Modern Türk yazıçısı Bəxtiyar Aslana Azərbaycan ərmağanı

 

Azərbaycan-Türkiyə əlaqələrinin böyük sürətlə irəliləyərək ölkələrimiz arasında Birlik və həmrəylik məqamına çatdığı, "Bir millət - iki dövlət" təliminin cəmiyyət həyatının bütün sahələrində uğurla sınaqlardan çıxdığı və özünü təsdiq etdiyi indiki tarixi mərhələdə ədəbiyyatlararası bağlılıqların da dərinləşdirilməsi və möhkəmləndirilməsi müasir dövrün əsas mövzularından biridir.

 

Əslində, ədəbiyyat ictimai-mədəni intibaha böyük təkan verən mühüm faktor olduğundan, Azərbaycanla Türkiyə arasındakı inteqrasiya proseslərində mühüm hərəkətverici qüvvə rolunu daha fəal şəkildə həyata keçirməkdədir. Azərbaycanda türk hekayəçiliyi və romançılığına, Türkiyədə isə Azərbaycan şeirinə illərdən bəri bəslənilən böyük marağın hüdudlarının genişlənərək hazırda ümumiyyətlə bütün yönləri ilə ədəbi fikri əhatə etməsi bunun əyani sübutudur. Azərbaycanda Türk ədəbiyyatından təkcə klassik yazıçı və şairlərin və ya tanınmış bədii ədəbi simaların deyil, yeni yaradıcı nəsillərin də əsərlərinə fəal münasibət bəslənilməsi hazırkı dövrün səciyyəvi xüsusiyyətidir. Bu isə öz növbəsində qardaş ölkədə bütün istiqamətlər üzrə gedən ədəbi prosesin Azərbaycanda tam, bütöv halda, dərk və şərh olunmasına şərait yaradır. Son vaxtlarda Akademiyada qardaş Türkiyədə klassik və müasir ədəbiyyatın yaradıcılarına və problemlərinə həsr edilmiş bir neçə elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyalarının müzakirələrdən keçməsi və müdafiə olunması da bunu bir daha əyani şəkildə təsdiq edir.

 

Bu baxımdan modern türk ədəbiyyatının yeni nəslinin tanınmış nümayən-dəsi Bəxtiyar Aslanın əsərlərinə ölkəmizdə bəslənilən ciddi maraq müasir ədəbi prosesdə türk ədəbiyyatının bütöv halda şərh olunması və yeniliklərin dərk olunmasına artan diqqətin daha bir təzahürüdür. Bəxtiyar Aslanın əsərləri XXI əsr türk ədəbiyyatındakı yenidən modernləşmə meyllərinin real bir göstəricisi olduğuna görə onun yaradıcılığı həmin prosesləri izləmək və dəyərləndirmək baxımından zəngin material verir.

 

Bəxtiyar Aslanın yaradıcılıq yolu modern türk ədəbiyyatında yaradıcı şəxsin konkret ədəbi növlər və janrlar üzrə ixtisaslaşmasından çox, hər hansı bir janrda yazıb-yaratmağa müəyyən dərəcədə ağırlıq verməklə yanaşı, ədəbiyyatın fərqli istiqamətlərində də bəlli bir səviyyədə təmsil olunmaq, mövqe nümayiş etdirmək tendensiyasının əks-sədasıdır. Belə ki, bədii yaradıcılıqda hekayəçiliyə üstünlük verən Bəxtiyar Aslan, eyni zamanda, həm də modern üs-lubda yazılmış şeirləri, elmi-ədəbi publisistikası, esseləri və müsahibələri, tədqiqat əsərləri ilə də ədəbi prosesdə fəal iştirak edir və nailiyyətlər qazanır. Bəxtiyar Aslan ən yeni dövr türk ədəbiyyatında yazıçı və şair olmaqdan çox, ümumiyyətlə ədəbiyyatçı obrazı ilə diqqəti cəlb edir. Ən mühüm cəhətlərdən biri də bundan ibarətdir ki, Bəxtiyar Aslan məşğul olduğu yaradıcılıq sahələrinin hər birində yüksək professionallıq nümayiş etdirir. Bəxtiyar Aslan sanki bir aslan gücü və enerjisi ilə nasir və şair, araşdırmaçı və publisist, müəllimlik və naşirlik kimi müxtəlif fəaliyyət sahələrində geniş yaradıcılıq imkanlarına malik türk ziyalısı olaraq, öz sözünü deməkdə davam edir. Bəxtiyar Aslan ədəbiyyatın, tədqiqatçılığın və mətbuatın ən müxtəlif sahələrində yüksək professionallıq səviyyəsi və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməyin bəxtiyarlığını yaşayır. Bəxtiyar Aslan xidmətlərinə görə ən yeni dövr modern türk ədəbiyyatının Bəxtiyarı və tükənməz yaradıcı-lıq enerjisi etibarilə Aslanıdır.

