Bizi bizə tanıtdıran həyati obrazlar
Gənc yazıçı Pərvinin
yaradıcılığında realizm ştrixləri
Çox
əsərlər oxuyuruq, çox
surətlər görürük,
təhlil edirik. Amma özümüzü tapmaq
yeni planet kəşf etməyə bərabər
olur. Onda da ətrafdakılardan çəkindiyimizdən səsimizi
bərk çıxarmayıb
astadan deyirik: əhsən bu duyum və qələm
sahibinə. Buna realizm deyirlər ki, söz sənətinin
yarandığı gündən
kimlik, yaşam pasportudur. Ehtiyac bol-bol kitablar,
əsərlər çeşidində
bizlərə seçimi
təhmil edir. Bu da yazarın
gücü, qələbəsi,
ən böyük mükafatıdır.
Ədəbiyyatımızda qəribə bir tendensiya formalaşıb. Realizm əksərən
tarixi şəxsiyyətlərin,
məşhur, tanınmış
insanların təftişi
kimi dərk olunur. Elə zənn edilir
ki, həmin ifadə yalnız bu qəbildən olan insanların boyuna-buxununa biçilib.
Elə baxışların
yanlışlığı Lev Tolstoyun, M.F.Axundovun, Mirzə
Cəililin, Anarın və digər böyük söz və fikir adamlarının
yaratdıqları kiçik,
fəqət fəlsəfi
obrazları çoxdan
alt-üst edib.
Müasir sənətimizin, xüsusilə nəsrimizin də belə obrazlar sarıdan korluq çəkməsi hər gün evdə, qonşuda, işdə, ictimai yerlərdə... gördüymüz, fəqət xarakterik cəhətlərinin təqdimatına girişməyə ehtiyatlandığımız insanları realizmin hüdudlarından kənarda saxlayır. Gənc yazıçı Pərvinin "Qanun" nəşriyyatında işıq üzü görmüş "Serpantin"i sübut edir ki, o çərçivəni sındırmaqla da ədəbiyyatımza sanballı töhfə vermək mümkündür. Çünki burada əksərən böyründən etinassız keçdiyimiz insanların, yəni qiraətçilər camiəsindən qopmaqda, uzaqlaşmaqda olan əksəriyyətinin özü var ki, qayıdış hər tərəfin nəfinədir. Sənət o zaman böyüklüyə iddialı ola bilər ki, xalqın bütün zümrələri yaşından, statusundan, sosial vəziyyətindən asılı olmayaraq burada öz obrazlarını axtaranda əli boş qalmasın. Pərvin Nurəliyeva da "Serpantin"i ilə könhə steoretiplərə meydan oxuduğundan ətrafına çoxlu oxucu toplayacağına şəkkim yoxdur. Niyəsini mən yox, annotasiya məzmunlu cəmi altı cümləlik mətn aydınlaşdırır: "Kitabda yazıçı Pərvinin son illərdə qələmə aldığı hekayələri və monopyesi yer alıb. Bu mətnlərdə böyük adamları axtarmaq yersizdi... Bu kitabda dünyanın qlobal bəlaları da yer almayıb... Belə isə oxumağa dəyərmi "Serpanitin"i? Oxumalısan, çünki orda SƏN varsan! Bəli, SƏN!" İndiyədək hər hansı kitabda belə təkidlə üzləşməmişəm. Pərvinin xarakterinə, xüsusən yaradıcılığındakı ibrətamiz döyüşkənliyinə bələd olduğumdan bunu həm də yazarlarımızın müəyyən qisminə yönəlik göydən-yerə enişə, yəni realizmin bütün cinahlarına baxışa çağırış saydığımın fərqindəyəm. Surətlər, obrazlar heç vaxt ədibi gözləmir, sürətlə böyründən gəlib keçir. Kim salamladı, ayaq saxladı, söhbətə tutdu, yazdı qabağa düşəcək. Pərvin isə "unudulmuşlara" doğmalığı ilə nəsrimizin, xüsusilə gənc cinahına nümunə göstərməkdədir.
