Əliqismət
Lalayev: "65 yaşın 25-ci aşırımına
qayıtmaq istərdim..."
Çoxlarının
yaxşı tanıdığı insan haqqında yazmaq həm
asandır, həm də çox çətin! Asandır,
ona görə ki, onun bütün həyatı, fəaliyyəti,
arzu-istəkləri, yaşam tərzi dəfələrlə
müxtəlif rakurslardan dilə gətirilib, səsləndirilib.
Çətindir, ona görə ki, sanki hər şey deyilib,
yazılıb, sözlər, söhbətlər, xatirələr
təkrarlana bilər...
Bir yandan
da düşünürsən ki, xasiyyətinə, iş
üslubuna, ailə-məişət qayğılarına bələd
olduğun, ictimai-mədəni aləmində deyəcəklərinə
və həyatın ən kritik anlarında belə, "bir
ümidin" ətəyindən tutub dirçəlməyi
bacaracağına inandığın, güvəndiyin biri ilə
həmsöhbət olmağa nə var ki?
Beləliklə, yenə həmsöhbətimiz Əliqismət
Lalayevdir.
Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının direktoru, 6 nəvənin
babası, böyük bir nəslin və
tanıdığı müxtəlif xarakterli yüzlərlə
qohumun, işçinin, tanışın qeydinə
qalmağı özünə borc bilən bir insan və nəhayət,
mənim illərin sınağından çıxmış əziz,
ən çətin anlarda bütün ailə üzvləri
ilə bərabər yanımda hazır olacaq dostum.
Onun haqqında 50-sində, 55-ində, 60-ında da
yazmışdım. Amma bu dəfə 65-in haqq-hesabını
aparmalıyıq, ömrün aqillik, yetkinlik
çağında, dünyamızın nigaran, səksəkəli
bir dönəmində, təkcə "nə var, nə
yoxla?" - kifayətlənmək
niyyətində deyiləm. Artıq mən də
bəlli bir təcrübə sahibiyəm və onilliklər
boyu sadiq qaldığım məsləyimin, necə deyərlər,
"sanbalını, çəkisini, brendini" qoruyub
saxlamağa borcluyam. Odur ki, Əliqismət Lalayevin 65
illik ömrünün imtahan sualları da bu dəfə bir az fərqli olacaq.
***
- Fridrix
Nitsşenin məşhur "Həyat şərtləri
çətindir, ancaq bu barədə çox
düşünsən, bədbinləşə bilərsən",
- fikrini belə tamamlamaq istərdim ki, bu bədbinlik də sənin
əlini-qolunu bağlayıb irəliləyişinə mane
olar! Siz necə
düşünürsünüz? Həyat
nədir?
-
Nitsşe çox məşhur alman filosofudur,
ağıllı və müdrik olmasaydı, dünya onu
çoxdan unutmuşdu. Onun həyat fəlsəfəsi bu qədər
sadə və bəsit məntiqə sığışa bilməsə
də, o, yaxşı bilirdi ki, həyatın onu yaşayanlardan tələbi,
haqq-hesabı tamam başqa bir müstəvidə cərayan
edir... Mənimçünsə həyat daima hərəkətdir,
axtarışdır, mübarizədir, bu əbədi
döyüşdə qalib gəlmək də var, məğlub
olmaq da! Əsas odur ki, düşəndə qalxmağı,
büdrəyəndə tarazılığını
qorumağı bacarasan! Həm də həyat ona
görə hər kəsə şirin, doyulmaz və
maraqlıdır ki, onu hazır reseptlə yaşamaq
mümkün deyil. Nə qədər planlı yaşamaq
istəsən də, həyat zaman-zaman öz redaktəsini
mütləq edəcək!
- Əminəm ki, siz də, Cəlaləddin Ruminin təbirincə
desəm, "həyata əylənmək üçün
deyil, öyrənmək üçün gəlmisiniz!"
- Mən
elə bir ailədə doğulub böyümüşəm
ki, orada evin ən gözəl, ən qiymətli və özəl
bəzəyi kitab, sərvəti məhəbbət,
var-dövləti səmimiyyət və hörmət olub. Atam Hümmət Lalayev uzun illər Salyanda rəhbər
vəzifələrdə işləyib, bu gün də onu
hörmətlə anırlar, ruhuna dua edirlər. O, bizi -
məni, qardaşımı və bacılarımı da bu
ruhda böyüdüb; həyatda
qarşılaşdığınız çətinlikləri
özünüz dəf etməyə çalışın,
minnətli çörək yeməyin, heç kəsin
haqqına girməyin, kasıba əl tutun, yıxılanı
qaldırın! - onun nəsihəti də,
vəsiyyəti də belə olub.
