Rafiq
Hacıyevin yaradıcılığı haqqında monoqrafiya
İstedadlı
alim, fəlsəfə doktoru, tanınmış nasir Allahverdi
Eminovun 2020-ci il dekabr ayının son günlərində
"Elm və Təhsil" nəşriyyatında nəfis tərtibatla,
cəlbedici dizayn və zövqlə çapdan
çıxmış və Azərbaycan Yazıçılar
Birliyinin üzvü, yazıçı-publisist, Prezident
mükafatçısı Rafiq Hacıyevin
yaradıcılığına həsr olunmuş 380 səhifəlik
monoqrafiyası belə adlanır: "Söz rəssamı,
poetik duyğular ovsunçusu".
Kitabın
elmi redaktoru filologiya elmləri doktoru, professor, Əməkdar
elm xadimi, Dövlət Mükafatı laureatı Məhərrəm
Qasımlıdır.
Nəşriyyatın
kitabla bağlı verdiyi annotasiyada qeyd edilir ki,
"istedadlı yazıçı-publisist, jurnalist,
hüquqşünas, respublika və Beynəlxalq Ədəbi
Mükafatlar laureatı Rafiq Hacıyevin oçerkləri, hekayələri,
povestləri, romanları, kitabları oxucuların qəlbində
xüsusi təravətlə səslənir. Onun bir-birindən
maraqlı ədəbi, publisist və kriminal əsərlərini
oxuyanda dilimizin ecazkarlığı önündə baş əyirsən.
Əsl
jurnalistikaya və ədəbiyyata "sirli ehtiras"la, təmənnasız
istəklə bağlanmış Rafiq Hacıyevin əsərlərində
hər şey var: musiqi, ritm, müntəzəm akkordlar,
işıq, rəng, ətir, yenilik mehi, təzə hava cərəyanı.
Ən xoş hisslərlə duyursan ki, müəllif söz
gözəlliyinin vurğunu, aşiqidi. O, cingiltili, qəlb
sehrləyən, füsunkar sözləri, təsirli cümlələri,
əsrarəngiz duyğuları nəinki sevir, onlara ürəkdən
məhəbbət bəsləyir. O özünü həmişə
bu sözlərin çox yaxın sirdaşı, rəfiqi kimi
hiss edir. Buna görə də yazıçı-jurnalistin
poetik sözü heç zaman onun fikrindən,
düşüncəsindən ayrılmır, bu duyğular,
sözlər və cümlələr böyük və
gözəl məqsəd daşıyır. Söz rəssamı,
cazibədar hisslər ovsunçusu olan müəllifin
yazılarındakı bədii dilin, şifahi nitqin mükəmməlliyi,
ritmik lövhələr, takt füsunkarlığı oxucunu
heyran edir və onlar Azərbaycan sözlərinin və ahənginin
aşiqini eşq dolu hisslərlə alqışlayırlar.
Rafiq
Hacıyevin əsərləri ötən əsrin yetmiş
yaşından sonrakı dövrünün canlı lövhələrini
yenidən dirildir, ecazkar obrazlar onun
yaradıcılığında dürüst faktlarla birləşir.
Qəlbə munis olan sözlər və fikirlər
danışıqsız bir-birinə tabe olur. Onlar parlayır,
al-əlvan işıq saçır. Günəş şəfəqləri,
ay nuru və ulduzların parıltısı, dəniz
dalğalarının şappıltısı və bahar
sularının sevgi pıçıltısı. Bəli,
poeziya sehrbazlığı publisistika pafosu ilə əl-ələ
tutub gedir. Bu yolda isə xeyirxah xislətli
yazıçı-jurnalist - özündə Rafiq Hacıyev
adlı gur işığın nurunu gəzdirən son dərəcə
zəhmətsevən bir insan, söz xiridarı həssas
ürəklə və bənzərsiz, özünəməxsus
sənətkar qələmi ilə silahlanıb qətiyyətlə
irəliləyir..."
