"Məqsədi olan insanın öhdəsindən gələ bilməyəcəyi iş yoxdur"

 

Bu gün müasir düşüncə tərzinə mailk gənclərin yetişməsində və uğur qazanmasında xüsusi rolu olan təşkilatlardan biri də "İrəli" İctimai Birliyidir.

 

Həmsöhbətimiz Əfsanə Şükürova da karyerasına "İrəli"dən başlamış, burada püxtələşmiş gənclərinizdəndir. O, artıq 5 ildir, "İrəli" İctimai Birliyinin mətbuat katibidir. Əfsanə xanımla müsahibəmizi təqdim edirik.

 

***

 

- "İrəli" İctimai Birliyi ilə ilk tanışlığınız necə və nə zaman olub?

 

- "İrəli" ilə ilk tanışlığım tələbəlik dövründən - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığım illərdən başlayıb. O zaman "İrəli" İctimai Birliyində mətbuat katibi vakansiyası elan olunmuşdu ki, mən də bu vakansiyaya öz namizədliyimi irəli sürmək qərarına gəldim. Müraciətimdən bir neçə gün sonra mənə cavab gəldi və bir aylıq sınaq müddətindən uğurla keçərək Birliyin mətbuat katibi vəzifəsinə təyin olundum. Mətbuat katibi kimi işə başladığım zaman ali məktəbin üçüncü kursunda təhsil alırdım və bu vəzifəyə gəlməyimdə təhsil aldığım müddət ərzində keçdiyim təcrübə və könüllülük proqramlarının böyük əhəmiyyəti olduğunu qeyd edə bilərəm. Ona görə də, gənclərimizə tövsiyəm odur ki, daim araşdırmaya və özünü inkişafa meyilli olsunlar, orta məktəb dövrlərindən başlayaraq müxtəlif könüllülük və təcrübə proqramlarına qoşularaq öz bilik və bacarıqlarını artırsınlar.

 

- "İrəli" sizə nələr qazandırıb?

 

- "İrəli" İctimai Birliyi mənə yeni dostluqlar, peşəkar iş təcrübəsi qazandırıb. Bu gün ən yaxın dostlarımın əksəriyyəti ilə məhz "İrəli"də tanış olmuş, "İrəli"dəki fəaliyyətim dövründə bilik və bacarıqlarımı böyük miqyasda inkişaf etdirmişəm. Buna görə də, "İrəli" mənim üçün böyük dəyərdir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, daim gənclərlə işləmək və onlarla birlikdə olmaq həm insanda xoş aura yaradır, həm də böyük təcrübələr qazandırır.

 

- Sizcə, insanın həyatda uğur qazanması üçün ilk şərt nədir?

 

- İnsanın həyatda uğur qazanması üçün ilk şərt özünəinamdır. Hesab edirəm ki, insan özünəinamlı, məqsədli və prinsipial olduğu təqdirdə onun öhdəsindən gələ bilməyəcəyi iş yoxdur. Əgər uğur qazanmağın ikinci əsas şərtini məndən soruşsanız, bu suala ailə dəstəyi cavabını verərəm. Çünki ailənin dəstəyi və onların etimadı uğurun ilk şərti olan özünəinamı daha da artırır, insan özünü daha da güclü hesab edir və ona göstərilən etimadı doğrultmağa çalışır. Düşünürəm ki, bu amilləri özündə birləşdirən insan həyatda gec-tez uğur əldə edəcək.

 

- Bu sahəyə marağınız necə yarandı?

 

- Bu sahəyə marağım hələ uşaq yaşlarımdan başlayıb. O zaman atam məni gələcəyin peşəkar jurnalistlərindən biri kimi görürdü və iştirak etdiyim bədii qiraət yarışları, inşa müsabiqələri mənə bu sahəni öyrənməyə xüsusi stimul verirdi. Bununla yanaşı, mənim anam uzun müddət qəzetdə çalışıb və onun mütəmadi olaraq öz təcrübələrini mənimlə bölüşməsi bu sahədə inkişafımı şərtləndirən əsas faktorlardan biri olub. O zamankı seçimimdən qətiyyən narazı deyiləm. Əksinə, böyük qürur hissi ilə deyə bilərəm ki, nə yaxşı bu sahəni seçmişəm. Bu gün jurnalistlərlə çalışmaq və onlarla ünsiyyətdə olmaq peşəmə olan sevgimi daha da artırır.

 

- "İrəli" İctimai Birliyinin əsas məqsədi nədir?

 

- "İrəli" İctimai Birliyi 12 ildən çoxdur ki, təşkilat kimi fəaliyyət göstərir. İctimai birlik hər zaman gənclərin inkişafına təkan verəcək layihələr həyata keçirir. Bu layihələr vasitəsilə gənclər yeni dostlar qazanır, müvafiq sahələr üzrə bilik və təcrübə əldə edirlər. İctimai birliyinin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin təşəbbüsünü bütün sferalarda stimullaşdırmaq, gənclər siyasətinə yaxından cəlb olunan və ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin, biz bu sahədə çalışan dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndiririk və mövcud əməkdaşlıqları artıraraq Azərbaycanın dövlət gənclər siyasətinə öz töhfəmizi verməyə çalışırıq.