Maraqlı paradoksun üzərində xüsusu dayanmaq istəyirəm. Onu tanımayan, yaxud ilk dəfə əsərlərini oxuyanlarda kitabdakı 11 hekayə və bir monopyes elə təsəvvür yarada bilər ki, müəllifi heç olmasa 50-yə yaxınlaşır. Pərvin Nurəliyeva isə hələ bu rəqəmin tən yarısında ədəbi ictimaiyyətin diqqətini çəkib. Bakıda doğulub boya-başa çatdığı ailədə mütaliə onun da mənəvi qida rasionunda xüsusu yer tutub. Səbr, zəhmət, düşüncə, ədəbi qəhrəmanlarla daxilindəki mənəvi mükalimələr və nəhayət, istedad, qəlbinin, qələm və kağızın hökmü ilə diktə edilən fikirlər, lövhələr...
Pərvini kəşfimin 10 ilə yaxın yaşı var. Tanınmış redaktor həmkarlarımdan biri kitabını mənə verib oxumağımı tövsiyə etmişdi. Sonda vaxtımın boş getmədiyi üçün müəllifə təşəkkürümü bildirmişdim. Bundan əvvəlki hadisədən isə mütləq söhbət açmaq istəyirəm. Söz elə həmin vaxtlara çəkər. Mətbuat Şurasının Mədəniyyət Nazirliyi ilə birgə müsabiqəsində maraqlı vəziyyət yaranmışdı. 20 ildən yuxarı müsabiqədə iştirak etməyən yaşlı jurnalist bütün qüvvəsini səfərbərliyə alaraq şedevrə imza atmışdı. Söhbət əsnasında yazdıqlarının məziyyətindən danışarkən bildirdi ki, onun qəhrəmanı elə özünün bioqrafiyasının oxşarıdır. Buna görə cizgilərin təsvirində çətinlik çəkməyib. Digər qalibdən də bənzər fikirləri eşitdik. O, illərlə sənətindən zövq aldığı, yaradıcılığını, bioqrafiyasını dərindən araşdırdığı qəhrəmanının real təsvirinə cəhd etdiyini vurğuladı...
Elə isə illər ötəndən sonra püxtələşən Pərvin xanımın oxucu ilə təkid dilində danışmasına təəccüblənməyə dəyərmi!?! Bu müddətdə onun müxtəlif nəşriyyatlarda çapdan çıxan kitablarının, sanballı yaradıcılıq müsabiqələrində aldığı mükafatların adlarını sadalamıram ki, zəhmət çəkib internetdə axtarış versələr, hamını qane edə biləcək zəngin siyahı üzə çıxacaq. Məncə, qiymətli vaxtınızı, sərlövhədə qeyd olunan müasir nəsrimizdə realizmin Pərvin strixləri, yaxud bizi bizlərə tanıdan həyati obrazlara yönəltmək daha məqsədyönlüdür.
Əziz oxucu, ani də olsa birinin adını çəkməyimi fikrimdən daşınma əlaməti sayma. Bakının "Mütərcim" nəşriyyatının 2019-cu ildə buraxdığı 575 səhifəlik "190 yaşlı həmdəmim" kitabını ən azı ona görə vərəqləmənizi məsləhət görürəm ki, "Serpantin"in təməlinin oradan atıldığının qənaətinə gələsən. Esselərin başlanğıcı və zirvələri "190 yaşlı həmdəmim Tolstoy"dur. Yarımsərlövhələrə baxaq: "Tolstoy-Allah!", "Tolstoy-Çar!", "Tolstoy-Kişi!", "Tolstoy-Qadın!", "Sonun sonsuzluğu", nəhayət "P.S. Ölümdən sonrakı həyat..." Çox az məşhurun tale qismətinə düşən reallıqların yüksək sənətkarlıqla təsviri.
