"Xosrov Şirin"in türk dünyası

 

 

 

Nizami Gəncəvi "Sirlər xəzinəsi"ndən bir neçə il sonra "Xosrov Şirin" dastan-poemasını tamamlayıb Atabəy Məhəmməd Cahan Pəhləvana hədiyyə göndərmişdi.

 

O hökmdara ki, əsərin əvvəlində haqqında yazırdı: "Dövrün hakimi, ulu məlik Atabəy ki, dünyadan zülmün izini kəsdi. Əbucəfər Məhəmməd ki, səxavəti ucundan Sultan Mahmud  kimi Xorasanı tutacaq" ("Xosrov Şirin"dən verilmiş bütün nümunələr professor Həmid Məmmədzadənin filoloji tərcüməsindəndir). Nizami Cahan Pəhləvanın kiçik qardaşı, "Çindən  xərac Rumdan cizyə alan" Qızıl Arslanı da tərifləmişdi: "Qapısını dəniz kimi hamıya açar, Xəzər yoxsulundan Rum varlısınadək heç kəs fəzilət dəryasından əliboş qayıtmaz". Atabəylərin "qələm türkləri"nə göstərdikləri qayğını  şair-mütəfəkkir onların mənəvi  böyüklüyünün göstəricisi saymışdı.

 

Göründüyü kimi, Nizaminin  düşüncə ( yaradıcılıq) üslubunun ən mühüm əlamətlərindən biridir ki, elə əsərinin əvvəlindəcə türk hökmdarı, türklərin təsiri altında olan coğrafiya, eləcə türkün qələminin gücü barədə aydın təsəvvür yaradır.   eyni zamanda,  mövzunun ilk dəfə böyük fars şairi Firdovsi tərəfindən ələ alındığını qeyd edib ona öz ehtiramını  bildirməklə yanaşı, göstərir ki, o, dastandan "eşq əhvalatı"nı ona görə çıxarmaq məcburiyyətində qalmışdır ki, "yaş altmışa çatmışdı... altmışda eşqdən, sevgidən. əlbəttə, söz demək ona fayda verməzdi".

 

Nizaminin Firdovsiyə ustad-şagird  münasibəti hüdudundan kənara çıxmayan zərif bir yumoru da var: "O farsdilli qoca söz ustadı fars  şahlarından belə danışır: Xosrov o azad sərvdən xəbər tutmaq üçün Ərmənə adam göndərəndən sonra gecə-gündüz yarın intizarını çəkirdi". Bu isə o deməkdir ki,  hər halda Xosrovun sevgi iztirablarını etiraf edən "farsdilli qoca "eşqdən, sevgidən" o qədər uzaq düşməmiş imiş, sadəcə, onun qarşısına qoyduğu məqsəd, yaradıcılıq qayəsi şahları başqa bir prizmadan təsvir etməyə hesablanmışdı.

 

Eyni zamanda, hər qədər "eşq dastanı" yazsa da, Nizami bu eşqin cazibəsindəki həyatın mahiyyətinə nüfuz edib sosial, mənəvi, əxlaqi dəyərləri tərənnüm eləməkdən kənarda qalmır.

 

"Xosrov Şirin"in əvvəlində olduğu kimi sonrakı parçalarında da türk, xüsusilə Azərbaycan toponimiyası addım-addım izlənməklə bütövlükdə əsərin coğrafi (milli) qeydiyyatını, tamamlamış olur; məsələn: Gəncədə özünü dustaq etməkdən qurtardı... Oradan Muğana tərəf yollandı, Muğandan da Xəzərlərə sarı keçdi... Bərdə mülkünə iltifat göstərib bir qış orada kef sürəsiniz... Bulğara getmiş bir katibdir... Özünü Azərbaycana çatdırdı,  oradan da Muğana tərəf mənzil saldı... Gah da Kür çayında zəncir açdılar, çoxlu balıq, quş ovladılar...

 

 Ümumiyyətlə, "Xosrov Şirin"də əsərin baş qəhrəmanlarının ən çox gedib-gəldikləri iki məşhur məkan var: Xosrovun vətəni  Mədain, Şirinin vətəni Ərmən... Təəssüf ki, bir zamanlar Ərməndə "Hayastan" mənasında "Ermənistan"ı görmək, buradan irəli gələrək Şirini "erməni qızı" olaraq təqdim etmək kimi gülünc ( cəfəng) iddialar da səslənmiş, ancaq tamamilə təbii idi ki, ciddi elmi çevrələrə ayaq aça bilməmişdi.

 

"Sirlər xəzinəsi"ndə olduğu kimi, "Xosrov Şirin"də "türk" sözünün ideya-estetik harmoniya yaradan funksionallığı ön plandadır: Bu türk xasiyyətli çərxi-fələk iki gözünün qarasını  qarət elədi... Türklər kimi taxt-tacını qarət edibdir... Türklərin o qovğasında türk neyinin səsindən türklərin boğazı tutulmuşdu... İstəyirdi Şirinə tərəf at çapsın, türksayağı türkü qarət eləsin...  O nazəndə türk elə başını dik tutdu ki, onun Xosrov deyil, Keyxosrov da nazını çəkərdi... Mən o qaragözlü türkəm ki, bu damda adım sənin kənizin olubdur... Mən o türk deyiləm ki, ərəbcə  bilməyim, işvə-naz etməyi bacarmayım... Əgər gözüm türklükdən daraldısa... Türkün yayı oxdan uzaq düşdükdə... Əhsən o türkə ki, yeddi tayfanın başçısıdır...