- Pifaqor
deyirdi ki, batan günəşin kölgəsində
ölçülərinə görə özünü
böyük zənn etmə, günəş çəkilən
kimi həqiqət üzə çıxacaq!
- Təəssüf
ki, bir çoxları Pifaqorun bu müdrik fikirlərindən xəbərsizdir,
bəlkə ona görə dünyanın düzəni tez-tez
pozulur, insanlar əziyyət çəkir. Mən
atamdan eşitdiklərimi, gördüklərimi bu fikirlərə
əlavə etmək istəyirəm. Atam deyərdi ki,
kimsənin haqqı kimsədə qalmaz, nə bir misqal
artıq, nə bir misqal əskik! Ona görə
mən həmişə hər kəsə münasibətdə
dürüst olmağa çalışmışam, heç
kəsə bilərəkdən və ya düşünərək
pislik, yamanlıq eləməmişəm.
- Məşhur
ingilis milyarderi Riçard Branson belə düşünür
ki, "bütün həyatım boyunca öyrəndiyim və
həmişə əməl etdiyim dərs - hər zaman cəhd
etmək, təslim olmamaqdır". Siz necə
düşünürsüz? Öyrənmək
həmişəmi lazımdır, yoxsa köhnə biliklərlə
təzə dünyadan da rahatca baş çıxarmaq olar?
- Məncə,
bu gün qlobal dünyanın hər an dəyişən,
yenilənən inkişaf sürətinə yetişmək
üçün gərək təzədən doğulasan. 21-ci əsr əvvəlki yüzilliklərə bənzəmir.
Dünya dəyişir, yenilənir, insanların həyata
münasibəti, düşüncə və yanaşma tərzi əvvəlki illərdən
xeyli fərqlidir. Görürsüz ki, 6-7 yaşlı
uşaqlar ən mürəkkəb telefon proqramlarını
biz yaşlılardan daha yaxşı mənimsəyir, onun mürəkkəb
iş rejimindən çox qısa zamanda baş
çıxarmağı bacarırlar. İndi informasiya almaq,
planetin hər hansı bir ölkəsi haqqında,
tanınmış insanlar, məşhur şəxsiyyətlər,
baş vermiş hadisələr
barədə məlumat toplamaq çox sadə işdir, yetər
ki, əlindəki cihazın bir barmaq toxunuşu qədər
asan və əlçatan funksiyalarını mənimsəyə
biləsən. Düşünürəm ki, bu
gün həyat və yaşamaq uğrunda mübarizə
aparmaq daha çətindir. Təbii ki, şair demiş:
"Mübarzə bu gün də var, yarın da, biz də
onun ön sıralarında!" Mübarizəsiz
də heç nə əldə etmək mümkün deyil.
Həyatın mənası,
möhtəşəmliyi və gözəlliyi, insanı digər
canlılardan fərqləndirən də məhz budur! Həmişə düşünürəm ki, mənim
məxsus olduğum ailə 10 milyonluq Azərbaycan ailəsindən
heç nə ilə fərqlənmirdi. Sadəcə
valideynlərimiz bizə düzgün tərbiyə verə
bildilər, əsl insan, əsl vətəndaş, vicdanlı
övlad kimi yetişdirməyi bacardılar! Məncə, bu
dünyanın bütün inkişaf dövründə, həm
xoşbəxt, həm də ən gərgin zamanlarında
insanlıq üçün vacib keyfiyyət sayılıb və
bundan sonra da
belə olacaq!
Biz böyük bir ailəydik. Bu ailənin ağsaqqalı,
yolgöstərəni, çörəkgətirəni atam idi.
Hər zaman ciddi, tələbkar, el içində hörməti-izzəti
olan bir şəxsiyyət! Çörəkverən kişi olub, el qayğısı çəkib,
hər kəsə əl tutub, amma heç vaxt əvəz
gözləməyib, bizi də gözütox, əliaçıq,
dürüst böyüdüb. Atam sərt adam
idi, onun güldüyünü, zarafat etdiyini heç
xatırlamıram. Sözü bircə dəfə
deyərdi və o söz də müzakirə olunmazdı.
