Nəsib
bəy Yusifbəylinin cümhuriyyətçi fəaliyyətinə
dair ilk elmi tədbir keçirilib
Konfrans görkəmli
ictimai-siyasi xadimin anadan olmasının 140 illiyinə həsr
edilib
"Azərbaycan
ideyasını siyasi bir mətləb maddəsi şəklində
formula etmək şərəfi Nəsib bəyindir... Milli Azərbaycan hərəkatının
istiqlala müncər olan qayəsini formulə etmək onun
adı ilə bağlıdır. Sadəcə
bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və
unudulmaz bir ism halına qoymaq üçün kafidir.
Müzəffər
istiqlal nəslinin ilk yapacağı şürkan vəzifələrdən
birincisi -
siyasi Azərbaycançılığın
qabaqcıllarından olan Nəsib bəyin adını əbədiləşdirmək
və ona Bakı və Gəncədə abidələr tikməkdən
ibarət olmalıdır". Məhəmməd Əmin Rəsulzadənin
öz məsləkdaşı haqda dediyi bu ifadələr Azərbaycanın
görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycn
Cümhuriyyətinin (1918-1920) qurulmasında müstəsna xidmətləri
olan Nəsib bəy Yusifbəylinin(1881-1920) doğumunun 140
illiyi münasibətilə Azərbaycan İlahiyyat
İnstitutu və Azərbaycan "Türk Ocağı"nın
təşkilatçılığı ilə keçirilən
"İstiqlal savaşında Nəsib bəy Yusifbəyli
yolu" mövzusunda elmi konfransdakı
çıxışların əksəriyyətinin
leytmotivini təşkil edirdi.
İlahiyyat
İnstitutunun akt salonunda toplaşanlarla yanaşı konfransa
Türkiyədən, həmçinin, Nəsib bəyin
doğulduğu ocaqda yaşayan yaxınları da daxil olmaqla Gəncədən
də iştirakçılar onlayn surətdə
qatılmışdılar.
Açılış
və salamlama nitqlərində Azərbaycan İlahiyyat
İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə
doktoru Aqil Şirinov, Azərbaycan "Türk ocağı"nın
başqanı, tarix üzrə fəlsəfə doktoru Akif
Aşırlı, Türkiyə Respublikasının Azərbaycan
Respublikasındakı Fövqəladə və Səlafiyyətli
səfiri Cahit Bağçı, millət vəkilləri Fazil
Mustafa və Ceyhun Məmmədov, Türk Ocaqları
İstanbul Şöbəsinin müdiri doktor Cezmi Bayram
konfransı 20-ci əsrin əvvəllərində Azərbaycan
siyasi intibahının görkəmli nümayəndəsi Nəsib
bəyin irsinin öyrənilməsinə mötəbər
elmi töhfə kimi dəyərləndiriblər.
Azərbaycan
İlahiyyat İnstitutunun
İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə
üzrə fəlsəfə doktoru Əhməd Niyazov və Dinşünaslıq
kafedrasının müdiri, dosent Anar Qafarovun moderatorluğu ilə
aparılan konfrans iki hissədə gün boyu davam edib.
Konfransa Nəsib bəyin Gəncədəki ata ocağından - bu görkəmli
xadimin doğulub
yaşadığı evdən
onun varislərinin qoşulması da maraq və qürur
hissləri ilə qarşılanıb. Evin sahibi, Nəsib bəyin bacısının nəvəsi,
"Tərəqqi" medallı, 83 yaşlı Rəfat
Cuvarlı da "Nəsib bəyin həyat yolu"
mövzusunda məruzə ilə çıxış edib, Rəfat
müəllimin qızı, "Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi" yubiley medallı Elnurə xanım bu ocaqda
qorunan, Nəsib bəyin adı
ilə bağlı olan yadigarlardan danışıb.
