"Nizami Gəncəvi ili" münasibətilə şeir müsabiqəsi keçirilib

 

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ağstafa Regional İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayıb-yaradan şairlər arasında "Nizami Gəncəvi ili"nə həsr olunan şeir müsabiqəsi keçirilib.

 

Yaş və mövzü məhdudiyyəti qoyulmayan bu müsabiqə 2021-ci il iyunun 1-dən 30-dək davam edib. Müsabiqədə münsiflər heyəti 3 əsas və 3 həvəsləndirici mükafatların qaliblərini müəyyən edib. Ağstafada Yazıçılar Evində qaliblərə Nizami Gəncəvi adına diplom və hədiyyələr təqdim edilib.

 

Müsabiqənin 3 əsas mükafatçısı İsa Cavadoğlu (1-ci yer), Səhlədar Hidayətoğlu (2-ci yer) və Rüfət Axundlu (3-cü yer) olublar. 3 həvəsləndirici mükafata isə Nuranə Təbriz, Şirin Namazov və Məhəmməd Mehdi layiq görülüb. Mükafatların təqdimetmə mərasimində Ağstafa Regional Mədəniyyət İdarəsi və AYB Qazax bölməsinin rəhbərləri Elbəy Əli və Barat Vüsal diplom və hədiyyələri qaliblərə təqdim edib, onlara yeni uğurlar arzulayıblar.

 

Tədbirdə çıxış edən şairlər Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Məzahir Alıyev və Firdovsi Heydərli bu cür müsabiqələrin əhəmiyyətindən söz açıblar.

 

525-ci qəzet.- 2021.- 6 iyul. S. 5.