Çünki özü onu yüz
ölçüb, bir biçdikdən sonra ağzından
çıxarardı. Lakin
övladlarına sevgisi bambaşqa idi. Dərslərimizə
nəzarət edərdi, arzu-istəklərimizlə
maraqlanardı, ehtiyaclarımızı ödəməyə
çalışardı, bizim ən sadə
suallarımızı da cavabsız qoymazdı.
Anam! Anamsa... bir mələk idi. Sakit, səssiz,
mülayim, ailəcanlı, hər birimizin üstündə
yarpaq kimi titrəyən! Qəribədir ki, şəxsən mən
onun gücünü, varlığını atamın
yoxluğundan sonra daha çox hiss elədim, onun hər
addımda yanımızda olduğunu, büdrəyəndə
qolumuzdan tutduğunu, xəstələnəndə səhərə
qədər yastığımıza dirsəklənən
gördüm. Bu yəqin ki, həmişə belə
olmuşdu, ancaq mən atamın zəhmi ilə çulğalanmış
sevgimin bolluğundan bunu hiss etməmişəm! Sonralar
anladım ki, bütün gözəl, qayğıkeş
analar kimi mənim anam da bizim üçün öz
ömrünü şam edib, ən gözəl
arzularını, istələklərini bizə qurban veriblərmiş!
Sonra ta həyatının sonunadək gözünü
gözümdən, əlini əlimdən ayırmadım!
Anamdan sonra mən bildim ki, onun kimi ana, nənə, xanım
olmaq hər qadına nəsib olmur... O çəlimsiz, zərif
Qadının çox böyük ürəyi, çox
güclü iradəsi varmış, yoxsa o boyda
ağırlığa, o boyda qarğaşaya dözmək hər
xanımın hünəri deyil. Məncə,
indi qızım Əzizə də elə adını
daşıdığı nənəsi kimidir; işgüzar,
hər çətinliyin öhdəsindən təkbaşına
gəlməyə qadir olan bir anadır, həyat
yoldaşıdır. Əzizə 4 nəvəmin
anası, bacısının da qayğısını çəkməyə
vaxt tapan, onun övladlarının da hər işinə
yetişən xaladır. Onun əksinə,
Nurlana, o qədər zərif, o qədər duyğusal, o qədər
nəzakətli və kübardır ki, hərdən anası
ilə mən ona deyəcəyimiz hər kəlməni
ölçüb-biçməyə
çalışırıq. Qızlarım mənim
qoşa qanadım, ürəyim, nəfəsim, nəvələrimsə
bu dünyada nəslimin davamçıları,
arzularımın meyvələridir! Əminəm
ki, onlar bu cəmiyyət üçün də faydalı vətəndaş
olacaqlar.
- "Bir adamı tanımaq istəyirsənsə, onun
haqqında deyilənləri yox, onun başqaları haqqında
nə dediklərinə fikir ver!" - bunu da aqillər
deyib, - mən sizi tanıdığım bu uzun illər ərzində
hər kəs haqqında həmişə yaxşı fikir
söyləmisiniz, istər iş yoldaşlarınız olsun,
istər rəhbərlik etdiyiniz kollektivlərin üzvləri,
istərsə də tanışlarınız,
dostlarınız. Sizcə, bu gün daha
çox dedi-qodu, pıç-pıç xoşlayan cəmiyyətdə
bu, mümkündürmü?
- Həqiqət
budur, quru palçıq divara yapışmayan kimi, şər-böhtan
da təmiz, səmimi adamın hörmətinə xələl
gətirə bilməz. Əgər danışmaq
üçün mövzu qıtlığı çəkmirsənsə,
ailəni, övladlarını, vətənini, millətini
qoruyursansa, hər bir insana da məhz bu yöndən yanaşmalısan!
Niyə insanlar qeybət edirlər? Çünki dayaz, tənbəl və
bacarıqsız adamlar həmişə özlərinə
yoldaş axtarır, layiqli insanlar haqqında şayiələr
yayır, onların işinə pəl vurur, onların
gördükləri işlərin dəyərini azaltmağa
can atır. Bu da bütövlükdə və
cəmiyyətin inkişafını ləngidir, adamların əlini
işdən soyudur.