 

Bəxtiyar Aslanın çoxcəhətli yaradıcılıq fəaliyyəti üçün modernizm aparıcıdır. Onun əsərlərində modernizm fərqli şəkillərdə təzahür edir. Bəxtiyar Aslan şeirlərində modernist, hekayələrində sürrealistdir. Onun "Su" adlanan ilk şeir kitabı (2004) həyatın adiliklərinin və təzadlarının şeir dili ilə təbii şəkildə mənalandırması ilə yadda qalmışdır. "Qalayçının dediyi" (2015) şeir toplusu adiliklərə və kölgəli-işıqlı məqamlara köklənmiş həmin prosesin Bəxtiyar Aslanın poeziyasında davamlı olduğunu, oturuşmuş bir sistemə çevrildiyini təsdiq edir. Bəxtiyar Aslan sanki şeir yazmır, su kimi həyatın təbii axarı haqqında poetik bir pıçıltı ilə danışır. "Qalayçının dediyi" kitabındakı şeirlər tam mənası ilə türk şeirində Bəxtiyar Aslanın dediyi, yalnız ona məxsus orijinal poetik söz kimi səslənir. Bəxtiyar Aslan şeirlərində qalayçı kimi özünəməxsus sadə və təbii bir cingilti ilə həyatı və insanı oxucuya təqdim edir. Onun şeirlərində insan fərqli mənəvi aləmi və bənzərsiz düşüncələri ilə tərənnüm olunur. Bəxtiyar Aslan, hekayələrində olduğu kimi, şeirlərində də həyatın dibinə enməyi və adilikləri obrazlı şəkildə poetik baxımdan mənalandırmaq istedadını göstərmişdir.

 

Həyatın adilikləri ilə yanaşı, təzadlarını da görüb-göstərmək, daha doğrusu, işıqlı-kölgəli vəziyyətləri eyni mətndə təqdim etmək Bəxtiyar Aslanın hekayə yaradıcılığı üçün xarakterik cəhətdir. Onun bir-birinin ardınca çap etdirdiyi "Kəndin xəbəri yox" (2012), "Cənnətin son saatları" (2015), "Qar və düyün" (2018), "Sancı" (2020) kitablarında toplanan hekayələri hadisələrin təsvir edilməsindən çox əhvali-ruhiyyəni, seçilmiş kölgəli-işıqlı vəziyyətləri təqdim edən orijinal sənət örnəkləridir. Bu hekayələr sanki müəllifin, yaxud obrazın mühiti və ovqatı haqqında monoloqlardır.

 

Bəxtiyar Aslan "Aynadakı yolçuluq" hekayəsində həyatı güzgüdə əks olun-duğu şəkildə bütün adiliyi və təbiiliyi ilə təsvir edir. Lakin o, qətiyyən naturalist yazıçı deyildir. Bəxtiyar Aslan hekayələrində həyat hadisələrinin sadəcə görünən tərəflərinin şəklini çəkmir, əksinə, seçib oxuculara təqdim etdiyi məqamın mahiyyətini açaraq cəmiyyətə özünün ibrətamiz mesajlarını çatdırır. Ayna detalı əsasında deyilmiş "aynada görünən kimi yaşamağın" natamamlığı, "Küll" hekayəsində "kül" olub, yəni yanıb puç olub, "küll", bütöv, tam olan bilməməyin reallıqları sadə bir təhkiyə ilə düşündürücü şəkildə gündəmə gətirilir. "Üç əqrəb zamanı" hekayəsində də "Əqrəb və zaman" metamorfozası əsasında Bəxtiyar Aslan özünəməxsus sərt həyat hekayəsini məharətlə təqdim edir. Eyni fərqli assosiasiyalar yaratmaq "Köpük" hekayəsi üçün də səciyyəvidir.

