Ceyhun Allahverdiyev: "Mövzunun doğmalığı
"Tac Mahal"ı yazmağıma böyük təkan verdi"
Tanınmış
bəstəkarımız, Əməkdar incəsənət
xadimi, professor Ceyhun Allahverdiyev daha bir ciddi
yaradıcılıq uğuru ilə sevindirib sənət
mühitimizi və musiqisevərləri.
Bu
yaxınlarda o, "Tac Mahal" adlanan üçhissəli
balet əsərini tamamlayıb.
Onunla
görüşümüzdə bu baletin yaranma səbəbi,
tarixi mövzusu, eləcə də ümumən bəstəkarın
yaradıcılığı haqqında söhbətləşdik.
***
-
Ceyhun bəy, belə bir balet yazmaq qərarına necə gəldiniz?
-
Orkestr üçün əsər yazmaq fikrim çoxdan
vardı. Ötən il karantinin yeni başladığı
günlərdə həmin əsəri yazmağa
başladım. Bir neçə günə bitirdim. Balet yazmaq
üçün isə illərdir mövzu
axtarışında idim. Çünki səhnə əsərinin
özünün spesifik xüsusiyyətləri var. Librettonun
müəllifi dəyərli alimimiz, Xəzər Universitetinin
rektoru Hamlet İsaxanlı ilə ara-sıra görüşəndə
o, təklif edirdi ki, iri həcmli bir əsər yazım.
Karantin vaxtı mövzu üçün zəng elədim.
Danışıq nəticəsində Tac Mahalla bağlı
mövzu təklif olundu, xoşuma gəldi. O, mənə bir
libretto göndərdi, özüm də tarixini
araşdırdım, sənədli filmlərə baxdım və
maraqlı gəldi. Birincisi, ona görə ki, dünyada məhəbbət
mövzulu əsərlər çoxdur, amma onların demək
olar ki, hamısında aşiqlər dünyadan nakam gediblər.
Bu isə bəlkə də yeganə əhvalatdır ki, burda
cütlük nakam həyat yaşamayıb.
İkincisi
isə, Tac Mahalın tikilməyinin səbəbkarı Cahan
şah türk tarixiylə bağlıdır. Ərazinin
Hindistanda yerləşməsinə baxmayaraq, XVII əsrin əvvəllərindən
ortalarına kimi - bu hadisələr yaşandığı
zamanda orda türk, İran və Hindistan mədəniyyətləri
qovuşuq idi. Hökmdarların hamısı isə türk
idilər.
Həmçinin,
çox maraqlı bir fakt da tapdım ki, Tac Mahalın şərəfinə
tikildiyi Mumtaz Mahal xanım Asəf xanın qızı idi, o da
Azərbaycan əsillidir. Abidənin memarları da türklər
olublar. İstanbuldan çağırılmış Memar
Sinanın tələbələri tikiblər. Tac Mahal abidəsi
bu gün dünyanın yeni 7 möcüzəsindən biri
hesab edilir. Hətta belə bir ifadə deyirlər ki,
dünyada iki insan tipi var: Tac Mahalı görənlər və
görməyənlər.
- Siz
hansı qrupa aidsiniz?
-
Orda olmamışam. Amma inandırım sizi ki, mən o abidəni
görmüşəm artıq. Çünki görmək təkcə
fiziki mənada deyil. O hadisələri iç dünyandan
keçirib bu əsəri yazmaq mümkün idi. Mən də
ruhən o hadisələrin içərisində idim artıq.
Beləcə, ötən ilin mart ayında başladım əsəri
yazmağa, mayın sonlarında bitirdim, özü də
birbaşa partiturayla. Demək olar ki, 3 ay yatmadım, gecə-gündüz
çalışdım, üçhissəli bu əsəri
yazdım. Mövzunun doğmalığı "Tac Mahal"
baletini yazmağıma böyük təkan verdi. Görkəmli sənətkarlarımızla,
musiqi bilicilərimizlə görüşüb əsəri dinləmişik,
müzakirə etmişik. Əsər haqda onların da
çox maraqlı fikirləri var.
-
Baletin aqibəti haqda nə düşünürsünüz?
-
Bizim balet tariximiz XX əsrin 40-cı illərindən
başlayıb. Dünya musiqi tarixi isə bizdən
çox-çox qabaqdadır. Amma onunla belə bu qısa
zamanda Azərbaycan dünya musiqi tarixinə çox
böyük baletlər bəxş edib. Əfrasiyab Bədəlbəyli,
Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Aqşin
Əlizadə və sair kimi sənətkarların
yazdığı əsərlərlə kiçik respublika
olmasına baxmayaraq, Azərbaycan XX əsr üçün
dünya musiqi tarixində möhtəşəm baletlər
silsiləsi yaratdı. Ona görə də bizdə balet ənənəsi
çox güclüdür. Bu, bir tərəfdən, şərəfli
məsələdir, digər tərəfdən isə bəstəkar
üçün çox çətindir. Çünki
özündən əvvəlki bu nümunələrin
qarşısında balet yazmaq böyük cəsarət tələb
edir. Bütün dövrlərdə iri həcmli əsərlərin
yaranmasında vasitə olan qüvvələr olub. Mən bu
gün öz dövlətimizə, aidiyyatı orqanlara
arxalanıram ki, bu əsərin üzə
çıxmasında öz dəstəklərini əsirgəməyəcəklər.