Kitabın "Şəxsiyyətlər" bölməsindəki digər 50 obraz da orijinal lövhələrlə təsvir olunsa da, müəllif tamamilə doğru hərəkət edərək epiqrafa uyğun sərlövhə seçib.
Böyük sənətə doğru istiqamətlənən yolun hamarlığını düşünənlər yanılırlar. "Serpantin" də əyri-üyrü yol mənasını verir. Əslində, həmin istilah həyat simfoniyasıdır. Düşünsən ki, hər tərəf hamar şossedir, ayaqların, maşının təkərləri çala-çuxurdan sığortalanıb, yanılarsan. Uşaqlıqdan bizləri yamaclara, yoxuşlara hazırlamalıdırlar ki, böyüyəndə dizimiz yerə gələndə, tənzifə ehtiyac duyanda ah-uf etməyək, gizlində göz yaşı axıtmayaq. Pərvinin də "Serpantin"i insanlara dözümlü, sədaqətli olmağı təlqin edir. Hekayədəki müharibədən qayıtmayan qardaşının yadigarını - pencək-şalvarını göz bəbəyi kimi qoruyan nənənin hisslərini duymaq təbii ki, uşaqlar üçün əl çatan deyil: "Nənəm üçün toxunulmaz olanlar bizlərdən ötrü oyun-oyuncaq idi". Bu sətirlər sizlərə də nəyisə xatırladırmı? Yaxşı yadımdadır, nənəm də alman faşistlərinə qarşı vuruşan əmimin və qardaşının yadigarlarına kiminsə yaxınlaşmasına imkan verməzdi.
Serpantin" işıq üzü gördü
Pərvinin bu hekayəsini də digərləri kimi səbrlə, düşüncələrə dala-dala oxudum. Üslubun orijinallığı öz yerində, ən baçlıcası şirin dil oxucunun yardımçısıdır. Yazıçı yaşından çox-çox irəli gedərək hazırda az qala arxaikləşən sözlərimizi səxavətlə işlədir. Məni məzəmmət etməyin - neçə müasir yazıçı tanıyırsınız belə rəvan yazır? Jurnalistkamızın isə dilini ortaya qoyub ağlayanını axtarmaq lazımdır.
"Serpantin"də güclü nümunələr yer alıb. Bir halda ki, "Xalis xilas..." hamısından daha çox diqqəti çəkəndir, niyə kitaba başqa ad seçilib? Cavabı sadə və məntiqidir: bütün insanların taleyində serpantin - ilan kimi qıvrılan əyri-üyrü yollar var. Səni zirvəyə də aparar, uçuruma da yuvarladar. Pərvinin qəhrəmanları da yollardadır, necə gedirlər, yazıçı sanki onlarla birgə addımlayır, sanki onlara yoldaşdır, müsafirdir.
Məndə bir oxucu olaraq bütün hekayələr həzin hisslər oyatdı. Təkrar olmasın, bir daha demək istəyirəm ki, "Xalis xilas" daha çox həzin duyğular yaşadanı oldu. Yalnız hekayənin sonunda aydınlaşır ki, yazıçının amansız həyatla bağlı duyğularını bölüşdüyü övladıdır. Şirin-şəkər bala həm də lirik mənidir: "Bütün dünyadan küsdüyüm, hər şeyə inamımın sarsıldığı bir vaxtda gəldin... Bütün sözlər deyilmişdi, hisslər yaşanmışdı, arzular yerinə yetmiş, qalanları da mənasını itirmişdi... Bəlkə əslində, sadəcə yaşamaq maraqsız idi!!! Amma..."