 

Göründüyü kimi, Bəxtiyar Aslan həyatın əks qütblərini, tərs məqamlarını qarşılaşdırmaqla oxucunun gözü önündə təzadları səhnələri canlandırmaq missiyasını yerinə yetirir. O, heç bir məqamda oxucuya hazır nəticə təqdim etmir, əsərdən nəticə çıxarmaq üçün kiçik bir detalla düşünməkdən ötrü yer qoyur. Hekayələrində müəllif təhkiyəçi kimi çıxış etsə də, hazırqəlib yazıçı mövqeyini heç vaxt cəmiyyətə təlqin etmir. Bu cəhətdən Bəxtiyar Aslanın müxtəlif həyat hadisələri ətrafındakı gəzişmələri qeyri-ənənəvi olub, adilliklərə və təzadlara doğru baxışların real təzahürlərini meydana qoymağa xidmət edir. Bəxtiyar Aslan sürrealizminin diktə etdiyi mücərrədlikdən qaçıb, imkan daxilində çətin də olsa, aydın bir həyat səhnəsi canlandırmağa nail olur. Beləliklə, Bəxtiyar Aslan Türkiyə sürrealist hekayəsinin ən modern örnəklərini meydana qoyan yazıçıdır.

 

Avropa ədəbiyyatına inteqrasiyadan gələn meyllərin müəyyən təsirə malik olduğunu nəzərə almaqla, belə hesab etmək olar ki, Bəxtiyar Aslan Qərb miqya-sına çıxa biləcək Türkiyə hekayəçiliyinin əsas yaradıcılarından biridir. Yaxud da Bəxtiyar Aslan XXI əsrin Türkiyə ağırlıqlı Qərb hekayəçisidir. Tərəddüd etmədən demək olar ki, hansı bucaqdan baxıb dəyərləndirməkdən asılı olmayaraq, Bəxtiyar Aslanın "Ölüm və mavi quş", "Mirzəmin dərəsi", "Yasəmən yanğısı", "Aynadakı yolçuluq" hekayələri müasir dövrdə modern türk hekayəçiliyinin ən qiymətli nümunəıləri hesab oluna bilər.

 

Ən maraqlı cəhətlərdən biri bundan ibarətdir ki, Bəxtiyar Aslanın bədii formatın novatorluğu baxımından və üslub etibarilə, Avropa çapına çıxa bilən əsərləri yeni dövr türk hekayəçiliyinin yaradıcı şəkildə davam və inkişaf etdirildiyini göstərir. Bu hekayələr Türkiyə reallıqları ilə Qərb ədəbi meyarları əsasında yazılmış orijinal bədii örnəklərdir.

 

3 soruda Bahtiyar Aslan

 

Bəxtiyar Aslanın yaradıcılığında mənəvi dəyərlərin bədii inikası baxımından isə türk milli düşüncəsi əsas meyardır. Heç bir coğrafi anlayışın yer almadığı Bəxtiyar Aslanın nəsr əsərləri müasir türk düşüncəsi ilə yazılmış Qərb hekayələrinin mükəmməl modelidir.

 

Özünəməxsus sənətkarlıq keyfiyyələtləri ilə səciyyələnən Bəxtiyar Asla-nın hekayələri xarakterinə görə "səssiz hekayələr" adlandırılır. Onun indiyədək çap olunan bütün kitablarının adlarının əvvəlində bir qayda olaraq həmişə "Səssiz hekayələr" sözləri rəsmi olaraq yazılmışdır. Müşahidələrimə görə, səssizlik - təntənəli, dəbdəbəli hay-küylü olmaqdan uzaq olmaq, təmkinli bir davranış ümumiyyətlə Bəxtiyar Aslanın fərdi xarakteridir, həyat tərzidir. Onun şeirləri də ritminə görə saat əqrəblərinin səsinə bənzəyir. Səssizlik - Bəxtiyar Aslanın şəxsi xarakterinin və bədii yaradıcılığının özünəməxsusluğunu müəyyən edir. Bu halda səssizlik - Bəxtiyar Aslanın yaradıcılığının timsalında təmkinli bədii təhkiyə, məzmun etibarilə yığcamlıq və məna baxımından dərinlik deməkdir. Daha doğrusu, səssizlik - Bəxtiyar Aslanın bədii yaradıcılığının özünəməxsus danışan dilidir. Bəxtiyar Aslanın şəxsiyyətinin və yaradıcılığının fərdi xüsusiyyətlərinə yaxından bələd olanlar üçün səssizlik - sükunət, durğunluq deyil, təmkinli bir yazıçı gözü ilə bu dünyaya baxmaq, bulaq kimi sakit-sakit çağlayaraq həyata və insana düşüncə ilə nəzər salmaq və öz sözlərini ürək döyüntüləri kimi ifadə etmək mənasını daşıyır.