Çünki əsər təkcə bəstəkarın
çiynində gedə bilməz, mütləq dövlət dəstəyi
lazımdır. Vaxtilə Aqşin Əlizadə "Babək"
baleti haqda deyirdi ki, əgər Heydər Əliyevin köməyi
olmasaydı, bu əsər səhnə üzü görməyəcəkdi.
Baletin səhnələşdirilməsi çox ağır
işdir. Sənət mühitinin məlumatı var,
inanıram ki, kömək göstəriləcək.
Çünki bu, tək mənim məsələm deyil, Azərbaycan
mədəniyyətinin davamı, professional bəstəkarlıq
məktəbinin yaşaması məsələsidir.
Hazırda müəyyən səbəblərdən irihəcmli
əsərlərin yazılması məhdudlaşıb. Digər
ölkələrdə də balet çox yazılmır
artıq.
- Nə
kimi səbəblərdir onlar?
-
İlk növbədə mövzu tapmaqdır. Çünki sənə
qədər bir çox mövzu artıq işlənib. Mən
balet üçün mövzu axtararkən fikirləşirdim
ki, həm xalqımıza yaxın olsun, həm də bəşəri
mövzu olsun. "Tac Mahal" deyilən kimi bütün
dünya tərcüməsiz də anlayacaq. Ona görə də
çox axtarışdan sonra bu nəticəyə gəldim
ki, bunu yazmalıyam. İri həcmli əsərin
dramaturgiyasını tapmaq çox ağır məsələdir.
Eyni zamanda, bunun texniki mərhələlərdən keçməsi,
səhnə həlli də çətindir. Bu da bəstəkardan
əlavə güc, səbr tələb edir. Bugünkü həyat
tempiylə də hər bəstəkar bu işi üzərinə
götürə bilmir.
- Bu
müddət ərzində əsərinizi haralara və kimlərə
təqdim etmisiniz?
-
İlk olaraq Bəstəkar İttifaqında dinləmə
oldu. Hətta sədrimiz Mədəniyyət Nazirliyinə məktub
yazdı, əsər haqqında yüksək fikirlərini qeyd
elədi. Həmçinin, Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri, millət vəkili Qənirə
Paşayevayla görüşdük, o da bu əsəri
çox sevinclə qarşıladı, uğurlu iş kimi qəbul
etdi və dəstək olacağını dedi. Görək, nəticə
necə olacaq.
-
İstərdim bir az da musiqiyə qədəm qoyduğunuz 40
il öncəyə gedək. Dayınız Tağı müəllim
tarzən idi, qardaşınız da musiqiçi. Yəni
musiqinin içərisində böyümüsünüz. Həmin
illəri necə xatırlayırsınız?
-
Ümumiyyətlə, xoşbəxt insanam ki, ailəmdən də,
qohumlarımdan da həmişə qayğı görmüşəm.
Valideynlərimin də sözləri və öz
xatırladıqlarım qədəriylə, demək olar ki, 3
yaşımdan musiqiylə maraqlanıram. Əvvəl tar alətini
istəyirdim. Çünki dayım da tarzəndir.
Qardaşım Vasifin də, mənim də ilk müəllimimiz
o sayılır. Onun uzaqgörənliyi, iradəsi bizi belə
bir yola çıxartdı. Dayım və qardaşım
tarı evdə məndən gizlədirdilər. Çünki
onlar olmayanda götürüb tar çalırdım, ancaq
öz eşitdiklərim qədəriylə. Hacı Xanməmmədovun
konsertini sırf suluxla çalırdım. 1977-ci ildə - 5
yaşımda Sumqayıt Musiqi məktəbində
Ümumrespublika Musiqi müsabiqəsi keçirilirdi. Dayım
da orda iştirak edirdi. Məni də özüylə
götürüb aparmışdı. Hacı Xanməmmədov
da orda idi. Tara gücüm də çatmırdı, dizimin
üstündə çaldım. O, məni qucağına
qaldırdı, musiqi məktəbinin direktoruna dedi ki, bu
uşaq sizə əmanətdir. Dayıma isə dedi ki, tara
yox, fortepianoya qoyun. Etiraf edim ki, çox pis olmuşdum,
heç istəmirdim fortepianonu, tar istəyirdim. O da dedi ki, tar
çalmağı öyrənəcək, amma ona piano
lazımdır. İllər sonra başa düşdüm ki,
Hacı müəllim nə qədər uzaqgörən
imiş. Çünki fortepiano gələcəkdə bəstəkarlıq
üçün də, onun dünya musiqisinə daxil
olması üçün də ilk açardır. Beləliklə,
7 yaşımda mən həm orta məktəbə, həm də
musiqi məktəbinə başladım. Həmin vaxt 6 uşaq
əsəri yazdım. Əlbəttə, nota yaza bilmirdim, mən
çalırdım, qardaşım Vasif nota
köçürürdü. Onun xəttiylə də həmin
dəftər qalıb evdə. Sonra dayım bizi maestro Niyazinin
yanına apardı. O, mənimçün ən təsirli
görüşlərdən biri idi. Elə insanla canlı
ünsiyyətdə olmaq, fikirlərini almaq böyük hadisə
idi. Niyazi bizə qulaq asıb 2 saat sonra gəlməyimizi istədi.