Hə, məsələ də elə ammadan başlayır. Yox, belə getsə, gərək hekayənin yarısını sitat gətirim. Qısası, müəllifə "sağ ol"la missiyamı bitirmək istəyirəm. O isə sözlə göz önündə real lövhələr cızır, hamısı gündəlik yaşantılarımızın cizgiləridir. Müəllifi yoran onu əhatə edən mühitdə mənəvi qadağaların qüvvəsini itirməsidir. Məhz belə sərbəstləşən, "azadlığın" nəticəsdir ki, "Hava limanında" sərbəst davranan, öpüşə-öpüşə calayan sərnişin qızların müəyyən hissəsi geri ağır çantasını təkbaşına darta-darta daşıyır.
Pərvinin bir fikri müasir ədəbiyyatımızın, mətbuatımızın faciəli durumuna işıq saçır: "Heç kim oxumur, amma hamı yazır və özü haqqında yazdırır!!! Bilirəm indi kitablarımı bir-birinə qatışdırıb - bəs sən niyə yazırsan soruşacaqsan! Cavab çox sadədir: özümü işdə basdırıram, ya da işlə basdırıram..." Acı etirafdır, amma düz sözə nə deyəsən. Cəmisi altı səhifədə yaradılan şedevr.
Pərvin qəhrəmanlarını, obrazlarını uzaq-uzaq əlçatmaz yerlərdən axtarıb tapmır. Onlar ətrafımızdadır, çoxları ilə gündəlik salamlaşır, hal-əhval tuturuq. İmkana uyğun xeyirxaqlıqlarını əsirgəmirlər, dərdlərini unudub başqalarına əl tuturlar, hətta gündəlik ruzi naminə Kolya kimi ferma işlədir, maşınını özü təmir edir, xırda-xuruş işlərlə başını qatır.
"Kəfən pulu" hekayəsi xalqımızın ata-baba yadigarı olan dar gündə imkansıza əltutma adətinin hələ qəbirə qoyulmadığını göstərir. Özünə 25 min manat kəfən pulu yığan Çingiz müəllimlə qəbiristanlıq dəllallarının onun gələcək hüzrünün götürülməsi üçün sövdələşmələri həmin şəxslərin iç üzünü açır. Nə qədər acınacaqlı da olsa deməliyik ki, fırıldaqçılar belə yerləri də kommersiya məkanına çevirməyi bacarıblar. Hekayə ibrətamiz sonluqla bitir. Çingiz müəllim bank hesabında olan həmin pulu kasıb ailənin övladının ölümdən qurtarmasına sərf edir.
Kitabda kiçik, amma böyük təsir bağışlayan obrazlarla rastlaşırıq. Təxminən 30 il əvvəl eşitmişdim ki, Şamaxı postunda bir mayor var, əfqan müharibəsi veteranıdır, yanğın dərisini tanınmaz hala salıb, postda sakitcə dayanıb heç kəsi saxlamır. Sürücülər isə işarə gözləmədən maşınlarını düz yanına sürüb gündəlik ruzisini verirlər. "Yollar yorğunu" hekayəsində təqdim olunan o obraza istər-istəməz bir rəğbət var.
Yeni nəşrdə son nəfəsində Şuşanı görmək istəyən ananın - məcburi köçkünün başını başqa bir mənzərə ilə qatırlar ("Çarəsiz yalan"). Gəncədəki məşhur güşə ("Avara bağı") elə real lövhələrlə təsvir olunur ki, sanki müəllif bu qədim yurdda doğulub.
Sonda "Mən öləndə ağlama..."
bir pərdəli monopyesin
ətraflı təhlilini verməkdən ona
görə yayınırıq ki, rejissor A.Osmanovanın Gənc
Tamaşaçılar Teatrında tərtibatını verdiyi, aktrisa Səbinə
Məmmədovanın Leyla obrazını
canlandırdığı əsər artıq tamaşaçı xeyir-duasını
qazanıb. Biz də əminik ki, Pərvin xanımın getdiyi
həyat yolu onu
yaradıcılığının zirvəsinə qovuşduracaq. Uğurlar
arzulayıram!
Əflatun AMAŞOV
525-ci qəzet.- 2021.- 3
iyul. S. 19.