 

Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Bəxtiyar Aslanın publisistikası da rəngarəng və orijinaldır. Bəxtiyar Aslan, publisistikasında da həyatın adi anlarını, sadə insanları, gündəlik həyatın gedişatını ictimai hadisə səviyyəsində mətbuata gətirmək missiyasını uğurla həyata keçirir. Bu yolla o, həyatın çətin vəziyyətlərinin və maraqlı anlarının təbii ritmləri və adi əhvalatları vasitəsilə dünyanı və çevrəni dərk edərək təsvir etmək yolunu tutur. "Yazının kölgəsində" kitabındakı esselərində müəllif öz oxucusuna həyatı təkcə fərqli bucaqdan göstərməklə kifayətlənmir, həm də düşündürür. Bəxtiyar Aslanın "Bitməyən reportajlar" kitabında (2017) toplanmış müsahibələri də təkcə müsahibə apardığı maraqlı insanı deyil, həm də müsahibəni oxuyan hər kəsi düşünməyə çağırmaq üçün şərait yaradır. Bu, özü də həyatda düşünə-düşünə danışan Bəxtiyar Aslanın publisistikasının özünəməxsusluğunu müəyyən edir. Bütün bunlara görə "Bitməyən reportajlar" türk media dünyasının fərqli təzahürləri kimi qəbul edilir. Rəmzi mənada "Bitməyən repor-tajlar" Bəxtiyar Aslanın çoxcəhətli və bitib-tükənməz yaradıcılıq imkanlarını mənalandırır. Onun həyat və sənət yolunu bitməyən reportajlar adlandırmaq olar. Bəxtiyar Aslanın çoxcəhətli yaradıcılıq fəaliyyəti modern türk ədəbiyyatının və elmi fikrinin bitməyəcək reportajlarıdır.

 

Bundan başqa, Bəxtiyar Aslanın esseləri sənətkarlıq baxımından publisis-tika ilə bədii nəsrin qovşağında yazılan bədii-publisist əsərlər kimi yadda qalır. Esselərində də o, çətin həyat hadisələrini, sadə insanların həyat hekayələrini, bəzi hallarda isə sənət adamlarının mənəvi dünyasını ədəbiyyata gətirir. Bu məqamda da Bəxtiyar Aslan sürrealistdir. O, bədii-publisist əsərlərində həyatın gərgin, dolaşıq, çətin vəziyyətlərini təqdim edərək nəticə çıxarmağı oxucuya buraxmaq yolunu davam etdirir. Bəxtiyar Aslanın bir çox esseləri publisistika nümunəsi kimi səsləndiyi halda, bəzi esseləri hekayə təəssüratı yaradır. Eyni zamanda Bəxtiyar Aslanın bəzi hekayələri və esseləri mənsur şeir təsiri bağışlayır. Bundan başqa, Bəxtiyar Aslanın hekayələrini janr baxımdan mini-hekayələr adlandırmaq olar. Həcm etibarilə yığcam olan bu kiçik hekayələrdə yazıçı böyük mətləbləri və fikirləri ifadə etmişdir. Bəxtiyar Aslanın səssiz hekayələri türk ədəbiyyatında miniatür hekayə janrının mükəmməl forma və məzmuna malik olan müasir nümunələridir. Yazıçının bəzi hekayələri etüd təəssüratı yaradır. Belə hallarda müəllif həyatın seçilmiş bir anını ədəbiyyat hadisəsinə çevirməyi bacarır.

 

Bütün bunlara görə Bəxtiyar Aslan modern türk hekayəçiliyində və publi-sistikasında fərqli imza sahibi olmaq haqqı qazanmış yazıçı kimi qəbul edilir. Bu gün Bəxtiyar Aslan modern türk hekayəsinin və publisistikasının əsas yaradıcılarından biridir.