-
Çinlilərin gözəl bir atalar sözü var:
"Əgər bir yerdə kiçik insanların kölgəsi
böyüyürsə, demək o yerdə Günəş
batır". Ancaq Volter də yaxşı deyib:
"Abırlı adamı təqib etmək olar, amma hörmətdən
salmaq olmaz!"
- Gərək
insan Haqqı hər zaman müdafiə etsin ki, anlayan olmasa belə,
vicdanına hesabat vermək əzabından xilas olsun! Bilmirəm, bəlkə səhv yanaşmadır,
ancaq mən belə düşünürəm.
- Hər
bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,
bu, günahdır. Hər bir gözəllikdə onun yüksək
mənasını görənlər mədəni
insanlardır, əsl insan isə gözəllikdə elə
gözəlliyi görməyi bacaranlardır - bunu da Oskar Uayld
söyləyib.
- Mənsə
həyatın mənasını yorulmadan işləməkdə
və çətinliklərlə döyüşməkdə
görürəm.
-
Müsahibələrinizdə bir neçə dəfə
"ömrümün 25 yaşına qayıtmağı
çox istərdim!" - deyirsiz. Sizcə, 65 ilin ən unudulmaz anları oradamı cəmlənib?
Axı siz hər zaman, harada işləməyinizdən
asılı olmayaraq, vicdanla
çalışmısınız, vəzifə borcunuzu layiqincə
yerinə yetirmisiz!
- İş mənim üçün heç vaxt saat
9-dan 18-dək davam edən vəzifə öhdəliyi
olmayıb. Mən seçdiyim sənətə
vurğunluğumu, sevgimi maddi qarşılıqla ödənməsini
gözləməmişəm, sadəcə işimi
görmüşəm, arzularımı gerçəkləşdirmək
fürsəti tapdığım üçün xoşbəxt
olmuşam. Təbii ki, 25 yaşda bir gəncə
həmişə elə gəlir ki, dünyanı çiynində
daşımağa qadirdir. Bəlkə o yaşa bir də
ona görə dönmək istəyirəm ki, onda özümə
rəqib ola biləcək bir kimsə yox
idi yanımda. Enerjili, ürəyi sənət
eşqi ilə çırpınan və səhnədə
möcüzələr yaradacaq qabiliyyətdə olduğuna
inanan bir gənc idim və mənim - qərib bir salyanlı
balasının bu iddialı davranışı
çoxlarına maraqlı gəlirdi. Bəlkə də
həyatın və səhnənin hər üzünü
görən yaşlı insanlar ürəklərində mənə
gülürdülər o vaxt: "Hə, gəl, bala, gəl,
hələ sən bu dünyanı tanımırsan, onun
neçə bucaq oduğunu bilmirsən", - deyirdilər. Mən indi onların yaşındayam, bəlkə də
çoxundan böyüyəm, amma mənim onlardan fərqli
olaraq gəncliyin yoluna kötük itələmək kimi bir məzacım
yoxdur. Əksinə, istedad işartısı
gördüyüm, kreativ düşüncə
qığılcımı sezdiyim, məqsəd və məramını
işə çevirib onu sonunadək müdafiə etməyi
bacaran gənclərlə işləməyi, eksperimentlər aparmağı, yeniliklər etməyi
xoşlayıram, indi də 25 yaşımın ehtirası ilə
işləməyə özümdə həvəs və
güc hiss etdiyim üçün sevnirəm. İki
yüz dəfə yıxılandan sonra ayağa
qalxmağı bacaran gənclərə meydan verdiyim anlarda o dəliqanlı
Əliqismət gəlib durur gözümün önündə.