2 saat sonra gələndə gördük Tofiq Quliyevi də
çağırıb. Həmin musiqiləri mənə yenə
ifa etdirdilər. Niyazi bütün məlumatlarımı
aldı ki, sən mütləq Bülbül adına məktəbə
gəlməlisən. Dedi, Sumqayıtdan Bakıya gəlməyin
üçün ev də kömək edəcəyik. Sonra qəzetdə
öz adıyla bir məqalə də yazdı haqqımda.
Qısa müddətdən sonra maestro rəhmətə getdi.
Həmin o 6 pyesi Niyazinin xatirəsinə həsr elədim və
kitaba daxil etdim.
O
dövrdə çox müsabiqələrdə iştirak
etdim, "13 yaşlı bəstəkar 100-ə yaxın musiqi
bəstələyib" başlığıyla çox sayda
qəzetlər haqqımda yazdı, televiziyada süjet
yayımlandı. 1987-ci ildə Musiqi Kollecinə daxil oldum. 2-ci
kursda oxuyanda Moldovada ümumittifaq musiqi müsabiqəsində
pianoçular arasında 1-ci yeri tutdum. Beləcə, 3 ilə
4 illik kolleci bitirdim. Sonra Musiqi Akademiyasında Arif Məlikovun
sinfinə daxil oldum. Eyni vaxtda paralel Elmira Əliyevanın
fortopiano sinfini oxudum. 1995-ci ildə diplom işim kimi ilk
simfoniyam olan "Azərbaycan" simfoniyasını
yazdım. Ona qədər 3-cü kursda Arif Məlikova həsr
elədiyim fortopiano üçün sanata yazmışdım,
60 illik yubiley tədbirində səsləndirmişdim. Orda Arif
müəllim əlimi qaldırıb demişdi ki, bu soyadı
yadda saxlayın, vaxt gələcək onu bütün Azərbaycan
tanıyacaq. İllər sonra Arif müəllim bu fikri bir daha
mənə xatırlatdı və gerçək olduğunu
dedi. Fəxr edirəm ki, mən həm də onun 27 cildlik
külliyyatının rəsmi redaktoruyam. Düz 6 il o kitablar
üzərində işlədim. Şərəf duyuram ki,
orda adım müəllimimin adıyla qoşa yazılıb.
-
Ustadınız Arif Məlikovdan sizə qalan ən
böyük miras nəyi hesab edirsiniz?
-
İnsanlıq. Onun bütün həyatı,
yaradıcılığı ilk növbədə
insanlığa bağlı idi. O, deputatlıq dönəmlərində
belə ölkəmizin ən çətin zamanlarında
xalqımız üçün çalışıb, nə
qədər insana kömək edib. Hətta bununçün dəfələrlə
həyatını da riskə atıb. O, mənə
kitabını bağışlayanda da belə bir söz
yazmışdı: "İnsan ol, hər şeyə nail
olacaqsan!"
- Bir
pedaqoq kimi gənclərimizin musiqi zövqündən
razısınızmı?
- Mən
gənclik, orta yaşa bölməzdim. Maraqlı, maraqsız tərəflər
var. Elə gənc olar ki, onun marağı da, zövqü də
böyüklərdən qat-qat artıqdır. Biz bu gün
maraqsızıqsa, ya maraqlandırmağın yollarını
tapmalı, ya da doğru istiqamətləndirməliyik. Əgər
bu gün açdığımız efir bizim
zövqümüzü korlayırsa, gəncliyi necə təqsirkar
bilək? Mən istərdim ki, məktəb, kollec və
universitetlərdə yaradıcı insanlarla, elm adamlarıyla
mütəmadi görüşlər keçirilsin. Sənət
insanlarıyla görüş tələbələr
üçün, auditoriya üçün nümunə ola
bilir. Mənə elə gəlir ki, bu işdə sistem
qurulmalıdır və o sistem geniş şəkildə
işləməlidir. Bəs nədən başlamaq
lazımdır? Məncə, hər kəs özündən
başlamalıdır. Yaxşı həmişə dərində
olur, onu tapıb ordan çıxarmaq lazımdır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.-
3 iyul. S. 18.