 

"Xosrov Şirin"də "türk"lə yanaşı, "Türküstan" da obrazlaşır: Yerdən göyə, günəşdən aya kimi hamı onun fəzilət Türküstanının yol yoldaşıdır... Bir nazla Türküstanın bağrını yarmış...

 

 Nizaminin "etnik həssaslığı" yalnız "türklər"lə məhdudlaşmayıb daha geniş etnoloji spektri əhatə edir: xəyalıma mən pərəstişlər etmişəm, bundan başqa, günahım varsa, cuhud olum... Dünyada məndən aşağı bir kürd yoxdur, heç kimi mənim kimi kimsəsiz görməzsən... Kürdlər kimi ürək versən, döş axtarar; əgər evi ona versən, xəzinə axtarar... Alçaqlığı həddindən keçirsən, cuhudluq olar, cuhudluq etmək yaramaz... Bu hindu ki sənin paltarını soyubdur... Xidmətində türklər olan cahan hökmdarlarının damında bir hindu keşik çəkər... Həbəş qaraları, Çin türkləri gecə ilə ay kimi yanaşı oturmuşdular... Cavanmərd hindu kimi üzr istəməyə gəlmişdir... Ya yunanlı Əflatun ol, ya da o kürd...

 

"Xosrov Şirin" türk tematikasını gücləndirən ən əsas amil, heç şübhəsiz, ideya-məzmunca olan Xosrovla həm "ziddiyyət"də, həm "vəhdət"də olan Şirin obrazıdır. Müəyyən mənada hətta düşünmək olar ki, Firdovsinin "Şahnamə"də verdiyi İran-Turan qarşılaşdırmasını Nizami "Xosrov Şirin" özünəməxsus bir şəkildə davam etdirir.

 

Xosrovun gənclik dostu, rəssam Şapur ona xəbər verir ki, "dağlığın o tərəfində bir neçə mənzillikdə, Dərbənd dənizinin limanı yerləşən yerdə şahlar nəslindən bir qadın hökmranlıq edir. Onun qoşununun cəngi səsi İsfahana çatır. Bütün ölkə Ərrandan Ərmənədək o qadının hökmünə tabedir... O hökmdarın adı Şəmiradır, Şəmiranın mənası Məhin banudur... Gül fəslində yeri Muğandır ki, ayaq basdığı yerlər həmişə yaşıllıq olsun. Yayda Ərmən dağlarına çıxar... Payız vaxtı Abxaza gələr... Qışda Bərdəyə meyl göstərər, çünki qışda Bərdənin havası isti olur".   

 

Xosrovun təkidi ilə Şirini axtarıb tapan Şapurun onunla görüşü belə təsvir olunur: "Hindu axtarmaqdakı zirəkliyinə görə bütün türklər onun nazının qulu olmuşdurlar. O zirək hindu Şapurun könlünü çalmışdı, bu da türksayağı hindunun paltarını tələb edirdi... O gözəl naxışın şirin ədaları nəqqaşın əlini dilini bağlamışdı".

 

 Məhin banu qardaşı qızının Xosrova aşiq olduğunu biləndə, İran şahzadəsinə qədər ehtiramı olsa da, Şirinə belə bir məsləhət verir: "Səni vəfalı namuslu görsə, el qaydası ilə gəlib səni məndən istər. Namuslu qız kimi dünyada adın çəkilər, dünya şahlığı sənin olar. O, aydırsa, biz günəşik. O, Keyxosrovdursa, biz Əfrasiyabıq".

 

Nizami türk qızı olan Şirinin namusunu qəribə bir qısqanclıq, təəssübkeşliklə ( israrla!) qoruyur. Bunun həm əsərin ideya-məzmunundan, həm şairin, çox güman ki, təhtəlşüurundan gələn bir sıra əsaslı səbəbləri olmamış deyil.

 

Şirinin ölümünü son dərəcədə böyük yanğı, kədər, dərin hissiyyatlarla təsvir edərkən Nizaminin onu keçmiş həyat yoldaşı Afaqla müqayisə etməsi yalnız böyük bir ədəbi səmimiyyətin təzahürü yox, həm öz qadın qəhrəmanının türklüyünə növbəti işarədir: "Bu dastanı oxuyub gərək göz yaşı tökəsən, Şirin qəbrinə acı gülab səpəsən, ona görə ki, o az ömürlü cavan ikən gül kimi solub bada getdi. Mənim qıpçaq bütüm kimi yerişi yüngül idi, sanki elə mənim Afaqımın özü idi. O, ağıllı, kamallı, gözəl, xoşqədəm bir qız idi. Dərbənd hökmdarı mənə göndərmişdi... Yad adamların qulağını burub, mənimlə balışa baş qoyaraq həmsər olmuşdu. Türklər kimi köçməyə möhtac olanda evini türk kimi talan edərdi. Türküm çadırımdan köçüb getdisə, ilahi, türkzadəni sən özün saxla!"

 

"Xosrov Şirin" türk-müsəlman dünyasında Nizamiyə böyük şöhrət qazandırdı. Türk şairlərindən Əmir Xosrov Dəhləvi "Xosrov Şirin", Arif Ərdəbili "Fərhadnamə" poemalarını Nizami kimi farsca qələmə aldılar. XIV əsrin ortalarında Qızıl Orda şairi Qütb "Xosrov Şirin"i Türküstan türkcəsinə çevirdi. Dahi özbək şairi Əlişir Nəvai isə "Fərhad Şirin"i məhz türkcə yazmaqla mövzunu türk dünyasının anadilli mənəvi mülkiyyətinə çevirdi.

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.-2021.-3 iyul.-S.12.