 

Bəxtiyar Aslan 1971-ci ildə Türkiyənin Qəhrəman Maraş bölgəsinin Elbistan kəndində dünyaya gəlmişdir. Elazığ Frat Universiteti Fənn - Ədəbiyyat fakültəsində bakalavr (1994), Muğla Universitetində magistr (1998) təhsili almışdır. Bir müddət Muğla Universitetində ədəbiyyat müəllimi kimi çalışan Bəxtiyar Aslan 2008-ci ildə İstanbul Universitetində "Cümhuriyyət dövrü türk roman qəhrəmanlarında kültürəl dilemma" mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir (2008).

 

Türkiyənin tanınmış ədəbiyyatşünas alimi, professor-doktor Ramazan Korkmazın rektorluğu dövründə Ərdahan Universitetində çalışan Bəxtiyar Aslan burada elmi-pedaqoji fəaliyyətlə yanaşı, bir sıra ədəbiyyat yönlü layihələri də həyata keçirmişdir (2010-2012). Həm də İstanbul Kültür Universitetində dərs deyən Bəxtiyar Aslan yeni elmi-ədəbi nəslin formalaşmasında yaxından iştirak edir. Hazırda o, Bandırma On yeddi Eylül Universitetində elmi-pedaqoji fəaliyyətini və Türkiyənin yeni nəsil ədəbiyyatçılarını yetişdirmək yoluna xidmət etməkdədir. O, yazıçı-ədəbiyyatşünas formatında fərqli bir müəllim kimi tələbələrin müasir dövrün tələbləri səviyyəsində formalaşmasına öz töhfələrini verir.

 

Ərdahan Universitetində ikən yazıb nəşr etdirdiyi "Türk ədəbiyyatı dəyərləndirmələri. Günəbaxan" kitabı ilə Türkiyə çapında tənqidçi-ədəbiyyatşünas kimi tanınmışdır (2012). Bəxtiyar Aslan türk ədəbiyyatının şəxsiyyətlərini və problemlərini vəhdətdə tədqiq edib dəyərləndirir, araşdırmalarında analitik təhlilə üstünlük verir. Onun Türkiyənin tanınmış ədəbiyyatçısı "Mühan Baliyə məktublar" adı ilə çap etdirdiyi orijinal bir kitabını ədəbi-elmi mühitə təqdim etməsi ədəbiyyat cəmiyyəti tərəfindən maraqla qarşılanmışdır (2015). Bir müddət araşdırmalara üstünlük verən Bəxtiyar Aslanın İstanbulda ikən hazırladığı "Türkcənin növbətini tutmaq - "Zeynel Beksaç və şeiri" adlı monoqrafiyası (2019) Bəxtiyar Aslanın dilçilik və ədəbiyyat tarixçiliyi sahəsində də zəhmətkeş bir tədqiqatçı olduğunu ictimaiyyətə çatdırır. Bəxtiyar Aslan Türkiyənin Cümhuriyyət dövrü ədəbiyyatının ta-nınmış tədqiqatçılardan biri, daha çox isə müasir ədəbi prosesin araşdırılıb incələnməsi ilə məşğul olan tənqidçi-ədəbiyyatşünas kimi elmi mühitdə də fəal mövqe nümayiş etdirir.

 

Elmi-pedaqoji fəaliyyətinin İstanbul mərhələsində Bəxtiyar Aslan Türkiyənin tanınmış, böyük ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin keçirdiyi tədbirlərdə yaxından iştirak etmişdir. Türkiyənin ən məşhur ədəbiyyatçılarından olan professor-doktor Əhməd Kabaklının 50 il əvvəl qurduğu Türk Ədəbiyyatı Vəqfi ölkə üzrə əsas ədəbiyyat mərkəzlərindən biri hesab edilir. Professor-doktor Əhməd Kabaklının 5 cildlik "Türk ədəbiyyatı tarixi"ndən uzun illərdir ki, Türkiyədə ali məktəblərin filologiya fakültələrində əsas dərslik kimi istifadə olunur. Əhməd Kabaklının müəyyən etdiyi Qərb yönlü türk ədəbiyyatçılığı konsepsiyası Türk Ədəbiyyatı Vəqfi və bu vəqfin dünənki təşkilatçıları üçün olduğu kimi, bugünkü daşıyıcıları, o sıradan Bəxtiyar Aslan üçün də fəaliyyət məqamıdır.

