin
seçmə fənlər qrupuna daxil edilməsi o deməkdir
ki, dünyanın fəlsəfəyə
qayıtdığı, Respublikamızda fəlsəfi
dünyagörüşə, fəlsəfi bilgilərə
çox böyük bir zərurət yarandığı bir
zamanda gələcəkdə fəlsəfə doktoru ("Təhsil
haqqında" qanuna əsasən, istənilən elm sahəsi
üzrə dissertasiya müdafiə etmiş şəxsə
"fəlsəfə doktoru" elmi dərəcəsi
verilir) almaq imkanı olan bugünkü tələbələr
fəlsəfəni keçməyə də bilər.
Hesab edirəm
ki, fəlsəfəyə münasibətin dəyişilməsi,
onun saatlarını artırmaqla seçmə fənlər
blokundan çıxarılaraq zəruri
fənlər qrupuna daxil edilməsi
həm zamanın, həm də milli inkişaf
strategiyamızın zəruri tələbidir.
Əyyub
KƏRİMOV
Fəlsəfə
elmləri doktoru, professor
525-ci qəzet.- 2021.-
2 iyul. S. 10;14.