Elmi
konfransda Ankara Universitetində çalışan tarix elmləri doktoru professor Nəsib Nəsibli "Milli qurucularımız"
(onlayn, ) Bakı Dövlət Universitetindən, tarix elmləri
doktoru, professor Nəsiman Yaqublu
"Nəsib bəy Yusifbəylinin parlament fəaliyyəti", Azərbaycan Respublikası Milli Məclisinin
Redaksiya və nəşr işləri şöbəsinin Mətbu
nəşrlərin təminatı sektorunun müdiri, tarix üzrə fəlsəfə
doktoru Lətif Babayev
"Cümhuriyyətin dövlət təhlükəsizliyinin
təmin edilməsində Nəsib bəy Yusifbəylinin
rolu", Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Tarix
kafedrasının müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Firdovsiyyə Əhmədova "İstiqlal tarixinə
yazılan Nəsib bəy ömrü", Milli Azərbaycan Tarixi Muzeyinin elmi
katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad
Cabbarov "Hacı Zeynalabdin Tağıyevin Nəsib bəy
Yusifbəyliyə məktubu haqqında", AMEA-nın Folklor İnstitutundan
filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə
Qəsəbova "Nəsib bəy Yusifbəylinin mətbu fəaliyyəti
və maarifçilik ideyaları", Bakı Dövlət Universitetinin Azərbaycan
tarixi kafedrasından tarix üzrə fəlsəfə doktoru
dosent Boran Əziz "Milli idealın gerçəkləşməsində
Nəsib bəyin rolu",
Türkiyənin Bursa Uludağ Universitetindən dosent doktor
Minara Əliyeva Çinar "Nəsib bəy Yusufbəylinin
məktublarında Azərbaycan türkləri haqda düşüncələri"
(onlayn), Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə
doktoru Qərənfil Xəlilova "Nəsib bəy Yusifbəyli
irsinin tarixi əhəmiyyəti", Gəncə Dövlət
Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru
Cavid Bağırzadə
"Difaidən Türk Ədəmi Mərkəziyyət
Partiyasına - Nəsib bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətinə
dair" (onlayn), həmin
universitetin Azərbaycan və
dünya ədəbiyyatı kafedrası ndan filologiya üzrə
fəlsəfə doktoru, dosent Nəzmiyyə
Axundova "Nəsib bəy Yusifbəyli haqqında
çoxsaylı əsərlərin yazılma səbəbləri"
(onlayn), yenə həmin
universitetdən tarix üzrə
fəlsəfə doktoru, dosent Saidə Babayeva "Milli kimliyimizin
formalaşmasında Nəsib bəy Yusifbəylinin fikirləri"
(onlayn), Türkiyənin Ege Universitetinin Ədəbiyyat
Fakültəsindən Doktor
Yılmaz Özkaya "Nəsib
bəy Yusufbəylinin təhsil və modernləşmə
haqqında görüşləri" (onlayn), jurnalist-araşdırmaçı,
"525-ci qəzet"in əməkdaşı Zakir Muradov
"Nəsib bəy Yusifbəyli - siyasi Azərbaycan
ideyasının yaradıcısı" (onlayn), Azərbaycan
"Türk Ocağı"nın aparat rəhbəri, "CARÇI Express"
jurnalının baş redaktoru Sərxan Carçı "Nəsib
bəy Yusifbəyli Türk Ocaqlarının üzvü
kimi", Türkiyənin Ege
Universitetinin Türk
Dünyası Araşdırmaları İnstitutunun
doktorantı Odər Əlizadə "Qafqaz Konfederasyasından Türk
Konfederasiyasına" (onlayn), araşdırmaçı-yazar
Ceyhun Nəbi "Nəsib bəy Yusifbəyli və Azərbaycan
istiqlaliyyəti", araşdırmaçı-yazar Ceyhun Mirzəli "Nəsib bəy Yusifbəylinin
"Təslim" hekayəsi və publisistikası"
mövzularında çıxış ediblər.
İştirakçılar konfransın görkəmli
ictimai-siyasi xadimimiz Nəsib bəy Yusifbəylinin həyat və
fəaliyyətinə dair keçirilən ilk böyük elmi
toplantı olduğunu xüsusi vurğulayıblar.
Elmi konfransın materialları tam şəkildə nəşr
ediləcək.
Zakir Muradov
525-ci qəzet.- 2021.- 6
iyul. S. 5.