 

Hazırda Türkiyədə istedadlı şair və ictimai xadim kimi tanınmış Səvvət Kabaklının rəhbərlik etdiyi Türk Ədəbiyyatı Vəqfi çoxsaylı ədəbi-mədəni tədbirləri və qiymətli nəşrləri ilə ədəbiyyat cəmiyyətinin önündə gedir. Bəxtiyar Aslan artıq uzun illərdir ki, bu böyük ədəbiyyat cəmiyyətinin mətbu orqanı olan "Türk ədəbiyyatı" jurnalının redaktoru kimi fəaliyyətini uğurla davam etdirməkdədir. Türkiyədə nüfuzlu ədəbiyyat dərgisi kimi qəbul edilən, Avropada və Asiyada da yayılan "Türk ədəbiyyatı" jurnalının mövqeyinin daha da möhkəmləndirilməsində və beynəlxalq əlaqələrin genişləndirilməsində Genel Yayın Yönətməni - baş redaktor kimi Bəxtiyar Aslanın mühüm xidmətləri vardır. Çoxcəhətli fəaliyyətə malik olan Bəxtiyar Aslan "Türk ədəbiyyatı" jurnalının redaktoru olaraq, özünü həm də bacarıqlı naşir kimi isbat etmişdir.

 

Tanınmış Türkiyə yazıçısı və tədqiqatçısı Bəxtiyar Aslanın Azərbaycanla çox yaxın dostluq münasibətləri və işgüzar əlaqələri vardır. Azərbaycan Yazıçılar Birliyi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti, həmçinin, "525-ci qəzet"in kollektivi ilə sıx və işgüzar əlaqələri Azərbaycan-Türkiyə münasibətlərinin yeni dövrünün əhəmiyyətli səhifələrinin yazılmasına xidmət edir. O, Azərbaycanda türk ədəbiyyatının, Türkiyədə Azərbaycan ədəbiyyatının layiqli təmsilçisi kimi çıxış edir. Bütövlükdə Türk Ədəbiyyatı Vəqfi, "Türk ədəbiyyatı" dərgisi və bu mötəbər Vəqfi təmsil edənlər: Sərvət Kabaklı və qardaşları, İmdad Avşar və Bəxtiyar Aslan Azərbaycanla Türkiyə elmi-ədəbi mühitləri arasında qardaşlaşmanın - yaradıcılıq və əməl birliyinin əyani təcəssümüdürlər.

 

Bəxtiyar Aslanın redaktoru olduğu "Türk ədəbiyyatı" jurnalı demək olar ki, bütün saylarında Azərbaycanın ədəbiyyatşünas alimlərinin, yazıçı və şairlərinin məqalələrini davamlı olaraq çap edərək, Türkiyə ədəbi mühitinə və türk dünyası oxucusuna təqdim edir. "Türk ədəbiyyatı" jurnalının Azərbaycanın tanınmış elm adamları və yazıçılarına həsr edilmiş xüsusi saylarının çap olunması qardaş ölkə ilə əlaqələrimizin tarixinə yazılan mühüm ədəbi hadisələrdir. Bəxtiyar Aslanın Xalq şairi Sabir Rüstəmxanlıya həsr edilmiş "Dağların ruhu" kitabı onun müəllifinin Azərbaycan sevdasının qiymətli əsəridir. Türkiyədə kifayət qədər kitabları çap olunmuş Sabir Rüstəmxanlının yaradıcılığının qardaş ölkədə daha yaxından tanıdılmasında Bəxtiyar Aslanın "Dağların ruhu" kitabının mühüm rolu ayrıca qeyd edilməyə la-yiqdir. Bu, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının ömür yolu və sənət dünyasının işığında çağdaş Azərbaycan haqqında yazılmış qiymətli kitab kimi də cəlbedici və əhəmiyyətlidir.