 

- "İrəli" gənclər üçün mətbuat sahəsində də könüllülük proqramı həyata keçirir. Bu proqramın mahiyyəti nədir?

 

- Qeyd etdiyiniz kimi, "İrəli" İctimai Birliyində təcrübə və könüllülük proqramları müxtəlif sahələr üzrə həyata keçirilir. Bu kimi proqramların keçirilməsində məqsəd təşkilat olaraq gənclərin müəyyən sahələr üzrə bilik və bacarıqlara yiyələnməsi və onların cəmiyyətə yararlı vətəndaş kimi formalaşmasını təmin etməkdir. Təcrübə  proqramında iştirak edən gənclərin maraqlandığı sahələrdən biri də mətbuat və ictimaiyyətlə əlaqələrdir. Birliyin Mətbuat katibliyində üç aylıq fəaliyyəti zamanı gənclərimiz katibliyin iş prinsipi ilə yaxından tanış olur, media ilə əlaqələrin qurulması, rəsmi sənədlərin yazılış forması, peşəkar jurnalistin malik olduğu bilik və bacarıqların öyrənilməsi sahəsində böyük təcrübə əldə edirlər. Fürsətdən istifadə edərək, gənclərimizi fəal olmağa və təşkilatın yaratdığı bu böyük imkanlardan yararlanmağa çağırıram.

 

- İrəlidə nə kimi planlarınız var?

 

- Bildiyiniz kimi, "İrəli" İctimai Birliyi hər bir fəaliyyətini müəyyənləşdirdiyi 7 istiqamət üzrə həyata keçirir: Dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirmək, gənclərin müasir düşüncə tərzinin formalaşması, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması, mədəni və tarixi irsin təbliğ olunması və beynəlxalq rəqabətə davamlı gənclik. Təşkilat bu istiqamətləri rəhbər tutaraq indiyədək bir çox genişmiqyaslı layihələrlə gənclərin qarşısına çıxıb. Bu layihələr sayəsində minlərlə gəncin fərdi inkişafına dəstək olunub, həmçinin, onların müxtəlif sahələr üzrə təcrübə və biliklərə yiyələnməsinə şərait yaradılıb. Məhz bu səbəblərdən gənclərin xüsusi marağını və diqqətini cəlb etdiyi üçün bu kimi layihələr sonradan silsilə formatı alır. İndiyədək "İrəli"nin keçirdiyi bir çox layihələr silsilə formatı alıb ki, buna misal olaraq biz "SAY (Support Azerbaijani Youth)", "Marş İrəli", "Gənclər Kuboku", "Gənc əkinçi" və s. layihələri misal göstərə bilərik. Bu mənada, biz yuxarıdakı istiqamətləri hər il olduğu kimi, bu il də prioritet hesab edib, işimizi bu istiqamətlərdə quracağıq. Birliyin prioritet istiqamətlərini bir az əvvəl qeyd etdim. Amma əsas istiqamətimiz vətənpərvərlikdir. Tezliklə "İrəli" İctimai Birliyi "Marş İrəli" layihəsinin üçüncü mövsümünü həyata keçirəcək ki, burada da əsas məqsəd Vətənə, xalqa, millətə bağlılığın artırılması, gənclərdə vətənpərvərlik ruhunun aşılanması və onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdır. "Marş İrəli"nin digər mövsümlərdən daha əlamətdar olmasının səbəbi də İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə və otuz ilə yaxın müddət ərzində düşmən tapdağında olmuş torpaqların işğaldan azad edilməsidir. Bununla yanaşı, "İrəli" İctimai Birliyi tərəfindən bu kimi layihələrin keçirilməsinin əsas məqsədlərdən biri də Vətənini sevən gənclərin formalaşması idi. O gənclik ki, bu möhtəşəm qələbənin qazanılmasında böyük rolu və əhəmiyyəti oldu. Onlar böyük vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. "İrəli" bundan sonra da, bu kimi layihələri uğurla davam etdirəcək.

 

- Gələcək hədəfləriniz nələrdir?

 

- Hesab edirəm ki, hər bir insan öz gələcək hədəflərini müəyyənləşdirmək istəyirsə, o, mütləq şəkildə öz sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirməli və daim özünü başqası ilə yox, elə məhz özü ilə müqayisə etməlidir. Əgər biz kənar şəxs olaraq üç, yaxud beş il bundan öncəki Əfsanə Şükürovaya nəzər salsaq, görərik ki, o, bu müddət ərzində özünü xeyli inkişaf etdirib, müəyyən sahələr üzrə geniş təcrübələr qazanıb. Düşünürəm ki, hər bir kəs özündə bu cür təhlil aparmalı və daim inkişafa doğru irəliləməlidir. Gələcək hədəflərə gəlincə, təbii ki, bundan sonra da daimi inkişafda olmaq, bilik və bacarıqlarımızı artırmaq və yeni çağırışlara gənclər olaraq cavab vermək bizim əsas hədəflərimiz sırasındadır.

 

Nadir YALÇIN

525-ci qəzet.- 2021.- 6 iyul. S. 10.