Müəllif
kitaba yazdığı "Ön söz yerinə"
başlıqlı yazıda bildirir: "Rafiq Hacıyev, sən
demə, çox mehriban bir müsahib imiş. O, söhbət
zamanı həmişə ehtiyatla davranır, heç vaxt
ifrat rəy söyləmir. Belə təqlidedilməz bir
müsahiblə heç vaxt görüşməmişdim.
Gurultu
qoparmış məqalələr və kitablar müəllifidir.
Onun istintaqla və musiqi ifaçılığı ilə
bağlı çox gözəl, bədii təsir qüvvəsi
güclü olan sanballı iki kitabı çapdan
çıxıb və o, bu kitablarla az müvəffəqiyyət
qazanmayıb (Yeri gəlmişkən, həmin kitablardan biri -
ustad tarzən, ürək çalğıçısı
Əhsən Dadaşova həsr olunmuş "Əhsən sənə,
Əhsən!.." portret romanı 2020-ci ilin dekabr ayında
"Humay" Milli Mükafatına layiq görülüb! -
R.Q.). Şöhrət adlı şıltaq gözəl
qadın, ilk dəfə ona gülümsəyib. O, əlbəttə,
başa düşür ki, bu qadın adamların
başını gicəlləndirməyi bacarır və son dərəcə
tələbkardır... Rafiq bəy həmin qadınla mehriban
yola gedir, hələ ki...
Özünü
həmişə sadə tutur, insanlarla münasibətində
zərrə qədər üstünlük hiss etdirmir. Səsi
məlahətli və qılıqlıdır, hərəkətləri
incədir. Üzügülər, təmkinli, təvazökar,
mülayim, gənclər kimi temperamentli, nəzakətli və
hazırcavab olan Rafiq bəy dərhal müsahibini valeh edir və
onun qəlbinə girir - sözün tam mənasında həmsöhbət
olması, danışığındakı şəhdi-şirə,
kolorit, müdrik çalarlarla. Uca boyu, həmişə
zövqlü, təmiz, səliqəli və sadə geyimi ilə
o nəsə xüsusi bir sərbəstlik cazibəsi
yaradır. Dostlar onun ətrafına toplaşaraq ehtiramla qulaq
asırlar. Rafiq bəy yavaş-yavaş, tələsmədən
danışır, heç vaxt səsini ucaltmır, nə qədər
dəhşətli və ya gülməli hadisədən bəhs
etsə də, effektə əl atmır, amma bu effektsizliyin
özündə danışanın bir növ effekti duyulur.
Rafiq
Hacıyevlə tanışlıqdan zənginləşirəm,
onun musiqi aləmindən, sənət korifeylərimizdən bəhs
edən silsilə məqalələrini oxuyub feyziyab oluram.
Rafiqin nə qədər geniş və dərin musiqi duyumuna,
incə-kövrək ürəyə, həssaslığa
malikliyini duyuram, vallah, qürurlanıram.
Ağayanalığı, gözütoxluğu, habelə
sözə, vədə dəqiqliyi, səxavəti
yaradıcılığını tamamlayır. Böyük
ürəyə sahib olmayan şəxs yaxşı yazı qələmə
ala bilməz - birmənalı fikrimdir..."
"Söz
rəssamı, poetik duyğular ovsunçusu" kitabı
dörd fəsildən - "Ötən illərin
işığı...", "Kriminal aləmin dedektiv roman təsviri",
"Publisistikanın əxlaqi davranış gücü",
"Musiqinin qəlb duyum möcüzəsi" fəsillərindən
və "Son söz yerinə" yazısından ibarətdir.
Geniş
oxucu auditoriyası üçün nəzərdə
tutulmuş bu kitab hər kəsə
yazıçı-publisist Rafiq Hacıyevin
yaradıcılığını ətraflı öyrənməkdə
yaxından bələdçilik edəcək.
R.QƏNBƏRZADƏ
525-ci qəzet.- 2021.-
3 iyul. S. 15.