 

Azərbaycan ədəbi mühüti də öz növbəsində Bəxtiyar Aslanın yaradıcılığına təsirsiz və diqqətsiz qalmamışdır. Azərbaycan Yazıçılar Birliyinin 2019-cu ildə çap etdirdiyi Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" kitabı ədəbi mühitdə çox böyük rəğbətlə qarşılanmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 8 noyabr 2019-cu il tarixdə "Üç Əqrəb zamanı" kitabının müəllifin iştirakı ilə keçirilən geniş təqdimat mərasimi Bəxtiyar Aslanın yaradıcılığına bəslənilən böyük maraqla yanaşı, həm də Türkiyədəki müasir ədəbi prosesin əsas inkişaf meylləri ilə tanışlıq cəhətdən də əhəmiyyətli ol-muşdur. Ədəbiyyat İnstitutunun əməkdaşlarının canlı müzakirələri ilə birlikdə tanınmış türk ədəbiyyatşünası, professor-doktor Ramazan Qorxmazın və Bəxtiyar Aslanın təqdimat mərasimindəki çıxışları "Üç əqrəb zamanı" kitabının ətrafında türk ədəbi-elmi fikrində gedən proseslərin gündəmə gətirilməsinə və diqqətə çatdırılmasına imkan yaratmışdır.

 

Bəxtiyar Aslan hazırda "Türk ədəbiyyatı" jurnalında redakorluq fəaliyyətini və həm də İstanbulun çevrəsində yerləşən Bandırma Universitetində ədəbiyyat müəllimi kimi öz işini uğurla davam etdirir. Bu günlərdə çapdan çıxmış "Türk ədəbiyyatı" dərgisində Mehmet Akif və İstiqlal marşı" kitabı Bəxtiyar Aslanın Cümhuriyyət dövrü türk ədəbiyyatına dair tədqiqatlarının yeni və əhəmiyyətli bir səhifəsidir. Bununla Bəxtiyar Aslan həm də ciddi bir ədəbiyyatşünas olduğunu bir daha möhürləmişldir. Bəxtiyar Aslanın ədəbiyyat haqqındakı aşağıdakı mülahizələri onun yazıçı və ədəbiyyatşünas kimi ədəbiyyatın mahiyyətini və vəzifələrini bütün dərinliyi ilə yaşamaq və qiymətləndirmək istedadının göstəricisidir: "Ədəbi mətnlər, ...hekayələr, şeirlər əslində bilərək və ya bilməyərəkdən... bizim ana Vətənimizdən uzaq düşdüyümüzdə ruhumuzda meydana gələn yaraları müalicə etmək, yaxşılaşdırmaq üçün vardır".

 

Tərəddüd etmədən demək olar ki, Bəxtiyar Aslanın əsərləri tam halda sağ-lam türk ruhunun və düşüncəsinin, müasir Anadolu vətəndaşının simasının nəinki fəal ifadəçisi, hətta carçısıdır.

 

Azərbaycanın yaxın dostu, tanınmış türk yazıçısı, ədəbiyyatşünası və naşiri Bəxtiyar Aslan 50 yaşını modern türk ədəbiyyatında layiqli yeri olan çoxsaylı şeir və hekayə kitabları, elmi tədqiqat əsərləri və naşirlik fəaliyyətinin zəngin hesabatı ilə qeyd edir. Dünən Bakıda "Qanun" nəşriyyatında çapdan çıxan "Yuxu mələkləri" hekayələr kitabı da Bəxtiyar Aslanın Azərbaycan oxucusu qarşısında verdiyi növbəti yaradıcılıq hesabatı olmaqla bərabər, həm də 50 illik yubileyə azərbaycanlı dostların hədiyyəsi kimi də əhəmiyyətlidir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi "Azərbaycandan baxarkən modern türk yazıçısı Bəxtiyar Aslan" araşdırma kitabı onun haqqında yazılmış ilk elmi kitab olmaqla yanaşı, həm də modern türk ədəbiyyatının əsas yaradıcılarından biri olan Bəxtiyar Aslanın həya-tının və ədəbi-elmi fəaliyyətinin əlamətdar hadisəsi hesab edilən 50 illiyinə Azərbaycan ərmağanıdır.

 

Dostumuz Bəxtiyar Aslanı ürəkdən təbrik edir və ona daha böyük uğurlar arzulayırıq.

 

28 iyun 2021-ci il

Şüvəlan

 

İsa HƏBİBBƏYLİ

525-ci qəzet.- 2021.- 3 iyul. S. 16-17.