Onda Bakıdan xüsusi təyinatla göndərilmişdim və
Naxçıvana gedən kimi mənə Mədəniyyət
Nazirliyində iş vermişdilər. İşimi
sevirdim, hər gün yeni bir təkliflə gəlirdim, o vaxt
üçün qeyri-adi və çoxlarına qəribə
görünən səhnə yeniliklərim, təkliflərim
rəhbərliyin xoşuna gəlirdi. Yuxarılardan
aldığım təqdirlər, təriflər, mükafatlar
məni daha da ruhlandırırdı, cəsarətləndirirdi. Bu cəsarətimin bir səbəbə də o idi
ki, mən Mehdi Məmmədov kimi nəhəng bir pedaqoqun tələbəsi
olmuşdum, İnstitutu əla qiymətlərlə
bitirmişdim və Naxçıvana da şəxsi
arzularımla gəlmişdim. Naxçıvan
Televiziyasında veriliş aparırdım, Muxtar Respublikada keçirilən
dövlət tədbirləri mənim rejissorluğumla
hazırlanırdı. Mənə etibar edirdilər,
güvənirdilər, inanırdılar. Mən
də bu inamı doğrultmaq üçün gecə-gündüz
çalışırdım. Onda təzə
ailə qurmuşdum, böyük qızım lap körpə
idi, bəzən ona belə vaxt ayıra bilmirdim. Özümü bütövlükdə işə
vermişdim, hər dəfə yeni bir işə başlayanda
yeniliklər axtarırdım, hər nüansı yüz
ölçüb, bir biçirdim. Köhnə sterotipləri,
tabuları sındırmağa can atırdım. İşgüzarlığım, qətiyyətim sənətə
hörmət edənlərin xoşuna gəlirdi. Radioda da aparıcılıq edirdim, bütün
dövlət tədbirlərinin, məhsul bayramlarının
quruluşunu verməklə yanaşı, həm də
aparıcısı idim. Bir sözlə,
üzdə olan, yolu gözlənilən, işləri bəyənilən
bir yaradıcı gəncə bu boyda inam, etibar, güvənc,
özü də bir məsuliyyət idi və mən bu
işin öhdəsindən layiqincə gəlməyə
çalışdım. Çox
çılğın və maraqlı sənət həyatım
vardı. İlk yaradıcılıq
uğurlarıma, həyata keçirməyə imkan
tapdığım kreativ fikirlərimin reallaşmasına
şərait yaradan insanları, Naxçıvanın mədəni
mühitini indi də minnətdarlıqla xatırlayıram.
Mənə uçmağa geniş səma verdilər,
Cavid Poeziya Teatrında tamaşaya qoyulan "Mənim Tanrım
gözəllikdir, sevgidir" lirik əsərində dahi
şairimizin obrazını oynamaq imkanı yaratdılar. Sonra elə bu teatrın səhnəsində rejissor
kimi qüvvəmi sınadım, "Ana",
"Uçurum" kimi tamaşalar hazırladım. "Ana" tamaşasına görə
"Respublika Lenin Komsomolu" mükafatına layiq
görüldüm. O dövr üçün bu,
çox prestijli bir mükafat sayılırdı.
- Və
günlərin bir günü "gedirəm", - deyib iynənizi
sancdınız yaxanıza, qayıtdınız Salyana,
jurnalistika ilə məşğul olmağa
başladınız. Sonra da gördünüz
ki, yox, teatr, teatr aləmi yenə ahənrüba kimi sizi
çəkir özünə, qayıtdınız Bakıya.
- Deyirlər
axı üzünə bir dəfə qrim dəyən, teatr səhnəsinin
tozunu udan onun sehrindən qurtara bilmir. Mən də
eləcə. Birbaşa teatra gəlməsəm
də, həm Azərbaycan Dövlət Filarmoniyasında
işləyəndə, həm də Mədəniyyət
Nazirliyində baş idarə rəisi olanda birbaşa
teatr-konsert müəssisələrinin fəaliyyətinə nəzarət
edirdim. Həm ölkədə, həm də
onun hüdudlarından kənarda keçirilən Beynəlxalq
əhəmiyyətli tədbirlərin hazırlanmasında
bilavəsitə məsuliyyət daşıyırdım.
Sonra da...
- Təkrar
teatra qovuşdunuz. Artıq 13 ildir ki, Azərbaycan
Dövlət Akademik Musiqili Teatrın direktorusunuz. Bu illər ərzində teatrla maraqlanan hər kəs
inam və fəxarətlə qeyd edir ki, bu teatr təkcə
daxili və xarici görünüşünə görə
yenilənməyib, həm də repertuar zənginliyinə,
tamaşaçı marağına, janr müxtəlifliyinə
görə ölkənin öndə gedən teatrına
çevrilib.
- Musiqili
Teatrın əsri adlayan yaşı (bu il
111 yaşı tamam olur), təcrübəsi, səhnə ənənəsi
olduğu hər kəsə bəllidir. Burada Azərbaycan
teatrının azman sənətkarları
çalışıb. Tamaşaçılar
bir vaxtlar Lütfəli Abdullayevə, Nəsibə xanım
Zeynalovaya, Hacıbaba Bağırova, Bəşir Səfəroğluna
baxmaq üçün bu teatra gəliblər. Amma razılaşın ki, müasir
tamaşaçının nəbzini hiss etmədən,
görmək və eşitmək istədiyi mövzulardan yan
keçməklə və ya yüngülməcaz
gülüşlə onu tamaşa salonuna cəlb etmək,
tamaşa bitənədək salonda oturmağa məcbur etmək
qeyri-mümkündür. Odur ki, hər il
repertuarımıza əl gəzdiririk, təzə əsərlər
hazırlayır, yeni təklifləri müzakirə edirik. Maraqlı və uzunömürlü tamaşa həm
də istedadlı icraçılar deməkdir, odur ki, rejissor,
aktyor, vokalçı, rəssam, baletmeyster, balet artisti
yetişdirmək də vacibdir. Ona görə
də vaxtaşırı müsabiqələr keçiririk, gələn
təklifləri dəyərləndiririk,
tamaşaçıların tələb və təkliflərini
nəzərə almağa çalışırıq. İndi bizim teatrda təkcə musiqili komediya
janrında əsərlər oynanılmır, "Paris
Notr-Dama ithaf" kimi rok janrlı bir əsər yaratdıq,
teatrda bu gün "Mənim günahım" kimi dramatik
tamaşa da oynanılır. "Silva" operettası
da, "Fransızsayağı
qarnir"də, "999-cu gecə"də,
"Buratino"da, "Balaca şahzadə"də, bir
sözlə, müxtəlif zövqlü, müxtəlif
yaş qrupundan olan tamaşaçılar üçün
repertuarda əsərlər var. Qalır bu pandemiyanın bitməsinə!
Sonra yenə tamaşaçı alqışı
üçün darıxan teatrımızda yeni bir
yaradıcılıq ab-havası başlayacağına əminəm!
- Bilmirəm,
fərqində oldunuzmu, söhbətimizin birinci
yarısında mən sizə ancaq dahilərin sözləri,
həyat və insanlıq barədə müdrik fikirləri ilə
müraciət etdim, elə bu ahəngdəcə onu tamamlamaq
istəyirəm. "Həyatın ilk 50 ili hadisə, geridə
qalanı isə şərhdir"- deyirlər! Ən vacibi də
odur ki, şərh etməyə layiq ömür
yaşamış olasan! Camal Sürəyyanın məşhur
bir fikri çox xoşuma gəlir: "Danışa bilmək
ilə danışdığını bilmək arasına
böyük fərq var, çox adam təəssüf
ki, ikincisini bilməz".
- Mən
ikincilərin heç yolumun üstünə
çıxmasını istəməzdim, belələri məni
çox yorur.
- Və
son sualım Əbu Turxandan olacaq: "Yaşlı nəsil gənclikdən
narazılıq edəndə onları kimin yetişdirdiyini
unudur", - sizcə, böyük alim haqlıdırmı?
- Vallah,
bu barədə tam dəqiq bir fikir söyləyə bilmərəm,
amma məlum olan budur ki, bizim övladlarımız valideynlərindən
daha çox zəmanəsinə oxşayır (gülür),
elə mənim nəvələrim də zəmanə
uşaqlarıdır!
- Bir
Çin atalar sözü ilə sizi təbrik etmək və
söhbətimizi yekunlaşdırmaq istəyirəm:
"Ömrü əbədi həyatmış kimi rahat
yaşamaq lazımdır".
- Mənsə,
Freydin fikirlərinə kiçik bir əlavə ilə sizə
cavab verəcəm: Bu gözəl
həyat təkcə bizim deyil, biz bu həqiqəti anlayıb
başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik!
- Əlimdə sehirli çubuğum olsaydı, sizi 25
yaşınıza qaytarardım. Amma maşallah, elə siz 65-inizdə
də 25 yaşınızdakı kimi şövqlə, həvəslə,
yaradıcılıq həvəsi, həyat eşqi ilə
yaşayır, çox sevdiyiniz işlə məşğul
olursunuz! Sizə uğurlar arzulayır və
sağlıq olsun, 70-inizdə təkrar görüşmək
ümidi ilə sizi bir daha təbrik edirəm.
- Təşəkkür
edirəm.
Söhbətləşdi:
Telli PƏNAHQIZI
525-ci qəzet.- 2021.- 3
iyul. S. 20-21.